GenelGüncelKültür Sanat

Sürəyyə Nəsib – Şeirler

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Sürəyyə Nəsib

              VERƏK

Gülüm, gülümüzü çəkməyək dara,

Günəşdən nur alaq, günə dan verək.

Bizdən ümid uman əziz dostlara,

Ümid verməsək də, xoş güman verək.

                   ⁎  ⁎  ⁎

Xislət var, sevgiyə şöhrət, şan verir,

Mərd ürək bədənə təmiz qan verir,

Dağlara təbiət sis, duman verir,

Biz kimik dağlara sis, duman verək ?

                   ⁎  ⁎  ⁎

Əbədi biganə ani düzəlmir,

Faniyə meyl edən fani düzəlmir,

Dildə can deməklə, cani düzəlmir,

Kimik ki, biz sənə təzə can verək ?

                   ⁎  ⁎  ⁎

Vədəsi çatmasa saçlar ağarmır,

Ürək dağlanmasa, nahaq dağ almır,

Bir halda sevgiylə, eşqlə düzəlmir,

Sağalmaz yaraya nə dərman verək ?

                   ⁎  ⁎  ⁎

Sürəyya, sevdadır yazdığın şeir,

Eşq, eşqlə sınanır, eşqə et meyil,

Ürək ali təhsil ocağı deyil,

Tarixdən, hesabdan imtahan verək.

           ELƏ SEV

Özünü yuxarı taxçaya qoyma,

Laiq ol, eşq adlı ləlimə mənim.

Həsrət xəncərinlə qəlbimi oyma,

Əlini mərd uzat, əlimə mənim.

                  ⁎  ⁎  ⁎

Göz-qaş süzdürərək keçmə yanımdan,

Elə et qan olum, keçim qanından,

Beş ala bilməsən imtahanımdan,

Toxuna bilməzsən, ölümə mənim.

                   ⁎  ⁎  ⁎

Qoymaram dumanı, çəni eşqimə,

Talib ola bilsən yəni eşqimə,

Gərəksiz sanaram səni eşqimə,

Eloğlu olmasan, elimə mənim.

                   ⁎  ⁎  ⁎

Elə sev, sevginə zay deməsinlər,

Adını bivecə tay deməsinlər,

Mənə də Sürəyya qoy deməsinlər,

Səni çevirməsəm, dəlimə mənim.

              ÖYRƏN

Sözlə göz çıxaran sözü danışma,

Sözü də deməyi sözümdən öyrən.

Qeybətlər deyənə şəklə yanaşma,

Sına, imtahan et, çözümdən öyrən.

                   ⁎  ⁎  ⁎

Aqili tac eylə, qına axmağı,

Əminlik olmasa çəkmə çaxmağı,

Dünyaya dünyada gözəl baxmağı,

Bax mənim gözümə, gözümdən öyrən.

                   ⁎  ⁎  ⁎

Neynirsən yaraqlı yalan sevgini,

Qoyma yaxınına solan sevgini,

Mənim sənə qarşı olan sevgimi,

Heç kimdən soruşma, özümdən öyrən

                   ⁎  ⁎  ⁎

Sevgində saf olsan mənə yetərsən,

Sevilsən, sinəmdə daim bitərsən,

İzimi silməyə qalxsan itərsən,

Düzgün iz salmağı izimdən öyrən.

                   ⁎  ⁎  ⁎

Sürəyya, öz eşqin sənə dardısa,

İsit baxışını, baxış qardısa,

Mənim sözlərimə şübhən vardısa,

 Get, məndən savayı yüzündən öyrən.

            VƏTƏNDİR

Daşkəntddə göz açıb dünyaya gəldim,

Köçdüm Azərbaycan ölkəsinə mən.

Döyünən qəlbimi ikiyə böldüm,

Sığındım onların kölgəsinə mən.

                   ⁎  ⁎  ⁎

Yerləri qəlbimdir,  qoymaram yenə,

Bakı da, Daşkənd də şanım olubdu.

Birisi gözlərim olanda mənə,

Birisi ürəyim, canım olubdu.

                   ⁎  ⁎  ⁎

İkisi birlikdə dolub qəlbimə,

Sanmıram onlara sevgim bitəndir.

Elə hər ikisi doğmadır mənə,

Elə hər ikisi mənə vətəndir.

              VARDIR

Mənə söyləyirsən axşamın xeyir,

Səni bəzəməyə söz pərim, vardır.

Bu qayğın şənimə çox dəyər verir,

Sən varsan, onunçün dəyərim, vardır.

                   ⁎  ⁎  ⁎

Sənin eşq dəryanda çəkirəm avar,

Görsə nisgilim var, o saat qovar.

Canım, hər ağacın öz meyvəsi var,

Mənim sevgi adlı bəhərim, vardır.

                   ⁎  ⁎  ⁎

Səni arzulayır könlüm dinəndə,

Çiçək tək görürəm səni çəməndə,

Geninə, boluna geniş sinəndə,

Ürək adlanılan şəhərim, vardır.

                   ⁎  ⁎  ⁎

 Dəyişmə, daima ol bu biçimdə,

Bu hal xeyirlidir özün üçün də,

Çağırsan gələrəm bir an içində,

Mənim xəyal adlı kəhərim, vardır.

                   ⁎  ⁎  ⁎

Arzunu qoymasın Tanrım gözündə.

Dözümün qoy olsun qaya dözümdə.

Xeyir  dilədiyin axşam sözündə,

Bil ki, Sürəyya tək səhərin, vardır.

               MƏN

Düşmənə baxışım iti oxdur, ox,

Gərək bu yöndə də vaxt ayıram mən.

Haqsıza deməyə sözüm  çoxdu çox,

Haqqın hüzurunda haqq lalıyam mən.

                   ⁎  ⁎  ⁎

Canıma hopana can deyərəm can,

Şanlı gecəni də dan bilərəm, dan,

Mərd dostun yolunda qan  verərəm, qan,

Sanmasın pak qanı laxtalıyam mən.

                   ⁎  ⁎  ⁎

Demirəm qızılam , dürəm, almazm,

Amma onlar kimi mən də solmazam.

Könlünü verənin, könlün almasam,

 Zənn edər ürəyi şaxtalıyam mən.

                   ⁎  ⁎  ⁎

Mərdlik salnaməmdir, saflıq qətimdir,

Sevdiyim el, millət, sevgim mətindir,

Sürəyya qürurun qırmaq çətindir,

Çünki Şərur qızı Maxtalıyam mən.

                 ATMA

Yerinə yetirmə desəm bürkü ol,

Sözün meydanına , sözü boş atma.

Çalış özünün ol, özününkü ol,

Özgə bostanına, özgə daş atma.

                   ⁎  ⁎  ⁎

Ümidi bağlama yad çətirinə,

Bat çiçək ətrinə, bat gül ətrinə.

Kirpik xatirinə, qaş xatirinə,

Gözdən, göz- qulaq ol, gözə yaş atma.

                   ⁎  ⁎  ⁎

Ömrünü elə sür, ömrü uzatsın ,

Qoyma sevən gözə, gözün buz atsın,

Yol vermə sıcağın qəlbin azaltsın,

Yaz nüxsən vardırsa , yaza qış atma.

                   ⁎  ⁎  ⁎

Çürük fikirləri şum eylə, xışla,

Ağıla yuvarlan ağılla, huşla,

Sevəni hədəf et, sevgini tuşla,

Qəmi də sirdaşa, dosta tuş etmə.

                   ⁎  ⁎  ⁎

Sürəyya, mətin sev, mətin dünyanı,

Asana qovuşdur çətin dünyanı.

Mərd ilə addımla bütün dünyanı,

Namərdin səmtinə, bir qarış atma.

             OLMAYA

Düz deyirlər, doğrudan da höcətsən,

Nahaq yerə döyüşməyin, olmaya.

Sən ki, dünya işlərinə bələdsən,

Gül olarsan, söyüşməyin, olmaya.

                   ⁎  ⁎  ⁎

Oxuduğun o nəğmədə əsas yox,

Eylədiyin şər həmlədə əsas yox,

Söylədiyin bir kəlmədə əsas yox,

Boş- boşuna deyişməyin, olmaya.

                   ⁎  ⁎  ⁎

Kimlərdənsən, kimdir zatın bilmirəm,

Harandadır sınıq çatın bilmirəm,

Kərtənkələ var ey , adın bilmirəm,

Onun kimi dəyişməyin, olmaya.

                   ⁎  ⁎  ⁎

Naxələflik izlə getmir, iz əyir,

Yaltaqlığı, yaltaq beli yüz əyir.

Düz deməyən dili, onsuz düz əyir,

Düz deyənlə əyişməyin, olmaya.

                   ⁎  ⁎  ⁎

Sürəyyayam misram gülə bürünüb,

Sənin hər qədəmin adi görünüb.

Bir yal üçün yaltaqlanıb , sürünüb,

Bəzi yerdən sürüşməyin, olmaya.

               SEVİRƏM

Mən ki, səndən öyrənmişəm sevməyi,

Dağ zirvəsi, yaşıl dərə sevirəm,

Ürəyim öz sevgisini edir cəm,

Deməsinlər, nahaq yerə sevirəm.

                   ⁎  ⁎  ⁎

Həsrət versən, çəkməyim ah neyləyim ?

Payım olub ya az, ya çox, neyləyim ?

Maşınım yox, təyyarəm yox, neyləyim ?

Mən ömrümü sürə- sürə sevirəm.

                   ⁎  ⁎  ⁎

Mən nə deyim, necə varam el görür,

Bir söz deyim, nə rişxənd et, nə də gül,

Bilirsənmi başqaları, başqa cür,

Amma səni başqa cürə sevirəm.

                   ⁎  ⁎  ⁎

Sürəyyayam, çoxdur inan umanlar,

İnamımla dava salıb gümanlar,

Özümə də aydın olub, son anlar,

Mən dünyanı sənə görə sevirəm.

  EY AZƏRBAYCANIM

Bayrağın bayraqlar cərgəsindədir,

Özün ölkələrin gözü olmusan.

Varlığın xalqların haqq səsindədir,

Bax, indi sən özün, özün olmusan.

                   ⁎  ⁎  ⁎

Dünyaya tanıtdı rəhbərim səni,

Yer, göy heyran olub gözəl hüsnünə

Müəllif:Nuranə Zaman.

Özümü ən xoşbəxt sanıram yəni,

Mən də sığınmışam sənin köksünə.

                   ⁎  ⁎  ⁎

Öndə addımlayır qeyrət, dəyanət,

Dünyamız adına söyləyir əhsən.

Deyirlər yox deyil, mövcuddur cənnət,

Mən isə deyirəm, elə o, sənsən.

                   ⁎  ⁎  ⁎

Ey Azərbaycanım, ey doğma diyar,

Azadlıq donunu geydin əyninə.

Ölkələr içində şah seçsəydilər,

Şah quşu qonardı sənin çiyninə.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest