GenelGüncel

Şərif AĞAYAR : Bu gün Qədir Rüstəmovun anım günüdür

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Şərif AĞAYAR     

Səsin kölgəsi

Bu gün Qədir Rüstəmovun anım günüdür

Qədir Rüstəmov haqqında çox yazılıb, çox deyilib, amma mən ən çox Vaqif Bayatlı Odərin bu misralarını xatırlayıram:

Düş televizordan,

Qədir Rüstəmov

Gözəl səs gözəldir

qeybdən gələndə…

Fikir vermisinizsə, Qədir kimi içdən oxuyan müğənnilərin səsi uzaqdan gələndə daha sehrli olur. Dalğa-dalğa, parça-parça axıb qulağına dolur, ruhuna işləyir. Nə dediyini anlamağa çalışırsan, bacarmırsan və bu, sənə da­ha çox zövq verir. Onun dediklərini başa düşsən bir məna çıxar, başa düşmürsən, min-bir məna çıxır.

Uzaqlar qeybin imitasiyasıdır, ona görə…

Həmişə uzaqdan gözəl səs eşidəndə Qədir Rüstəmovu xatırlayıram. Onun qeybi də uzaqdadır və o uzaqlıq Qədirin səsindən ibarət nəhəng okeandır. Hər oxuyanda o sonsuz dəryadan bir zərrə Qədirin sinəsiylə, boğazıyla gəlib bizə çatır. Tanrının sonsuz hikmət xəzinəsindən bir kitab peyğəmbərin dili ilə insanlara çatan kimi.

Qədirin səyahət etdiyi yerlər zamanların ötəsidir. Yerin Ozon qatı olduğu kimi sənətin də bir ilahi qatı var. Ozondan aşağı hər şey cazibə qanununa, ilahi qatdan aşağı hər şey zamana tabedir; biri yerlə birlikdə fırlanır, o biri zamanla birlikdə axıb gedir, köhnəlir, unudulur.

Qədirin səsi yerin cazibəsindən, zamanın diktəsindən çıxmış səsdir. Altıyla nəhrlər kimi axıb keçən illər onun tükünü də tərpətmir.

Böyük sənəti Kəbənin qara daşına bənzətmək olar. Hamı ora can atır, əlini bir dəfə də olsun o daşa vurmağa çalışır. Bəzən izdiham səni nəhəng dalğa kimi götürüb uzağa aparır, bəzən yaxına gətirir, lakin heç cür əlin o daşa çatmır. Bəzən o qədər yaxınına düşürsən ki, ürəyin az qala ağzından çıxacaq. Barmağının ucu qıl yazıb keçir.

Mənə görə, Qədir izdihamın güclü dalğasında hər iki əli qara daşa dəyən nadir adamlardandır. O, daşa toxunmur, ona tutunur, yıxılmamaq üçün əllərini söykəyir.

Qədir oxuyanda nədənsə iplə göyün ənginliklərinə dırmaşan bir adam gəlir xəyalıma. Qələbə­likdən seçilən, çoxluqdan arınan, dünyadan qopan çəlimsiz bir adam. İndi yıxılar, bu saat yıxılar! Amma yıxılmır. Qalxdıqca qalxır, yüksəldikcə yüksəlir, qalxıb-yüksəldikcə daha uzaqlardan, daha ucalardan görünür.  

Qədir Tanrı dərgahından uzaq düşməkliyin kədərli nəğmələrini oxuyurdu. O, öz səsiylə Füzulinin söz mülkünün qapısını döyürdü. Ora başqa cür getmək mümkün deyildi.

Ağdamdan didərgin düşməsi və ölənəcən doğma yurduna həsrət qalması bu hüznün sadə metaforası idi və əslində Qədirin işini bir az asanlaşdırmışdı. Tor­paqların işğalından sonra onu daha aydın başa düşdülər. Sanki tanrı belə bir dərd yaşatdı ki, Qədirin hüznünü anlasınlar, aşinalar yurdundan ayrı düşməyin acısını az da olsa dadsınlar.

Reyhanın dəstəsin bağlamaq olmaz…

Görəsən niyə? Səsin sehrimi belə sirli sözləri tapıb ortaya çıxarırdı? Reyhandı, bağlamırlar bağlamasınlar, nə olar ki? Heç nə olmazsa, bəs niyə bu misra bu qədər hüznlüdür? Altında hansı mətləblər qıvrılıb? Bəlkə bütün dərdimiz bu misranın sirrini aça bilməməyimizdədir?    

Qədir şərhi-bəyana sığmadı!

Hərdən yazıçı Anarın onu “Üzeyir ömrü” filminə çəkməsindən danışırdı. Demək, Qədir filmdə Məcnun rolunu ifa edən Cab­bar Qaryağdıoğlu obrazına çəkilib. Yəni, Qədir filmdə Cabbar Qar­­yağdıoğludur, Cabbar Qar­­yağ­­dıoğlu isə Məcnun obrazındadır. Situasiya bir az qarışıqdır deyə, Qədir ömrünün axırınacan bu vəziyyəti sözlə tam ifadə edə bilmədi. Gah dedi, Anara görə gəl­dim, yoxsa mən hara, Cabbar əmi hara? Gah dedi, roldu, kinodu, üzürlü bilin. Gah dedi, o da bir iş idi, oldu, mən kiməm ki, Məc­nun olam, Məcnunu Cabbar əmi yaxşı oynayıb. Hər dəfə də adamların onu başa düşmədiyini görüb sözünün sonunda əlini yellədi: “Əşşi, nə isə!”

Onun danışdıqları oxuduğunun qırıq-qırıq təfsirindən başqa bir şey deyildi. Və elə biz də Qədir haqqında, “Üzeyir ömrü” filmindəki rolundan danışan Qədir kimi danışırıq.

Qədir Rüstəmov indi öz qeybinə çəkilib, öz səsinə qovuşub.

Qəribədir, göyün dərinliklərindən sallanan iplə qalxıb yerin cazibəsindən çıxırsan və aşinalar yurdunda səni öz səsin qarşılayır. Anlayırsan ki, yer üzündə, adamların arasında gəzdirdiyin o çəlimsiz, əyri-üyrü bədənin bu səsin kölgəsindən başqa bir şey deyilmiş.  

Nur içində yatsın! 

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest