Sevinc QƏRİB
Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan
BİR QARA ƏL OYNAYIR SEVİNCİMİN İÇİNDƏ
Ayrılıqdan vüsala salınıb bu körpülər,
Eh… hələ də uzaqlar yetimlik çəkir orda.
Qorxuram bu yolların etibarı qırıla,
Həsrət yerin bərkidir, təzə ev tikir burda…
Körpülərin tağları qırıq bəndə söykənib,
Bir qara əl oynayır sevincimin içində.
Gün təzə boylanırdı duman özün yetirdi,
Yenə yollar üşüyür yiyəsizlik biçimdə.
Bir talesiz yurd orda, üstü kədər örtüklü,
Bəxt güzgüsü çatlamış gəlin ömrüdü ömrü.
Çırağının nefti yox, suyu başdan bulanıb,
Ocağı közsüz qalıb, oğurlanıb kömürü.
Şeytan quyruq bulayır tüstüsüz bacasında,
Qapısında iblisin nökərləri yallanır.
İlahi göydən baxıb nə düşünür görəsən,-
O yurdun adamları yenə nəyə aldanır?!!
Yenə savaş oxuyur meşələrdən gələn səs,
Səbri daha dar gəlir bu torpağın əyninə.
Ağaclar qulağını söykəyib qayalara,
Güllələrin səsini həkk eləyir beyninə…
BİRCƏ GECƏ…
İnsafın olsun göy üzü
bir gecəlik
zülmətini çək içinə.
Bir ulduzu pay ver mənə
yastığımda rəqs eləsin
saçlarımın havasına.
Bir az nurundan götürüm
pərdə tutum qaranlığın
yuvasına…
Buz donunda təklik ruhu
var-gəl edir otağımda,
ayı ver çəkim üstümə
örtüyüm olsun bu gecə.
Qucaqlasın işıq məni,
qaranlığın canı çıxsın
yatağımda…
Həsrətin yorduğu ömür kimidi
qaranlıqdan doyan gözüm,
bir az yuxu umacağı,
bir az işıq istəyi var.
İnsafın olsun göy üzü,
bircə gecə
zülmətini çək içinə..
ƏLLƏRİMİ TANRIYA BORC VERMİŞƏM
Sənə nə könlümə yağan yağışdan,
Ruhunu, könlünü buz tutan adam.
Çəkmə izlərimi, çəkmə yoxuşdan,
Şeytanın evinə üz tutan adam.
Mənim ruhum başqa, düşüncəm başqa,
Quşun dimdiyində yem sevinciyəm.
Könlümə dost olur bəzən qarışqa,
Kimdi bu qəribdən küsüb inciyən.
Əbəsdir tənimə yetişmək cəhdin,
Məni dağ doğurub, səni dərələr.
Sənin savab ilə ötüşmək əhdin,
Xülyadı, önünə iman sərələr.
Çək uzağa duasız əllərini,
Mən göylərdən duaları dərmişəm.
Savab yazsın deyə əməllərimi
Əllərimi Tanrıya borc vermişəm.
Vicdan qamçılayıb atını, səndən
Çox – çox uzaqlarda dincini alır.
İnsaf da, mürvət də dolanır gendən,
Boğaza çəkməyə ülgücün qalır.
SƏN MƏNİM EVİMSƏN…
Guya ki, mən sənin evin deyiləm,
bu yuva, bu ocaq bizimki deyil?!
Gözündən asılan alovlu baxış,
ruhuna qovuşan ruh mənim deyil?!…
Ovcun əllərimin isti yuvası,
əllərin ovcumda ən əziz sakin.
Sən məndə var olan ilahi adam,
mən səndə yaşayan bəxtəvər qadın.
Bizim yaşamağa evimiz yoxdu…
sən mənim EVİMSƏN,
mən sənin EVİN…
YOXA, MƏCHULA ÇIXACAM…
Qapına gələn yorğunam,
Hanı qapının açarı?!
Yüz yalanda bir doğrunam,
Al evinə bu naçarı.
Aç, uyuyum dizlərində,
Dizlərin savaba batsın.
Hicran gəlib izlərimdə,
Qoyma diləyinə çatsın.
Alım gözümün ağrısın,
Sonra xəyala dönəcəm.
Lap əzab məni doğrasın
Könül taxtından enəcəm.
Yox olacam dumanlarda,
Gözümdə bulud bitəcək.
Bəlkələr də, gümanlar da
Düşüb yollarda itəcək.
Varıb qeyblərin göyünə,
Yoxa, məchula çıxacam.
Kilidlənib bir düyünə,
Kəndirə boyun sıxacam.
MƏN OLSAYDIM…
Güzgüdəki mənəm?!.
…yox, mən deyiləm,
mən olsaydım-
təbəssüm toxuyardı kipriklərim,
duyğu misralanardı gözlərimdə,
şeir dillənərdi baxışlarımda…
Mən olsaydım-
üşüməzdi əllərim,
ağlamazdı saçlarım,
ağrımazdı qollarım.
Mən olsaydım-
yıxılmazdım sənsizlik adlı ağrının
ayaqlarına,
yoxluğuna bürünmüş dünyanın
havasızlığından
asmazdım nəfəsimi,
sükutu qucaqlamazdı qulaqlarım,
qaranlığı öpməzdi gözlərim..
Mən olsaydım-
sevinc oynaşardı dodaqlarımda,
kədər çiliklənərdi yanaqlarımda…
Güzgüdəki mənəm…
çəkildim göylərə..,
ruhum çırpınır Tanrının ovcunda
kəpənək kimi…
YIXILMAZDI ÜRƏYİMDƏN ADAMLAR
Bircə adam saxlayaydın gözümdə
Kiçiltməzdin ucaltdığım “dağları”
Bircə ümid, bircə inam, tək güvən…
Qaraltmazdın dürr bildiyim “ağları”
Gətirməzdin gözlərimə payızı,
Başlamazdı yarpaq-yarpaq xəzanlar,
Yalanına bulaşmazdı taleyim,
Yıxılmazdı ürəyimdən adamlar.
O qadın da yalançıymış, İlahi,
Aldandım şeytanın mələk üzünə.
İblisiymiş, qaranlığın Allahı
İşıq kimi görünürmüş gözümə.
O adam da babasıymış günahın,
Savab bilib yar seçmişəm özümə.
Düz sözəydi apardığım pənahım
Güvəndim…aldandım kişi sözünə
TA RUHUM YERDƏN İYRƏNİB
Əlim havadan asılı,
Duam ovcumdan tökülür.
Dilim ağzıma qısılı,
Özüm abrıma bükülü.
Dualarım çatmır göyə,
Uzaqdı Tanrının yolu.
Eşitmir çağıram deyəm:
“Öldür, ay Allah bu qulu”
Ta ruhum yerdən iyrənib,
Göyə çəkilmək istəyir.
Çoxdakı cana öyrənib,
Candan sökülmək istəyir.
Susadığım arzular kəm,
Qulağım səsə küylənir.
Gözlərimin dibi hey nəm,
Dinsəm “yağışım” sellənir.
TANRIYA…
Boş əlim, boş qucağım,
Alışmadı ocağım.
Yox daha umacağım,
Çək göyünə, çək məni!
Sevgim tənha qarıdı,
Dərdim məndən yarıdı.
Üzüm sənə sarıdı,
Çək göyünə, çək məni!
Dibi su tutmaz quyum,
Bəxtimə çatmaz boyum,
Nə yatdım, nə də doyum,
Çək göyünə, çək məni!
Ümidlərə sarıldım,
Üz görmədim qırıldım.
Bu ömürdən yoruldum,
Çək göyünə, çək məni!
Sevinc Qərib
Laçın şəhərində doğulub. Orta məktəb illərindən şeir yazmağa başlayıb. 1992- ci ildən məlum işğal hadisələri ilə əlaqadar ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşıb. Yeniyetmə yaşlarından məcburi köçkünlük həyatı yaşayan, yurd acısı çəkən S.Qərib Sumqayıtda ədəbi yaradıcılığa davam edib. Şeir və məqalələri ilə müxtəlif qəzet səhifələrində görünüb. İş fəaliyyəti və şəxsi həyatındakı problemlərlə bağlı xeyli müddət ədəbi mühitdən uzaq qalıb.
Yazmağa davam etsə də dərc olunmaqdan imtina edib. 2016-cı ilin sonlarından təkrar ədəbi mühitdə görünməyə başlayıb. Mütəmadi olaraq dövrü mətbuatda, müxtəlif qəzet və dərgilərdə, saytlarda şeir və digər yazıları ilə çıxış edir. 2017-ci ildə “Hardasa o uzaqlarda…” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Kitabın ilk və geniş təqdimatı Sumqayıt “Poeziya Evi”ndə keçirilib. Özünəməxsus yaradıcılığı, fərqli üslubu qələm əhli və oxucular tərəfindən rəğbətlə qarşılanır. Yaradıcılığı haqqında müxtəlif müəlliflərin təhlil məqalələri var. Türkiyə türkcəsinə uyğunlaşdırılmış bir neçə şeiri “Baküden Fethiyeye Gönül Körpüsü” adlı antalogiyada yer alıb. Cənubi Azərbaycanda fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq dərgidə dəfələrlə çap olunub.”Dəlidağ” Ədəbi Birliyinin sədr müavini, eyni adlı saytın ədəbiyyat şöbəsinin redaktorudu