GenelGüncelKültür Sanat

Vahid Məmmədlinin “Şəhrizad” romanında tariximizin yaddaş salnaməsi, sənət və qadın idealının tərənnümü

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Mətanət Vahid

 ədəbiyyatşünas, esseist

Vahid Məmmədlinin “Şəhrizad” romanında tariximizin yaddaş salnaməsi, sənət və qadın idealının tərənnümü

      Adi Shakti               

           Vahid Məmmədlinin yüz ili qapsayan yaxın tarixi dövrün problemlərinin milli müstəvidə əks olunduğu, iblislərlə munislərin qarşılaşdığı “Şəhrizad” romanının ideya-məfkurə yükü əsasən üç istiqamətdə reallaşır:

      Milli-tarixi yaddaş məsələsi. Romanda hadisələr mürəkkəb və ziddiyyətli XX əsr Azərbaycanının 30-cu illərində cərəyan edir. İctimai-siyasi həyatda feodalizm münasibətlərinin burjua-kapitalist axarı ilə əvəzlənməsi, Rusiyada baş verənlərin ölkəmizə əhəmiyyətli təsiri, imperializmin müstəmləkəçilik siyasəti və bütün bunlara qarşı “xilaskar” bolşevizm hərəkatının yaranması, yayıldıqca, şüurlara hakim olduqca insanlara da qənim kəsilməsi bədii müstəvidə əksini tapdığından əsər bütün hallarda həm də yaddaş romanıdır – milli, tarixi, mədəni, kollektiv, fərdi yaddaş və s.

    “Qırmızı faciə Bakıya yaxınlaşmışdı” – “Şəhrizad” romanının bu ilk cümləsi Azərbaycanın mənəvi terrora məruz qalmasının, ictimai-siyasi, mədəni-iqtisadi sferalarda, sənaye və kənd təsərrüfatı sahələrində kommunist ideologiyasına xas üsul və vasitələrə üz tutan yeni quruluşun özü ilə miqyaslı bədbəxtliklər gətirdiyinin ifadəsidir. Romanda sürgün və həbslərin o qədər də intensiv olmadığı iyirminci illərdəki təşkilatlanma prosesi təsvir olunur, bir neçə cümlə ilə sənaye və kənd təsərrüfatında sosializm prinsiplərinin həyata keçirilməsi mexanizmi əksini tapır. Bəzən yeni quruluşun gətirdiyi dağıdıcı “quruculuq” işləri hər hansı obrazın dilindən ötəri səsləndirilərək gün üzünə çıxır.

    Mövcud sosial tərəqqi təliminə özünün məşhur sinfi mübarizə ideyasını gətirən bolşevik əxlaqı mənafeyini bəşəri dəyərlərə qarşı qoymaqla ən sonuncu pilləyə insanı yerləşdirir. Çünki sinfi mənafe onu şəxsiyyət və ya fərd olaraq görmür, qəbul etmir, bolşevik əxlaqı üçün insan sadəcə olaraq bir təbəqənin elementi, detalıdır. Bütün sovet xalqları kimi, Azərbaycan xalqı da partiya və dövlətin istəklərinə uyğunlaşmağa məcbur, tələblərini yerinə yetirməyə məhkum kütlədir. Vahid Məmmədli “Şəhrizad” romanında iki nəfərin sevgisi fonunda keçmişin hadisələrini təhlil predmetinə çevirərkən tarixin “şifahi ənənə”dəki bu obrazını əsas götürür və 20-30-cu illərdə sovet hökumətinin Azərbaycana gəlişi ilə bağlı baş verənləri olduğu kimi deyil, araşdırmalarının nəticələrini yazıçı təfəkküründən keçirərək əsərin əsas materialına çevirir. “Şəhrizad” romanında bəzən konkret tarix, gün, saat dəqiqliklə qeyd olunur,  müəllifin ata-babalarının bioqrafiyasından irəli gələn faktlar, baş verənlərin sənədliliyinin gerçəyi əks etdirdiyinə şübhə yeri qoymaması kimi bədii priyomla uydurma obrazlar, hadisə və detallar bir müstəviyə gətirilir. Romanda “tarixin payı çoxdur, yoxsa müəllif təxəyyülünün?” deyə axtarışa çıxmaq bihudə zəhmətdir.

    Hər bir individ iki bir-birindən tamamilə fərqli yaddaş tipinə malikdir: 1) xatirələrin şəxsiyyətin və ya şəxsi həyatın çərçivəsinə sığdığı fərdi yaddaş; 2) müəyyən məqamlarda sadəcə olaraq qrup üzvü kimi davranmağa sövq edən kollektiv yaddaş. Bu ikisi bir-birinə nüfuz etsə də, kollektiv yaddaş özünəməxsus qanunauyğunluqla inkişaf edərək əksər hallarda şəxsiyyətin fərdi yaddaşını ram edib özünə tabeləşdirir, udur, özü ilə bütövləşdirir. Vahid Məmmədlinin “Şəhrizad” romanında əsas konflikt qırmızı komandirin əli ilə Şəhrizadı göstərib yanındakı yoldaşından sakitcə “bu qız kimdir?” soruşması və nişanlısı Talıbın dərhal tüfəngdən atəş açaraq onu öldürməsi epizodu ilə başlayır. Ümumiyyətlə, roman boyu bütün konfliktlərin kəskinləşmə səbəbi qadınlardır, daha doğrusu, yanlış kişilərin onlara aid olmayan qadınlara olan tutqusu. Romanda yeri gəldikcə adət-ənənələrdən də bəhs olunur. Oxucu şahid olur ki, bəzən kiçik qığılcımlardan doğan və fəlakətlərə səbəb olan insidentlərdə fərdlərin iradəsi şüuraltı olaraq kollektiv yaddaşa tabedir. Görməzdən gəlməyin, susmağın, tolerant yanaşmağın mümkün olduğu situasiyalarda belə, kollektiv yaddaş oyanıb özünü xatırladır və  ənənədən gələn nüanslara söykənərək bəzən böyük faciələrə səbəb olur. “Şəhrizad” romanında yaddaşların müharibəsi və ya mübarizəsini izləmirik, hər bir fərd kollektiv yaddaşa inanır və onun qanunlarına kor-koranə tutunaraq addım atır. Müəllif bu məsələlərə öz münasibətini yansıtmır, sadəcə, situasiyanı təsvir edir və səbəblərin doğurduğu nəticələri təqdim edir.

    Romanın bir “gizli qəhrəman”ı da tarix və folklorumuzun qovuşağında yerləşən, tarixi yaddaşımızda əfsanələşən Şuşa şəhəridir. Əsər boyu Şuşanın adı cəmi iki-üç yerdə çəkilir, lakin romanda azərbaycanlıların mənəvi təzahürünün parlaq obrazına çevrilmiş şuşalılar öz simasında doğma yurdun adını yaşadır, şərəfini qoruyur. Hadisələrin dinamik inkişafda cərəyan etdiyi, dialoqların üstünlük təşkil etdiyi “Şəhrizad” romanında milli-tarixi yaddaş daha çox müəllif təhkiyəsi ilə deyil, obrazların fikirləri, sözləri, hərəkət və davranışları vasitəsilə ifadəsini tapır.

     Milli ağrı yaddaşımız olan repressiya Çağdaş Azərbaycan ədəbiyyatında ictmai-siyasi prosesin ən əhəmiyyətli hadisəsi olaraq görülür və əksini tapır. Daha öncə repressiya haqqında Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Ölüm hökmü”, İsmayıl Şıxlının “Ölən dünyam” və s. kimi əsərlər yazılsa da, 90-cı illərdən sonra mövzuya maraq təbii olaraq artdı, bütün növ və janrlarda müraciət çoxaldı. Bunun səbəbi ölkəmizin müstəqillik əldə etməsi və bu vasitə ilə indiyə qədər naməlum qalan faktların üzə çıxması, repressiyanın səbəb və nəticələrinin geniş və hərtərəfli təhlil olunması idi. Vahid Məmmədlinin “Şəhrizad” romanının bu mövzudakı digər əsərlərdən əsas fərqi represiyanın qadın üzüdür – o üzü ki, bütövlükdə qadın başlanğıcını simvolizə edir.

    Stalin repressiyaları əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatında şübhəli bilinən, əsli-astarı olmadıqda zorla boynuna qoyulan, yeni düzənə ən kiçik etirazla belə qarşı gələn qolçomaqların təqibi, həbsi, əmək düşərgələrinə göndərilmələri, sürgün və  deportasiyalarla gerçəkləşirdi; bir addım sağa, bir addım sola, güllələnmə özünü yubatmırdı. Sosializm diktaturasının “mədəni inqilab” proqramına görə, ön plana çəkilən sinfi-siyasi münasibətlər əsasən ölkənin ali rəhbərlərini, ruhani və ziyalıları, bəyləri hədəf alsa da, nəticə etibarilə, repressiya alovu miqyası ilə bütün Azərbaycanı qarsmışdı. M.Ə.Rəsulzadə bolşeviklərin “milli Azərbaycan ruhunu çürütmək” istədiklərini və əvəzində “proletkult” mədəniyyət yaratdığını yazırdı, məqsəd, əlbəttə, nəsillər arsında mədəni uçurum yaratmaq, milli-tarixi yaddaşı silmək idi. Repressiya maşını millətin potensial imkanlarını, intellektual zümrəsini məhv edirdi. “Şəhrizad” romanında gənc şair Məlik Məftunun əmək qəhrəmanı Şəhrizada həsr olunmuş şeiri ömrünün yarıda kəsilməsi üçün bəhanə olur. Donosbaz Fərrux Söhbətov qisas almaq istədiyi Məlikin şeiri haqqında deyir: “Hmm… Əmək qəhrəmanı…O, bir bəy qızını, qırmızı komandiri öldürən qatı cinayətkarın həyat yoldaşını, əksinqilabçı quldurun bacısını tərənnüm edir. Deməli, Məlik Məftun bəyliyi, xanlığı, bizim düşmənlərimizi tərənnüm edir.” (s.91) Donos və iftiralara əsasən həbs olunub güllələnən Məlik Məftunun taleyi oxucuya Hüseyn Cavid, Əhməd Cavad, Hacı Kərim Sanılı, Qantəmir və repressiyanın qurbanı olmuş onlarla digər ədəbiyyat adamını xatırlatsa da, onu daha çox Mikayıl Müşfiqə bənzədirik – tumurcuq arzuları çiçək açmamış güllələnən nakam gənc şairə. Həyat və sevgi dolu işıqlı bir gəncin, istedadlı bir şairin ən inandığı dostları, çevrəsi üzünə durur, “təqsiri” təsdiqlənir və… Özü ilə bərabər, sevgilisi Sənəmi də aparır: Məlik repressiyanın zəhərli gülləsinə qurban gedir, onsuz bir dünyanı istəməyən Sənəm isə Kürün sularına qərq olur. Totalitar rejimə, irticaya münasibətdə qətiyyətli mövqe nümayiş etdirən ziyalılarla yırtıcı zaman arasındakı qarşıdurmada birincilərin cismani məhvi, əslində, onların, “Şəhrizad” romanında olduğu kimi, Məlik Məftunların mənəvi qələbəsi idi…

    Romanda “bolşevizmin qara üzü” olan Fərrux Söhbətovlar, Sevyan və Çəltikovlar kimi fərdlərin öz maraqları uğrundakı çirkin manevrləri, ictimai münasibətlərdəki konformizmi fonunda bütövlükdə şərə məruz qalmış cəmiyyətin bu prosesdəki mənəvi itkilərlə üzləşməsini  ürək ağrısı ilə izləyirik. Partiya diktaturası, şəxsiyyətə pərəstişin bərqərar olduğu Stalin sosialist modelinin formalaşdırdığı bütün bu siyasi-ideoloji proseslərin içərisində təkcə öz milli kimliyini deyil, sosialist realizminin tələbləri çərçivəsində həmçinin insanlığını qorumaq asan deyildi. Bu insanlar – Əmiraslan bəylər, Talıblar, İsmayıllar, Şəhrizadlar, Məliklər, Qəzənfərlər və digərləri yalnız quruluşla mübarizə aparmırdılar, bu quruluşun qurbanı olmamaq, çarxında üyüdülməmək üçün həm də öz nəfsləri ilə mücadilədə idilər. Romanda onların simasında görə bilirik ki, xarakter bitkin nəsnədir və milli düşüncə, qürur, xeyirxahlıq, mərhəmət kimi duyğular xeyrə xidmət edən, onu yaradan, formalaşdıran xüsusiyyətlərdir; əks cəbhədəki obrazlar isə şərin özüdür, sevgisi də qəlpdir, arzuları da çiydir, xəyalları da bulanıq…

     O münasibətlərdə ki motiv sevgi deyil, insanlar öz şəhvətinin əsiridir, orada nə insanlıqdan, nə ülviyyətdən, nə alilikdən söhbət gedə bilər – “Şəhrizad” romanı boyu bu düşüncənin izləri hər yerdə qarşımıza çıxır, xüsusən Zinik və Fərruxun simasında. “Sevgisiz yaşamaq həyat acısıdır. Bu acı ilə ömür sürənlər yanğılarını şəhvətlə söndürməyə çalışırlar. Sevgi bir dənizdir. Sevən insanlar o dənizə baş vurub ləpələrin sərinliyindən əbədi həzz alırlar. Sevgisiz insanlar cadar-cadar olmuş susuz torpağı xatırladırlar… Ara-sıra yağan yağışlar onları islatsa da, münbit torpaq olub gül-çiçək açmırlar, suya möhtac torpaq kimi qalırlar… Belələr sevgidən naümiddirlər… kiminsə onları nə vaxtsa sevəcəyinə inanmadıqlarından yalnız zor, özündən asılı vəziyyətə gətirmək belələrinin yeganə çıxış yoludur…” (səh. 150-151)

    Roman boyu Şəhrizadla Talıbın sevgisi xoşbəxtlik və ümid atmosferi yaratsa da, nakam sevgilər üzür, kədərləndirir: əsərdə Ayna İsmayılı sevsə də, İsmayıl onu sanki görmür, sevə bilmir; onun az qala ömrü boyu sevdiyi Şəhrizad Talıbı sevir; İsmayılın dərdindən dəli-divanə olan Aynaya isə ta uşaqlıqdan Məmmədrəsul cavabsız sevgisini böyüdür… Romanda İsmayıl öz ağasının qızını sevən mehtər oğludur. Lakin Şəhrizad öz əmisi oğlu Talıbı sevib onunla evləndiyindən İsmayıl öz sevgisini ömürlük ürəyinə gömür, həyatı boyu nə başqa bir qadına könül verir, nə də başını qaldırıb sevdiyi, amma imkansız sevgisinin obyekti olan qadına gözucu baxır. Bədii detal mətndə müəllifin iradəsini ifadə edən podtekstdir. “Şəhrizad” romanında həyatla ölümün sərhədini müəyyənləşdirən adi məişət detallarından tutmuş ədəbiyyat üçün klassikaya çevrilmiş bataqlıq (ölümün simvolu), çay (həyatın axışına işarə), cığır (həyat yolu) və s. kimi rəmzlərə, yuxu metaforasınadək hər şey mətnin poetikasına əhəmiyyətli təsir göstərir. İsmayılın həbsdən qaçarkən çayın axınına qarışıb həlak olması, Talıbın sağ-salamat sevgilisinin yanına qayıtması da rəmzidir: Talıbı gözləyən, ona qovuşmağa can atan, daim dua edən bir qadın vardı, İsmayılı isə məhz həmin qadın nə sevir, nə gözləyirdi. Bu üzdən də romanın bədii gerçəyi baxımdan onun ömrünün sonlanması qanunauyğunluqdur: sevgi xilaskar, sevilməzlik – ölümdür.

       Vahid Məmmədlinin obrazlar qalereyasında müxtəlif xarakterli insan tipləri birləşərək bütöv bir xalqın ümumiləşmiş obrazını verə bilir. “Şəhrizad” romanında xalqın və çağın obrazı məsələsini şərh etmək niyyətini Aqşin Yenisey belə əsaslandırır: “Məqsədim romanda hadisələrin baş verdiyi çağın özünün obrazını canlandırmaqdır ki, bu fikrə düşməyimin səbəbi də Vahid Məmmədlinin öz əsərində çoxsaylı qəhrəmanlar vasitəsilə müstəmləkə zülmünə məruz qalan ayrı-ayrı azərbaycanlıların deyil, əslində, bütöv bir XALQ-ın obrazını yaratmaq cəhdidir. Müəllif Xalqın obrazını yaradıbsa, biz də Çağın obrazını yaratmağa cəhd etməliyik.”

     “Şəhrizad” romanında bəzən lirik ricətlər, bəzən qəfil publisistik notlara köklənmələr, kiçik fəlsəfi-psixoloji haşiyələr mətni adi axarından çıxarsa da, tez də oxucunu əvvəlki ahəngə qaytarır. Fleşbəklərlə ara-sıra keçmişə ekskurs xarakterlərin açılması baxımından əhəmiyyətli yer tutur. Bu barədə Stalin obrazı, başına gələnləri xatırlaması, diktator təbiətinin səbəblərinin dərin qatlarda aranması xüsusi vurğulanmalıdır: “Bütün inqilabçılar ya əzilən bir ananın, ya da əzazil atanın övladlarıdır. Uşaqlıqdan özünəgüvən belələrində az olduğundan ilk başda düşdükləri mühitdə yalquzağa çevrilir, sonra isə kimlərəsə nəsə sübut etməyə çalışırlar. Bu əsnada onlar heç kimin etmədiyi risklər edir, haralarda ki bu risk nəticə verir, tezliklə onlar yaşıdlarından fərqli olaraq daha güclü və qorxmaz olurlar. “Mən bacaranam, hamı görəcək mən kiməm” deyəcək yola çıxırlar…” (səh.232) Müəllif romanda Stalinin psixoloji portetini yaratmaqla, əslində, bütün diktator və faşistlərin beyinlərinin dərin qatlarına nüfuz edir,  yarımçıqlıq kompleksini, başqalarını əzərək, tapdalayaraq özünü tamamlamağa çalışdığını bir neçə cümləyə sığdırır: “Koba uşaqlıqdan bəri sübut etməyə çalışırdı ki, o hamının düşündüyü xəstə, qolunun biri o birindən gödək olan həmin uşaq deyil.” İstər-istəməz düşünməli olursan ki, doğrudanmı, zəiflik, gücsüzlük insanı minlərin, milyonların qətlinə fərman verəcək qədər qəddarlaşdıra bilir?

     Əsərdə repressiya bataqlığın, çayın gur axınının simasında günahsız insanları “udan”, məhv edən qanlı əjdahaya çevrilir. Stalin terroru haqqında mədəni-tarixi yaddaşın əksini tapdığı “Şəhrizad” romanı boyunca yaşanan bütün əzab və iztirablara rəğmən sonda, lap nağıllarda olduğu kimi, xeyir qalibdir. Ümumiyyətlə, Vahid Məmmədlinin əsərlərində, demək olar, alternatv variant yoxdur – qalib tərəf həmişə xeyirdir; bu əsərlərdə cəhənnəmi görmək mümkün deyil, çətinliklər sonlanınca əbədi cənnət həyatı başlayır. Onun nəsrində, xüsusən romanlarında folklordangəlmə ənənə ən çox elə bu inam məqamı ilə bağlıdır – mətn nə qədər realist olursa olsun, sonu nağılvari – mütləq xeyirin qələbəsi ilə tamamlanır: bütün situasiyalarda sevənlər qovuşur, etibarlar doğrulur, sədaqət zəfər çalır. Sadalananlarla yanaşı, əlbəttə, oxucunu “əsərin adı niyə məhz “Şəhrizad”dır?” sualı düşündürür. Çünki zamanın maşınında çəkilən insan taleləri arasında müəllifin qabartdığı obraz Şəhrizaddır – Azərbaycan qadını, böyük mənada, sadəcə qadın.

    Zərif və güclü. Vahid Məmmədlinin bütün nəsrindəki obrazlar qalereyasında qadınlar – haqqında ayrıca bəhs edilməyə layiqdir. Patriarxal ənənələrin hökm sürdüyü bir keçmişi ədəbi müstəviyə gətirib bu kontekstdə üstünlüyü qadına vermək “Şəhrizad” romanını fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Müəllifin digər əsərlərində olduğu kimi, bu romanında da qadın yaradıcı, qurucu və yaratdığını harmoniyada saxlamağa can atan varlıqdır, qoruyucudur, xilaskardır.

     V.Məmmədlinin Azərbaycan ədəbiyyatında ilk fentezi olan “Atropatena dastanı” trilogiyasını oxuyarkən də bu düşüncədəydim və təxminən belə bir fikri vurğulamışdım ki, əsərdə qadın – başlanğıcı, gücü, harmoniyanı ifadə edir. Eynisini və hətta daha artığını protaqonistin simasında “Şəhrizad” romanında da izləyə bilirik. Bəli, romanda keçmişin\zamanın, xalqın\millətin obrazı nə qədər qabarıqdırsa, bir o qədər ağır və böyük vurğu qadınadır – Şəhrizad Azərbaycan qadınının milli yaddaşımızda yer etmiş ideal obrazının rəmzidir.

     Romanın əsas qəhrəmanı zərif, gözəl, ağıllı, iffətli, anlayışlı, bütün situasiyalarda ərinə\sevgisinə sadiq, ideal bir obrazdır. Şəhrizadın simasında təbiətən qadının fitrətində mövcud olan humanist başlanğıca, xeyirxahlıq və zərifliyə vurğu edilir, baxmayaraq ki, kritik situasiyalarda o, dişi canavara çevrilməyi də bacarır. Şəhrizadın xeyirxahlığı, humanizmi, əsər boyu bəzən hətta gərəyindən çox vurğu edilən zərifliyi\gözəlliyi, bir növ, romandakı siyasi-tarixi fonla kontrast təşkil edir. Şəraitsizlik, əzablar onu qəddarlaşdırmır, dəyişmir. Başqa sözlə, Şəhrizad sürgündə, əzablı yollar keçəndə belə, insan qalmağı bacarır, təbiətən xarakterindəki humanizmdən uzaqlaşmır. Nəticə etibarilə, Şəhrizadın simasında qadın əbədi xeyirin, gözəlliyin, qələbənin, sevginin, yaxşılığın simvoluna çevrilir.

    Şəhrizad sadəcə zahiri görkəmi etibarilə gözəl qadın deyil, damarlarında Şuşa bəylərinin qanı axan qürurlu, kübar, mədəni olduğu qədər də yeri gələndə sərt qadındır. Əgər romanın əvvəlində Şəhrizad atası və altı qardaşının qoruma və himayəsində olan ərköyün bir bəy qızıdırsa, az sonra başlarına gələnlər onu ailəsinin həm xanımı, həm qulluqçusuna çevirir – dünən xidmətində dayanan qadınlar artıq onun iş yoldaşları, tay-tuşudur, daha ona “xanım” deyə müraciət etmir, “bacı” çağırırlar. Şəhrizad asi olmur, taleyin qədərini təmkinlə qarşılayır. Növbəti mərhələdə isə o, sürgündədir və yenə xarakterinin əsasındakı yaxşılıq, xeyirxahlıq onu tərk etmir.

    Müəllif qatardakı əzab-əziyyətləri uzun-uzadı anlatmır, romanda məqsəd bu olmadığından “Sürgün yerinə çatmağın özü də bir xoşbəxtlik idi.” cümləsi əksəriyyət üçün gedər-gəlməz səfərin məşəqqətlərini ifadə edə bilir. Sürgün düşərgələrində çirkin və ya gözəl, fərqi yoxdur, sadəcə qadın olmaq sürəkli təqiblərə məruz qalmaq demək ikən, ağlı başdan aparacaq qədər gözəl qadın üçün qurdların hücumundan özünü qorumaq məşəqqətdir. Müəllif öz protaqonistini hər cür ekstremal situasiyada təsvir etməklə, onun hərtərəfli, dolğun, bitkin obrazını yaradır. Lap balacalığından Şəhrizadın qəfəsdə quş görəndə onu mütləq açıb buraxması detalı onun ömür boyu azadlıq carçısı olduğu, xilaskar obrazını vurğulayır. Hələ sürgündən öncə həbsdə olarkən Şəhrizad intihara cəhd edərək özünü kəlağayısından assa da, parça onun ağırlığına dözməyib ikiyə bölünür və qadın yerə dəyib yarımcan olsa da, sağ qalır. Onunçun düşmən əlində əsir olmaqdansa həyatından vaz keçmək daha dəyərlidir.

   Sürgündə özünü ətrafdakıları dəhşətə gətirən şiddətli qışqırıqla qoruyur və bunun özündən asılı olmadığını, bağırtının ürəyindən qopduğunu deyir. Yəni dolayısı ilə yenə onu hansısa fövqəlqüvvə qoruyur. Bəzən Şəhrizad özünün belə, təəccüb etdiyi qədər gələcəyi hiss edir. Onun timsalında özünü qorumaqdan ötrü üst-başından üfunət qoxusunun gəlməsi üçün əlindən gələni edən Şükriyyənin iztirab və ağrılarını da duyuruq, Müşfiqindən ayrılıb həbs olunduğu üçün ağlını itirən Dilbərin dəlicə çığırtılarını da eşdirik. Şəhrizad repressiyaya məruz qalmış Azərbaycan qadınının ümumiləşdirilmiş obrazıdır, lakin yalnız repressiyaya məruz qalan yox, bütün çətin situasiyalarda – özünü qorumaq məqamı gələndə qəzəbindən güc alan qorxmaz, mərdanə və ən əsası, hər zaman sevgi(li)sinə sadiq.

    “Şəhrizad” romanında Aybikənin simasında, məkrli, sevgisiz, hesab-kitablı qadın obrazına da rast gəlirik və onun xəyanətə meyilliliyi də, paxıllığı da psixoloji keçmişinə nüfuz edilərək əsaslandırılır.  Sürgündə tanış olduğu Tamara, Aybarşa, Aybikə nəinki öz çarəsizliyinə baxmayaraq, onlar üçün də ümid işığına çevrilən Şəhrizad qədər güclü deyillər, hətta çox zəifdirlər. Şəhrizadın simasında görürük ki, insan başqasının ağrısını duyub ona çarə qılmağa çalışdığı müddətcə əsl insandır. Sürgün gözəlliklərin məhv olduğu məqamdır. Romanda bu həyat tərzi bütün çirkinlikləri ilə təsvir olunmur, çünki müəllifin məqsədi sürgün həyatını göstərmək yox, bu fonda qadına fokuslanmaqdır. Sürgün əzabı və məhrumiyyətlər fonunda Şəhrizad obrazı daha da aydınlanır, xarakteri bariz bir şəkildə oxucunun gözü önündə canlanır.

       “Şəhrizad” romanının qəhrəmanları yalnız rifah içində ikən sevənlər deyillər, hər cür çətinliyin, ağrının ortasında tək sığınacaqları sevgidir. Hətta bu sevgi onları həyata daha çox bağlayır, fədakarlıqlara, qəhrəmanlıqlara sövq edir, ümidlərin sarsılmasına, inamın qırılmasına imkan vermir. Şəhrizad\qadın özü də fərqində olmadan Talıbın\kişinin ilham pərisi, xoşbəxtlik qaynağı, ümid və inamının mənbəyidir.  Vahid Məmmədlinin digər əsərlərində olduğu kimi, bu romanında da qadın – azadlığın, səadətin, həyatın simvoludur.

    Ən çətin məqamlarda insanları ayaqda tutan, güc verən inam hissidir. Sürgündə ərinin həbsdən qaçdığını, onunla görüşdüyünü artıq etiraf etdiyini deyib Şəhrizaddan da etiraf tələb etsələr də, o, dediyindən dönmür, israrla əri ilə görüşmədiyini təkrarlayır. Çünki sevgilisi\əri Talıba da özü qədər güvənir, ölümü bahasına olsa belə, onunla görüşdüyünü boynuna almayacağını bilir. Bu iki insan arasındakı qeyd-şərtsiz inam, etibar, sadaqət onların xilası üçün həlledici rol oynayır.

     Vahid Məmmədlinin ümumiyyətlə bir çox mətnlərinə xas nağıl estetikası və poetikası bu roman üçün xüsusilə keçərlidir. Şəhrizadın öncəgörmələri, kritik məqamda dəhşətli qışqırtısı nağılvari möcüzələrdir. Təbii ki, gerçəklik bu kimi möcüzələrdən xali deyil və real həyatımızda bunlara bənzər yüzlərlə nümunə saymaq mümkündür. Lakin “Şəhrizad” romanındakı möcüzələr də xilasa, qurtuluşa xidmət edir, bu hallarda ümidin möcüzəyə qaldığını izləyirik və o baş verir, çünki möcüzə yalnız ona inananları tapar. Bu möcüzələr məhz Şəhrizadı tapır, bununla müəllif onu fövqəlgüc olaraq mənalandırır.

   Bu romanda qadın xilaskardır, öc alan, sadiq qalan sədaqət rəmzidir. Həm də yalnız Şəhrizadın deyil, həmçinin atası və bacısının qisasını alan Aynanın, sevgilisi  Məlikdən sonra yaşaya bilməyib intihar edən Sənəmin, İsmayıl onu sevməsə də, öz eşqinə həmişə sadiq qalan Xoşqədəmin simasında. Əlbəttə, romandakı obrazların bu və ya digər  situasiyalardakı seçim və davranışları müzakirə mövzusu ola bilər, lakin biz burada  motivlərə əsasən dəyərləndirməyə fokuslanırıq.

     Sənət xilaskardır. Şəhrizadı və sevgilisini sürgündən xilas edən sənətdir – əsərin estetikası, harmoniyasıdır. “Şəhrizad” romanının ikinci adı “Stalin üçün xalça”dır, başqa sözlə, əsərin bir qəhrəmanı qadın, digəri xalça\sənətdir. Şəhrizad minlərin qətlinə bais olan cəlladın rəsmini xalça üzərində əbədiləşdirərkən təbəddülat keçirir, bu məsələ onun üçün “olum, ya ölüm?” dilemmasına çevrilir. Lakin məcburiyyətdən toxuduğu xalça onun xilas yolu olur.

     Romanın ikinci adı və paralel qayəsi onun intermedial qatı, hədəfidir. Qarabağ çeşnisində toxunmuş Stalin xalçası naxışlarının gözəlliyi, fövqəladəliyi ilə gözü, könlü oxşayır. Şəhrizadın xəyalən söhbətləşdiyi Stalin deyir: “Əlbət ki, mən də əbədi deyiləm, bu dünyada qalmayacağam. O zaman ən azından, sənin toxuduğun bu xalça qalacaq. Bu xalça nə qədər gözəl olsa, mən də tarixdə bir o qədər qalacam. İnsanlar heykəllərimi, qurduğum dövləti məhv edəcəklər, amma xalçaları məhv etməyə əlləri gəlməz…” (s.228 ) Romanda tarixdə ad qoyan ən qəddar başkəsənlərdən biri olan Stalin həyatda əbədi qalmağın tək yolu kimi sənəti görür. Burada xalça ümumiyyətlə sənətə münasibətin təcəssümü, əbədinin yalnız sənət olduğuna vurğudur.

    Tarixi gerçəklikdə Stalinin 70 illiyi münasibətilə toxunmuş xalçanın zamanı, müəllifləri bəlli olsa da, “Şəhrizad” romanında sənədlilik\tarixilik və uydurmanın sərhədləri silinərək yeni reallıq yaradılır. Burada həmin xalçanın müəllifi şuşalı bəy qızı Şəhrizaddır və tarixin ən qorxunc obrazlarından olan qaniçən Stalin sənətə ehtiramı səbəbilə bu xalça müəllifini tanımadan əlindən aldığı azadlığı ona geri qaytarır. Bu məqamda Vahid Məmmədlinin “Şəhrizad” romanı vasitəsilə göndərmə etdiyi, ilhamlandığı “Min bir gecə nağılları” ilə paralellər aparmaq yerinə düşür, çünki repressiya dövründən bəhs edən romanın və ideal qəhrəmanının adı təsadüfən seçilməyib.

    “Min bir gecə nağılları”nda böyük əksəriyyətin gözdən qaçırdığı məqam bu mətnlərdə müxtəlif janrlı çoxsaylı mətnlər (nağıl, əfsanə, pritça, şeir, atalar sözü, tapmaca, nəğmə, şeir) vasitəsilə maariflənmə, oxuma-yazma təbliğinin qırmızı xətt kimi keçməsidir və burada, nəticə etibarilə, xilasedici olan sözdür, sənətdir. Vahid Məmmədlinin “Şəhrizad” romanında da eynilə sənətin xilasedici olduğuna vurğu edilir.

     Xalça Stalinin xoşuna gəlməsəydi, müəllifinin ölüm hökmünü verəcəkdi, eynən Şəhrizadın nağıllarını şah bəyənməsə, onu öldürəcəyi kimi. “Min bir gecə nağılları”nda nağılın ən maraqlı yerində davamını axşama saxlayan Şəhrizad qadınları qəddar Şəhriyarın qurbanı olmaqdan xilas edirsə, romanda Şəhrizadın istedad və qabiliyyəti özünü, sevgilisini və Taxtabayı ölümdən, həbsdən xilas edir. “Nağıllar”da Şəhrizad şahın əsiridir, nağıl danışmağa başlayıb onu sonraya saxladığı müddətcə isə Şəhriyar şah öz marağı ilə Şəhrizadın\sözün\sənətin əsiridir. Vahid Məmmədlinin romanında Şəhrizad xalçanı toxuduğu müddətdə Stalinin əsiri idi, xalça hazır olduqdan sonra isə onu toxuyan\yaradan Şəhrizad azaddır, Stalin onun\xalçanın\sənətin əsiri\vurğunudur.

    Göründüyü kimi, Vahid Məmmədlinin “Şəhrizad” romanında müxtəlif kulturoloji ənənələrdən yaranan, biri digərini güzgü kimi əks etdirən folklordangəlmə və müəllifin yaradıcı fantaziyasını əks etdirən artefaktlar eklektik vəhdət deyil, milli-mədəni yaddaşın ilkin mənalarını dərk etməyə yönəlmiş polifonik bütövlükdür. Nəticə etibarilə, zahirən repressiyadan bəhs edirmiş kimi görünən “Şəhrizad” romanı milli-mənəvi ideallarla yanaşı, təbiətin qadın başlanğıcı və sənət qarşısında təzim aktına çevrilir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest