Təlimül-ətfal,tənzibül-əxlaq adlı dərsliyinin maddeyi-tarixi və ibrətamiz nəsihətləri
Nazim Nəsrəddinov: Türk dünyasının görkəmli maarifçisi Hacı Səid Əfəndi Ünsizadənin (1842,Şamaxı – 1903,İstanbuı)1882-ci il yanvarın 6-da sadə türki dilimizdə yazıb tamamladığı “Təlimül-ətfal,tənzibül-əxlaq” adlı dərsliyinin maddeyi-tarixi və ibrətamiz nəsihətləri
Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova(1820-1893)hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətləri uzun müddət tədqiqatçıların diqqətindən yayınmışdır.
Söhbət görkəmli Azərbaycan maarifçisi, Zaqafqaziya Əhli-Təsənni İdarəsini üzvü Hacı Səid Əfəndi Ünsizadənin1882-ci il yanvarın 6-da yazıb tamamladığı “Təlimül-ətfal,tənzibül-əxlaq” adlı 128 səhifəlik dərsliyindən gedir.
Məsələ burasındadır ki, S.Ünsizadə Azərbaycan dilində- sadə türki dilimizdə yazdığı bu kitabı cəm və tərtib edib, qurtaranda Qafqazın yeni təyin olunmuş baş rəisi öz məmurluq fəaliyyətini yerinə yetirməkdən ötrü Tiflisə gəlir.
Yeri gəlmişkən qeyd edək ki, baş rəis Tiflisdə onunla işləməyə məcbur olan məmurlar tərəfindən çox təmtəraqla qarşılanmışdır.
Bu barədə Zaqafqaziyanın bütün qəzetləri, o cümlədən Tiflisdə Azərbaycan dilində 1879-cu il yanvarın 25-də nəşrə başlayan “Ziya” qəzeti də fərqlənmiş, qəzetdə maraqlı reportaj verilmişdir.
Qəzetin redaktoru və imtiyaz sahibi, zəmanəsinin görkəmli maarifçisi və din xadimi Hacı Səid Əfəndi Ünsizadə (1842,Şamaxı-1903,İstanbul) bu qarşılanma mərasimində Zaqafqaziya müsəlmanları üçün xeyirli ola biləcək işlər görmək fikrinə düşür.O, yenicə yazıb qurtardığı dərsliyini-risaləsinin maddeyi-tarixini06.01.1882-ci il tarixinə uyğunlaşdırır:
” həmin risalnin təb’ və təhriratının təmam olmağı Qafqaz Baş Rəisi qnyaz Donduqov-Qarsaqofun öz məhli-məmuratı olan Tiflis şəhərinə təşrifi-fərma olan günə təsadüf elədiyindən…qəbul olunmuşadəti -qədimiyyəmiz üzrə ovzatı-məalı sifatə bir yadigar qalmaq niyyəilə bir vəcə ziyl məmnuniyyətlə məmduhəni (tərif edilən əsəri-N.N.) tərtib elədik:
“(MADDEYİ-TARİX)
Qafqaz (288)
Baş (303) Rəisi (281) QNYAZ (168 )
DONDUQOVFA (255 ) – QARSAQOFA (553 )
HƏDİYYƏ (34)
Rəqəmləri topladıqda (288+303+281+168+255+553+34= 1882) ədədlərin cəmi 1882-ci ilə uyğun gəlir ki, bu da dərsliyin yazılma tarixidir.
Kitab 1882-ci il yanvarın 6-da yazılıb qurtarsa da senzuradan həmin il martın 15- də keçib.Görünür, senzorlar Səid Ünsizadənin dərsliyində söz içində söz axtarışlarına çıxıblarmış.
“Söz içində söz” demişkən, dərsliyin 123-127-ci səhifələrindəki “Bir parə nəsihətlər” başlığı altında verilmiş öyüd və pəndnamələri diqqətinizə çatdırırıq.
Yazmağı bizdən, incələməyi sizlərdən…*Quran başdan ayağa Allahtəalanın kəlamlarıdır.Heç kəs bacarmaz ki,onun üstə bir şey artıra və ya əksildə.Həmişə onu müqəddəs və möhtərəm saxlayub, həqqində itaət və ehtiram əmələ gətirmək cümləmizə fərzdir
*Sənin övladın sənin ilə nə qism ilə rəftar etmək lazım isə, sən də gərək öz valideynin ilə o gunə rəftar edəsən
*Həqq sözü və doğru mətləbiislah təriqi ilə deməkdən həya etmə
* Nə çox tünd və təlx (acı-NN.) və çox mülayim olma.Hər birini üslubi-həkimanə öz yerinə istemal elə
*Səninilə sitizəlik(sırtıqlıq-N.N.) edənlərə sitizəlik göstərmə.Mümkün olan miqdari həmvarlıq ilə rəftar elə
*Qeyrilərinin eybini açma və xəlq arasında məqbul və pəsəndidə (bəyənilmiş-N.N) olmayan sözü danışma
*Bir işə əqdəm edəndə süst və kahil (tənbəl-N.N.) olma və fürsət vəqtlərini fövt eləmə.*Çox bil, az danış və sözü yersiz danışma
* Söz asan olsa, danış və… sakit ol
*Asta sevin ki, xəlq sənin yaxşılığını zikr eləsin.Xəlqə bədgu ( iftiraçı, pis sözlər danışan-N.N.) və bədxah olma
*Mümkün olan miqdari and içmə və and içməyi özünə adət eləmə
*Öz nəfsinə rəva görmədiyin şeyləri qeyrisinə rəva görmə
*Heç bir kəsə düşmənlik izhar eləmə
*Nadanlara və axmaqlara və cahillərə yoldaş olma.Onların xasiyyəti sənə sirayət edər Kibrli (lovğa-N.N.) olma,xalq səndən uzaq qaçar
*Bədhəqq olan kəslər ilə müamilə eləmə və axırında ədavətə çəkən işlərdən pərhiz (pəhriz-N.N.)elə
*Zirdəstində ( sənin əlinin altında-N.N.) olanları rəncidə eləmə və mümkün olan miqdari onları xoşnud eləməyə səy elə. *Mümkün olan miqdari küdurət gətirən işlərdən pərhiz elə
*Özgəyə kağız yazanda elə yaz ki,sənə höccət (mübahisə-N.N.) olmasın
*Qiymətini kəsməmiş heç bir şey alma. Muzdur və nökər saxlayanda qiymət məlum olmamış qəbul eləmə
*Nökəri və xidmətkarı və əcnəbi olan kəsləri külfət (ailə-N.N.) içinə daxil olmağa izn vermə.Ələlxüsus, onların fasiq (pis işlr görən-NN.) olanlarından pərhiz elə
* Mümkün olan miqdari əfv elə və ianət (kömək-N.N.) ilə rəftar eləməgi özünə xasiyyət elə
***Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi, türkoloq.
08.06.2021
Təlimül-ətfal,tənzibül-əxlaq adlı dərsliyinin maddeyi-tarixi və ibrətamiz nəsihətləri