Vahid Aslan şeirləri
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Vahid Aslan
Şeirlər
Şəhid atası
İstəyirəm söz deyəm,
Sənə təsəlli olsun!
Qarşında əyilirəm,
İstəyim bəlli olsun!
Arxanda gizləyirsən,
Qıymırsan əllərini
Öpəm, oxşayam bir az;
Sən bir az dağdan uca,
Bir az qayadan sərtsən!
Tarixim kimi qoca,
Babalar kimi mərdsən!
Sabahlara uzanan
İşıq var baxışında,
“Zəfər” sözü yazılıb,
Alnının qırışında.
Sən ey Şəhid atası!
Hələ də gözlərimi
Çəkənmirəm gözündən,
İcazə ver bir damla
İşıq alım üzündən.
Sən geniş ürəyinlə,
Sən enli kürəyinlə
Torpaqsan vətən boyda.
Sənin Şəhid oğlun da
Sənə öxşayıb boyda.
Şəhid kimdi? – Vətəndi,
Ana torpaqdı Şəhid!
Vətənin göylərində
Üzən bayraqdı Şəhid!
Sən ey Şəhid atası!
Sərtlik var duruşunda.
“Zəfər” sözü yazılıb,
Alnının qırışında.
07.11.2021
Şəhid anası
Şəhid oğlunun
Portreti önündə dayanıb ana.
Titrəyən əllərini uzadır ona.
İstəyir ki,
Oğlunun süd qoxulu dodaqlarına,
Uşaq üzünə,
Gülümsəyən gözünə toxuna…
Əlləri titrəyir,
Ürəyi çırpınır ananın.
18 yaşlı saçı ipək uşağını,
Evin tək uşağını
Qucaqlaya bilmir ana.
Yerə baxır, göyə baxır…
Gözlərindən ürəyinə dənizlər axır.
Zalımlar da elə bilir ki,
Ağlaya bilmir ana.
Ananın halından utanır yer-göy.
Ananın gözlərindən qorxub
Bir addım geri çəkilir müharibə.
Ana bircə cümlə deyə bilir:
– Dodağı süd qoxulu uşağım eyyy…
05.11.2021
Qəhrəman əsgər
Sən ey qəhrəman əsgər!
İgid oğul, mərd oğul!
Dağlardan uca, məğrur,
Qayalardan sərt oğul!
***
Qanınla yazdın, yurdun
Qələbə nəğməsini!
Müqəddəs torpaq oldun,
Verib son nəfəsini!
***
Qıydın cavan ömrünə,
Torpağına qıymadın!
Yurdu yağı düşmənə
Əsir ola,.. qoymadın!
***
Vətənə səngər olan
Kürəyindən öpürəm!
Vətənə sevgi dolu
Ürəyindən öpürəm!
***
Canından can verdiyin
Yaşadar, atmaz səni!
Azərbaycan dediyin
Vətən, unutmaz səni!
27.09.2021
Şəhid qadını
Açıldı gecəmin qəmli səhəri,
Sənsiz oyanacam yuxudan yenə.
Həsrətin olacaq bir də xatirən,
Məni için-için ağladan yenə.
***
Oğlunun başını sığallayacam,
Qızının gözündən öpəcəm yenə.
Onlar bilməyəcək,.. mən ağlayacam
Bir qadın ömrünün sənsizliyinə.
***
Qorxma, inan mənə, heç zaman, heç vaxt
Kimsə görməyəcək göz yaşlarımı.
Sən cavan qalsan da ömrüm, bəri bax!
Unutma, saralan baxışlarımı.
***
Şəhidin dalınca ağlamaq olmaz,
Şəhid qadınıyam, bilirəm bunu!
Bəs mən ağlamasam,.. ürəyim yanmaz?!.
Bəs mən neyləyəcəm ömrüm uzunu?..
***
Lənətmi yağdırım müharibəyə?..
Səni əllərimdən alıb apardı.
Sənin anan boyda doğma vətənin,
Mənim sənin boyda bir dünyam vardı…
***
Gəl mənə yalançı təsəlli olma,
Bəsdi nağıllara aldandım, yetər!
Kimsə bilməyəcək dərdimi, amma
Sənsiz yaşamağım, ölümdən betər!
07.12.2020
Turan Ordusu
Dövran səni səsləyir,
Qurul, Turan Ordusu!
Təklənən həqiqətə
Yar ol, Turan Ordusu!
***
Güman sənədi yenə,
Qoyma ümidlər sönə,..
Ulu Türk qüdrətinə
Sarıl, Turan Ordusu!
***
İnan, bir gün gələcək,
Yerlər, göylər güləcək!
Göy Tanrı söyləyəcək:
Var ol, Turan Ordusu!
20.11.2020
Bayrağın mübarək, vətən
Çıxmısan bir şanlı yola,
Zəfər səninlə qol-qola.
Mayası həqiqət olan
Sınağın mübarək, vətən!
***
Əmr verilib: – İrəli!
Çiynindədi Türkün əli!
Hər gün qələbə müjdəli
Sorağın mübarək, vətən!
***
Təqvimin qızarır, yanır.
Qara günlər qaralanır.
Qələbələr sıralanır,
Varağın mübarək, vətən!
***
Oğulların coşan dəniz,
Eşqi ümman, qəlbi təmiz!
Hər qarışı candan əziz
Torpağın mübarək, vətən!
***
Göylər kimi yırğalanan,
Ulduz-ulduz sıralanan,
Qarabağda dalğalanan
Bayrağın mübarək, vətən!
26.10.2020
Ürəyim deyir ki
Bilsəm ilğımlara könül verməzdim,
Məni bu dünyada tutub, əylədi.
Bəlkə özümlə də yola getməzdim,
Məni şairliyim xilas eylədi.
***
Bir oyun oynadı sözlər mənimlə,
Qafiyə tutmağa qarışdı başım.
Üz-üzə duranda zilim bəmimlə,
Göynədi ürəyim, çatıldı qaşım.
***
Labirint mənalar, köntöy fikirlər,..
Qəlizdi bu oyun, bir az da ağır.
Göylərə dartırlar, yerə çəkirlər,
Duyğular dəcəldi, ürəyim fağır.
***
Qorxuram qurşanam pis vərdişlərə,
Sözlərlə bu qədər oynamaq olmaz.
Hərdən baş qoşanda qəliz işlərə,
Ürəyim deyir ki, get şeirini yaz!
29.04.2026
Olmasın
Bağbanın ümid yeridi,
Bağçalar barsız olmasın.
Dağların şah əsəridi,
Zirvələr qarsız olmasın.
***
Göylər dolub ağlayanda,
Çaylar coşub çağlayanda,
Nəğməsini oxuyanda,
Kamança tarsız olmasın.
***
Sevgi yoxsa ruhda, canda,
Şirin olmaz doğulan da.
Həyat adlı imtahanda,
Heç kəsi yarsız olmasın.
28.04.2026
Bilirdim
Bir az qürurluydun, bir az da fağır,
Fikirli dayanar, az danışardın;
Baxışın duyğulu, yerişin ağır,
Tez küsər, amma ki, gec barışardın;
***
Qəribə qızıydın sözün qısası,
Bir az çətin idi səni anlamaq;
Qaynar gözlərinin soyuq havası,..
Nə öymək olurdu, nə də danlamaq;
***
Düzünü söyləsəm sən bu halınla,
Köçüb ürəyimdə qalırdın mənim;
Bir də ağ üzündə qara xalınla,
Ağlımı başımdan alırdın mənim;
***
Nə deyim, elə bil sən mənim üçün
Kül altda gizlənən atəş kimiydin;
Tər-təmiz gözlərin, boyasız üzün,..
Bulud arxasında günəş kimiydin;
***
Tək mənim xoşuma gələsən deyə,
Belə görünürdün bəlkə də qəsdən;
Bilirdim, hamıdan qaçırsan niyə,
Niyə dayanırsan yolumun üstdə…
21.02.2026
Unutmamışam
Mən səni hələ də unutmamışam,
Əllərin qar idi, gözlərin kömür.
Düşünmə hər şeyi kəsib atmışam,
İlk sevgi nədisə,.. bax, odu ömür.
***
Bizi aradabir görüşdürərdi,
Ya məktəb yolları, ya dərə qaşı.
Sonra da günlərlə üstünə sərdim
Özümü, yolunda bir yastı daşın.
***
Gözlədim ümidlə, heç yorulmadım,
Yolları qınadım sən gəlməyəndə;
Səsinə qoşulub uçanda adım
Bil ki, qanadlanıb uçurdum mən də;
***
Sonra sevgimizin tumurcuq vaxtı,
Düşdük ağuşuna ayrılıqların.
Sənin gözlərinin yağışı yağdı,
Mənim ürəyimə hey narın-narın…
***
Tale üzdü bizi uşaq yaşında,
Üzünə gün doğdu zalım həsrətin;
Məktəb yollarında, dərə qaşında
Yağmura dönüb də məni səslədin;
***
Sənmi əvvəlkisən?
Mənmi əvvəlki?..
Bəlkə düşünürsən ürəyi daşam.
Baxsan gözlərimə biləcəksən ki,
Mən səni hələ də unutmamışam.
21.01.2026

