GenelGüncelKültür Sanat

Tural Cəfərli

UTANDIM

Darıxmaq istədim, günün birində,

Sübh idi, çəməndə şehdən utandım.

Qoşuldum sərsəri əsən küləyə,

İncidib, bir qərib mehdən utandım.

Dərində dolanıb, dayazda batdım,

Mənə daş atana mən çiçək atdım.

Arada həsrətlə başımı qatdım,

Ümiddən aldığım behdən utandım.

Əvvəl içimdəki körpünü yıxdım,

Sonra adamlardan heyfimi çıxdım.

Çörək qazandıqca dişimi sıxdım,

Geri qayıtmağa dehdən utandım.

Bilmirəm, mən nə vaxt, günah eylədim,

Dünən yox, bu gün yox, sabah eylədim?!

Ötən günlərimə bir ah eylədim,

Qəfil yada düşən ehdən utandım.

Zamanın əlində mən əsir oldum,

Məxrəci qəm adlı bir kəsir oldum.

Dərdi anlamaqda çox bəsir oldum,

İzimi saldığım lehdən utandım.

KÜSÜB

Sənsiz unutmuşam gecələr Ayı,

Darıxıb, gizlincə Ay küsüb məndən.

Çoxdandı şərabla dostluq edirəm,

O gündən bu günə çay küsüb məndən.

Nə var yıxılmağa, yer inciməsə,

Ruhunu göylərə ver, inciməsə.

Doldur badələri, her inciməsə,

Hayım gedib deyə, vay küsüb məndən.

Ümidi ovcumda su kimi içdim,

Əvvəl sevinc əkdim, sonra qəm biçdim.

Özümə darıxmaq ismini seçdim,

Həsrət hesablayan say küsüb məndən.

Bir axşam küləyi qonaq çağırdım,

Köntöy ayrılığı yonaq çağırdım.

Sükutun içində donaq çağırdım,

Cüt görüb heç nədən tay küsüb məndən.

Üstümə yeriyən yollar yoruldu,

Qucaqsız, boş qalan qollar yoruldu.

Sağ yazan əllərdən sollar yoruldu,

Barışmaz, Allah da day küsüb məndən.

DÜŞƏRSƏN

Gedəndə adam bir xəbər eyləyər,

Demirsən yağışa, qara düşərsən?!

Duamı arxanca yollayım barı,

Bəlkə ondan sonra xara düşərsən…

Nəfəsim içimdən çıxan tüstüdü,

Yerdə məni tutan göyün üstüdü.

Bu qərib baxışlar məzar büstüdü,

Çox baxma, qorxuram gora düşərsən.

Gizlədə bilmərəm, aşkar olanı,

Saxlamaq olarmı qəlbə dolanı?!

Gəl dəymə, inctimə vaxtsız solanı,

Bəlkə yoxluğumdan vara düşərsən.

Məcnun deyiləm ki, dərdindən öləm,

Nə Yusif deyiləm, quyuda güləm.

Mən Musa deyiləm, dəryanı böləm,

Gözləmə, gözləsən zara düşərsən.

Çoxdan atılıbdır, göyərməz daşım,

Dəmlənib, dən olub, kədərdən aşım.

Zəifdir son vaxtlar mənim yaddaşım,

Unutsam, bilmirəm hara düşərsən…

Cəfərli Tural Vaqif oğlu
Cəfərli Tural Vaqif oğlu

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest