Sevinc Azadlı şeirleri
Bir söz desəm.
Bilirdim ki, sən qismətim deyilsən,
Yenə sevdim, doğma bilib özümə.
Zülmətimi aydınladan nur idin,
İşıq idin qaranlıqda gözümə.
Dərin qəflət yuxusunda yatmışdım,
Öz başımı dərdim ilə qatmışdım,
Sevincimi ətəyimdən atmışdım,
Gəldin gülüş bəxş elədin üzümə.
Xəyalımda səni mənə yazırdım,
Hər yuxumu ayağına yozurdum,
Sənsizliyə sənə görə dözürdüm,
Yorulmazdım baş qoysaydım dizinə.
Unutdurdun doğmaları, yadımı,
Bir söz desəm qırmazsan bu qadını?
Qadan alım bəs nə vaxtsa adımı,
Qoyarsanmı ipək saçlı qızına?
Sevinc Azadlı
22.11.2024
ŞEİR QATARI
Apar, istədiyin yerlərə, apar,
Mən sənin yolçunam, şeir qatarı.
Səninlə məramım mənzilə çatar,
Mən sənin yolçunam, şeir qatarı.
Apar bəndlərində uzağa məni,
Ovsunla, salaraq tuzağa məni,
Sevmişəm, sevirəm, sevəcəm səni,
Mən sənin yolçunam, şeir qatarı.
Səninlə rənglənir ruhum, dəm alır,
Ürəyim ağlımla birgə cəm alır,
Nəfəsim sətrinə meylini salır,
Mən sənin yolçunam, şeir qatarı.
Bir eşqə sarılacaq
İki gəncin şəninə qurulubdur bu məclis,
Yığışın ay dost-tanış təbrik etməyə gəlin.
Pənahında saxlasın yaradan bu cütlüyü,
Görün necə yaraşır bir-birinə bəy, gəlin.
İki sevən ürəyin qovuşduğu zamandır,
Alqış edin, dualar yağdırın yerdən göyə.
İki cüt göz gözləyir ən doğma olanlardan,
Onların şən gününü gözəl sözlərlə öyə.
İki cüt qol birləşib bir eşqə sarılacaq,
İki ruh qovuşacaq yerlə göy arasında,
Bir məhəbbət kök salıb əbədi bitəcəkdir,
Eşqlə baxan gözlərin iki cüt qarasında.
Bir ev yola salacaq, bir ev qarşılayacaq,
Mələk üz, şirin dilli, sərv boylu qızını.
Oğul qazanacaqdır bir ev də bundan belə,
Rəbbim nə xoş yazmısan bu dəfə də yazını. Firavan yaşasınlar, birlikdə qocalsınlar
Ömür boyu sevənlər, nolar ali Yaradan.
Həyatın əlvan üzün nəsib eylə onlara,
Bircə gecədən başqa gün göstərmə qaradan.
Sevinc Azadlı
14.11.2024
BƏXTİMMİ YATIB MƏNİM?
Dirənib arzularım çıxılmaza bu yaşda,
Tab gətirmir ürəyim, ağlım da çaşıb başda.
Puç olan xəyallarım ölürlər asta-asta,
Sonummu çatıb mənim?
Ümidin güman yeri olduğundan dayazdır,
Gecəsini demirəm, gündüzü də ayazdır.
Mürəkkəbimi bitdi taleyi sönük yazdı,
Başımı qatıb mənim?
Niyə belə axsayır qismətimin kəm bəxti,
Hansı nəzərli gözlər taleyimə kəm baxdı.
Çırpınmaqdan yoruldu yuxu tutdu, göz axdı,
Bəxtimmi yatıb mənim?
Niyə işim tərs düşüb, niyə başım bəlada,
Qulaqlarım doyubdur həşir salan fəryada.
Dibi sonsuz, qaranlıq, keçilməz bir dəryada
Gəmimmi batıb mənim?
Heç rastıma çıxmadı bəxtimə bənzərindən,
Bir şeş qoşa düşmədi hətda nərdin zərindən.
Qəzəbimi tutubdur, biryolluq nəzərindən
Rəbbimmi atıb mənim?