Seyid Əzim Şirvaninin “Qəzet nədir?” məsnəvisi
S.Ə.Şirvaninin bu şeiri “Əkinçi” qəzetinin 01.09.1877-ci il tarixli 18-ci nömrəsinin əlavsində çap olunmuşdur.Təəssüf ki,qəzetin bu əlavəsinin materialları 1979- cu ildə Bakıda nəşr olunmuş “Əkinçi .1875-1877.(Tam mətni)”transliterasiya kitabına düşməmişdir.
Nəşrin tərtibçisi Turan Həsənzadə, redaktoru Əziz Mirəhmədovdur.
S.Ə. Şirvaninin “Qəzet nədir” məsnəvisində qəzetin ictimai fikir tarixindəki rolu yüksək qiymətləndirilib. Şair türkdilli oxucuları “Əkinçi”nin müdafiəsinə çağırır, qəzeti “pul tələsi” adlandıranlara acı-acı gülür:
“Bilməmiş rəmzini bu dünyanın
Söyləyir halını Amerkanın?
Hiç doğru deyil bunun nəfəsi,
Nə qəzetdir? Tamam pul tələsi.
Dedim: – Ey cahili-kərihxitab,
Gərçi nadanə yoxdu hiç cavab
Bu qəzet kim, olub cahanda bina,
Bunu kim ixtira edib aya?
Hansı millət bunu edib icad?
Hansı dövlət edib ona imdad?
Nədir ol millətin görək qərəzi,
“Həst əlbəttə dər diləş mərəzi” *(Tərcüməsi -Əlbəttə,ürəyində dərdi var-N.N. )
Hamı millətdə var qəzetlər çox
Demə kim, bunda hiç faidə yox.
Qəzetin çoxdu xəlqə mənfəəti,
Nə bilir kim ki, yoxdu mərifəti? ”
S.Ə.Şirvani şeirin əvvəlində qəzetə nadancasına qiymət verən bir nəfəri
elə o cahilin öz sözləri ilə ifşa edir:
Dün sual etdi bir nəfər cahil-
Ki,qəzetdən nədir bizə hasil?
Bu Həsən bəy nə istəyir bizdən,
Doldurub aləmi quru sözdən,
Danışır gah əkin,ziraətdən,
Gah maşın, gah özgə sənətdən,
Şərh edir gah süd qayırmağı-
Ki, qatıqdan belə çəkin yağı “….
Əslində cahilin sözləri “Əkinçi”nin ideya istiqamətlərini öyrəməyə xidmətedir. Bu,düşünülmüş bir həsbi-haldır.
S.Ə.Şirvani türkdilli mətbuatımızin ilk müxbirlərindən biridir.Onun bu fəaliyyəti türkdill oxuculara həm nəzm, həm də nəsrlə çatdırılmışdır. Həm “Əkinçi”də, həm də Ünsizadə qardaşlarının “Ziya” və “Kəşkül” adlı mətbu orqanlarında də S.Ə.Şirvaninin onlarla müxbir məktubları vardır.
Şairin bir neçə müxbir məktubu Səid və Cəlal Ünsizadələrin yazdıqları xülasələrdə verilmişdir. Təəssüf ki, S.Ə.Şirvaninin 2005-ci ldə latın
qrafikası ilə nəşr edilən 3 cildliyinə düşməmişdir.Bu,yaxşı çap işininn bağışlanılmaz qüsurlarıdır.
Müxbir məktublarından və eləcə də məzkur şeirdən məlum olur ki, görkəmli şair ana dilli mətbuatla yanaşı, rusdilli mətbuatı da ciddi mütaliə edirmiş.
S.Ə.Şirvani rus dilini bilirdi. Bu bilik ona rus dilində şeir yazmaq qabiliyyəti
vermsə də, hər halda S.Ə.Şirvaninin Şamaxıdakı rusdilli məktəbdə Avropada təhsil almış qabaqcıl əcnəbi məllimlərlə bir pedaqoj kollektivdə işləməsi görkəmli şairin mətbuat tarixindəki fəaliyyətində əhəmiyyətli rol oynamışdır. Seyid Əzimin “Qəzet nədir” şeirində Tiflisdə nəşr olunan “Kavkaz” və “Tiflisski vestnik” qəzetlərini təqdir etməsi , “Əkinçi”nin bu qəzetlərdən məqsədəyönlü şəkildə faydalanması bir çox nəsnələri incələməyə kömək edə bilər. Məlumdur ki, Həsən bəy Məlikzadə Zərdabi “Əkinçi” qəzetinin hər nömrəsi üçü Avropa mətbuatına da müraciət edirdi. Hacı Seyid Əzim Şirvaninin Zərdabiyə verdiyi dəyərli qiymətdə bu, xüsusilə vurqulanır Şeir də məhz bu fikrin təsdiqinə sübut olan misralarla qurtarır:
Gah Peterburqdan olur guya,
Gah olur Hindi-Şərqdən peyda.
Gah Dunaydan qəzet verir xəbəri,
Gah Parisdən gəlir onun əsəri.
Kəşf edir karxanədən səməri,
Söyləyir hər kraldən xəbəri.
S.Ə.Şirvaninin və eləcə də XIX əsrdə yaşamış digər maarifçilərimizin krallardan xəbər söyləyən məqalələrə və xəbərlərə üstünlük verən türkdilli mətbu orqanlarla əmkdaşlığının sistemli şəkildə öyrənilməsi fikir və düşüncə tariximiz üçün geniş üfüqlər aça bilər. Bu barədə ciddi fikirləşmək lazımdır.
Nazim Nəsrəddinov