Türk Dünyasının Oxunan Səsi Şair Məmməd Kişli
Türk Dünyasının Oxunan Səsi Şair Məmməd Kişli Ədəbi fəaliyyəti

İlə Könülləri Fəth Edir
Kırımınsesi Qəzeti (Xüsusi Xəbər) – Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan şair Məmməd Kişli, özünəməxsus üslubu və vətənpərvər ruhlu şeirləri ilə türk dünyasının mədəniyyət xəritəsində xüsusi yer tutmağa davam edir. Onun qələmə aldığı fəlsəfi və lirik əsərlər, həmçinin digər tanınmış şairlərlə bədii deyişmələri ədəbiyyatsevərlər tərəfindən böyük maraqla qarşılanır.
Xüsusilə türk dünyasının birliyi, ortaq mədəni dəyərlər və dostluq mövzularına böyük önəm verən Məmməd Kişli, ədəbi mühitdə bir körpü rolu oynayır. Müəllifin şeirləri xalqın mənəvi dünyasını, keçmişini və bu gününü böyük ustadlıqla işıqlandırır.
“Kırımınsesi” qəzeti redaksiyası olaraq, dəyərli şairimiz Məmməd Kişliyə zəngin Ədəbi fəaliyyəti yolunda yeni yewi uğurlar, tükənməz ilham və möhkəm cansağlığı arzulayırıq. Qələminiz hər zaman iti, sözünüz kəsərli olsun!
Evlənim…
Zaman çox dəyişib, tapmıram para,
Başımı götürüm, mən gedim hara?
Zər-ziba istəyir, nə verim yara?
Borc da verən yoxdur, vaxtdır evlənim.
İllər ötüb gedir, tez gəlir aylar,
Başına daş salır evsiz subaylar.
Boşanma nə qədər, bilinmir saylar,
Siz deyin, məgər bu haqdır, evlənim?
Nə qədər fırlanar bu ağır dövran?
Gənclərin ümidin qırmasın zaman.
Bükür belimizi verilən fərman,
Qocalmışam, yaşım qırxdı, evlənim?
Məmməd, söz deməyin nədir faydası?
Yetimin, kasıbın olmaz dayısı.
Dərs verən çoğalıb, hanı qaydası?
Məndən soruş: “Qarnın toxdu, evlənim?!”
Məmməd Kişli
29.06.2026-cı il
Atamın
(Bu şeiri rəhmətlik atam Talıbov Məmmədəli Əhməd oğlunun (hansı ki, el içində Pəhləvan Məmmədəli kimi tanınırdı) əziz xatirəsinə ithaf edirəm. Müharibəyə üç qardaş gediblər, atam qayıdıb, iki əmim qayıtmayıb. Hər üçünə Allah rəhmət eləsin. Amin!)
O gedib davaya otuz doqquzda,
Çox qırğınlar görüb gözü atamın.
Deyərdi: “O günlər getsin, gəlməsin!”,
Çox təsirli idi sözü atamın.
Kömür yandırmağı etmişdi peşə,
Hamıya deyərdi: “Gedirəm işə”.
Olmasaydı əgər o dağ, o meşə,
Olmazdı çörəyi, düzü atamın.
Ya olsun Pəhləvan, ya Məmmədəli,
Bu adlar nəsildən gəlmişdir, bəli.
Sülhlə bitsin deyə işlərin həlli,
Buna çalışırdı özü atamın.
O vaxtlar başqaydı dövran, zəmanə,
Çəkiblər sorğuya, hərdən divana.
Qəlbi haqsızlıqdan dönsə də qana,
Hələ təpərliydi dizi atamın.
Hər kəsə tapşırıq verib gedərdi,
Səhvimiz olanda tənbeh edərdi.
Məmmədəm, haqq üçün cəza verərdi,
Zəhmi qorxudardı bizi atamın.
Məmməd Kişli
17.05.2026-cı il
Düşüb
Xalqım xeyir görmür boldu sərvəti,
Güya qismətinə neftlə qaz düşüb.
Hər şeyin gündəlik artır qiyməti,
Bizlərə “qan qusaq”, qızıl tas düşüb.
Hər yerin, bölgənin var təbiəti,
Müxtəlif dilləri, xalqı, milləti.
Odlar ölkəsidir, Günəş ziynəti,
Doqquz iqlimi var, demə az düşüb.
Qaçaraq vətəndən köç edir elim,
Kəndləri boş qalıb, evləri səllim.
Xarici dil bilən nə çoxdur alim,
Bizlərə savadsız kələkbaz düşüb.
Məmməd, qardaş olaq doğruya, düzə,
Danışmaq haqqımız verilib bizə.
Bu ildə bayramlar gəlib üz-üzə,
Novruzla Ramazan lap taraz düşüb.
Məmməd Kişli
15.03.2026-cı il
Olmasa
Allaha xoş gedər oğul-uşağın,
Gözlərdən, könüldən uzaq olmasa.
Pul olsa çox olar dostun, qonağın,
Qardaş da gen gəzər, maraq olmasa.
Qışda qalın olsa dağların çulu,
Olacaq çayları bolluca sulu.
Ölkənin bol olar malı, məhsulu,
İqlim isti keçib, quraq olmasa.
Tarif Şurası var, xalqa azardı,
Bu bahalaşmadan hamı bezardı.
Şairlər dərdləri hara yazardı,
Əlində qələmi, varaq olmasa?
Bulaqsız çay olmaz, çaylarsız dəniz,
Meşələr saxlayır havanı təmiz.
Heç zaman olmasın evlər körpəsiz,
Dənsiz dəyirmandır, uşaq olmasa.
Məmməd tarixlərdən ibrət alacaq,
Şəhidlər, qazilər yadda qalacaq.
Kimsə itkin düşüb, itkin olacaq,
Gözlər yolda qalar, soraq olmasa.
Məmməd Kişli
Qadın
Hər evin bəzəyi, gülüstanıdı,
Kişinin namusu, adıdı qadın.
Ərinin ömürlük eşq dastanıdı,
Ağzının ləzzəti, dadıdı qadın.
Qadın var — manata bahadır, baha,
Bundan artıq nəsə demirəm daha.
Var ki, ev dağıdır, batır günaha,
Kişisinə qazamat, zindandı qadın.
Sənə üz göstərər, işvə-naz eylər,
Məhəbbət bəsləyər, xoş sözlər söylər.
Deyərsən sənindir bu yer, bu göylər,
Hər dərdə çarədir, dərmandı qadın.
Ağır ol, söhbətdən, sözdən üşümə,
Demə: “Danışığın düşmür döşümə”.
Məmməd, qəbulundur, atılıb-düşmə,
Allahdan verilən fərmandı qadın.
Məmməd Kişli

