SÖZÜN DADINI BİLƏN ŞAİR – ŞAHNAZ ŞAHİN
Şahnaz Şahin
SÖZÜN DADINI BİLƏN ŞAİR
Yaradıcılıq varlığın ən böyük üsyanıdır-deyirlər. Əgər yaratmaq istəyirsənsə, bütün şərtlərdən və qaydalardan xilas olmağa çalışmalısan. Əks halda yaradıcılığın kimisə təqliddən, ya da kimdənsə köçürtməkdən başqa heç nə olmayacaq…
Azərbaycan ədəbiyyatı bu gün adı hörmətlə xatırlanan, yaratdığı əsərlərlə müasir ədəbiyyatımızın təməl daşlarından olan şair və yazıçıların isimlərilə zənginləşir. Bütün zamanlarda poeziyanı öz taleyinə çevirə bilən, Azərbaycan ədəbiyyatında özünə məxsus yer tutan şair və yazıçılar olmuşdur. Belə yaradıcı insanlar vaxtı, qabaqlaya, fikirlərilə zamanı durdura bilirlər. İstedad və zəhmətin birləşməsindən yaranan poeziya nümunələri həmişə öz təravətini saxlayır, oxunur, alqışlanır. Son dövrlər sözün yaxşı mənasında şeir xeyli inkişaf etmiş, forma və məzmunca dəyişmiş, müasirləşmişdir. Formasından, yəni heca və ya sərbəst vəzndə yazılmasından asılı olmayaraq əgər şeirdə fikir, məzmun varsa, yazmaq xatirinə deyil, hiss və qəlbin ehtiyacından yaranıbsa, o əsər ömürlülük qazanır.
Çağdaş poeziyaımızın sayılan nümayəndələrindən olan Nazim Əhmədli də sözlə həmsöhbət olmağı bacaran şairlərdəndir. O, 1953-cü ildə dağlar qoynunda yerləşən Laçın rayonunun Əhmədli kəndində dünyaya gəlib. Orta təhsilini də elə doğma Laçında alıb. Sonra Ali təhsil illəri və Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya fakültəsində oxuduğu illər… Burada o, ədəbiyyatın sirlərinə dərindən yiyələnməyə çalışıb, dünya yazıçı və şairlərinin əsərləri ilə tanış olub. Zəngin mütaliəsi onun yaradıcılığında az rol oynamayıb…
Birinci Qarabağ savaşı, doğma yurd yerlərinin erməni işğalına uğraması onun ürəyində də, həyatında da silinməz izlər buraxıb. Nazim Əhmədli Müdafiə Nazirliyinin mətbu orqanı olan “Azərbaycan Ordusu” qəzetində şöbə müdiri işlədiyi vaxt müharibəyə hərbi jurnalist kimi getsə də, könüllü olaraq döyüşlərdə də iştirak etmişdir. Aradan keçən 30 ilə yaxın zaman içərisində isə vətən sevgisi və ağrısı onu heç zaman tərk etməyib. Sonralar Azərbaycan Yazıçılar Birliyində, 525-ci qəzetdə şöbə müdiri olub.
Hazırda dövlət işində çalışsa da, mənə elə gəlir ki, Nazim müəllimin ən böyük işi və vəzifəsi əlahəzrət sözün xidmətində dayanmasıdır. Şeirləri müxtəlif xalqların dillərinə, o cümlədən rus, alman, ingilis, türk və özbək dillərinə tərcümə olunub, kitabları xarici ölkələrdə çap edilib. Şair eyni zamanda müxtəlif dillərdən çevirmələr etməklə də öz potensialını sınamışdır. Müxtəlif səpkilərdə və müxtəlif illərdə yazdığı poetik nümunələrə nəzər salarkən, bu illərdə sözün də şairlə qol-boyun addımladığının şahidi oluruq. Nazim müəllim üçün mövzu qıtlığı yoxdur.
… bir çəhrayı yuxumdan
oyanıb qalxdım qəfil;
yuxum ərşə çəkilib;
şellənir səfil-səfil…
Yuxuların çəhrayı işığında haqdan gələn səsə hövlnak oyanıb söz dalınca ruhun səmasında sərgərdan dolaşan ruh adamıdır Nazim. Elə ki, axşam düşür, əl-ayaq yollardan yığışır, hər kəs soyuq qış gecəsi isti ocağının başında rahatlanıb gündüzün ağrılarını canından çıxarmaqdan zövq alır, bax bu zaman başlayır şair olanın günü… Nə isti otaq, nə zahiri rahatlıqdan dinclik tapa bilmir…
…bu ocaq köz-köz qaralır,
ürəyimdə söz qaralır;
elə bil hər yer qar olur,
günəş qızdırmır odamı;..
– deyəəllərini Tanrı dərgahına açıb daxili istəyini bəyan edir. Əlbəttə, şairlər Allaha onun peyğəmbərlərindən sonra ən yaxın olan adamlardır deyə eşidir səsini, damanda qoymur onu…
Dəyişkən zamanda yaşayırıq, zövqlər də, istəklər də müxtəlifdir. Belə bir vaxtda oxucunun könlünə yatmaq, onun ürəyincə olan ədəbiyyat yaratmaq asan deyil. Hələ nəzərə alsaq ki, nə qədər sözün külü ilə oynayan, xalq şairi Qabilin ifadəsi ilə desəm “şairciklər” var!.. O zaman söz deməyin nə qədər məsuliyyətli bir iş olduğu, üstünə şair adı götürməyin, çiynini böyük sözün altına verməyin ağırlığı aydın olar. Sanki elə bu düşüncələrlə əlinə qələm götürüb ürəyini kağıza boşaldır şair…
…yordu məni yor-yoxuş,
nələr olar, yır-yığış;
gəlmədi ki, yay, nə qış,
bir ayrı fəsil oldu;..
Nazim Əhmədli vətənini də, ürək açdığı qızı da, könül verdiyi sözü də eyni hərarətlə sevir. Bir zaman işğal altında olan doğma Laçın ağrısını sözə çevirir, düşünəndə belə ruhu o yerlərə uçur, torpağın, daşın halını soruşur, baxdığı hər yer ona “gəl” desə də qala bilmir, çünki o yurd yerləri düşmən əlindədir.
…qaldım uçuna-uçuna,
lənət kafirin xaçına;
həsrətim gedir Laçına,
dönüb əli boş qayıdır;..
Şairliyi alın yazısına çevirən, tanrı payına həmişə ehtiramla yanaşan şair, qələmini qəzəl və nəsr janrında da sınamışdır. Onun yazdığı “Mənim generalım” bədii-sənədli povesti mərhum general, öz bacarığı və zəhməti hesabına general-leytenant rütbəsinə yüksəlmiş, Qarabağın işğal edilməsini heç cür qəbul edə bilməyən Valeh Bərşadlının həyatından bəhs edir.
Şairin yurd həsrətli, ocaq dərdli bir qəzəlinə biganə qalmaq mümkün deyil. O, bu sətirləri əlləri qandallı, yolları bağlı olduğu illərdə qələmə alıb. Deyirəm nə yaxşı ki, Laçın da digər yurd yerlərimiz kimi artıq bir ildir ki, azadlığına qovuşub…
Laçın, ey xanimanım, dərdə giriftar olanım,
Qolu qandaldda qalıb, sinəsi bizar olanım…
Dünyada sözə tanrı kimi, tanrıya da söz kimi inanan şairdi Nazim. O əmindir ki, yalnız sözdən salınan yol tanrıya qədər uzana bilər. Hərdən hər birimizin nədənsə yorulduğu, bezdiyi vaxtlarımız olur, şair belə əlacsızlığının da çarəsini sözə sarılmaqda görür…
çıxıb getmək istədim,
dedilər yol açıqdı;
sözü ip tək əyirdim,
uzandı yola çıxdı;..
Nazim Əhmədli özünə də, sözünə də məsuliyyətlə yanaşan, təkəbbür və şəxsiyyətinə vurğunluqdan uzaq söz adamıdır. Uğurlarına uşaq kimi sevinir, amma heç vaxt eyforiyaya düşmür. Onun üçün söz çiçək kimidir, ona uzaqdan baxmaq, baxışlarla sığallamaq da bəs edir. Sözün rəngini də, dadını da yaxşı duyur, bilir ki, yetişməyən söz kal meyvə kimidir, gərək vaxtı çatanda dərəsən…
bir acı sözdən yıxıldım,
üzüm-gözüm qan içində;
qayıdın, götürün məni,
ölmüşəm bir an içində;..
Bütün şairlərin sevdiyi, rahatlıqla yaza bildiyi mövzu sevgidir. Kainatın dönmə səbəbi, vətən, ana məhəbbəti, könül varı olan eşq… Nazim də bu mövzudan uzaq qala bilməyib, oturub 25 yaşına sevgi məktubu yazır. Həsrətlə ilk məhəbbətin əbədiliyindən söz açır, eyni anda həm sevinc, həm də kədər hissi yaşada bilir oxucuya. Bu, sanki həm də əl çatmayan, zaman yetməyən gəncliyinə son hesabatıdır şairin…
hər gün yolum üstən bir gözəl keçər,
könlüm o gözəlin nazını tutar;
uzaqdan baxanda alışıb yanar,
yanımdan ötəndə gözünü tutar;..
Şəkil, şairin yaratdığı obrazlardan biridir. Hər şairin şəkil obrazı ola bilər və ona bu obrazlardan hansısa daha doğma ,ya da yad görünə bilər. Lap mənim “Şəklim məni tanımadı” şeirimdəki obraz kimi şəkli kədərlə üz çevirib gedə də bilər. Nazim Əhmədlinin də belə bir obrazı var, bəzən baxıb özünü tanıya bilmir…
kim çəkibdi şəklimi,
üzüm-gözüm kül kimi;
zaval vuran gül kimi,
solur bətim-bənizim;..
İndi dünya da, insanların dünyaya baxışı da çox dəyişib, amma kainatın yaradılışı, ilk insanın və bütün canlıların yaranması hələ də müzakirələrin mövzusu olaraq qalır. Müqəddəs kitabımız olan Quranda yazılanların bir çoxu hələ də sirr olaraq qaldığı halda, bəzi məsələlər elm tərəfindən də öz təsdiqini tapmışdır. İnsanlar özü də inanclı və inancsız olaraq iki qrupa ayrılır. Hələ də insanın yaranmasında Ç.Darvinin təkamül nəzəriyyəsinə inananlar var. Kimin necə düşünməsindən asılı olmayaraq isə, milyon illərdir ki, dünya öz işindədir. Kainatın bağlı qalan sirləri daha çoxdur… Hardasa oxumuşam ki, inanclı insanlar inanmayanlardan daha rahat yaşayır və uzun ömür sürür. Kainatın yaranması haqqında olan nəzəriyyələrdən biri ekpirotik nəzəriyyəyə görə bizim kainata paralel başqa bir kainat var … Nazim Əhmədli ürəyində Allah sevgisi olan bir şairdir. Bütün həyatını daxili inama söykənərək yaşamışdır. Bu inanc onun yaradıcılığından da yan keçməmişdir. Şair, kainatın, dünyanın üzünün sirli qalmasının tərəfdarıdır, düşünür ki, sirlər açıldıqca çox şeylər öz əvvəlki dəyərini və əhəmiyyətini itirə bilər… O, bəzən baxıb, boşluğu dopdolu, dolu olanı isə bomboş görə də bilir… Həyatda, cəmiyyətdə xaos olsa da, kainatda heç zaman xaos yaranmır.
Sözünə sahib olan şair və yazıçı üçün həmişə bir qorxu mövcuddur-vaxta uduzmaq! Hər bir kəs ürək deyənləri yazıb bitirə bilməməkdən yana gizli bir təlaş keçirir. Əlbəttə, bunu aləmə faş eləmir, yaşamaq, yazıb-yaratmaq istəyini sözə çevirməyə, daxili həyəcan və narahatlığını sətirlər arasında əritməyə çalışır… Məhz belə anlarda:
…Hələ bir az da yolum var,
Hava qaralınca gedim–
deyir Nazim Əhmədli. Mənsə sonda üzümü ona tutub deyirəm ki, hələ qələm sənə, sən də qələmə doğmasan, qarşıda bar verəcək illərin var, hava şəraiti səni qorxutmasın. Yaz-yarat, sözdən əbədiyyətə yol çəkməkdə sənə uğurlar olsun!..