Genel

Türkmənçay müqaviləsində itirdiyimiz torpaqları geri qaytara bilərikmi?

Bu gün Türkmənçay müqaviləsinin 194-cü ili tamam olur. 1828-ci ildə imzalanan bu müqavilə Azərbaycan xalqını və ərazilərini ikiyə bölsə də, bir çoxları bu hadisənin xalqımız üçün müsbət nüanslarla yadda qaldığını düşünürlər.

Mövzu ilə bağlı AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının Publika.az-a müsahibəsini təqdim edirik. 

– Türkmənçay müqaviləsinin imzalanma səbəbləri nələr idi?

– 1826-cı ildə Rusiya və İran (Qacarlar) arasında başlanan müharibə 10 fevral 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması ilə başa çatdı. 10 fevral 1828-ci ildə Cənubi Azərbaycanın Türkmənçay kəndində Rusiya tərəfindən imperatorun səlahiyyətli nümayəndələri İvan Paskeviç, həqiqi mülki müşavir Aleksandr Obrezkov və tərcüməçi kimi Abbasqulu Ağa Bakıxanov, Qacarlar tərəfindən isə Fətəli şahın oğlu Abbas Mirzə təmsil olunurdu. Türkmənçay müqaviləsinin imzalanması nəticəsində tarixi Azərbaycan əraziləri yenidən Qacarlar və Çar Rusiyası arasında bölüşdürülür, eyni zamanda Gülüstandakı bölüşdürülməyə əlavə olaraq Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları da Rusiya imperiyasının tərkibinə qatılır. Araz çayının hər iki tərəfində daşınmaz əmlakı olan şəxslərə əmlaklarını 3 il ərzində satmaq, yaxud dəyişmək göstərişi verilmişdi. Lakin rus imperatoru İrəvan xanlığının sərdarı (baş komandanı) olmuş Hüseyn Xanı, onun qardaşı Həsən Xanı və Naxçıvan xanlığının başçısı olmuş Kərim Xanı bu imkanlardan məhrum etmişdi.

Türkmənçay müqaviləsinin şərtlərinə görə, müharibədə Rusiya imperiyasına dəyən ziyanı İran tərəfi 20 milyon manat gümüş pul ilə ödəməyi öhdəsinə götürmüşdü. Şərtlərə görə, ikinci müharibə başlanmazdan əvvəl, yaxud müharibə zamanı məcburiyyət qarşısında Çiəri çayı, Urmiya gölü, Cakatu çayı və Qızılüzən çayı xətti boyu ilə Araz çayı arasında yerləşən əraziləri tərk edən azərbaycanlılara geri, öz ocaqlarına dönmələrinə İran tərəfi icazə vermirdi. Ruslar isə öz növbəsində azərbaycanlıların Qarabağ, Naxçıvan və qismən İrəvan xanlıqları ərazilərinə, öz el-obalarına geri dönmələrinə imkan vermirdilər.

Türkmənçay müqaviləsi nəticəsində tarixi Azərbaycan torpaqları və xalqımız iki yerə bölündü. Bu illər ərzində nə qədər fərqli düşüncə, ideologiya, zorla köçürmə, təsir və təqibə məruz qalsaq da, xalqımızın milli kimliyi, dili, tarixi, adət-ənənəsi, qohumluq münasibətləri və s. bu gün də yaşamaqdadır. 

– Müqavilə ilə itirilmiş torpaqları yenidən Azərbaycanın tərkib hissəsinə qaytarmaq mümkündürmü? 

– Tarixi faktlara nəzər salsaq, Gülüstan müqaviləsi təkcə İran-Rusiya müharibəsinə deyil, həm də bu bölgə uğrunda 300 il idi ki, davam edən İran-Osmanlı müharibəsinə son qoyub və həmin andan etibarən Rusiya bölgədə çox güclü bir oyunçuya çevrilib. Gülüstan müqaviləsi həm də Britaniyanın bu bölgədə nə qədər böyük rol oynadığını göstərmişdi.

Hər iki müqavilə Azərbaycan xalqının razılığı olmadan, maraqlarına, fikirlərinə uyğun olmayaraq imzalanıb. Nəticədə mədəniyyətimiz, tariximiz, ərazilərimiz bir neçə yerə bölünüb. Çar Rusiyasının planlarına uyğun olaraq sonralar Qafqazda, tarixi Azərbaycan torpaqlarında xristianlaşma adı altında hayların köçürülməsi, regionun etnik tərkibinin dəyişdirilməsi, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, zorla köçürülmə və s. planlı şəkildə həyata keçirilib. Təbii ki, bunun üçün öncə həmin dövrdəki sənədlər, tarixi fakt və mənbələr, əhalinin sayı, regionun etnik tərkibi, məşğuliyyət, dini-mədəni abidələr və s. tədqiq və təhlil olunaraq dünya ictimaiyyətinə çatdırılmalıdır. Hesab edirəm ki, buna həm tarixi, həm mənəvi, həm də siyasi-hüquqi baxımdan haqqımız var. Həmişə taleyüklü miras məsələlərimizə sahiblənməliyik. Bunun üçün filmlər çəkilməli, elmi araşdırmalar aparılmalı, muzeylər yaradılmalı, o dövrə aid orijinal sənədlər, kitablar, müqavilələr, xəritələr, ordu, mətbəx, dini-mənəvi abidələr, ictimai-siyasi vəziyyət, elm, təhsil və s. öyrənilməli, xarici dillərə tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılmalıdır. 

– Bizim tarixi mənbələrə görə, müqavilənin Qacarlar dövləti və Rusiya imperiyası arasında imzalandığı deyilir. Bəs rus mənbələrində bu ad Qacarlar sülaləsi, yoxsa İrandır?

– Tarixə nəzər salsaq, görərik ki, 1826-cı ildə Qacar qoşunlarının Rusiyanın nəzarətində olan Azərbaycan torpaqlarına daxil olması ilə Rusiya-İran müharibəsi yenidən başlayır. Döyüşlərdə Qacarın qoşunları ağır məğlubiyyətə düçar olur. Belə ki, 1826-cı ilin axırlarında Şəki və Lənkəran xanlıqları ləğv olunur, 1827-ci ildə Çar Rusiyası Azərbaycan ərazilərini – əvvəlcə Təbrizi, 1828-ci ilin yanvar-fevral aylarında isə Urmiya və Ərdəbili işğal edir. 1828-ci il fevralın 10-da isə İngiltərənin səfiri Mak Donaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalanır. Türkmənçay müqaviləsi Rusiya tarixşünaslığında “sülh müqaviləsi” kimi qeyd olunur. Tarixi faktları araşdırdıqda görürük ki, Rusiya imperiyasının hər bir xanlıq üçün ayrılıqda hazırladığı “suverenlik” planı əlahəzrət çarın təbəəliyinə keçmələri barədə separat müqavilələr imzalamaq imkanı vermiş, Rusiya Qafqazın qoparılmasının hüquqi əsasını hələ Gülüstan və Türkmənçay müqavilələrindən xeyli əvvəl hazırlamışdı. Bu məsələ sovet tarixşünaslığında Qafqazın Rusiyaya “könüllü birləşdirilməsi” kimi təqdim edilirdi. 

– Türkmənçay müqaviləsini qüvvədən düşmüş hesab etmək olar?

– Zaman-zaman İranda bəzi alim və tədqiqatçılar, hətta İran partlamentində də fikirlər irəli sürürlər ki, Gülüstan və Türkmənçay müqavilələri zamanı Çar Rusiyası tərəfindən işğal edilmiş ərazilər İrana qaytarılmalıdır. Tarixi faktlara və mənbələrə istinad etsək, görərik ki, ondan əvvəlki dövlətlərin heç birinin adında İran adı olmayıb, ikincisi, əvvəlki dövlətləri – Səfəvilər, Əfşarlar və s. olduğu kimi, Qacarlar dövlətini türklər – azərbaycanlılar qurub, üçüncüsü, istər Osmanlı-Səfəvi, istərsə də Rus-Qacar müharibələri Qacar dövlətini o vəziyyətə gətirmişdi ki, Gülüstan və Türkmənçay müqavilələri imzalananda Qacarlar faktiki olaraq Qafqaz üzərində o qədər güclü hakimiyyətə malik deyildi.  Hətta XVIII əsrdə Azərbaycan feodal dövlətləri – xanlıqlar yaranmışdı ki, hər xanlıq da özünü ayrıca müstəqil hesab edirdi. 

Bundan başqa, Gülüstan müqaviləsi ilə təkcə müasir Azərbaycan Respublikasına aid torpaqlar deyil, həm də Dağıstan camaatlıqları və gürcü çarlıqları Rusiyanın tərkibinə keçmişdi. Farsdilli ədəbiyyatda gürcü çarlarını hələ də xan kimi qeyd edirlər. 

Əlbəttə, müqavilə qüvvədən düşüb, bu gün nə çar Rusiyası, nə də Qacar dövləti var. Tarixi nə qədər saxtalaşdırsalar da, ərazilərimizi bir neçə yerə bölsələr də, real olan budur ki, qədim tarixi, ənənəsi və dövlətçiliyi olan xalqımız var, ərazimizin bir hissəsində bu gün müstəqil Azərbaycan Respublikası adlı dövlətimiz var və gec-tez bu birlik əldə olunacaq. 

Pin It on Pinterest