Kültür Sanat

Vüqar Şamiloğlu

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Vüqar Şamiloğlu

Kaş qayıdaq kəndimizə

Yağışlı bir yaz gecəsi,

Ayrı düşdük el-obadan.

Uçduq isticə yuvadan,

Ayrılıq tez gəldi bizə,

Kaş qayıdaq kəndimizə.

                 ***

Sakit axır coşan çaylar,

Ağ bəzənib yal-yamaclar.

Sır-sıra tutub ağaclar,

İndi qar da çıxıb dizə,

Kaş qayıdaq kəndimizə.

                 ***

Tez çəkilsin qaranlıqlar,

Durulsun bulanıq sular.

Çiçəklənsin xoş arzular,

Kömək olsun xudam bizə,

Kaş qayıdaq kəndimizə.

                 ***

Yadındamı ormanlardan,

Çəkilərdi dumanlar da.

O kəklikli qayalarda,

Ov edərdik gəzə-gəzə,

Kaş qayıdaq kəndimizə.

                 ***

Boğur məni acı qəhər,

Şamiloğlu döz birtəhər.

İsitməyir bizi şəhər,

Qor dolubdu yerimizə,

Kaş qayıdaq kəndimizə.

                           24.01.2016

Dağların

 Ümidlər üzülmür geri dönməyə,

Dikilib yollara gözü dağların.

Qalıb sinəsində bizə deməyə,

Nə qədər söhbəti,sözü dağların.

                 ***

Qoynunda gör neçə igid ər ölüb,

Üz tutub bilmirəm hara yönəlib.

Dumana bələnib,çənə bələnib,

Açılmır bir an da üzü dağların.

                 ***

Unutmaz tarixdən qalan bir anı,

Əskilməz başınan qarı,boranı.

Yadına düşəndə köçü,aranı,

Alışar qəlbində közü dağların.

                 ***

Qəlbinə vurulub sağalmaz yara,

Bağlanıb qolları çəkilib dara.

Elə bil düşübdü çovğuna ,qara,

Yenə də gecikib yazı dağların.

                                        24.03.2012

 Malayağı havası

El sənətkarı mərhum atam Xəlilov Şamil Əli

oğlunun xatirəsinə həsr edirəm.

 Malayağı çalınırdı,

Axşam şər qarışan vaxtı.

Hamı toya tələsirdi,

Əl-ayaq yığışan vaxtı.

                 ***

Aşıq da vardı o toyda,

Saz çalıb söz oxuyurdu.

O kövrək nazik simlərin,

Havası qan qoxuyurdu.

                 ***

Sonra Koroğlu cəngisi,

Haray çəkdi dağa,daşa.

İgidlər əl-ələ tutub,

Birgə getdilər savaşa.

                 ***

Havalıydı qara zurna,

Sanki,imdad diləyirdi.

Əllərini göyə açıb ,

Atam dua eyləyiri.

                 ***

Nəsə demək istəyirdi,

Danışa bilmirdi atam.

Vətəndə köçkün düşəndən,

Danışıb gülmürdü atam.

                 ***

Əcəl tez haxladı səni,

Gör necə arzular qaldı.

Yazılmamış,oxunmamış,

Sinəndə yazılar qaldı.

                 ***

El-obana bağlı idin,

Xəyal olub ötdün atam.

Elin sənətkar oğluydun,

El-obadan getdin atam.

    Gedirəm gəncliyim qaldığı yerə

 Gördüyüm yuxular çin olub indi,

Ata yurdumuza getmək vaxtıdı.

İllərlə üzünə həsrət qaldığım,

Doğma torpağımı öpməl vaxtıdı.

                 ***

Yamyaşıl bəzənib çöl-çəmən,meşə,

Buzlu bulaqlar da gəl deyir bizə.

Açıb qucağını ana təbiət,

Güllü yaylaqlar da gəl deyir bizə.

                 ***

Qurtuldu işğaldan doğma Qarabağ,

Ucaldi göylərə azadlıq səsi.

İllərin həsrəti bitdi qəlbimdə,

Bizə qürur verdi Laçın müjdəsi.

                 ***

Nə gözəl yaraşır ellərə bahar,

Gül açıb hər tərəf yal yamac,dərə.

Əlvida ey Bakı,əlvida sənə!

Gedirəm gəncliyim qaldığı yerə.

                                            17.04.2021

 Gedirəm

 Gözün aydın olsun ay əmimoğlu,

Çağırır obalar,ellər gedirəm.

Çəkilib çən-duman yaldan,yamacdan,

Açılıb çiçələr,güllər gedirəm.

                 ***

Yolumu gözləyən tənha bənövşə,

Bəsədim qəlbimdə səni həmişə.

Mənə gəl-gəl deyir dağ-dərə,meşə,

Uzanır əlimə əllər,gedirəm.

                 ***

Sanki gec ötüşür həftələr,aylar,

Dumana bələnib yalçın qayalar.

Qopsada tufanlar,daşsa da çaylar,

Alsada qoynuna sellər gedirəm.

                 ***

İllərdi ötsədə qürbətdə yaşım,

Daha axmayacaq gözümdən yaşım.

Azaddır vətənim,torpağım,daşım,

Açılıb Laçına yollar gedirəm.

                 ***

Yeri,Şamiloğlu,inamla yeri,

Qaytara bilməzsən zamanı geri.

Qalıb xəyalımda ilk görüş yeri,

Çağırır o çağlar,illər gedirəm.

                                      11.05.2021

    Qaytarım

Qəlbimdə bir arzu,bir diləyim var,

Dağların qoynuna eli qaytarım.

İldırım nərəsin,şimşək səsini,

O coşan çayları,seli qaytarım.

                 ***

İlahi sən eylə bizlərə nəsib,

Çaylar tək kükrəyib,Yellər tək əsib.

Tikanı,qanqalı kökündən kəsib,

Çəməndə çiçəyi,gülü qaytarım.

                 ***

Torağay qovardıq biz gəzə-gəzə,

Çıxardı yamyaşıl sarmaşıq dizə.

Al-əlvan bəzənmiş laləli düzə,

O ucsuz,bucaqsız çölü qaytarım.

                 ***

Unutmaq olarmı Məcnun bulağın,

İçəndə suyundan donar dodağın.

Camışın qatığın,nehrənin yağın,

Qayğısız ayları,ili qaytarım.

                                     20.08.2020

Məndən xəbərsiz

İntizar çəkırdi qara gözlərin,

Vurardı qəlbimə yara gözlərin.

Baxardı bilmirəm hara gözlərin,

Dinib danışmırdın səssiz,səmirsiz,

Sən məni sevmisən məndən xəbərsiz.

                 ***

 Ürkək maral kimi gəzərdin gendən,

Üz-üzə gələndə arabir hərdən.

Gizli baxışların sorardı məndən,

Nə yaman çətinmiş yaşamaq sınsiz,

Sən məni sevmisən məndən xəbərsiz.

                 ***

Ötən xatirələr gəzsə,dolansa,

Yol çəkən gözlərin kövrəlsə,dolsa.

Göylər tez qaralsa,güllər tez solsa,

Bülbül nəğmə deməz gülsüz,çəmənsiz,

Sən məni sevmisən məndən xəbərsiz.

                 ***

Yandırıb Vüqarı kül eyləmisən,

Qol açıb illərə gəl eyləmisən.

Açıb sinəm üstün yol eyləmisən,

Girmisən qəlbimə ləpirsiz,izsiz,

Sən məni sevmisən məndən xəbərsiz.

                                                     08.07.2015

 Nə son görüş, nə ayrılıq olmasın

Demirəm ki,ümüdünü üz əldən,

Zövq alıram sənin kimi gözəldən.

Ürəyimdə bir arzu var əzəldən,

Xoş arzular xəyal olub qalmasın,

Nə son görüş nə ayrılıq olmasın.

                 ***

Qayıtmaz bir daha o günlər,o an,

Acı xatirədir qəlbimi sıxan.

Həsrətlə boylanıb arxamca baxan,

Qara gözlər bir də yaşla dolmasın,

Nə son görüş nə ayrılıq olmasın.

                 ***

Sanki, dara düşüb gecikibdi yaz,

Ömür yolu həm dərindi,həm dayaz.

Öz bəxtindən gileylənən qızcıgaz,

Fəryad edib saçlarını yolmasın,

Nə son görüş nə ayrılıq olmasın.

                 ***

Sənə gəl-gəl deyib,tutur əlindən,

Zaman çox tələsir,gedir ömürdən.

Şamiloğlu vermə fürsəti əldən,

Məhəbbətin çox yaşasın solmasın,

Nə son görüş nə ayrılıq olmasın.

                                              16.05.2015

 Sənin qara gözlərinə

 Sular kimi axım gəlim,

Sənə gendən baxım gəlim.

Göz yaşımı sıxım gəlim,

Sənin qara gözlərinə.

                 ***

Sənə sevgim aşıb daşır,

Canımda həsrət dolaşır.

Elə ağlım huşum çaşır,

Sənin qara gözlərinə.

                 ***

Ürəyimdə köz alışır,

Köz alışır,söz alışır.

Mənim gözlərim yaraşır,

Sənin qara gözlərinə.

                 ***

Bir baxışın bəs eyləyir,

Hər nə desəm söz eyləyir.

Gözlərim də göz eyləyir,

Sənin qara gözlərinə.

                           08.05.2010

 Ay qardaş

   Türk qardaşlarımıza xitabən

Bir qələm,bir kağız götür,

Mən götürüm saz ay qardaş.

Babaların hünərini,

Bircə-bircə yaz ay qardaş.

                 ***

Dağlar vətəndə qəribdi,

Dağlar ağ xalın səribdi.

Qış da yman tez giribdi,

Haçan gələr yaz ay qardaş.

                 ***

Namərd mərdlə bəhs eyləyər,

Yaş alışmaz,his eyləyər.

Bir qiğılcım bəs eyləyər,

Tez alışsın köz ay qardaş.

                 ***

Çagır o zalım fələyi,

Göndərsin gəlsin mələyi.

Bu fitnəni,bu kələyi,

Nə durmusan çöz ay qardaş.

                 ***

Al soysuzun kəlləsini.

Kəs birdəfəlik səsini.

Yağı düşmən hiyləsini,

Birandaca poz ay qardaş.

                 ***

Ərisin qarlar dağlarda,

Oxusun bülbüllər bağda.

Gəl oxusun Qarabağda,

Bayrağımız tez ay qardaş.

                                15.08.2020

   Yaylağın

Hər tərəfi duman çənə bürünüb,

Dustaq olub sağı,solu yaylağın.

Ellər köçüb,yurdda yağı görünüb,

Bağlanıbdı dörd bir yolu yaylağın.

                 ***

Boş qalıb obalar, sular lal axır,

Günəşin istisi əritmir qarı.

Xəyalım dolanıb həsrətlə baxır,

O şırin çağlara,illərə sarı.

                 ***

Kəsilib nəğməsi,şır-şır bulağın,

Sükuta qərq olub sonalar göldə.

Coşub çeşməsindən daşır bulağın,

Göz yaşı axıdır sular da,göl də.

                 ***

Göydə nalə çəkir,uçur buludlar,

Eşidilmir ildırımın nərəsi.

Sanki,zülm əlindən qaçır buludlar,

Yalqız qalıb yal-yamacı dərəsi.

                 ***

Həsrətlə boylanır arana sarı,

Qəlbində bir nisgil qalıb dağların.

Çəkilmir  başından dumanı,qarı,

Ayrılıq qəlbinə dolub dağların .

                                                 9.09.2011

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest