Vaqif Abışov: “Baqramyanın törətdiyi cinayətlərin araşdırılması üçün beynəlxalq səviyyəli bir komissiyanın yaradılması təklifi müsbətdir”
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Faşizm üzərində Qələbənin 75 illiyi tamam oldu. Bayram ərəfəsində ən çox canfəşanlıq edən İkinci Dünya Müharibəsində digər ittifaq respublikaları ilə müqayisədə daha az itki verən, qələbənin qazanılmasında elə də böyük rolu olmayan Ermənistandır.
Bu ölkə gah faşist əlaltısı Njdeyə heykəl qoyması ilə fəxr etdiyini bəyan edir, gah İvan (Hovannes) Baqramyanın “əməyini” şişirdib dağ başına qoyur, gah da Babacanyanın, eləcə də digər erməni müharibə iştirakçılarının “fövqəladə döyüş qabiliyyəti”ndən dəm vurur. Son günlər ermənilər Baqramyanı daha çox gündəmə gətirirlər, onun “qəhrəmanlığını” gözə soxmağa cəhd edirlər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alan marşal Baqramyan, əslində, qəhrəman yox, bir cani idi. Əli yüzlərlə sovet insanının qanına batan Baqramyanın bu gün “qəhrəman” kimi təbliğ edilməsi onunla bağlı insanlara qaranlıq qalan bəzi məqamların araşdırılaraq üzə çıxarılmasına zəruri edir.
Baqramyanla bağlı bir sıra faktların gizlin qalmasında sözsüz ki, sovet tarixşünaslarının da günahı az deyil. Sovet tarixşünasları Baqramyanın bioqrafiyasının bir sıra xoş olmayan faktlarını gizlədiblər.
Məlum olduğu kimi, Orlovsk Dövlət Universitetinin 2011-ci ildə dərc edilən “Marşal İ.X.Baqramyanın karyerasının saxtalıqları” adlı araşdırmasında onun bioqrafiyasının bir çox detalı nəzərdən keçirilir. Orada Rusiya imperiyasının süqutundan sonra daşnak ordusunda xidmət göstərən Baqramyanın bolşeviklərin Ermənistanı sovet respublikası elan etdiyi 1920-ci ilin noyabrında deyil, daşnak hökumətinin hakimiyyətdən imtina etdiyi 1920-ci ilin dekabr ayında Qızıl ordunun sıralarına qoşulduğu vurğulanır. O, sovetlərə təslim olmağa məcbur idi, çünki əsgərlər belə bolşeviklərin tərəfinə keçmişdilər.
“1930-cu illərdə Baqramyanın öldürülməməsinin səbəbi İ.V.Stalinin onu təhlükəli hesab etməməsi ilə əlaqədar idi. Həqiqətən də Baqramyan ideoloq deyil, icraçı olub. O, daim çoxluğa tabe olub və gözə çarpan bir fiqur olmadığına və iki ali hərbi təhsil aldığına görə sağ qala bilib. Stalin Baqramyan haqda hər şeyi bilirdi və onu “qarmaqdan asılı” vəziyyətdə saxlayırdı”, – deyə araşdırmanın müəllifi Lazarev yazır.
1938-ci ildə Baqramyan ordudan qovulub, bir il sonra isə o, tədris proqramına bərpa olunub.
Yazıçı V.T.Şükin Baqramyanın işdən çıxarılan digər bir komandirlə birlikdə Qızıl meydanda K.E.Voroşilovla görüşərək, bəraət almağa çalışmaları haqqında yazıb.
Məqalədən aydın olur ki, Böyük Vətən Müharibəsinin ilk aylarında Qızıl ordunun düçar olduğu fəlakətə görə Baqramyanın üzərinə böyük pay düşür. Şimal-qərb cəbhəsinin qərargah rəisinin müavini kimi Baqramyan düşmən ordusunun sovet sərhədlərinə çoxlu sayda qüvvə cəlb etməsi barədə məlumatlı idi. Ancaq o, 1941-ci il iyunun 22-nə keçən gecə ordunun tam şəkildə döyüş vəziyyətinə gətirilməsi barədə xəbərdarlıq etməyib. Beləliklə, 500 mindən çox Qızıl ordu döyüşçüsu və komandiri əsir düşüb, müharibənin ilk 15 günü ərzində Qırmızı orduya aid 5826 tankdan 4381-i itirilib. Mühasirədən çıxmağa çalışarkən general-polkovnik Kirponos, general-mayor Tupikov və s. həlak olublar.
Baqramyanın törətdiyi ağır cinayətlərdən biri də iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qətlinə sifariş verməsidir. Tarixçilər yazırlar ki, Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaşayış məntəqəsinin yaxınlığında (Liepay rayonu), döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin ətrafında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanıb, 23 saat sağ qalıb, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmrilə təyyarə işə salınmayıb və Həzi Aslanov vəfat edib. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində müstəsna xidmətləri olmuş yazıçı-jurnalist Musa Bağırovun “Sərkərdənin taleyi” adlı sənədli kitabında deyilir: “Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olmuşdu… Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdüm. O dedi: ”H.Aslanov yaralananda mən orada yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı”. Beqiaşvilinin fikrincə, H.Aslanov qətlə yetirilib”. Həzi Aslanovun qətlini onun daxil olduğu Pribaltika cəbhəsinin komandanı, erməni İvan Xristoforoviç Baqramyan təşkil edib. Çünki H.Aslanovun ölümü döyüşün getdiyi yerdən çox uzaqda, komanda məntəqəsində və öz ordumuzun açdığı mərmi atəşindən sonra mümkün olub.
Bu gün Ermənistanın “qəhrəmanlaşdırdığı” Baqramyanın cinayətlərinin araşdırılmasına başlanıb. Arxivlərdə saxlanan məxfi sənədlərdə onun əməlləri ilə bağlı yüzlərlə fakt var. Bu faktların arasında Baqramyanın faşistlərlə əlbir işləməsi, sovet əsgərlərini qırğına verməsi, H.Aslanovun qətlini sifariş etməsi və sair var. Qeyd edək ki, Baqramyanın cinayətlərinin araşdırlması üçün beynəlxalq tərkibdə komissiyanın yaradılması aktualdır. Azərbaycan alimləri hesab edirlər ki, həmin komissiya yaradılarsa, Baqramyanın bütün cinayət əməlləri üzə çıxar və hətta o, Sovet İttifaqı Qəhrəmanı adından məhrum edilə bilər.
- “Deyərdim ki, bir komissiya da iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 1945-ci ildə müəmmalı ölümünün araşdırılması üçün yaradılmalıdır”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vafiq Abışov baki-xeber.com-a bildirdi ki, belə bir komissiyanın yaradılmasına ciddi ehtiyac var. “Baqramyanın törətdiyi cinayətlərin araşdırılması üçün beynəlxalq səviyyəli bir komissiyanın yaradılması təklifi müsbətdir. Belə bir komissiyanın yaradılmasına böyük zərurət var. Hətta mən deyərdim ki, bir komissiya da iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 1945-ci ildə müəmmalı ölümünün araşdırılması üçün yaradılmalıdır. Komissiya Həzi Aslanovun vəfat etdiyi şəraiti araşdırmalıdır ki, o, necə həlak olub. Necə oldu ki, döyüş getməyən bir ərazidə atılan mərminin qəlpəsi onun həyatına son qoydu? Ona görə də bu cür təkliflər dəstəklənməlidir. Tarix gec-tez həqiqətləri üzə çıxarır və haqq öz yerini tapır”.
V.Abışov vurğuladı ki, İkinci Dünya Müharibəsi dövründə azərbaycanlıların həm ön, həm də arxa cəbhədə hansı şücaətlər göstərməsi, düşmənə layiqli cavab verməsi ilə bağlı arxivlərdə çox qiymətli sənədlər, monoqrafiyalar var. “Düşünürəm ki, Azərbaycanın İkinci Dünya Müharibəsində iştirakı ilə bağlı yeni elmi tədqiqatlara ehtiyac var. Bu məsələ təkcə Rusiya arxivlərində yox, dünyanın digər ölkələrinin də arxivlərində araşdırılmalı və ortaya yeni faktlar əsasında yazılmış əsərlər qoyulmaldır. Azərbaycanın İkinci Dünya Müharibəsində oynadığı rolun obyektiv araşdırılmasına ehtiyac var” – deyə alim bildirdi. O, hesab edir ki, Sovet dövrü Azərbaycan tarixinin bir hissəsidir və onu kəsib atmaq yox, obyektiv araşdırmaq lazımdır.
İradə SARIYEVA