Genel

ŞEİR YAZMAQ SƏNƏTİ

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Şahnaz Şahin

ŞEİR YAZMAQ SƏNƏTİ

“Şeir-halal olan bir sehrdir” Mövlana

     Bu gün səhər də oyananda ilk işim saata baxmaq oldu, baxmayaraq ki, günə heç bir planım yoxdu və mən heç hara tələsmirəm. Bəli, bu sadəcə vərdişdir, lap elə hər gün dişlərimizi fırçalamaq kimi. Onsuz da günlərin xəzəl kimi havaya sovrulduğunun hər saat şahidi oluruq və əlimizdən də bir iş gəlmir.! Guya həyatımızı zənginləşdirmək ya gələcəyə iz buraxmaq və ya elə yazmaq ehtiyacımızı ödəmək məqsədilə vaxtdan öğurladığımız zaman nəyi dəyişir ki…Uzaqbaşı təskinlik tapacağıq vəssalam. Son günlər mütaliəyə  çox yer verirəm nəinki yazmağa, özü də “əcnəbi şeirlərə” daha çox üstünlük verirəm, həm də onu yerli şeirlərlə müqayisə edirəm.  Baxıb görürəm  bizdə açıq pafos, qəm, kədər, atılmaq acısı, nakam məhəbbət, göz yaşı,  həyatın tərs üzü, ölüm, ayrılıq  əsas mövzudursa əcnəbi şeirlər daha sadə, tamamilə pafossuz, əsasən qısa və konkretdir. Düşünürəm  hər ölkənin fərqli iqlimi, havası, suyu, bitki örtüyü, bir sözlə təbiəti, fauna və florası olduğu kimi elə poeziyası da, musiqisinin də fərqli olması əslində  bir qanunauyğunluqdur ki, bu da genetik kodla əlaqəlidir. Nə bilim.. Burada, bizim ölkəmizdə çox xoşlayırlar qəm-kədər aşılayan şeirləri, necə deyərlər, bazar tənzimlənir, yəni tələb təkliflə üst-üstə düşür. .  Amma…

  Yadıma Tahir Əkbər, rəhmətlik bəstəkarımız düşdü, 2000-ci illərdə bərabər mahnı üzərində çalışarkən Oqtay Kazımov da təsadüfən onlarda idi. İkisi də zamanın böyük musiqi nəhəngi, mən də o zaman meydana təzə çıxan ürkək şair…, hələ heç kitabım da nəşr olunmamışdı! Dəftərdə olan şeirləri oxuyub təriflisini tərifləyir, lazım bildiyi yerdə nöqsanımı göstərirdilər. Nöqsan da ən çox pessimist düşüncələr idi ki, bu bəstəkarı qane etmirdi. Sevgidən yazılan şeirlərə də çox həssas yanaşan bu insanın bir fikri indi də yadımdadı :

-Şeirlərdə “başyoldu” sevgi , qaraçılıq, yersiz və süni hisslər yığını, pessimizm  olmamalıdı, şeirin heç olmasa sonu pozitiv notlarla köklənməli, sanki günəş doğmalı, yağış kəsməli, duman çəkilməli, hava açılmalı, hər tərəf aydın görünməlidi!.. Oxucu əmin olmalıdı ki, yağışdan sonra mütləq günəş çıxacaq!..Bu arada qəfildən üzünü Oktay müəllimə tutub soruşdu :

-Oqtay, sən Cabir Novruzla çox işləmisən, heç onun şeirlərinə dəyişiklik etmisənmi?

 Oqtay Kazımov özünə məxsus üz ifadəsi və şirin dililə : -Mən, Cabirin bütün şeirlərini pozub təzədən yazmışam!..-dedi.

Əlbəttə , bu “bütün” ifadəsi mahnı mətnlərinə aid idi, Allah hər üç nəhəng sənətkara rəhmət eləsin…Əsərləri Azərbaycan yaşadıqca yaşayacaq…

   Bəzi yazarlar var ki, nəinki başqa yazarları, çox zaman özü özünü təkrar edir. Təkrarçılıqdan uzaqlaşmağın asan yolu bundan vaxtında narahat olub, ən azı özünə etiraf  etməkdi . Belələri  nə yaxşı ki, var və mən onları güclü, əsil söz xiridarı sayıram. Elə  “şair” də var günlərlə bir qafiyədə ilişib qalır və bənzər söz tapmadığından əzab çəkir. Mən başa düşürəm, sərhədləri aşmaq, şeirdə on illərlə özünə yer eləmiş çərçivələri sındırıb çıxmaq, fikri, sözü meydana əl-qolu bağlı kölə kimi deyil , azad gətirmək, özü də bununla ədəbiyyata nəinki ziyan vurmaq, tamamilə təzə ruh, yeni yön, müasirlik vermək asan deyil, amma kim bunu edə bilirsə özü də qazanıb, elə poeziya da!.. Şeir zülmlə, zillətlə, məcburi şəkildə yazılmamalıdır, sözlər də su qayalar, daşlar arasından özünə yol açaraq süzülüb dərya yaratdığı kimi gəlib sonda möhtəşəm bir şeirə çevrilməlidir. Nə qədər mürəkkəb sözlər işlənir, çətin variantlar seçilirsə təbiilik o qədər pozulur. Həqiqi poeziya ana südü kimi adi və sadə olduğu qədər də saf, bənzərsiz, qatqısız  sözlərlə zəngin poeziyadır. Belə əsərlər tez yadda qalır, sevilir, unudulmur.

Analardır adam edən adamı,

Işıq kimi önümüzdə gedər.

Sizi də bir ana doğmayıbmı?

Analara qıymayın, əfəndilər.

Buludlar adam öldürməsin! ( N.Hikmət)

Dövrümüzün görkəmli şairlərindən Şəhriyar, Rəsul Rza, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Bəxtiyar Vahabzadə,  Xəlil Rza Ulutürk, Məmməd Araz, Fikrət Qoca, Vaqif Səmədoğlu, Cabir Novruz, Nəriman Həsənzadə, Nəbi Xəzri , Hüseyn Arif  və adını saya bilmədiyim neçə poeziya nəhəngini düşünün, şeirlərini oxuyun, görəcəksiniz ki, heç biri “sözün başına ip salıb” oynatmayıb, sadəcə astaca, ustaca sözə bir kəpənək toxunuşuyla əbədiyaşar əsərlər gətiriblər dünyaya…Amma hamımıza gün kimi aydındır ki, şeir yazmaq adi iş ya da vəzifədən doğan borc deyil, istedadla zəhmətin birgə bəhrəsidir və bu prosesin də ağrılı-acılı olması təbiidir. 

Poeziya-insan beyninin ən gizli, ən sirli qatlarına nüfuz edərək, orda tamamilə yeni bir sistem yaratamağa qadirdir. Onunla insan qəlbinin gözlə görünməyən yaralarına məlhəm qoymaq və şeir deyilən bir qeyri-maddi güzgüdə onun özünü özünə göstərmək mümkündür. Əslində özünü yazan, amma bundan bəzən xəbərsiz olan insanın özü də getdikcə dəyişir və elə təsvir etdiyi obrazın özünə çevrilir.

Amerika şairi Marie Houvenin fikrincə “poeziya bizim indi yaşadığımızı və bir zaman öləcəyimizi bilir.!”  Deməli, o canlıdır, nəfəs alır, görür, eşidir, duyur.. və bizim onun başına açmaq istədiyimiz oyunlardan xəbəri var…Bəlkə yazığı gəlir elə?..Kim bilir.. Bir dəfə Xalq şairi Fikrət Qoca ilə müsahibəni oxumuşdum, ona verilən təxmini belə bir suala: – Koronavirusla bağlı da nəsə yazmısınızmı ?

Şair cavab verərək bildirir ki, yox, yazmamışam, çünki virus gəldi gedərdi, ona yazılanlar da elə, amma poeziya gələcəyə hesablanmalıdır!…

Bir də bu aydındır ki, hətta ən yaxşı şairin də zəif şeirləri olur və bu normaldır. Bundan qorxmaq lazım deyil. Ted Kooser (Amerikalı şair) hətta söyləyir ki, “mən hər gün yazıram, amma ildə ən çoxu 8 yaxşı şeir yaza bilirəm… “

    Şeir yazmaq da bir sənətdir, lap elə idmanın mürəkkəb bir növü kimi, həkimlik kimi, axı idmanda da düşünülməmiş atılan addım məğlubiyyət gətirir, səhv diaqnoz isə insan həyatına son verə  bilir..  Yazarın güclü mütaliəsi olmalıdır, çoxlu sayda şeir oxumalıdır.  Elə müşahidə etmək vərdişi də mütaliə qədər gərəklidir. Olur ki, hansısa bir gözəllikdən, ya hadisədən təsirlənərkən, ürəkdə şeir yazmaq hissi baş qaldırır, bu təbiidir. Amma unutmayın, hələ  hiss etdikləriniz, gördükləriniz necə deyərlər “bişməyib”, bu silkələnmədən beyninizdə “çat yaranıbsa” belə, tələsmək olmaz. Duyğularınızı uzun müddət özünüzlə gəzdirin, arındırın, ona quluq edin, sahmana salın,  onunla “danışın”, söhbət edin ta o vaxta qədər ki, bir gün heç özünüz də gözləmədiyiniz anda özü üzə çıxa, hansısa şeirinizdə bir yeri tuta və yaxud yeni bir şeir kimi doğula! Bu hər hansı formatda mütləq üzə çıxacaq, buna əmin olun… Bir də yazdığınız sizi qane etmirsə, onu cırıb atmaqdan da çəkinməyin…

İlhamsız yazılan şeir-

Iştahsız yeyilən tikə,

Ürəksiz kəsilən çörəkdi…

Yemə-boğazında qalacaq,

Kəsmə-bir gün səni tutacaq.

     Yaxşı şeir ikinci nəfəs kimi bir şeydir, süni nəfəs aparatına qoşulan xəstənin yaşamasına ümid nə qədərsə, dünyaya “qeyri-təbii” yolla gələn şeirlərin də ömrü o qədərdir. Bütün mənalar sözlərdədir, söz özü də xırda sözcüklərdən ibarətdir, yəni bir növ molekullardan.  Elə o xırda sözcüklərdən böyük şeirlər yaratmaq bacarığıdır şairlik. Yaxşı şeir heç kəsə yalvarmır ki, onu oxusunlar, onun alıcısı başı üstündə olur! Xanəndəlikdə bir məqam var, deyirlər ki, səsi boğazda qısmayasan gərək, şeiri də ağılla deyil, hiss etdiyin, gördüyün kimi  yazmaq lazımdı, daha əlini-qolunu, ayağını sındırıb, “birdən anlaşılmaram” qorxusu ilə vurub şikəst etmək yox!…

…Şairlik həm də sanki bir növ dəlilikdir, həqiqi söz, sənət adamını fərqləndirən, onu sənətçi edən onun xüsusi istedadı, bəzən Allah vergisi də deyilən ruhi gücüdür.. . Hər bir əşya ya predmetin həqiqi və poetik olmaqla iki məna tutumu var, bax o ikincini həmin şairlər bilir. “Peyğəmbərlərdən sonra şairlər gəlir” deyirlər. Şairin də meracı xüsusi ruh halında olduğu zaman baş verir. Yerdən ayrılıb meraca gedən şairin geri dönərkən “özüylə gətirdiyi” isə yalnız tanrının icazə verdyi qədər olur.! Merac deyilən məkan da elə uzaqda deyil, şairin öz içindədir…Nisə Bəyimə görə “adam hətta öz içində batıb qalab bilər, dərinlik təzyiqində yaşamaq çox təhlükəlidir. Hər söz, hər fikir,hər dərk, hər kəşf üçün dərinliyə enmək, bir inci, bir sədəf, bir dürr tapıb nəfəsi qarala-qarala geri dönmək və yenidən əvvəlki normal, təbii vəziyyətinə qayıtmaq həqiqətən çox əzablı və ağrılı prosesdir, elə təkcə nəfəs almaq mümkün olmayanda geri dönməyə məcbursan…Bunu qramafonlar, hazır ifadə və sözlərdən nəzm düzəldənlər anlamaz…”

    Fəlsəfədə təhtəlşüur, ya altıncı hiss, ya da şüuraltı adlanan bir məfhum mövcuddur, şairlər həmin hisslə duyur, ona görə də digər insanların baxıb görə, anlaya, qavraya bilmədiyini şairlər anlayır, səmavi informasiyaları qəbul edib sözə çevirir, ona fərqli libas geyindirir və şeirə gətirir. Belə şairlərin bütün dövrlərdə çox zaman doğru anlaşılmamaq problemi olur, axı insanın özünün yaranışı belə sirr və hikmətdir. Belə olanda isə o təklənir, tənhalığa çəkilir…Diogeni günün günorta çağı bazarda adamlar arasında  əlində çıraqla görüb soruşurlar nə axtarırsan? Cavab verib deyir ki, İnsan axtarıram!…

Kimsə yada salmaz məni,

Gəlib açmaz ah qapımı.

Eh, bu səfil, bu sərgərdan,

Bu kral, bu şah qapımı…

Yalan sözdü, yalan anddı,

 Bir “ol” sözündən yarandı.

Üzü Tanrıya olandı,

Gəz otaq-otaq qapımı..

Hə,  bir də  demək istəyirəm ki, yaxşı şeir yazmaq üçün hətta normal düşüncə tərzindən də çıxmaq lazımdır, anormallıq sayılan düşüncə tərzi hamının eyni cür gördüklərini tam başqa biçimdə göstərəcək  və o zaman ortaya fərqli şeir qoya biləcəksən. Elə Vaqif Səmədoğlunun bu şeiri kimi…

Yol verin, çəkilin,

pəncərənin şüşəsiylə 

bir yağış damlası axır.

Yağış damlası axır,

axır təmənnasız.

Nə Allaha,

nə dünyaya,

nə insana 

tutub üzünü!

Axır , pəncərə şüşəsində

neçə ayın tozunu yuya-yuya.

Aşağı, yalnız aşağı..

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest