Vaqif məqbərəsinin bərpası Azərbaycan xalqına tarixi STİMUL VERDİ – Tarixçi alim Subhan Talıblıdan AÇIQLAMA

Vaqif məqbərəsinin bərpası  Azərbaycan xalqına tarixi
sübhan talıblı

Xəbər verdiyimiz kimi, Avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.

Məqbərənin tarixi və əhəmiyyəti barədə tarixçi alim Sübhan Talıblı Metbuat.az-a açıqlama verib. Müsahibəni olduğu kimi təqdim edirik:

“1982-ci ilin yanvarın 14-də ümumilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim elm, incəsənət, mədəniyyət şəhəri olan Şuşa şəhərində Vaqifin məzarı üstündə əzəmətli məqbərənin açılışı olub. Məhz həmin ildə səfər zamanı Ümummilli liderimiz Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı göstərişlər verib. Həmin ilin iyul-avqust günlərində Vaqif poeziya günləri keçirildi. Biz ümumiyyətlə, baxsaq, muzeyin məqbərə kompleksi Cıdır düzü yaxınlığında dahi şairin məzarı üstündə inşa edilib. Dördkünc quruluşa malik və mərmərlə bəzədilmiş türbənin inşası məsələsi həll edilərkən ətrafındakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyətləri də nəzərə alınaraq Azərbaycanın qüllələri türbəsinin poeziya quruluşundan istifadə edilmişdir. Vaqifin türbənin daxilində heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulub. 1992-ci ildə Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa işğal edildi. Bundan sonra Şuşa şəhərindəki məqbərələr erməni vandalizminə məruz qaldı. Həmçinin, bu məqbərə erməni vandalizminin qurbanına çevrildi.

Şanlı Azərbaycan ordusu torpaqları azad etdikdən sonra 14 yanvarda müzəffər Ali Baş Komandan Şuşaya səfər etdi. Səfər zamanı Ali Baş Komandan Vaqif məqbərəsi barədə tapşırıq verdi. Bundan sonra Vaqif abidə kompleksinin yenidənqurma bərpa işləri başladı. Burada biz, xüsusilə də, onu qeyd etməliyik ki, Vaqif məqbərəsinin yenidənqurma, bərpa işlərinin bütün maliyyə məsələləri Heydər Əliyev Fondu tərəfindən qarşılanıb.

Biz bu məqbərənin bərpasının tarixi əhəmiyyətinə baxanda, xüsusilə onu qeyd etməliyik ki, Azərbaycan xalqı hər zaman mədəniyyətə, incəsənətə, elmə, alimlərinə, ziyalılarına dəyər verir və bu gün də dəyər verməkdədir. Erməni silahlı qüvvələri və onların havadarları tərəfindən nəinki vətəndaşlarımız köçkünə, qətliama məruz qalıb, həm də bütün tarixi abidələrimiz dağıdılıb. İndi bu məqbərənin açılışının həm tarixi, həm siyasi, həm də ideoloji əhəmiyyəti var. Bu məqbərə bir daha göstərir ki, Azərbaycan xalqı hər zaman tikməyi, qurmağı və mədəniyyəti qorumağı bacarıb.

ilham aliyev

Cənab prezident gözəl buyurdu ki, ermənilər, xislətlərinə uyğun vəhşilik və vandalizm törədib. Cənab prezident müharibə bitəndən sonra, ümumiyyətlə, mədəniyyətimizin dirçəlməsi üçün çox ciddi addımlar atır. Bundan qabaq “Xarıbülbül” festivalının açılışı oldu. İndi isə Vaqif məqbərəsinin açılışı bunu açıq göstərir. Biz buna da, xüsusilə, diqqət yetirməliyik ki, müharibədən dərhal sonra bu cür yenidənqurma, bərpa işlərini aparmaq olduqca çətin işdir.

Amma Azərbaycan bu işləri çox qısa müddətdə həyata keçirməyə qadir olduğunu açıq göstərir. Cənab Prezident məqbərənin açılışında dedi: “Mən xalqıma Şuşa zəfərini xəbər verdikdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik”. Gördüyümüz kimi, bu, əməli şəkildə özünü büruzə verib. Cənab Prezidentin bu məqbərəni bərpa etməsi Azərbaycan xalqına mənəvi, ideoloji, tarixi stimul verib”

Pin It on Pinterest