GenelGüncelKültür Sanat

ŞUŞA İLİNDƏN SON XATİRƏLƏRİM

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Xosrov Natil yazır

ŞUŞA İLİNDƏN SON XATİRƏLƏRİM

Mənə söz verməyin – 

Hər zaman səssiz-səssiz dinlədim, dindirməsələr dinmədim… Demək istədiyim odur ki, susmağı yaxşı bacarıram.

Səfərə çıxana qədər qorxu hissi keçirirdim; bu saat məni geri qaytarıb deyəcəklər ki, sənin adın siyahıda yoxdur.

Əvvəlcə Qərib Mehdi ilə görüşdüm, artıq bu qorxu keçmişdi, vəsiqəni alıb avtobusa əyləşdim, yol yoldaşım Rövşən Ramizoğlu idi, Türkiyədən istirahətə gəlmişdi, yolda bir selfi çəkdik. İmişlidə çay süfrəsində elə ayaqüstü bir neçə xanımın əhatəsində oldum. Yalquzaq kimi təkiydim, ilahi, mən bura təsadüfən düşmüşdüm, ya nəydi, heç kimin vecinə deyildim, uzaqdan uzağa Rəşad Məcidi, Elçin Hüseynbəylini, Yusif Rzayevi axtarırdım, insafsızcasına görünmürdülər. İmişli yolunun duracağında avtobusla çay evinin arası 20 metrdən çox olmazdı, amma isti adamı qarsırdı, Abşeron günəşinə şükür etdim.

Yolboyu Füzuli rayonun çöllərinə və obaların adsız oda yerlərinə baxa-baxa qalmışdım, kəndlərdən əsər-əlamət qalmamışdı, yalnız yol işarələrindən bilmək olardı ki, bura haradır. Tələbə vaxtı Zəngilandan Gəncəyə gedən zaman keçdiyim yollar bizdən çoxdan üz döndərmişdi. Füzuli aeroportunun qənşərindən keçib gedirik, avtobusun pərdəli şüşələrinin arxasından boz çöllərin ah-naləsini eşidirdim, sanki “çox gec qaldınız” deyirdilər.

“Bir ağ köynəkdə Şuşaya gedirəm” yazıb sosial şəbəkədə paylaşıram, xoşlayanlar az deyildi, bu ağ köynək məsələsində dostlarım fərqli fikirlər söylədilər. Qara geyimimə öyrəşən dostlarım təəccüblənirdi, bir il əvvəl almışdım, o zaman satıcıya bu köynəyi geyinib Şuşaya gedəcəyimi söyləmişdim. Sevdiyim bir xanımın yanında qürurlanmışdım, amma son anda adım siyahıda olmadı, o zamandan həmin ağ köynəyi geyinmədim, amma sən demə, mövlam məni həmişəki kimi darda qoymadı və o xanımın yanında məni sındırmadı. İndi həmin o ağ köynəyi geyinmişəm və Şuşaya gedirəm, sevinirəm. Bura arxa cərgədir, Məmməd İsmayılın qürbətdən gələn səsiylə onun bu misralarını xatırlayıram və Rövşənə pıçıldayıram: “Çağırın Məmmədi arxa cərgədən”.

Daşaltından keçirik, qalaya giriş dolama yollardan keçir, bu tərəf İrəvan qapısı adlanır.

…Şuşadayam.

Qarabağ otelinin 6-cı qatında Əbülfət Mədətoğlu ilə eyni odanın sakinləriyik. “Ədalət” qəzetinin fədakar redaktoruna bir az əvvəl yazdığım və hələ üzə çıxartmadığım bir yazının misraları yadıma düşür:

Mesaj yolladım

ünvansız, sərçəcik bir qız adına.

Bir də Mədətoğluna –

işğaldan azad olan

Zəngilan adına və Tuğa,

ömrün uzun olsun, – dedim – ay qağa.

…Şuşa gecəsinin təmiz və azad havasını ciyərlərimə çəkib qarşıdakı dahilərin heykəlləri önündəki qələbəliyə yaxınlaşıram. Üzeyir bəyin büstü yanında fotoya donub heykəlləşmək də bir qismətdir, deyə düşünürəm. Köhnə kişilərin Üzeyir bəyə olan sevgisi haqqında daha bir xatirə yadıma düşür.

Tovuzlu bağban Tağı (dostum Mehman Əhmədovun atası) Bakıya çox gəlməzdi, gələndə də Aşağı Quşçuda yetişdirdiyi tər qızılgülləri aparıb Bakıda Üzeyir bəyin heykəli üstünə düzər, sonra övladlarına baş çəkməyə gedərmiş. Bu əhvalat Üzeyir bəyə xalq sevgisinin çox kiçik nişanəsi idi. Təəssüf ki, belə kişilər sovet zamanında adı çəkilməyən şəxslərdən idilər.

Bu isə Nətavanın güllələnmiş tunc qiyafəsi…

Xan qızının həyatı haqqında düşünərkən, ağbirçək bir qarabağlı məcburi köçgün qadının işğaldan salamat gətirdiyi kəbin kağızını – 40 il əvvəl vəfat etmiş ömür-gün yoldaşının əl boyda cansız, daha heç nəyə, heç kimə lazım olmayacaq şərəf vərəqini öz ölümünün sonuna kimi saxlaması, solğun bir kağızın da mənfur əllərə düşməsini istəməməsi yadım düşdü.    

…Sübh obaşdan küçələri dolaşıb hasarların üzərindəki yazıları gözdən keçirirəm, ANAMA-nın rəsmi yazılı xəbərdarlıq nişanları aydın oxunur. Minalardan təmizlənmiş həyətlər, hasarlara yazılmış yer, məkan adları, döyüşlərdə iştirak etmiş əsgərlərin divarlara yazdıqları kəlmələr və s.

“Xarıbülbül” otelinin həyəti ağaclar, dekorativ kollar və bəzəkli çiçəklərlə bəzədilib, Şuşanın rəmzi olan eyniadlı maketin önündə şəkil çəkdirirəm.

Və sonra kitab sərgisi… Yan-yörəsi pis-yaxşı şeir qoxuyur, amma şeir demək üçün tüküm də tərpənmir. Diqqət yetirdiyim bir neçə xanım və hörmət etdiyim bir-iki yaşlı şair şeir söyləyir. İlqar Fəhmi, Səlim Babullaoğlu ətrafda nizam yaratmaq istəyir. Hətta şerlərini bir kəsin dinləmədiyinin fərqində olanlar da az deyildi.

Sonra, bərpadan sonra Vaqifin məqbərəsinin önünə ağ rəngli günlük papaqlarla günəşlənir. Azyaşlı bir ifaçının muğam parçasını, Anar müəllimin qısa giriş nitqini, qazilərin isti vətən şeirlərini dinləyirik. Sonra daha ünlü, adlı şairlər, sonra redaktorlu-qəzetli şairlər şeirlərini isti-isti oxuyur, balası ölmüş Vətəni ovutmaq istəyirlər. Bilirdim ki, məni şeir söyləməyə dəvət etməyəcəklər, amma yenə nə söyləyə biləcəyimi düşünürdüm, düşünürdüm ki, işdir, birdən kimsə fəhmə gələr mənə deyər ki, bəlkə sən də bir şeir söyləyəsən. Gözləntim suya düşür və söyləyəcəyim şeir dilimin ucunda qalır – “Oxuya bilmirəm özgə dilində”. Səfərdən sonra o şeiri feysbukda paylaşdım.

Oxuya bilmirəm özgə dilində,

Oxuya bilmirəm ərəbi, farsı.

Onsuz da bilirəm Gün hardan çıxır,

Gün necə fırladır bu Yeri, Marsı…

Oxuya bilmirəm özgə dilində,

Oxuyub yazmağı bilmirəm düzü.

Sovetlər dövründə oxuduğumdan

Anlaya bilirəm bir azca rusu.

Oxuya bilmirəm özgə dilində,

Nə latış, nə alman, nə də yaponu.

Anlaya bilirəm çiçəyi, gülü,

Bir də vətənsevər Adəm oğlunu.

Oxuya bilmirəm özgə dilində,

Gəl məni qınama bu lafdan bir az.

Söyləyə bilərmi bir yad əcnəbi

Öz Ana dilimdə Vaqifdən bir az?

Oxuya bilmirəm özgə dilində,

Orjinal, əlifba eynimə gəlməz.

Bilirəm botanik terminlərini,

Bilirəm latınca yazırdı Markez.

Oxuya bilmirsə Ana dilində,

Dəyməz bir nadandan umub küsməyə.

Nə bir tərcümana, nə bələdçiyə,

Nə də bir ehtiyac duydum kimsəyə.

…Günün ikinci yarısı Cıdır düzündə xəyallarım at çapır, düz 45 il əvvəl – 1977-ci ilin mayında Şuşaya gətirdiyim 19 yaşımı xatırladır. İndi dünyasını dəyişmiş tələbə yoldaşım Aişə xanımı və eyni fakültədən olan bir neçə dostlarımı yada salıram. Cıdır düzünün sərt qayasının qaşında əbədiləşmiş, əlimdən çıxan fotoşəkli daha tapa bilməyəcəm, çox yəqin. Yenə Cıdır düzü, yenə fotoşəkil – heç özümdə olmuram, nədənsə eynim açılmır. İşğal dövrünün bizdən aldıqlarını bundan sonra qazana bilməyəcəyik. İtirdiyimiz ömür, ən gözəl illərimiz bir də qayıtmayacaq.

…Ötən yüzilliklərin söz və saz deyimlərindən ibarət  kompozisiyası Nizamidən Vaqifə qədər çox gözəl sərgiləndi (dəfələrlə TV verilişlərində göstərildiyindən bu hissəyə nöqtə qoyuram).

…Səhər ertədən fasilədən istifadə edib Qalanın Gəncə qapısına enirəm, Ramiz Qusarçaylı ilə Şuşa yazısının fonunda şəkil çəkdiririk. Xarıbülbül reklamı ilə yanaşı durmuşam, sağ əlimi düyünləyib yuxarı qaldırıram, “Sən fəxr qalası – Şuşa qalasısan”, pıçıldayıram. Amma içimin düyünü açılmır ki açılmır. Nədən 28 il gec qaldıq, Şuşam. Mən tək özümü, öz doğmalarımı yox, bir milyon insanın arzularını, şəhid düşən ümidlərini və yaralı qəlblərini düşünür və təəssüf edirəm.   

…Ayın 15-idir, Vaqifin məqbərəsi önündə çəkilişdən kənar şeir söyləmələri başlanır, yazıçıların bir neçəsindən müsahibə alınır. Mənə söz verilməyəcəyini bilirdim, söz almaq üçün xeyli dalaşqan sözçülər vardı. Amma hər ehtimala qarşı kiminsə yadına düşər və məni şeir söyləməyə çağıra bilər deyə düşünürəm, çünki məni tədbirə dəvət edənlər bəlkə, şeir deməyə də dəvət edə bilərdilər. Düşünürəm ki, bu şeir yerinə düşərdi: “Həsrətin içimdə yaşayır”.

Adını demirəm eldən ayıbdı

Filankəsin qızı filan oynasın…

M.P.Vaqif

Həsrətin içimdə yaşayır, gülüm,

Həsrətin içimi oxşayır, gülüm,

Ya dəli olacam, ya şair, gülüm,

Adını içimdə çəkirəm indi.

Ayrılıq min ildi düşüb izimə,

Daha qısılmışam özüm-özümə.

Nə qədər adlar var durub üzümə,

Adını içimdə çəkirəm indi.

Günəşdən, Tanrıdan alıb gedirəm,

Kölgəmi çiynimə salıb gedirəm.

Adın “ismi-pünah” qalıb, gedirəm,

Adını içimdə çəkirəm indi

Bir ayrı sevgiyə könlüm ta yoxdu,

Özgəni yandıran çölüm ta yoxdu,

Adını çəkməyə dilim ta yoxdu,

Adını içimdə çəkirəm indi.

Amma əslində, “mənə söz verməyin, söz istəmirəm” adlı şeirimi çoxdan yazıb çap etdirmişdim: çünki “danışa bilmirəm boğazdan qəlbi”.

Mənə söz verməyin, söz istəmirəm,

Mənə deməyin ki, sən danış indi.

Danışa bilmirəm hər saat, hər an?

Danışa bilmirəm boğazdan qəlbi.

Mənə söz verməyin, sözüm yoxdusa,

Danışa bilmirəm, sözdən-nağıldan.

Sözümün canını deməyə qalsa,

Gərək dinləyəsən bir batman balnan.

Hər sözün şirini acı həqiqət,

Bircə “Ol” sözüydü sözün ulusu.

Hələ bünövrədən əyilmədi heç

Bircə yol sözümün məmmədqulusu.

Düşündüyüm kimi, mənə söz verilmədi.

…Günün ikinci yarısı toparlanıb geri qayıdırdıq. Düşüncələrim məni yormuşdu, gözlərim qan çanağına dönmüşdü. İlqar bəy avtobusu dayandırıb həkim çağırır, sosial şəbəkənin aktiv iştirakçısı olan xanım təzyiqimi ölçür: hər şey normaldır. Və avtobus yerindən tərpənir. İçimin qırılmış hissələri bu vətən hissinin tamını bilməzdi. İşğal olunmuş ərazilərin sağ qalan ən yaxşı bölgəsi Şuşadır. Amma nə Füzuli var, nə Qubadlı, nə Cəbrayıl, nə də Zəngilanım.

Deyim ki, Zəngilansız çox gücsüz idim… 

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest