Sülh bəşəri zərurətdir – Cavanşir Feyziyev
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
Fəlsəfə doktoru
Sülh bəşəri zərurətdir
Firavanlıq, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh mahiyyət etibarilə, bəşəri məfhumdur. Sülh hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürmüşdür. Bu mənada, əslində, sülhün günü olmur, çünki o, insanlığa hər gün lazımdır. Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 1981-ci ildən etibarən 21 sentyabr bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.
Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü, eyni zamanda inkişaf, tərəqqi və bəşəri təhlükəsizliyi təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Bu proses hər ölkədə və regionda onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.
BMT tərəfindən belə bir tarixi günün təsis edilməsində əsas məqsəd bütün ölkələri və xalqları həmin gün hərbi əməliyyatları dayandırmağa və ya sülh problemləri ilə bağlı təhsil və ictimai maarifləndirmə kampaniyaları keçirməyə dəvət etmək olub. Təbii ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən məfhumdur. Bu baxımdan, Beynəlxalq Sülh Gününün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Buna görə də cinsindən, yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, sülh arzulayan hər kəsin yardımına ehtiyac duyulur. BMT-nin Baş katibinin hər il Beynəlxalq Sülh Günü münasibətilə müraciətində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda, inkişaf, tərəqqi və bəşəri təhlükəsizliyə təminatdır.
Sülh naminə beynəlxalq səviyyədə aparılan fəaliyyətlər həyati əhəmiyyətə malik olsa da, hər yerdə qorunmur, müdafiə edilmir, milli münaqişələr daha da qloballaşır, coğrafiyası genişlənir, bütövlükdə bəşəriyyət üçün təhlükəli nəticələrə səbəb olur.
Ümummilli lider Heydər Əliyev xalqın təkidli çağırışı ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olan Xocalı soyqırımının əsl mahiyyəti açılmış və 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir. Ulu öndər böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, 1994-cü ilin mayında atəşkəs haqqında müqaviləni imzalamaqla müharibənin müvəqqəti də olsa dayandırılmasına nail olmuşdur. Bu isə təbii ki, insan təlafatının qarşısının alınması ilə bərabər, regionda sabitliyin yaranması, ölkəmizin iqtisadi və hərbi gücünün artmasına səbəb olmuşdur.
Ulu öndər həmin dövrdə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində ardıcıl tədbirlər görmüşdür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi üçün 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Bundan başqa, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində də bir sıra mühüm təkliflər irəli sürülmüşdür. Xüsusilə, 1996-cı ildə ATƏT-in Lissabon Zirvə Görüşü zamanı Ümummilli liderin siyasi uzaq görənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın haqq və ədalət hissini itirməyən 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuş, xalqımıza qarşı törədilmiş faciələr, soyqırım aktları tanınmışdır.
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının preambula hissəsində ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ən ülvi niyyəti kimi təsbit olunmuşdur. Ümummilli lider Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirilmiş, dahi şəxsiyyət 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülmüşdür.
Dahi şəxsiyyətin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran dövlətə çevrilmişdir. “Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır” – deyən dövlət başçısının apardığı gərgin daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyərək, ölkəmizin ərazi bütövlüyünü tanımışdır.
Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüququn hamılıqla tanınmış ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qeyd-şərtsiz həll olunması sahəsində zəruri addımlar atmışdır. Bütün bunlara baxmayaraq, 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təcavüz aktı nəticəsində mülki əhali arasında tələfat olmuş, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılmışdır. Ölkəmiz erməni təxribatının qarşısını almaq məqsədilə Vətən müharibəsinə başlamış və rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək tarixi qələbə qazanmışdır. Azərbaycan Ordusunun gücünə, Vətən oğullarının qətiyyəti qarşısında davam gətirə bilməyən düşmən noyabrın 10-da kapitulyasiya haqqında Bəyanatı imzalamağa məcbur olmuşdur. Ölkə başçısı cənab İlham Əliyev regionda sülhü bərqərar etmək istiqamətində qazanılan bu tarixi qələbəni belə şərh edir: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik”.
Bu gün öz ərazi bütövlüyünü bərpa edən müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir. Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir və hər zaman da belə olacaqdır.