GenelGüncelKültür SanatTürk Dünyası

Türk dünyasını ortaq hədəflərə yönləndirən Ərzincan məclisi

Qardaş Türkiyənin Ərzincan vilayətində “Türk dünyası Ərzincanda görüşür” mövzusunda beynəlxalq simpozium keçirilir. Hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin himayəsi ilə ərsəyə gələn bu nüfuzlu türkoloji məclisdə Azərbaycan geniş heyətlə təmsil olunur.

Simpoziumun açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara ünvanladığı məktubda deyilir: “Türk dünyasının birlik və həmrəyliyi sülh və rifahımızın təminatıdır. Önümüzdəki dövrdə həyata keçirəcəyimiz layihələr və tədbirlər geniş bir coğrafiyanı və 300 milyondan çox insanı əhatə edən ailəmizi daha da gücləndirmək üçün yeni imkanlar yaradacaq”.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev bu qurumun yaradılması ilə türk dövlətləri ailəsinin daha da gücləndiyini söylədi. O bildirdi ki, Türk dünyasının gücü birlikdədir və qarşıdan gələn zirvə toplantıları birgə hədəflərimiz baxımından olduqca əhəmiyyətlidir. Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım isə İstanbul Zirvəsindən sonra türkdilli ölkələrimizin yeni dövrə qədəm qoyduğunu, üzv ölkələrin ümumi ticarət həcminin 700 milyard ABŞ dollarına çatdığını, bunun sadəcə, 18 milyard dollarının bu ölkələr arasında olduğunu bildirdi. Binəli Yıldırım Universitetinin rektoru, professor Akın Levent, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar çıxışlarında türk birliyinin əhəmiyyətini xüsusi vurğuladılar.

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Azərbaycan üzrə sədri Həsən Həsənov iştirakçılara Azərbaycan ­Prezidenti İlham Əliyevin salamını çatdırdı, məclisin işinə uğurlar dilədi. Türk dövlətlərinin müstəqilliyi və birliyinin ölkələrimizin gələcəyi baxımından ən önəmli hədəflərdən biri olduğunu vurğulayan H.Həsənov Azərbaycanın 44 günlük Vətən müharibəsi və şanlı Zəfərimizdən fəxrlə söz açdı, bu savaş dövründə başda Türkiyə ­Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş dövlətin və dost xalqın daim Azərbaycanın yanında olduğunu minnətdarlıqla yada saldı. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli AMEA-nın hədiyyəsini məclisin təşkilat komitəsinə təqdim etdi.

Simpoziumun ilk günü Beynəlxalq Refaiye Gənclik Festivalının açılışı oldu. Daha sonra Erqan dağında türk gənclərinin tonqalı yandırıldı, “2023-cü ilə doğru Türkiyə və Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda toplantı keçirildi.

Simpoziumun ikinci günündən başlayaraq, panel iclaslarında türkdilli dövlətləri və toplumları əhatə edən çoxsaylı mövzuların sırasında “Qarabağ Zəfəri və Azərbaycan Ordusunun Tarixi Qələbəsi Türkiyə mətbuatında”, “Qarabağ Zəfəri və Qars–İğdır–Naxçıvan dəmir yolunun əhəmiyyəti”, “Zəngəzur dəhlizi və onun strateji əhəmiyyəti”, “Xocalı soyqırımı”, “Azərbaycan bəstəkarlarının yaradıcılığında muğamın rəngləri”, “Əhməd Ağaoğlu”, “Üzeyir Hacıbəyli”, “Hüseyn Cavid”, “Həsən Bəy Zərdabi” kimi məruzələr də səslənir.

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli bizimlə qısa müsahibəsində bildirdi:

– Ərzincan Binəli Yıldırım Universitetində təşkil edilən 4 günlük simpoziumun əsas məqsədi türk dünyasının dil, ədəbiyyat, tarix, sənət, enerji, diaspora, ticarət, beynəlxalq münasibətlər kimi bir çox sahələr üzrə elmi araşdırmalara ortaq platforma yaratmaqdır. Əhatə dairəsinə və önəminə görə 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayda əsası qoyulmuş yolun davamı sayıla biləcək bu nüfuzlu elmi toplantıda Azərbaycanı Milli Məclisin deputatları, akademiklər, elm adamları olmaqla, ümumilikdə, 35-ə yaxın nümayəndədən ibarət heyət təmsil edir.

Bu simpozium Türk dünyasının birliyi baxımından irəliyə atılan böyük bir addımdır. Demək olar ki, tədbir çərçivəsində keçirilən bütün panel iclaslarda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfər təntənə ilə xatırlanır. Türkdilli dövlətlərdə böyük ruh yüksəkliyinə səbəb olan və ölkələrimizin birliyi baxımından böyük əhəmiyyətə malik bu Zəfər bütün Türk dünyasının qələbəsi kimi qiymətləndirilir.

Türk dövlətlərinin hər birindən çox sayda elm və sənət adamının iştirak etdiyi simpoziumda dinlənilən məruzələrdə türk tarixi və mədəniyyəti, eləcə də onun keçmişi, bu günü və perspektivləri ilə bağlı dəyərli məlumatlar verilir, fikirlər irəli sürülür. Simpoziumun xalqlarımızın tarixi və gələcəyi baxımından səmərəli olacağına inanıram.

Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”

Ərzincan (Türkiyə)

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest