Türkdilli uşaq mətbuatı tariximizin unudulmaz səhifəsi “Məktəb məcmuəsi” dərgisi – Bakı,1925
“Məktəb məcmuəsi” dərgisi haqqında ilk elmi məqaləm “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi ərəfəsində çap olunub (“Azərbaycan məktəbi” jurnalı, 2009-cu il ,N 4, səh. 108-112). Mövzu oxucular və pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Bu mövzuda yazılan digər məqalələrim bir sıra elmi və dövri nəşrlərdə də işıq üzü görüb. Türkiyəli əqidə və məslək dostum Haldun Cezayirlioğlu bu yazılardan birini “Azerbaycanlı dostumuz ve günümüz pedagoglarından Sayın Nazım Nasreddinov yeni bir yazısı ile Türk Eğitim Tarihine ışık tutmaktadır. Onun yazılarına yer açmakla kendimize de bir tarihi sorumluluk vermekteyiz” qeydləri ilə türk dünyasına çatdırıb. (Haldun Cezayirlioğlu Koleksiyonu,10 eylül 2011, “Mektep Mecmuası” Dergisi 1925”). Həmin yazını kiçik əlavələrlə oxucuların, xüsusən pedaqoji ictimaiyyətin diqqətinə çatdırmaq istədim.
Türk dünyasının uşaq və pedaqoji mətbuat tarixində məktəb, təhsil və təlim, təlimin üsul və qaydaları haqqında XIX əsr türkdilli mətbuat səhifələrində həm söz içində, həm də ayrıca müxtəlif fikirlər səslənib. 1875-1877 -ci illərdə Həsən bəy Məlikzadənin (Zərdabinin) redaktorluğu ilə Bakıda nəşr olunan “Əkinçi” qəzetində məktəb və maarif məsələlərinə böyük diqqət yetirilib. Qəzetin fəal müxbirlərindən biri Nəcəf bəy Vəzirov məktəb və mədrəsələrdə müəllim və şagird münasibətlərinə, tədris edilən fənlərin seçilməsinə xüsusi yanaşmanın vacibliyindən söz açaraq, oxucuları fikir mübadiləsinə çağırırdı: “…məktəbxanada oxunan “Leyli-Məcnun”, Hafiz və qeyrə uşaq kitabı deyil. Onları ki böyük oxuyanda şura gəlir, uşaq başına nə kül töksün, onları oxuyub eşqbaz, cürəkeş olmasın və bir də bizi oxudanda məhz oxuyub yazmağı öyrədirlər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin. Məsələn, Məcnun elədiyi qələti oxudunca elmi-coğrafiya kitabı oxusaq, həm yazıb oxumağı öyrənnik, həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq”.
Müəllifin “avam olduğumuzu gizlətməyib səy edib, elm, təhsil etmək yaxşı deyilmi?” ritorik sualı da zəmanın, dövrün sualı idi.
“Əkinçi”dən sonra – 1879-cu il yanvarın ortalarında Tiflisdə Səid Ünsizadənin rəhbərliyi ilə Azərbaycan dilində nəşrə başlayan “Ziya” qəzeti də məktəb və maarif məsələləri geniş səkildə müzakirəyə çıxarır, oxucuların” diqqətini bu işin vacibliyinə yönəldirdi. “Ziya” qəzeti S.Ünsizadənin pedaqoji fikirlərinin tribunası idi. Qəzetin baş məqalələrindəki fikirlərin çoxu onun sonralar çap edilmiş dərslik və risalələrində daha da genişləndirilmişdir. “Ziya”da məktəb və maarif məsələləri hələ heç bir elmi tədqiqatda öz həllini tam şəkildə tapmamışdır. Bu, hər şeydən əvvəl gənc tədqiqatçılar tərəfindən ərəb əlifbalı yazıları oxumaqda çətinlik çəkmələri ilə əlaqədardır.
Türk ədəbiyyatının ilk çocuk dərgisi olan “Müməyyiz “ (“müməyyiz”- ayıran,fərq qoyan,yaxşını pisdən seçən-N.N.) (1869-1870 ) dərgisində məktəb və maarif məsələləri işıqlandırılsa da, əslində türk dünyasında bu məsələyə- məktəb və maarifçilik məsələlərinə ilk dəfə öz adı ilə geniş yer verən 1891-1897- ci illərdə İstanbulda nəşr olunan “Məktəb dərgisi”dir. Dərginin 6 ildə 185 nömrəsi çıxıb. 1911-1920-ci illərdə Bakıda Qafur Rəşad Mirzəzadənin (1884-1943) və Ə.Əfəndizadənin (1884-1918) redaktorluğu ilə nəşr olunan “Məktəb” jurnalının işıqlandırdığı məsələlərin, irəli sürülən ideyaların çoxu vaxtı ilə İstanbulda çıxan “Məktəb dərgisi”nin (1891-1897) böyük yaradıcılıq işinin davamı kimi görünür.
Doktor Cem Şems Tümer Bakıda nəşr olunan “Məktəb” dərgisindən sonra 1920-ci ildə Batumda da ayda bir dəfə nəşr olunan dini, ictimai, tərbiyəvi, ədəbi, elmi, fənni “Məktəb məcmuəsi”ndən söz açır.
Hörmətli həmkarım Bakıda nəşr olunan “Məktəb” dərgisinin son nəşr ilini 1917- ci il kimi göstərir. Görünür, müəllif sonralar tapılıb üzə çıxarılan 1918 -ci və 1920-ci illərdəki 6 nömrədən xəbərsizdir.
1925-ci il kanuni-əvvəlin 5-də Bakıda “Məktəb məcmuəsi” adlı yeni bir dərgi
nəşrə başladı.Yeni nəşr oxuculara “on beş günlük ədəbi, fənni, elmi məcmuə kimi” təqdim olunmuşdur.
İlk nömrəsi 2000 nüsxə tirajla çıxan “Məktəb məcmuəsi”nın birinci səhifəsindəki “İdarədən” qeydindən məlum olur ki, o, tətil edən (sonuncu nömrəsi 1920-ci ildə çıxan-N.N.) “Məktəb” dərgisinin davamçısıdır.
“Məktəb məcmuəsi” dərgisinin fəal müxbirlərinin cərgəsində 1911-1920- ci illərdə Bakıda nəşr olunan “Məktəb” jurnalının redaktorunun adının görünməsi də bunu təsdiq edir.
“Məktəb məcmuəsi”nin müxbirləri Abdulla Şaiq, Qafur Rəşad Mirzəzadə, Hüseyn Nəcdad, Qantemir, Zərbəli Nafiz, Nasir Quluzadə, Uluqbəyli, Kərim (1890-cı ildə Zaqafqaziya Müəllimlər Seminariyasını N.Nərimanovla bir yerdə bitirmiş şəkili Kərim bəy Əsəd oğlu İsmayılov-N.N.) yaşlı oxucularının “Məktəb” jurnalından yaxşı tanıdıqları uşaq aləminə, məktəbli təfəkkürünə, gənc nəslin psixologiyasına bələd olan ziyalılar idilər.
“Məktəb məcmuəsi” jurnalının məsul müdiri (redaktoru – N.N. ) Sürix şəhərində mühacirət həyatı yaşayarkən V.İ.Leninlə tanış olan, inqilabdan bir müddət sonra İ.V.Stalinin rəhbərliyi altında işləyən, Başqırdıstanın Türkiyədə nümayəndəsi olmuş, daha sonralar Bakıya Xalq Maarif Komissarlığında işləməyə dəvət olunmuş Şərif Manatov idi. Şərif Manatov milliyyətcə başqırd idi. Soyadındakı “manat” sözü doğulduğu başqırd kəndinin adı ilə ilgilidir (bu soyad bəzən redaktə olunaraq, oxuculara səhvən Manafov kimi təqdim olunub).
Şərif Manatov bir müddət Azərbaycan Ali Pedaqoji İnstitutunda direktor işləyib.
Məktəb dərgisi”nin “İdarə”dən başlığı altında verilmiş qeydləri yeni nəşr orqanının məqsəd və məramını öyrənmək baxımından çox maraqlıdır:
“Sabiq “Məktəb məcmuəsi” (1911-1920-ci illərdə nəşr olunan-N.N .) tətil edəndən sonra Azərbaycanımızda çocuklarımıza məxsus ədəbi və fənni bir məcmuə yox idi. Halbuki məktəblərdə oxuyan məktəblilər məktəb xaricində də mütaliəyə alışmalıdırlar. Məktəbdə oxuyan çocuklar məktəb xaricində öz məlumatlarını genişləndirməyə çalışmalıdırlar. Onlara öylə bir məcmuə lazımdır ki, məktəbdə oxuduqlarını həyatı, yeni həqiqətləri, yeni fənləri onlar üçün aydınlaşdırsın.Onların məlumatlarını genişləndirməyə xidmət edərək,dərslərinin müvəffəqiyyətlə getməsinə yardım etsin.Təbii, böylə bir məcmuənin vücubini ( vacibliyini-N.N.) ən əvvəl müəllimlərimiz düşünürdülər. Daha doğrusu, tələbələrin hər zaman : “Nə oquyalım? “ deyə sual və müraciətləri böylə bir məcmuənin intişarını hər müəllimə düşündürürdü”.
“İdarədən” qeydlərində daha sonra yazılır:
“Burası məlumdur ki , bizdə çocuqlara məxsus ədəbiyyat çox azdır. Bu xüsusda şeiriyyat işlərinə ancaq axır vəqtlərdə iqdam edilmişdir. Bundan əlavə, kitabın vəzifəsi başqa, məcmuənin vəzifəsi isə büsbütün başqadır. Kitablardakı birtərəfli məlumat uşaqları yora bilməsi ehtimalı ola bildiyi halda, məcmuədəki hərtərəfli məlumat onları yoramaz, biləks (əksinə-N.N.) oxumağa meyil və həvəslərini artırar, bir fənn barəsində məlumat alandan sonra ikinci bir hekayənin , ibrətli sözlərin, maraqəngiz məsələlərin həllinə meyil etməklə yorulmaqsızın vəqtini qaidəli mütaliətə sərf edər.Bundan əlavə, böylə məcmuələrdə mütəəllimlər yalniz passivcəsinə mütaliə deyil, özləri də bu məcmuədə iştirak edər, məsələlər həll edər, yazı dərslərinə cavab verməklə aktiv rolu oynayırlar ki, burası daha qaidəlidir”.
Maraqlıdır ki, jurnalın əməkdaşlarının çoxu Xalq Maarif Komissarlığının əməkdaşları idi: Şərif Manatov, Xəlil Fikrət, İsmayıl Hikmət, Qori Müəllimlər Seminariyasının məzunu Kərim İsmayılzadə, Abdulla Şaiq, Məhəmməd Kərimzadə… Onların hamısı nüfuzlu ali məktəb və mədrəsələrdə təhsil almışdılar: Şərif Manatov Peterburq Psixonevroloji Akademiyasında oxumuşdu.
Xəlil Fikrət və İsmayıl Hikmət İstanbuldan Bakıya pedaqoji fəaliyyətə dəvət olunmuş türk alimləri idi. Onlar 1923-1926-cı illərdə Bakıda Ali Pedaqoji İnstitutda babalarımıza dərs demişlər.
Xəlil Fikrət Almaniyada ali pedaqoji və psixologiya təhsili alan alimlərdən biri idi. O, Türkiyənin bu sahədə ilk elmlər doktorudur. Xəlil Fikrət Azərbaycan dilində yazdığı və Bakı və Şəki mətbuatındakı çap etdirdiyi yazılarının çoxunda “tərbiyə doktoru Xəlil Fikrət” imzasından istifadə edib. Onun 1926-cı ildə Bakıda hökumət mətbəəsində çap etdirdiyi iri həcmli “Tərbiyə və tədris tarixi” monoqrafiyası uzun illər Azərbaycan pedaqoqlarının stolüstü kitabı olub.
“Məktəb məcmuəsi”ndə “Azərbaycanlı” imzası ilə çap olunmuş “Kooperativ nədir?” məqaləsinin mövzusuna, yazı üslubuna, çevik sintaksisinə görə Nəriman Nərimanovun arxivindən əldə edildiyini güman edirik.
Jurnalda məktəblilərin bədii zövqünün formalaşmasında əhəmiyyətli rol oynayan 10-a qədər şeir verilib.
Materialların əksəriyyəti dövrün aparıcı təlim texnologiyalarına əsaslanıb.
“Məktəb məcmuəsi”ndəki atalar sözləri, klassik ədəbiyyatdan seçilmiş tərbiyəvi məzmunlu materiallar, ölkəşünaslığa aid elmi- publisistik yazılar da çox maraqlıdır. Jurnaldakı riyaziyyat əyləncələri, coğrafiya,tarix və psixologiyaya aid materiallar da şagirdlərin təfəkkür səvviyyələrini müəyyənləşdirməyə xidmət edir “Məktəb məcmuəsi” jurnalının həcmi 16 səhifədir.
Jurnalın son səhifəsində oxuculara ünvanlanmış nikbin ruhlu bir müraciətdəki ( bildiriş-xatırlamadakı – N.N.) qeydlər dərginin nəşr tarixini izləmək baxımından çox maraqlıdır: “Hər on beş gündə bir müntəzəm surətdə çıxacaqdır. Məcmuədə ən dəgərli və biligli müəllimlər ədəbi-elmi yazılarla iştirak edəcəkdir. Həvəskar məktəblilərin də yazıları məcmuəmizdə məmnuniyyətlə dərc ediləcəkdir. Məcmuəmiz məktəblilərin olduğu üçün bütün məktəblilər almalı və yazı yazmalıdırlar”.
Çox təəssüf ki, “Məktəb məcmuəsi”nin ikinci nömrəsi işıq üzü görmədi:jurnal oxucu və abunəçilərə məlum olmayan səbəbləri görə öz nəşrini dayandırdı. Yəqin ki, jurnalın əməkdaşları redaksiyaya göndərilən yazıları çap olunmaq üçün inandıqları və güvəndikləri digər mətbuat orqanlarına ünvanlayıblar. Belə ki jurnalın əməkdaşlarının anoloji yazıları tezliklə digər mətbuat orqanlarında görünməyə başlayıb.
Nazim NƏSRƏDDİNOV,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, türkoloq
Bakı,
04.03.2021