GüncelKültür Sanat

Ulucay AKİF – Şeerler

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Ulucay AKİF

Tanınmış istedadlı gənc şair Ulucay Akif 1995-ci ildə doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alır.

Uzaqlara məktub

Bu qədər bəlli olmamalıydı yoxluğun,
Bu qədər hopmamalıydı
şəhərin divarlarına sənsizliyin qoxusu.
İlişməməliydi yamanmış asfaltlara
sənli xatirələr,
Çökməməliydi ruhuma
bir də səni görməmək qorxusu.
Mən cəhənnəm,
şəhərə yazığın gəlmədimi?
Çox dəyişib sən gedəndən buralar:
İnsanları, heyvanları,
Binaların eyvanları,
Elə sizin məhləniz də.
Sizin kiçik məhlənizdən
bütün evlər sökülübdü,
Traktorlar, buldozerlər
küçələrə tökülübdü.
Siz tərəfdən keçəndə mən
yeyir beynimi fikirlər,
Öyrənmək də istəmirəm,
görən indi nə tikirlər.
Xədicə xalanın qanı qaralıb,
Rafiq dayının da vəziyyəti pisdi,
İçkiyə qurşanıb, deyir, ay bala,
əsas olan o ki, ürək təmizdi…
İndi məhlənizdən top səsi gəlmir,
Gizlənqaç oynayan uşaqlar yoxdu.
Məktub yazıram ki, agah olasan,
Daha “ümid” adlı uşaq da yoxdu.


                 lll

Hərdən ayaqlarım sözümə baxmır,
Lazımsız yerlərdə təpik döyürəm.
Mənim heç kəs ilə bir işim olmaz,
Günboyu özümə söyüş söyürəm.
Tuturam yaxamdan, çırpıram yerə
Üzümə tüpürüb çıxıb gedirəm.
Bu ağıl başıma gəlmir ki, yenə
Bir-bir səhvlərimi təkrar edirəm.
Gəzirəm gecələr hey veyil-veyil,
Min bir yalan çıxır hər daş altından.
Bu şəhər deyəsən mənimki deyil,
Götürüb aparın ayaq altından.

Mən yağış yağanda öləcəm

Mən yağış yağanda öləcəm, gülüm.
Şimşəklər çaxacaq, hamı duyacaq.
Mən yağış yağanda öləcəm, gülüm.
Mənim günahımı Tanrı yuyacaq.
 
Yaşayıb gedəcəm mən də 5-10 il,
Siləcək insanlar yaddaşdan məni.
Bəlkə məzarım da qalmaz. Kim bilir?
Doğmalar tapacaq yad daşda məni.
 
Bilmirəm, beləsi yaxşımı, pismi?
Bir gün qara torpaq qucacaq məni.
Çürüyüb gedəndə məzarda cismim,
Ruhum səmalarda uçacaq yəqin.
İlk dəfə buluda toxunanda mən,
Sənin gözlərindən yağış yağacaq.
Bir məzar daşından oxunanda mən.
Həmin buludlardan sənə baxacam.
 
Mən yağış yağanda öləcəm, gülüm.
Şimşəklər çaxacaq, hamı duyacaq.
Mən yağış yağanda öləcəm, gülüm.
Mənim günahımı Tanrı yuyacaq.
 
Barı sən ağlama mən öldüyüm gün,
Onsuzda bilirdin bir gün öləcəm.
Sənə söz verirəm: “Mən öldüyüm gün,
Cənnət qapısından sənə dönəcəm”.
 
Yağışlı gecədə öləcəm, gülüm.
Üzümdə təbəssüm, səssiz-səmirsiz…

                   lll

Salam,
Bir-iki kəlməyəm mən,
Bir-iki başa düşmədiyin söz.
 
Sənəm mən,
Zəiflərin zəifi, tənhaların tənhası,
Başa düşmədiyin bir cüt göz.
 
Təsəllilərin ən pisi,
Tək ölənlərin növbətisi.
Şeirlərin ən zəifi,
Deyilməyən sözlərin ən güclüsü.
 
Adilərin adisi,
Bəsitlərin bəsiti.
– Bəs deyildi?
– Bəs idi.

      Yarımçıq gecələr

     Anam üçün yazdığım ilk şeir

Hər şeyin yarımçıq olduğu gecələrdə,

təkcə səni düşünürəm,

qaçmağa bir qucaq axtaran kimi.

təkcə səni düşünürəm,

Allahı düşünən kimi…

Hər şeyin yarımçıq olduğu gecələrdə,

adam çıxıb getmək istəyir

hamıdan,

hər yerdən,

hər vaxtdan,

əlləri üşüyən kimi…

Hər şeyin yarımçıq olduğu gecələrdə,

insan ölmək istəmir,

insan yaşamaq istəyir,

insan xoşbəxtliyi də kədər kimi

bütün istəyir!

Heç narahat olma,

siqaret çəkmirəm, ana,

sadəcə, içimdəki misralar tütün istəyir…

Sual

Peterburqun bəyaz gecələrindən

birində yazdığım şeir

Bu sehrli gecələr,

bu bəyaz gecələr

bizə öyrədir ki,

Günəş batmır,

biz ondan üz döndəririk…

Bir paket siqaret,

bir şüşə çaxır

və mən,

Nevanın sahilindən

Sənə salam göndəririk

Ya Rəbb,

sevdiyim bütün adamlarda

Səni axtardım,

Bəs Sən məni

kimdə axtaracaqsan?

Sevgili üçün not

Sənə yazdığım şeirləri

oğurladım Badi-Kubə küləklərindən,

indisə yazıram sənə,

yazıram yağışlı Peterburq küçələrindən…

adamlar bölünür qəfil,

bölünür

ailəyə,

sevgiyə,

dost və sairə…

bir tək səni bölə bilmirəm,

ailəsən,

sevgisən,

dostsan şairə…

bilirəm, sevirsən,

mən də səni sevirəm.

qorxma,

tanımadığım yağışlarda islanmaram mən,

dəyməz burnuma yad qadın ətirləri…

Nevski prospektində,

gizlənib bir tində

sayıqlayıram sənə yazdığım sətirləri.

İlahi,

yığışdır başım üstdən

bu saxta bulud çətirləri!

– Mən Onu düşünürəm!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest