Xəyalə ZƏRRABQIZI: Dünyanın mən baxan yerindən görünən İmdat Avşar…
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Xəyalə ZƏRRABQIZI
Filologiya üzrə fəlsəfə doktoru
Dünyanın mən baxan yerindən görünən İmdat Avşar…
Dünyanın ən tikanlı yoludur Sevda yolu… Ayağını sevən kəslərin yürüyə bilmədiyi… Ruhun bütövlük arayışında çarmıxa çəkildiyi, duyğuların ip kimi göydən asıldığı, güzgüyə hər baxdığında surətində özgəsinin göründüyü, kələfin ucunu itirib düyün saldığın yumaq kimi baş aça bilmədiyin gizəmli bir yol…
Bu tikanlıqda yalın ayaqla yürüməyi bacarmaq da yaradıcılıq kimi zərgər işidir… İmdat Avşar yaradıcılığının bütün nümunələri ilə bu ağır yolun ən fədakar yolçularındandır…
“Süsənləri solan bozqır” (2009), “Soyuq röya” (2012) kitablarından imzasını sevdiyimiz yazıçı bu gün “Göyərçin sevdası” kitabı ilə oxucuların görüşünə gəlir. Hələ qatı açılmamış, içindəki həyat öykülərinin sehrinə varmamış, üz qabığındakı bir cüt göyərçinin ilahi bütünlüyə qovuşması anını əks etdirən rəsmin verdiyi hüzurdan başlayır oxucu ilə İmdat bəyin yol yoldaşlığı… və beləcə oxucusunu özü ilə bərabər sirli bir dünyaya – “durna çırağı” ilə işıqlanan, yoxuşlarında çoban yastığı çiçəkləri mürgüləyən, təndirindən qalxan boz dumanın tüstüsünə təzə əppək iyi qarışan, Ayı göy üzündə gümüş bir tac kimi parıldayan, oturub dərdləşmək istəyənin söyüd ağacı kimi sirdaşı olan, yeganə ürpərtisi, çocuqsu qorxusu “div anası” sayılan, yuxularında durnalar uçuşan nağıllar aləminə aparır…
Sözün ucaldığı elə bir məqam var ki, həmin ilahi dayanacaqda oxucu mətnlə bütövləşir, bir tam olur… Və mübaliğəsiz deyə bilərəm ki, kitabla könül dostu olana bu səmavi həzzi yaşadan səbəb müəllifin qələmindən (Ruhundan!) süzülən işıq, sözündəki həqiqət, və geniş mənada həsrətində (axtarışında!) olduğu Azadlıq duyğusudur…
Kitabı vərəqləyir, ilk qarşılaşdığım taleyi oxumağa can atıram… Yazarın söyləmədiyi – söyləyə bilmədiyi bir saf eşqin səsində “Söylənməmiş sözlər” hekayəsinin işığına tutunub yola çıxıram….
Qəribəsi odur ki, öyrəşdiyimiz hekayə-roman süjetlərində olduğu kimi İmdat Avşar bizi bütün sevgilərin yaşandığı Üsküdara – Qız qalasına aparmır, əlimizdən tutub hər qarışı həyat qoxuyan Anadolunun qucağına – ucsuz-bucaqsız bozqırın ortasına – tənha yemişan kolunun dərgahına (!) gətirir… Bəli, doğru oxudunuz – dərgahına! Çünki “Dinin dirəyini türkü hesab edənlər” üçün iman gətirib səcdəyə getdikləri dərgah sevgilərini pıçıldadıqları tənha yemişan ağacının dibi olur…
Bütün dinlərdən ucada dayanırmış Sevgi… Səmavi olan hər şeyin ən uca nöqtəsində… Bütün bəşəri duyğuların özəyində…
Bu sevginin çiləsiylə, əzabıyla baş edə-edə başlayır sənətkar ömrü… Mavi gözlü çocuğun qar kimi bəmbəyaz dünyasında bərraq şəfəq saçan Bəyaz öyrətmənə duyduğu sevdanın, Ayın ağ işığı və ağ vərəqlərin sirdaşlığı ilə başlanan ömür yolu… beləcə, Ayın çöhrəsindən ağ vərəqlərə süzülən o işıq Tanrı Nurundan İmdatın Ruhuna hopan işıqla qaynayıb-qarışır. Bizim hekayə deyə, öykü deyə oxuduqlarımız, əslində, o Adama ilahi vəhyin pıçıltılarıdır… Yaşanan ömürlə həsrəti çəkilən ömrün qovğasıdır Eşq… Və ömürdürsə də, xoşbəxtlikdirsə də, faciədirsə də, hər nədirsə adı… bu, Seçilmiş olmaqdır…
Ən uzun yoldur mavi gözlü çocuğun qoşduğu yol… Bu yol talelərin güzgülərdə çatlayıb sındığı yoldur… Bu yol üzünə çırpılan dəmir qapıların üzü boşluğa açıldığı yoldur… Bu yol Ruhun uçurum kənarında titrədiyi yoldur… Bu yol özünüdərk yoludur, tale ilə barışığa gedən yoldur…
Bir kor qurşunla qürub edən Sevda Günəşindən üzü tənhalığa haçalanan, bütün balı-şəkəri, acısı-zəhəri ilə aşiqin sınağa çəkildiyi Sevda yolu… Bəlkə də, dünyanın bu böyüklükdə əzabını içindən keçirdiyi üçündür Mavi gözlü çoçuq hamı kimi ola bilmir… Ayın ağ işığında ağ vərəqlə sirdaşlıq, təkliyi ilə barışıb Tanrıya yoldaşlıq edərək, ucaldığı ilahi mərtəbədə hicranını, həsrətini Min illik doğması kimi bağrına basır Mavi gözlü Adam… Diləkləri çiçək açan yemişan kolunun budaqlarından düşən yarpaqlar kimi keçsə də ömür, O, təəssüf etmir… Tanrı, əslində, qovuşdurmağa, adiləşdirməyə qıymadığı sevdalarla daha böyük, daha güclü edir bizi… Və bu mərhələləri keçəndə anlayırsan ki, Tanrı dərgahına gedən yol, məsciddən, kilsədən yox, öz içindəki “könül toprağına yapdığın türbədən” keçir…
*****
Türk dünyasının sevilən yazarı İmdat Avşarın “Söylənməmiş sözlər” hekayəsini həm müəllifin öz qələmindən oxuyarkən, həm də söz-söz, kəlmə-kəlmə ana türkcəmizə uyğunlaşdırarkən düşündüm ki, bu sevgini qələmə almaqla sadəcə hekayə yazmır, bir kor qurşuna qurban gedən sevdanı sanki könlümüzdə yanıqlı bir türküyə çevirir, duyğuların poeziyasını yaradır, ilahi bir bağlılığın rəsmini çizir bu böyük ürəkli Adam… Bu izaholunmaz hissləri bəxş edən, mənə yaşadan məhz həmin hekayəyə kökləndiyim ovqatdır. Mənəvi təməli alt – üst olan dünyanın tən ortasında və hər şeyin mexanikiləşdiyi belə qarmaşıq bir zamanda bu cür şeir kimi duyğuları yaşamağa, gecənin yağmurunda islanmağa, bir hüzünlü nəğmənin sözlərinə çevrilməyə, uçurumun kənarında titrəməyə… düşünürəm ki, hamımızın ehtiyacımız var…
*****
Səhifələri hər çevirdikcə sanki sirli bir aləmə düşürəm… Oxuduğum məni elə əfsunlayır ki, əlimdəki kitab bir cüt göyərçin qanadına dönür, nəhayətsiz göylərə qaldırır Ruhumu. İçimdəki əngin bir sevgiyə sığınıb yazıram.
“Yaşamaq yaralanmaqdır!” – deyir İmdat Avşar… Yazmaq yaraları eşqlə sarımaqdır, məlhəm olmaqdır ruhani ağrılara…
Yazmaq xilasdı… İçimizdəki qürbətdən, tənhalıqdan qaçıb Sözə sığınmaqdı… bütün dünyanın əlindən uzaqlaşıb, mətnin küncünə qısılmaq, ilahi hüzura qovuşmaqdı…
Sənət dünyadan küsəndə qoynuna pənah apara biləcəyi ümid yeridi hamının… “Duyğuları romantizmin zirvəsində sevgi bayrağı kimi dalğalanan, ürəyi qarşılıqsız eşqin sahibsiz limanı olan” Nurullah Abi də bu taleyə şərik olanlardandır… “Xaladan qaçmaq yolları axtaran Nurullah abi bələdiyyənin pulsuz hüsnü-xətt kursları, ebru kursları, keçə və taxta boyama kurslarına bir müddət gedib-gəlir… Bunlar onun içindəki sənət eşqini qane etməyəndə bələdiyyə xoruna yazılır. Orda da axtardığı nəğməni (daha doğrusu özünü!) tapmayanda, bu dəfə də gedib bələdiyyənin ney kursuna yazılır… Günlərlə, həftələrlə nəfəsini qaraltsa da, neydən bir səs çıxarmayınca ümidsizliyə qapılır. Ancaq neyin niyə bu qədər yanıq bir səs çıxardığını və ney səsinin arxasındakı təsəvvüf fəlsəfəsini dərk edir.”
Burda müəllif incə mizahdan istifadə edərək Nurullah abinin ney çalmağı öyrənə bilməsə də, heç olmasa, təsəvvüf fəlsəfəsini dərk etməyini kar sayır, qazanc hesab edir. Bütün yaradıcılıq cəhdləri “Bitməyən roman”ının xəyalları kimi puça çıxsa da, ən azından təsəvvüfə – irfana can atmağı oxucunun içində Nurullah abiyə mərhəmət dolu rəğbət yaradır. Əsər boyunca Tacəddinin içi boş sənət meyarlarına – yalançı yaradıcılıq vədlərinə aldana-aldana nəinki yaradıcılığını, sanki ömrünü uduzur Nurullah abi… Sadəlövhlük abidəsinə bənzəyən bu adamın üstündə gəzdiyi Yer kürəsinə yeganə zərəri romanının üzünü köçürməkdən ötrü istifadə etdiyi ağ vərəqlərin sərfindən ibarətdir.
İmdat Avşar satirik yazıçı deyil, amma onun əsərlərinin böyük əksəriyyətində, eləcə də indi haqqında danışdığımız “Bitməyən roman” hekayəsində olduqca sıx satirik detallar görülməkdə, duyulmaqdadır. Yazarın qələmə aldığı həyat həqiqətlərindəki komizm, sarkazm, istehza, yumor hissi fikri üstüörtülü ifadə etməyə imkan yaradır. Yazıçı istehza yolu ilə yazılan əsərlərin tərbiyəvi – idraki gücünə inanır. Mizahı vasitə kimi işlədir. Mizah yolu ilə oxucunu həm güldürür, həm də güldüyümüz məsələni dərindən düşündürür. Tacəddin bəyi danışdıraraq onun iç dünyasını açıb göstərmiş olur müəllif, tipi öz dili ifşa edir sanki. Və bu mizahlar bədii əsərdə əsas ideyanın açılmasına xidmət edir, oxucu qəlbində həm obraza, həm də sənətkara böyük rəğbət oyadır.
Böyük Sabirlə başlayan tipi öz dili ilə danışdıraraq ifşa etmək ənənəsini biz Mirzə Cəlildən, Əbdürrəhim bəy Haqverdiyevdən, Əziz Nesindən üzübəri ədəbiyyatımızda görürük. Sələflərinin ənənələrinə sadiq yazıçı İmdat Avşarın mizahı güldürən mizahdan daha çox, adamın iliklərinə qədər işləyən və düşündürən mizahdır.
“Bitməyən roman” sanki bir manifestdir. İmdat Avşar bu hekayədə ironik dillə postmodernizm adı altında ədəbiyyatın həyatdan uzaqlaşdırılaraq “ölü mətnlər məzarlığına” dönüşməyini tənqid edir. Nurullah abi həmişəki sadəlövllüyü ilə postmodernist mətndən anlamadığını, Tacəddinin isə məlum sövqü-təbii ilə ona postmodernizmdən mühazirə oxumasını müşahidə etdikcə, əslində, obrazın dili ilə yazıçının nə demək istədiyini dərk etmiş oluruq:
– “Mən postmodernizm dediyin şeyi bilmirəm ki!
– Mən qısaca xülasə edim sənə postmodern ədəbiyyatı, romanı… Çox sadədir.
– Buyur, dinləyirəm, qeydlər də edirəm…
– Əvvəlcə gerçəkliyi ortadan qaldıracaqsan. Hadisə bütövlüyünü dağıdıb atacaqsan. Hadisələr zincirini qıracaqsan. Hər şeyi bir-birinə qatıb- qarışdıracaqsan. Yəni bir şey danışır kimi edib, danışmayacaqsan… Heç bir şeyi tam danışmayacaqsan. Hətta, yazıçını – danışanı öldürəcəksən, bəzən yarpaq danışacaq, bəzən çinar… Ölü danışanın yazdığı mətn, ölü bir mətin olacaq yəni! Ölü, cəsəd halında bir roman!
– Yaxşı da, Tacəddin bəy, oxucu nə başa düşəcək bu ölü romandan?
– Oxucuya əhəmiyyət vermə, hər oxucu öz cənazəsini qaldıracaq!”
Cəmil Meriç deyirdi ki, “izm”lər yarandığı, boy göstərdiyi məmləkətlərə – bütövlükdə isə Avropaya bənzəyir, hamısı xaos və hiylə ilə yoğrulub…
İnsanların duyğularını heçə sayan, duyğularını korşaldan və düşüncələrini korlaşdıran hər hansısa “izm” müəllifin qələmində tənqid olunur. Yazıçı istər ədəbi cərəyan kimi (postmodernizm, modernizm, sürrealizm, dekadentizm), istərsə də siyasi ideologiya olaraq (liberalizm, sosializm, komunizm) bütün “izm”lərə yuxarıdan baxır. Yazıçı üçün bütün “izm”lərdən ucada dayanan bir məqam var: azad düşüncə və azad söz…
Özgür düşüncənin ən uca qatı, ən ələ gəlməyən formasıdır azad söz…
Sözü hər hansısa nəzəriyyəyə sığdırmağa cəhd etmək ilahi nöqteyi-nəzərdən yaradıcılığa xəyanət etmək kimidir… Sözü “izm”lərin qəlibinə salmağa çalışmaq, insanın düşüncəsinə ideologiyalardan çərçivə yapmaq kimidir… Ki, İmdat Avşar bunların heç birini qəbul etmir.
Bənzər detalı ədibin “Şahnaz xanım adına kollec” hekayəsində də müşahidə etməkdəyik. İlk öncə bir məqamı qeyd edək ki, bu hekayə Türkiyədə düzənlənən “Abbas Sayarın xatirəsinə həsr olunmuş hekayə yarışmasında birincilik ödülü qazanmışdır.
“Şahnaz xanımın adına kollec” sözün həqiqi mənasında, türk düşüncəsinin pasportu, milli kimliyimizin izahıdır. Ədib bütün əsər boyu bu detalın üzərində dayanır ki, kökləri bu torpağa bağlı olmayan, milli mənsubiyyəti bu torpağın cövhərindən qidalanmayan heç bir ideoloji düşüncə bu xalq üçün nicat yolu ola bilməz. İnsanı insana qarşı gətirən ideologiyalar bizi sadəcə kor edə bilər, məhv edə bilər, amma heç vaxt xilas edə bilməz. Mayası sevgidən, halallıqdan, dürüstlükdən yoğrulmuş bu uca məmləkətin nicat yolu heç bir liberalist, humanist, sağçı, solçu deyildir. Köksü vətən boyda, könlü bayraq qədər uca bir millətin dərdinə onun milli dəyərlərinə yad və yabancı olan heç bir ideologiya can yandıra bilməz. Düzdü, əsərin əsas qəhrəmanı olan Şahnaz xanım ədalət timsalıdır, idelistdir, bütün hüceyrələrinə qədər insana və insanlığa ünvanlanan bənzərsiz bir sevgiylə süslənmiş olsa da, yenə də ziyalı ilə xalq arasında yaranmış dərin uçurumun və mühitin qurbanı olur. İmdat bəy sadəcə bir məktəbin daxilində baş verənləri qələmə almaqla, əslində, bir məktəbin timsalında bir millətin tarixinə ayna tutur. Tarixi gerçəklikləri bədii düşüncənin axarında bu şəkildə təqdim edə bilməsi İmdat bəyin bir yazıçı kimi böyük uğurudur.
Bu hekayədə müəllif, sözün həqiqi mənasında, bir məktəbin yox, bir millətin tarixini yaradır. Və məktəbdə baş verən hadisələrin timsalında bir millətin faciəsini qələmə almış olur. Bu əsər dərin məna-ideya xüsusiyyətlərinə görə Mirzə Cəlilin “Dəli yığıncağı” tragikomediyasını xatırladır.
Əsərin süjet xətti hekayə süjetindən daha çox romana bənzəyir. Ədib kiçik hekayə janrının verdiyi imkanlardan yüksək səviyyədə faydalanaraq hekayə süjeti çərçivəsində roman yüklü problem qoyur. İmdat Avşar hekayə janrında yazılmış bu faciənin mahiyyətini, əsl səbəbini əsər boyunca oxucusuna aydın detallarla göstərir ki, özlərini xalqın ziyalısı kimi cəmiyyətə təqdim etsələr də, onların heç birinin əslində bu toplumun içindən çıxan insanın halından xəbəri yoxdur.
Xalqın dilini bilməyən, mənəvi köklərinə yad olan bir ziyalının ürəyi nə qədər insan sevgisiylə dolu və humanist olmasına rəğmən şagirdin bir kəlməsini səhv anlayaraq qiyamət qoparmağı və digər ideologiyaların nümayəndələrinin bu məsələyə öz pəncərələrindən baxaraq çözməyə çalışmaları oxucu qəlbində onlara qarşı ikrar doğurur.
Yazıçının ortaya qoyduğu milli düşüncə – Mansur usta və onun çiynindəki davulu “liberal, sosialist, komunist, sağçı, solçu, dinçi, maoçu, Leninçi, marksist, kapitalist”… və s. sadalamaqla bitməyən bütün ideologiyalardan yuxarıda dayanır. Bəli, Mansur usta və onun çaldığı davulu bizim milli mənlik şüurumuzdu, milli ruhumuzdu, genetik kodumuzdu… Bizim xilasımız da odu, nicatımız yolumuz öz milli kökümüzə bağlılığımızdadı… Müəllif ideologiyaların və onların xilas reseptini isə qəhrəmanların hər birini danışdırmaqla, daha doğru tipi öz dilindən ifşa ilə təqdim edir.
Bir məqamı qeyd etmək yerinə düşər ki, İmdat bəy uzun müddət Ərzurum və Malatyada müəllim kimi pedaqoji fəaliyyət göstərmişdir. Ədibin “Söylənməmiş sözlər”, “Şahnaz xanım adına kollec”, “Soyuq röya”, Möhtərəm”, “Hökümət imzası”, Həmdi kirvə”, “Şeyxin çavuşu”, “Abdal qocası”, “Türbənin dəlisi”, “Ağacdan atlar”, “İçindən söyən uşaq”, “Ölümün ən gözəli”, “Durna çırağı” hekayələrində öz prototipini yaratdığı müəllim obrazına rast gəlirik. İmdat Avşar hekayələrini sadəcə olaraq hadisə kimi qələmə almır, bütün yazdıqlarını səmimi duyğularla içindən keçirib yazıya köçürür. Yazıçı kimi yaratdığı hər bir obraza bir ayrı sevgiylə yanaşır. Bəlkə də ədəbiyyat dünyasında çox nadir yazıçılar var ki, yaratdığı obrazı İmdat Avşar dərəcəsində sevir.
Ədibin yaradıcılığının nüvəsində bir hekayə dayanır: “Həmdi kirvə”… Bu hekayə İmdatın gənclik illərindən – ucqar dağ kəndində müəllimlik fəaliyyətinə başlayan müəllifin başına gələn maraqlı hadisələrdən və kənd camaatının ona olan sevgisindən, inamından bəhs edir. Əsərdə müəllim adını və sözünü hər şeydən uca tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.
Hekayənin baş qəhrəmanı Həmdi əmi Mirzə Cəlilin Novruzəlisi kimi saf, təmiz və olduqca sadiqdir. Novruzəli ağasına olan sədaqətini göstərmək üçün saatlarla poçtun yanında dayandığı kimi, Həmdi kirvə də Allahın hər xoş saatında Müəllimin evinin qapısında dikilir. Kəndlilər artıq Müəllimi Həmdinin vasitəsiylə tanıyırlar: “Müəllimi çağırın gəlsin. – Hansı müəllimi? – Həmdinin kirvəsi müəllimi…
Ədibin qələmindən çıxan “Həmdi kirvə” sanki halallığın və saflığın sözlə yazılmış simfoniyasıdır. Burda oxucu kəndlə şəhər insanını ən izgə cizgilərinə qədər müşahidə edir. Adətən, oxuduğumuz əsərlərdə kəndlə şəhər insanının qarşılaşdığını görürdük. Bu hekayədə isə şəhərlinin – yəni Müəllimin alçaqkönüllülüyü və mütəvaziliyi sayəsində kəndlə şəhər qucaqlaşıb qovuşur. Halallığın bətnindən doğulan adamlar ancaq bu qədər saf ola bilirlər, tərtəmiz, çoçuqsu təbəssümlü… Yazıçı digər əsərlərində olduğu kimi burada özünü yaradır. Və əslində, bununla bizim içimizdə olan “mən, sən, ondan” yaxşı adamlar yaratmağa qeyrət göstərir. İmdatın yaratdığı obrazlar Həmdinin inamı kimi tərtəmiz, dumdurudur… Həmdi üçün dünyanın ən uca ünvanı, ən təmiz yeri, yaslandığı, söykəndiyi, öyrəndiyi, qürurlandığı adamdı Müəllim. Bu, həm də əsrin sonlarında türk kəndində müəllimin adının, müəllimin yerinin nə qədər uca olduğunu göstərir. Həmdinin dinləmək istədiyi əfkarlı türkülər kimi ruhunun ehtiyacıdır müəllimə bağlılığı… Mahiyyət etibarilə, bu, insanın insana ehtiyacı məsələsidir. Həyatımızın zənciri – yaşamağın formulu da elə budur. Hamımızın daxili ehtiyacımız var bir-birimizə… Birimiz hamımız üçünük əslində! Və ya tərsinə… Hamımız birimiz üçün… Bu ruhun ehtiyacıdır!
… Biz hamımız özümüzə aid olan şeylərlə xoşbəxt ola bilirik: eşimizlə, işimizlə, yavrumuzla, evimizlə, elmimizlə… Xoşbəxtliyi nədə tapırıqsa, bütün o nəsnələrlə…
Bir də ilahi bütünlük, bütövləşmək vardır ki, bu, sanki insanın ruhani ehtiyacından doğur. Məsələn: biri üçün adi görünən, söz yığını hesab edilən bir mətn, onu duyan və sözlə yaşayan adam üçün həmin o bəhs etdiyimiz “ilahi bütünlənmə” ola bilər. Yəni, mətn səni tamamlayar, sən özünü orda – hərflərin içində taparsan.
Məsələn: Həmdi abi… Allahın hər saatında Müəllimin qapısının ağzında dikilirdi… Nə idi Həmdi abini müəllimə bağlayan səbəb?!… Düşünürəm ki, həmin o ilahi bütünlənmə ehtiyacı idi…
Halallığın və saflığın ünvanı olan Müəllim obrazı Həmdi üçün bütövləşdiyi ünvan idi… Belə bağlılıqlara ad qoya bilmirsən deyə altı küçüyün doğulanda birini də ona bağışlamaq istəyirsən. Hətta nəfəsindən də pay vermək keçir içindən… Çünki düşünürsən ki, onun nəfəsi hesabınadır bütün yaxşılıqların balanslaşmağı… İlahi tarazlığı qoruyan adamı qorumaq ehtiyacı yaranır içində.
Oxuduqca görürsən ki, zaman keçdikcə Hamdi ilə müəllimin arasındakı bağ, ilişki daha da dərinləşir: “Kirvəmin qəlbi dəniz kimi genişdi. Mən nə etsəm Həmdi o tərtəmiz ürəyini ortaya qoyurdu. Neynəsəm də onu üstələyə bilmirdim. İş inada düşdü, kirvəmlə bir yarışa girdik… Mən qəmli bir kaset, kirvəm bir qazan qatıq, mən dəftər, qələm, kirvəm bir torba qoz, mən bir qutu ülgüc, o beş litr süd, mən portağal, naringi, kirvəm kömbə, yarma, mən köynək, pencək, kirvəm böyük bir qoç… verirdi. Beləcə Həmdi kirvə ilə baharı gətirdik”.
Baharı gətirdikləri yola qədər… sanki yaşamağın formulunu izah edir İmdat Avşar. Guya Həmdinin sovqatları, gətirdiyi bir qazan qatıq, beş litr süd, bir torba qoz, portağal, naringi və sair olmasaydı, müəllim dolana bilməzdimi? Dolanardı, əlbəttə. Həm də şah kimi dolanardı. İllah da ki, Müəllimin bütün bu dünya zövqündən ucada dayanan böyük ürəyi vardı… Əlbət ki, Həmdinin toyuğu da, qatığı da, qazı da bu mənada şərti səciyyə daşıyır. Burda maddi nemətlərə yox, “insanın insana olan ehtiyacı” məsələsi qabardılır və əsər boyu yazıçı bu xətti inkişaf etdirir.
Nodar Dumbadze “Əbədiyyət qanunu” əsərində yazır ki, insanın ürəyi bədənindən yüz dəfə ağırdır. Ürək o qədər ağırdır ki, onu bir adam gəzdirə bilməz. Ona görə də biz adamlar nə qədər sağıq, bir-birimizə kömək etməliyik; bir-birimizin ürəyini qorumalıyıq – sən mənim, mən onun, o o birinin və nəhayətsizliyədək… Bu, əbədiyyət qanunudur – insanın insana gərəkliyi də, insanın insana ümidi, inamı da budur. Bu, insanda insaniyyətin yoxa çıxmaması deməkdir – əsl mənəviyyatdır.
Mənəviyyat məsələsi İmdat Avşar yaradıcılığının mayəsində, özəyində dayanır. Sanki yazıçının yaradıcılığının təməl kökləri mənəvi və hissi olanlardır. “Təftiş heyətinin övliyası” hekayəsi bu baxımdan diqqəti cəlb edir. Belə ki, müəllif hissi idrakdan kənarda rasional idrakı, ümumiyyətlə, qəbul etmir. Ədibin bu hekayəsi ilə öncə yazdığı “Ağ bulud” və “Türbənin dəlisi” əsərləri arasında hər hansısa mənəvi bağ olmaqdadır. Bu əsərlərdə müəllifin təsvir etdiyi qəhrəmanlar yerə aid olan sıxıntılardan quş kimi azaddırlar. Toplumun “dəli” kimi gördüyü bu adamlar son dərəcə azad və xoşbəxtdirlər… Bunun səbəbi isə insanın içindəki dünya ehtirasından xilas ola bilməsidir. Bizi bədbəxt edən, əslində, ağıldır. Və kənardan baxanda özümüzə “Müdrik bədbəxt azad dəlidən (məczubdan) daha xoşbəxtdir!” – deyə təsəlli edirik ki, amma həqiqətdə belə deyil… Həyatın özəyində hissi idrak (ilahi vergi, fəhm, intuisiya) dayanır.
Göy qübbəsini saxlayan, mahiyyətinə enə bilsək görərik ki, heç bir fizika qanunu deyildir. Yer, göy, külli-aləm bir ilahi iradəyə tabedir ki, bütün Yaradılışın və Varoluşun mərkəzində O dayanır. Fəqət biz insanlar o gəldiyimiz ünvana dua (işıq) göndərmək yerinə, bəzən yolumuzu çaşır, ətəyimizə yığdığımız daşları Göy üzünə atırıq… Bəlkə də, bir övliya lazımdır ki, qolumuzdan tutub “Durub Göy üzünə daş atan oğlan… Göy üzü daş saxlamaz, atam balası!” desin, şillə kimi üzümüzə çırpsın həqiqətləri, heç olmasa onda ayıla bilək batdığımız günah yuxusundan…
İmdat Avşarın kitabının adıyla səsləşən “Göyçərin sevdası” məhz günah mövsusundadır. Bu hekayəni yazmaqla ədib sanki yaddaşımızın bir küncündə üstü toz basmış, unutduğumuz günah hissini bizə xatırladır. Bu öykü mənəvi dünyası göyərçin kimi qar bəyazlığında tərtəmiz olan Əfəndinin taleyindən bəhs edir…
Hamı günahkardı dünyada amma…
Dünyada heç kəsin günahı yoxdu…, – Nə qədər doğru qənaətdir bu… Hamının günahkar olduğu, amma kimsənin öz günahını qəbul və etiraf etməyə cəsarəti çatmadığı bir mühitin tən ortasında yaşayırıq… İnsanlığa qarşı terror təkcə silahla olmur. Bir də mənəvi terror var ki, onun nəticələri silahlı saldırıdan daha ağır, qurbanları daha dəhşətli olur… Hekayənin qəhrəmanı Əfəndi yaşadığı məhəllədə məhz belə bir quru iftiranın, yalanın, fitnənin güdazına gedir. Qısa bir zaman kəsiyində onun günahsız olduğu üzə çıxsa belə, bu bəraət heç bir işə yaramır. Hər şey günəş kimi aydın, adam özü Ay kimi duru, su kimi pak olsa belə, bircə dəfə ləkələndimi ağ vərəqə bənzəyən ömrün üstündən o ləkəni silmək, ağartmaq mümkünsüz olur.
Əfəndi günahsız olsa da, bütün valideynlər övladlarına onunla oynamağa qadağa qoyur. Bu qədər insan dənizinin içində tənhalaşan Əfəndini qorumaq üçün sinəsini sipər, kürəyini çəpər edən bir tək hekayəni nəql edən uşaq (yazarın özü) olur… Hətta Əfəndinin içindəki özünəinamı qaytarmaq üçün sevdiyi qızdan – Zelihadan da vaz keçir. Ki, qoy Əfəndi sevsin Zəlihayı, təki Əfəndi sarsılmasın, təki Əfəndinin içindəki insan ölməsin… İmtina insanın sahib ola biləcəyi ən ali dəyərdir. Və kiminsə səadəti üçün öz yanıb-tutuşduğun sevgidən, eşqdən imtina edirsənsə, bu dəyərin artıq lüğətdə adı, riyaziyyatda ölçüsü yoxdur…
Hekayə çox gözlənilməz sonluqla başa çatır. Əfəndi ani bir qərarla həyatına son vermiş, özünü ölümə tərk etmiş olur. Kim bilir bəlkə də həmin ölüm anına qədər Əfəndi o səhnənin konturlarını öz beynində çoxdan cızıb hazırlayıbmış. Yazıçı günahsız bir uşağa sahib çıxa bilməyən dünyaya etirazını məhz bununla ifadə etmiş olur. Bu məqamda Aşıq Reyhaninin bir bəndi yada düşür:
Öz canımdan çox sevdiyim İstanbul…
Çarəsiz dişimi sıxıb gedirəm…
Qafillərdən zərbə yedi qürurum,
Kədərimə boyun büküb gedirəm…
Bu misralar İmadəddin Nəsiminin “Dünya duracaq yer deyil, ey Can, səfər eylə!” sözlərini yadımıza salır …
Əfəndi sanki ölümü ilə bizə dərs vermiş olur. O, bir göyərçinin həyatını xilas etmək üçün öz canından keçir. Oynadıqları yerdə uşaqlar göstərir ki, elektrik dirəyinin yuxarısına ilişmiş bir quş can çəkişir. Əfəndi quşu xilas etmək üçün yaxınlıqdakı köhnə məscidin minbərinə qalxıb ordan həmin elektrik dirəyinin təpəsinə atlayır. Bu, hekayədəki ən gərgin psixoloji məqamdır. İllah ki, Əfəndi özünə ölümə tərk etmişdi, niyə İmdat Avşar onu bir araba qəzasında, yaxud dənizdə çimərkən boğuldu… deyə təsvir etmədi? Nədən yazıçı Əfəndini Haqqa uçan Göyərçin olmaqdan ötrü məhz məscidin minbərinə qaldırdı? Ordan üzü Tanrıya yol aldı, sevdalandığı göyərçinlər kimi qanad açdı Əfəndi… Niyə məhz orda… Məscidin minbərində… Yer üzündə ölmək üçün yermi yoxuydu?!
Var idi yer… Həm də çox idi… Amma İmdat Avşar öz yaratdığını adi ölümün pəncəsinə təslim etməyəcəkdi… Məscidin içindən minbərə qalxan yol insanın daxili yaşantılarından üzü Haqqa doğru Durulma məqamıdı… Yazıçı cəmiyyətin günahkar deyə dışladığı o uşağı məhz o məqamda Tanrıya təslim etməklə, əslində, kirlənmiş dünyada yaxşıların və təmiz olanların qorunmaq üçün ən doğru ünvanının Tanrıya sığınmaq olduğunu göstərir.
Bədii əsərin dili yazarın həyatı duymaq qabiliyyətidir, onun istedadıdır. İmdat Avşarın əsərləri məna tutumu, məzmun dərinliyi ilə bərabər, həm də dilinin ahəngdarlığı, gözəlliyi, canlılığı, şirinliyi ilə seçilir. Yazarın bədii dilinin mükəmməlliyi Tanrının yaratdığı təbiətin mükəmməlliyi kimidir, qüsursuzdur, bənzərsizdir. Dilin və duyğuların bu cür harmoniyası sənətkarın həyatı düzgün dərk etməsindən qaynaqlanır. Dilin gözəlliyi duyğuların gözəlliyi, həyatın poeziyası deməkdir.
Professor Nurullah Çətin “Soyuq röya” kitabına yazdığı ön sözdə də məhz bu qənaətə gəlmişdir ki: “…Ədəbiyyat piyasasını… müsəlman türk millətinin ruh kökünə yabançı söz yığınları istila etmiş vəziyyətdədir. Yabançı ruhların Türk bədəninində dolaşdığı bu ortamda İmdat Avşar hekayəsi, bir iç aydınlığıdır… Çağdaş Türk hekayəsində gerçək Anadolu yaşantısınını İmdat qədər canlı bir şəkildə çizən başqa bir hekayəçi yoxdur…”
İmdatın qələminin ustalığı ondadır ki, o, həm də Anadolu yaşantısını Anadolu və Azərbaycan şivələrinin qovuşuğunda qələmə alır. Kilometrlərlə uzağında olan bir hadisə özünün və yaxınının taleyi kimi doğma gəlir adama. Yazıçı – oxucu, zaman – məkan sərhədləri aradan qalxır – mətn bütövləşdirir.
*****
İmdat bəy bütün əsərlərində özünü qələmə alır. Özünü yaradan insanlar (sözün hər iki anlamında) böyük adamlardı… Bir, öz taleyini özləri yenidən yazırlar… Bir də yaşadıqlarını olduğu kimi ağ kağızın yaddaşına köçürürlər. Özünü yarada bilən adamlar ona görə böyük adamlardı ki, cəsarəti çatır yaşadıqlarını yazmağa… Çünki yaşadıqları Tanrının alnına yazdığı yazı kimi tərtəmizdi…
İmdat Avşarı oxuduqca biz oxucunu arxasınca aparmağı bacaran fədakar müəllim, vətəndaş ziyalı, milli düşüncəli aydın, sevən aşiq, qayğıkeş övlad – ən əsası azad şəxsiyyət obrazını görmüş oluruq.
Əhməd bəy Ağaoğlu “Sərbəst insanlar ölkəsi əsərində yazırdı ki, Azad ola bilməkdən ötrü güclü olmalısan.Yalanlara əyilməməlisən. Çünki yalan zəiflərin, qorxaqların işidir. Yalan həqiqəti gizlətmək üçündür. Həqiqət gizlədilən yerdə yalançı inanclar hakim olur. Azadlıq şüurun cövhəridir, şüur da insandır. Deməli, burdan belə anlayırıq ki, Azadlıq bu dünyada insanın sahib ola biləcəyi ən böyük dəyərdi. Azadlıq olduqca dəyərli vergidir və buna sahib olmaq üçün fikir təmizliyi, əməl təmizliyi, söz təmizliyi kimi ülvi keyfiyyətlərə sahib olmalısan. İmdat Avşar özü azad düşünür olduğundan toplum üçün, fərd üçün, şəxsiyyət üçün azadlığı ən ali meyar olaraq götürür. Belə adamlar axına düşüb gedə bilmir, kütləviləşmir.
Oxuduqca müəllifin şəxsində, daxili xarakterində kütləviləşməyən, zamana və mühitə sığmayan, zamanın fövqündə dayanan, qəliblərə boyun əyməyən, azad ruhunu mühitin və dövrün hörümçək toruna bənzər qanunlarına tabe etdirməyən cəsarətli bir obrazla tanış oluruq.
Müəllifin “Dövlət zopası” və “Kafa kağıdı” əsərlərində fərd və cəmiyyət, vətəndaş və dövlət məsələləri qoyulmuş və olduqca maraqlı paralellər aparılmışdır.
“Kafa kağıdı” hekayəsini oxuyuram… İmdat bəyin əlindən yapışıb uşaqlıq dünyasına səyahət edirəm, qarşımda geniş üfüqlər açılır… Mənə elə gəlir ki, sehrinə düşdüyüm aləm – bu sirli dünya yazarın ana vətənidir… Bir uşaq yaddaşına hopan və heç zaman çalarlarını itirməyəcək bəzəkli dünya, min rəngə bələnən təbiət, yerlə göyün ideal harmoniyası… Yazıçının bu təsvirləri uşaqlığın qayğısız rənglərini özündə ehtiva edir sanki…
“Kafa kağıdı”ndakı toyuqların ayaqlarına bağlanan rəngli şıbaklar, “Söylənməmiş sözlər”də yemişan ağacının budaqlarında diləklərə çevrilən rəngli iplər… bütün bunlar İmdat Avşarın içindəki heç böyüməyən o mavi gözlü çoçuğun göy qurşağına bənzəyən dünyasının görünən tərəfləridir.
“Kafa kağıdı”nı oxuduqca düşünürəm ki, bizim təkcə ədəbiyyatlarımız qardaş deyil, bizim həm də Analarımız doğmaca bacı imiş. Əbdürrəhim bəy Haqverdiyevin “Mütrüb dəftəri”ndəki “Novruz bayramı ilə aşura bir günə düşən ili”, “Gün tutulan ili” doğulanların törəməsiyik biz də… Təkcə köklərimiz, gələnəklərimizlə bir-birimizə bağlı deyilik, ağrıları eyni boyutda, kədəri eyni rəngdə, taleyi bir-birinə bənzəyən adamlarıq…
…“Qara məktəbli formasında ibtidai sinfə gedirdik. Formalarımız da bəxtimizə işarə edirdi, sanki. Məktəbin qar kimi dümağ həyətinə səpiləndə o kağızın üzərində qara nöqtələrə dönürdük, bir-birimizin arxasında cərgələnirdik” – deyən İmdat bəy sanki şahmat taxtasına oxşayan dünyanın üzərindəki fiqurlar kimi təsvir edir uşaq dünyasının sakinlərini…
Hamısının şəcərəsi nənəsiylə başlayan bu cocuqların işıqsız evləri də bir-birinə bənzəyir, sol yanı yarım qalan çiləkeş anaları da…
Əsər boyunca Anasının sözlə rəsmini çəkir – obrazını yaradır İmdat Avşar… Ən doğma adamımla qarşılaşıram sanki o danışanda… Çoxdan tanıyıram mən o nur topası qadını… “Anamın saatları”ndan doğmalaşmışıq… Heç oxuma-yazması olmasa da, bircə hərf tanımasa belə bu Ana dünyanın ən böyük adamıdır… Müəllimi dövlət, dediyi sözü fərman bilən qocayürəkli Ana… Kimliyi olmayan körpə bir yavruya qol-qanad gərib, ərsəyə gətirən… İmdat Avşar düşüncədə bir övlad yetişdirən Ana… Dünyaya xeyirxahlıq, yaxşılıq toxumu səpən səxavətli bir Ana… Özünü yavrularına fəda edən, onları qaranlıq dünyadan işığa çıxarmaq üçün ömrünü körpüyə çevirən Ana… Ciyərparəsinin yaşıdlarından seçilməsinə qıymayan, şəhadətnaməsini ala bilməsi üçün dünyanın ən məsum “rüşvət”ini müəllimə yollayan safqəlbli Ana… “Anam ağızbaağız doldurduğu bir çinik lobyanı torbaya boşaltdı, şələlədi kürəyimə: “Di, yüyür!” – dedi. -“Bunu müəlliminə ver, şəhadətnaməni al, gəl!”. Lobya torbası kürəyimdə elə qaçırdım ki, elə bil, uçurdum… Sanki topuqlarım kürəyimə dəyirdi… Qaçırdım, amma bir tərəddüd vardı içimdə. Qiymət cədvəlimdə dərslərin qarşısında “əla” yazılmışdı. Görəsən, şəhadətnamədə də elə yazılacaqdımı?”
Müəllifin dili o qədər aydın, rəvan, təhkiyəsi o qədər axıcı və görümlüdür ki, təsvir etdiyi hadisələr sanki kino lenti kimi oxucunun gözlərində canlanır.
“Kafa kağıdı” sıradan bir hekayə deyil, İmdat Avşarın kimliyidir, əslində… Yaradıcılığından bir tək bu əsəri oxumaqla İmdat bəyi şəxsiyyət kimi dərk edə bilir adam… Hekayədə ədib həm obraz baxımından özünü yaradır, həm də əsərin problematikasına söykənərək hətta insanın öz-özünə etiraf edə bilmədiklərini, bütövlükdə xatakterinin hər yanını aça bilir.
İnsanlar kimi sanki əsərlərin də, obrazların da taleləri arasında doğmalıq, bağlılıq olur. “Kafa kağıdı”nı oxuduqca nədənsə qeyri-ixtiyari İmdat Avşarın “İtmiş bahar nərgizi” hekayəsi beynimdə canlandı. “Kafa kağıdı”ndakı körpənin “İtmiş baharın nərgizi”ndəki çiçəklə bir mübhəm bağlılığını və bütün bunların yazarın ağrılı uşaqlıq xatirələri ilə assosiasiyası olduğunu düşünürəm.
Balaca yavru “kafa kağıdı”nı, balaca nərgiz fidanı isə “bahar”ını itirib. Hər ikisi itkidi… İtirməyin yaşatdığı ağrıdı… İtkinin açdığı və heç bir məlhəmlə sağalmayacaq dərin izdi, qaysaq tutmayan duyğulardı…
Yaratdığı obrazın müəllifin öz daxili dünyasının bir parçası, prototipi, ruporu olduğunu düşünsək, İmdat bəy hələ çoçuqluğundan daxilindəki özgürlük və ruhani azadlığa meyil, bağımsızlıq düşüncəsi ilə hamıdan seçilib, təkcə kimliyinin olmamasıyla yox…
“İtmiş bahar nərgizi”ndə çiçəyin doğuluşunun təsviri “Kafa kağıdı”nda məktəblinin uşaqlıq çağı ilə yaxından səsləşir. Nənəmə: “Madəm ki, yer üzünə çıxanda o qədər rəngli, gözəl oluruq, o halda biz çiçəklər niyə bu qaranlıq zindanda gözləyirik?”-deyirəm.
Əslində, bu hekayədə “nərgiz” azadlığın, özgürlüyün işartısı olmaqla bərabər həm də qaranlığa və soyuğa üsyandır. “Buzu əridən bir eşq atəşi var biz nərgizlərdə… Bir qığılcımla bədənimizə eşq atəşi düşüncə bu qaranlığı yara-yara çıxarıq gün üzünə” deyir nərgiz.
İmdat Avşar öz içindəki bağımsızlıq eşqini məqamı gəldikcə hətta təbiət hadisələrinin də üzərinə köçürür və bu detal olduqca uğurlu alınır. “Bu qaranlıq pərdəsini yırtmaq istəyirəm. Torpağı, üstümüzdəki buz qatlarını dəlib başımı günəşə uzatmaq…” Bu, sadəcə bir nərgiz fidanının nə olursa olsun, bütün əzablara göğüs gərmək, günəşi görmək çırpınışları deyil, bu İmdatın içindəki məndir, daxilindəki hayrırışdır, ilahi səsdir, balaca, savunmasız bir körpəni İmdat Avşar edən iradədir, misilsiz zəhmətdir, həyata inad mənəvi dirənişdir…
Ondan kimliyinin axtarışını tələb edən həyatın kəşməkəşində başını itirən körpə İmdat… Anasını “Div anası”ndan qorumaq üçün özünü sipər edən və səsi kimi xisləti də eybəcər dövlət qadının susdurduğu kimliksiz körpə… köməksiz körpə…
-“ Ey, sən! Sən nə istəyirsən?
Anamın “Div anası”nın qarşısında susduğunu, söz deyə bilmədiyini görüb sinəmi irəli verdim:
– Mənim “kafa kağıdı”m yoxdu!
“Div anası” barıt kimi partladı:
– Sən sus, kirpi!
Acıdan keçməyən şərqilər əksik olduğu kimi acılardan keçib durulmayan insan da yarımçıq kimidir… Ən böyük “Doğuluş” insanın mənəvi ağrıların bətnindən qopduğu, öz içindəki əzablardan keçərək durulduğu andır…
Zaman bütün acıların məlhəmidir… Zaman keçdikcə şahmat taxtasının üstündə mat olan fiqurlar…, qoparılmamaq, tapdanmamaq üçün köklərini nənəsinin kökünə saran, ona sıx – sıx sarılan nərgiz fidanları, işıqsız evlərdə “bir nənə, bir ana, dörd oğlan, üç qız” oynaya-oynaya qaranlığın səsini batıran, zülmətlərə meydan oxuyan körpələr yoluna qoyur ədalət tərəzisi əyilən dünyanın ölçü – mizanını, zaman çarxını…
“Qəribə bir kədər bürümüşdü məni, dürməyimi dişləyirdim, di gəl, dişlədiyimi udammırdım. Anam dayandı, bir rayona tərəf baxdı, bir də kənd tərəfə… Kəndə yaxınlaşmışdıq. Çarəsiz anamın gücü təsəlliyə çatırdı: Ağlama, quzum, ağlama… Atan gələr, “kafa kağıdı”nı da alar, laklı ayaqqabılar da…”
Dişlədiyi dürməyi ağzında böyüyən, bir loxma çörəyi boğazında qəhərə çevrilən, əlində kimliyi, ayağında laklı ayaqqabısı olmasa da İmdatın köksünə sığmayan böyük ürəyi vardı… Bu Tanrının ən böyük lütfü idi ki, onu balaca İmdata ərməğan etmişdi. Və İmdat o ürəyin işığına bürünüb bütün qaranlıqlara, zülmətlərə meydan oxuyacaq, bir zaman anasına bağıran, ona həqarətlə “sus, kirpi!” deyə susduran “div anaları”nın zəhər saçan dilini əbədiyyən lal edəcəkdi. Əzablara sinə gərərək böyüyən, çoçuqlar daha böyük adam olur. Bu, həyatın yazılmamış qanunudur…
İndi bütün dünya susub, İmdat danışır… İlahi ədalətin təcəllisi elə budur. Bu, aşağılanmağı o balaca ürəyinə sığışdırmayan, mayəsi saflıqdan və halallıqdan yoğrulan körpənin Tanrıya inamı və səbrinin mükafatıdır.
Yazdıqları da başdan-başa İmdat bəyin özüdür, ürəyinin səsinin kağızın yaddaşına hopan əksidir.
Yaratdığı hər bir obraz isə müəllifin dünyaya baxdığı pəncərədən görünən bir bucaqdır. İmdat bəyin qələmində “Günəş” və “işıq” obrazları, günəşin şəfəqləri, gündoğumu ilə bağlı metaforalar onun içindəki ziyadan və bir insan olaraq düşüncəsindəki aydınlıqdan xəbər verir. “Kafa kağıdı”nda Günəşi “Aydınlıq atlısı” adlandırır İmdat Avşar. Sadəcə “aydınlıq” yox, həm də atlanan aydınlıq, qanadlanan aydınlıq…
Qanad demişkən, İmdat bəyin obrazlar qalereyasında “qayçının qanadları”, “dəftərin qanadları” kimi detallar diqqətimi çəkdi ki, bu da heç şübhəsiz, yazarın özgürlük düşüncəsi ilə birbaşa bağlıdır. Adidən adi bir kağız parçasında – dəftərdə, və ya bir dəmir parçasında – qayçıda qanad görə bilmək üçün elə qanadlı düşünməyi bacarmaq və dünyaya qanadlı baxmaq gərəkir.
Nədənsə mənə elə gəlir ki, qanadlı yazmağı, görməyi, düşünməyi, bacarmaq üçün gərək adamın özünün də qanadları olsun… İmdat Avşar kimi…
Bəli, İmdat Avşar qanadları olan Adamdır… Bir qanadında üçrəngli Azərbaycan, bir qanadında isə şanlı Türk hilalı olan bu böyük insan hər iki qanadının altına sığdırdığı böyük Ədəbiyyatı türk dünyası və türk dühası üçün döyünən qoca ürəyində birləşdirir. Ürəyin var olsun, Böyük Adam!
İmdat Avşar adı ədəbiyyat üçün çox şey deməkdir. Ümumiyyətlə, bədii yaradıcılıqla məşğul olmasaydı, heç bircə sətir yazmasaydı belə sadəcə tərcümə işinə sərf etdiyi nəhayətsiz əməyi və ölçüyəgəlməz xidmətləri ilə İmdat Avşar imzası hər iki xalqın ədəbiyyatında – söz mülkündə öz dəyərini mütləq alacaqdı…
Ədəbiyyatımızın fədakar dostu, əziz İmdat bəy uşaqdan böyüyəcən bizim hamımızdan ötrü Dəyərdi… Sözü də… Özü də… Bu gün də belədir, sabah da belə olacaq…
Müsahibələrindən birində doğulduğu günün qeyri-dəqiqliyi ilə bağlı məqamı açıqlayan İmdat bəyin həmin kövrək söhbətini oxuyanda elə yazarın “Anamın saatları”, “Kafa kağıdı” hekayəsi qədər ağrıdım. Amma sonra elə İmdat bəyin qələmindən düşüncəmə sirayət edən işıqla, nikbin baxdım yaşananlara… Zamanın nə önəmi?!
Önəmli olan doğulmaqdı! Önəmli olan ömür sürmək yox, ömrü İmdat Avşar kimi dəyərləndirə bilməkdi… Önəmli olan yaşamaqdı, yaşamağı bacarmaqdı… Önəmli olan var olmaqdı… Varlığını təsdiq edə bilməkdi… kimliyin, təqvimin, vaxtın mahiyyəti isə bu boyda Varoluşun qarşısında bir heçdir… sadəcə rəqəm və ya kağız parçası…
Sözüylə, qələmiylə, düşüncəsiylə bütün bu nəsnələrin fövqündə dayanan İmdat Avşar şəxsiyyəti artıq Ədəbiyyat adına, Sənət adına, Böyük Söz adına fədakarlığın, dostluğun, qardaşlığın, bağlılığın kimliyinə, brendinə çevrilib…
Vaxtın nə önəmi?! Taleyinə meydan oxuyan, qədərinə qalib gələ bilən kəs Vaxtdan uca Adamdır… İmdat Avşar kimi…