GenelGüncelKültür Sanat

Sehirbazın nağılı –  Hekayə – Gülnarə Sadiq

Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi

Gülnarə Sadiq

Sehirbazın nağılı

              Hekayə

         Çoxları dərdlərini, qayğılarını, həyəcanlarını, bəziləri isə ümidlərini əlinə alıb gəlirlər bura. Buralarda  məhşurdu bizim Gəncənin Xan Bağı. Şəhərin elə bir sakini olmaz ki, bu parkla bağlı xatirəsi olmasın. Elə günlər olur ki, burda addımlayarkən insanın ruhu lərzəyə gəlir, əzəmətli qəhqəhələr eşidirsən, bəzən də gileyli-narahat fısıltılar… əlimi qoca çinarların qırışmış gövdəsinə çəkərkən burda xanların əl izlərinin hərarətinin hələ də qaldığını hiss edirəm, onların bu məkanı heç vaxt tərk etmədiklərinə inanıram. Axı burda onların da xatirələri var, onlar da burda addımlayıblar – həsrətlərini, xatirələrini bu çinarlarla bölüşüblər. Qəribə ayaq səsləri qulağıma gəlir. Çoxları bu səsləri duymur, hiss etmir, amma, mən və o, biz bunları çox yaxşı hiss edirik.

Onun parka gəlişi ayrı bir gözəllik verirdi. Onu hamı çox sevirdi, ona hamı bağlanmışdı. Qara paltosu, boz, enli şalvarı, gözündəki qara eynəyi, qısa saqqalı, yamaqlı ayaqqabısı olan bu qəribə geyimli, uzun, dağınıq saçlı bu adam hamı ilə dostlaşırdı. O, parkda peyda olandan sonra bura gələn heç bir uşaq ağlamırdı, heç bir yaşlı adam dərindən ah belə çəkmirdi. Bu qəribə sehrbaz öz oyunlarından çox öz varlığı ilə hər kəsi sehrləmişdi.

Keçənlərdə parka qoca bir nənə gəlmişdi, əyni-başı da yaman günlü. Gözə dəyməyən, kənar bir yerdə skamyada oturub elə için-için ağlayırdı ki, kənardan baxan adamın içi göynəyirdi. Və, budur, bizim parkın gülüş mələyi özünü yetirdi. Qoca nənəni elə ürəklə qucaqladı ki, nənə bərkdən hönkürməyə başladı. Qadın bir az sakitləşdi. Onun qulağına nələrsə pıçıldadı… bir neçə dəqiqə sonra nənənin üzü gülürdü.

Bax, bu iki gənc sevgili də bu parkın daim sakinləridi. Hər gün eyni saatda burda, qoca çinarların budaqları altında əl-ələ tutub gəzirlər. Onlara baxdıqca düşünürəm ki, sanki çinarlar onlara öyrəşib, bir neçə dəqiqə geciksələr o saat kədərə qərq olurlar. Bizim sehrbaz da onlara alışmışdı. Hər gün onlar üçün xüsusi nömrələr düşünürdü.

Hələ bir dəfə bizim bu sehrbaz əsl möcüzəni də bacardı, gecə evindən qaçıb, intihar etmək istəyən gənc oğlanı xilas etdi. Bu dəfə yaman acılqı idi. Oğlanın telefonun yerə necə çırpdısa telefon çilik-çilik oldu. Əvəzində bir nömrə göstərdi, sehrli papağından bir kitab çıxarıb oğlana verdi. Tapşırdı ki, bu kitabı oxuyub bitirdikdən sonra bir də gəlsin parka, onun sehrli papağı ona hər dəfəsində yeni bir kitab çıxaracaq… Bir müddət sonra həmin oğlan altıncı kitab üçün gəlmişdi sehrbazın yanına.

                            ***

-Aaaa…ta, a…ta.

-Hay can qızım. Ata gəlib, burdadı.

-Məəə….n, mməən buuunu…

-Nəyi canım mənim?

-Baacccarddıımm…

Aysun barmaqlarının arasından tutduğu kağız parçasını ona uzatdı. Kərim kağızı götürüb açdı, sonra öpüb dolmuş gözlərinin üstünə qoydu.

-Nə gözəl çəkib mənim qızım. Mənim mələyim.

-Aaata, mmən rəəsssam olmax isstiyyyrəm.

Xəstəlikdə gözlərinin işığını itirən Aysun atası üçün şəkil çəkmək istəmişdi, bir kağız parçasında özünə görə cızma-qaralar etmişdi. Aysun həm də çox rabitəsiz danışırdı, səhv bir diaqnozun qurbanı olmuşdu bu balaca qızcığaz, dörd yaşında ona təyin olunan yalnış pereparatdan şok keçirmiş və nəticədə beyin iflici, bu  acıya dözməyən anası ağır beyin qanaması keçirib ömürlük yatağa məhkum olmuşdu. Hər açılan səhər Kərim üçün zülmət idi. Balası və Sonası hər gün onun gözləri önündə əriyirdilər və Kərim isə… müalicələr bahalı və Kərim tək… Ona tək dayaq qayınanası Mədinə idi. O, qızının və nəvəsinin bütün gündəlik qayğılarını üstlənmşdi.

Anasını çox gənc yaşda itirmişdi Kərim, anasından ona qalan isə böyük və zəngin kitabxanası idi. Kərim demək olar ki, yüzlərlə kitab oxumuşdu. Oxuyurdu da, hətta axşamlar Aysun üçün də müxtəlif kitablar oxuyurdu. Kitablar onun tək təsəllisi idi. Son zamanlar baş alıb gedən bahalıq isə Kərimi lap çətinliyə salırdı. Onların gündəlik dərmanlarını belə güclə çatdırırdı. Bəzən də dərmanları belə ala bilmirdi. Elə günlər olurdu ki, bişən yemək qızı ilə yoldaşını doyuzdursun deyə axşamlar ac yatırdı. Çox günlər gecələr əlavə fəhləliyə də gedirdi.

Səhərlərin birində Aysunun halı yaman pisləşmişdi. Kərim Aysun üçün nə etdisə alınmadı. Həkimlər də heç nə edə bilmədi – Aysun son anlarını yaşayırdı.

-Ataaaa, mmmənii hhəyyətə ççıxxar…

Kərim Aysunu qucağına alıb həyətə çıxardı. Aysunun səmanı, buludları görmədiyi uzun illər olmuşdu.

-Bbbbuuuludlar nə rrəngdədi?

-Gözəl qızım, mavi rəngdədi.

-Dddəniz rəənggində?

-Hə gözəlim. Dəniz rəngində. Sənin gözlərin rəngindədi buludlar.

-Bbbbəss indi aağğğaclar nnnə rrəəngdə?

-Ağaclar saralıb canım qızım, ağacların yarpaqları sapsarıdı. Ağaclar sankı qızıldan don geyinib. Külək yarpaqları göydə uçurur, sakit yağış damcıları ilə havada rəqs edir yarpaqlar.

-Ağğaclar bbbaxıb ggüülürmü?

Kərimi göz yaşları elə boğurdu ki, güclə danışırdı.

-Hə gözəlim, ağaclar küləyin vıyıltısı ilə səs-səsə verib. Qəhqəhə çəkirlər yarpaqların rəqsinə.

-Attta, bbbəəss… insannnarrr nnnətəər güülür? Mmməən heç gülməyiii bbilllmirəm.

Kərim Aysunun bu sözlərindən sonra müvazinətini saxlaya bilmədi. Diz üstə çökdü, ürəyində oxuduğu yüzlərlə kitablara yalvardı ki, ona kömək etsinlər Aysuna cavab vermək üçün. Amma, kitablar belə Aysunun acısı qarşısında lal oldu…

-Attta, sssən bbiir gül dddəəə, heş ssənin güldüyünü görməmişəm…

                                      ***

Bu gün də sehrbaz bizimlə idi. İndi də başı balacaların kefini açmaqla məşğul idi. Bir neçə uşaq yellənçəyə minmək üçün anasından icazə alsa da anaları icazə verməmişdi. Yelləncək arzusundan gözlərindən yaş gələn körpələrin harayına sehrbaz özünü yetirdi. Birinci həmişə ki kimi sehrli papağı işə düşdü. Papaq uşaqların hərəsinə bir konfet hədiyyə etdi. Bir neçə dəqiqə sonra körpələrin qəhqəsi qoca çinarlara sanki cavanlıq məcunu kimi gəldi. Amma, buna baxmayaraq bizim sehrbazın gözü yolda idi. Kimisə çox gözləyirdi. Birdən üzü güldü, sən demə gənc cütlüyü gözləyirmiş. Bu gün gecikiblər bir az. Sehrbaz tez guya özünü düzəldirmiş kimi etdi, yüyürdü cütlüyün qabağına, başladı mahnı oxumağa. Bu ara bir haşiyəyə də çıxım ki, bizim sehrbaz çoxlu mahnılar da bilirdi və heç vaxt xarici ölkələrin mahnılarını oxumazdı. Həmişə milli musiqimizi dodaq altı mızıldanırdı. Bu dəfəki musiqi Rəşid Beybutovdan gəldi. “Lalələr” səsləndirdi. Qəşəng də səsi var idi. Musiqidən aydın oldu ki, qızın adı Lalə imiş. Bu gün də Lalənin ad günü idi. Onu heç vaxt unutmayacağı bir an gözləyirdi. Qəfil onları bir neçə adam dövriyyəyə aldı. Lalənin həyəcandan və qorxudan rəngi saraldı. Sən demə bu gələnlər onların valideyinləri imiş. Həm oğlanın, həm də qızın. Az sonra məlum oldu ki, Lalənin əsl sürprizi onun nişanı imiş. Sevdiyi oğlanla bizim sehrbaz Lalə üçün əla bir hədiyyə düzüb-qoşub. Onların sevgilərinin şahidi qoca çinarların şahidliyi ilə onların nişanlarını qeyd etmək. Həmin gün park qəribə, müqəddəs bir havaya bürünmüşdü ki, sanki cənnət qoxusu çökmüşdü buralara…

                            ***

-Qızımm, mavi gözlüm. Sən də güləcəksən…

Kərim hönkürtüdən danışa bilmirdi. Mədinə isə pərişan halda yataqda qıvrılan balası ilə nəvəsi arasında qalmışdı. Həyətdəki divanda can verən Aysun ilə atasının əlini elə bərk-bərk tutmuşdu ki, sanki onu buraxmaqdan qorxurdu.

-Atttaaa, mmmən heş ggülməddim ki… aatta bbilirsssən… mmən qorxxxurram. Məəən qarranlıqdan ççox qqorxuram.

“Can bala, bəs sən bu neçə illərdi bu zülmətlə necə yaşayırsan?” – deyə sormaq istədi Kərim, amma, gücü çatmadı. Kərim susdu… Külək belə susmuşdu bu an, yarpaqlar astaca, səs salmadan yerə düşürdü. Aysun tez-tez huşunu itirirdi. Hər ayılanda isə atasının əlini sıxırdı, qoxlayırdı.

-Aaata, sssən gülllmüssən heş?

-Hə canım, səni ilk gördüyümdə, o qədər gülmüşdüm ki…

         Aysun atasının əllərini qucaqlayın daha bir-iki kəlmə də dedi, amma nə dediyi anlaşılmadı, gözlərini yumdu… bir də açmadı. Kərim iki gün Aysunu dəfn etməyə qoymadı. Qızının yoxluğuna inanmırdı, əmin idi ki, Aysunu gözlərini açacaq.

         -Kərim, oğlum, günahdı, bunu belə saxlamaq olmaz. Qoy balam yazıq heç olmasa torpaq altda rahatlıq tapsın.

         -Mədinə xala, eşitmədin mənə nə dedi? Dedi ki, ata mən qaranlıqdan qorxuram. Mən onu torpağın altına necə qoyum? Axı necə? Bax hava da yağışlıdı, üşüyər axı mavi gözlüm.

         -Etmə oğlum, böyük sözü dinlə. Etmə belə. Içəridə acız yatan balama yazığın gəlsin. Ağlamaqdan gözləri saralıb. Allah dilini belə əlindən aldı balamın, ürəyindən keçən qışqırıqları belə eşidə bilmirəm.

         Kərim pəncərədən Sonaya baxdı. Əli ayağı tutmayan sadəcə gözləri ilə baxan, balasını itirmiş anaya baxdı…

                                               ***

         Bu gün də bizim sehbazın başı nəyəsə yaman qarışmışdı. Kiməsə ilişmişdi yenə. Parka cavan bir oğlan gəlmişdi. Parkın düz ortasında fəvvarələrin sırasındakı qoca çınarın gövdəsində nəsə axtarırdı. Iki-üç çinar arasında qalmışdı.

         -Görəsən hansı idi? Ay Allah, mən bunu necə unuda bilərəm?

         Gənc oğlan öz-özünə deyinə-deyinə çinarların arasında dönüb dolanırdı.

         -Ey, nə axtarırsan?

         -Sən kimsən?

         -Mən buranın sehrbazı. Kiminə gülüş bəxş edirəm, kiminə ümid. Kiminə də itirdiyini tapmaqda kömək edirəm. Sənin üçün nə edə bilərəm?

         -Sən mənim itirdiyimi tapa bilmərsən.

         -Bəlkə də taparam. Hələ bir de görüm.

         -Ay kişi başımı xarab etmə. Əl çək məndən.

         Bizim sehrbaz elə güldü ki, lap qəhqəhə çəkdi. Gənc başını qaldırıb ona tərs-tərs baxdı.

         -Mənə bax cavan, bəlkə bunu axtarırsan?

         O, söykəndiyi çinarın gövdəsini göstərdi. Gövdənin üzərinə kiçik bıçaqla nələrsə cızılmışdı. Mamırların arasında zorla seçilirdi. Gənc onu görən kimi cəld yüyürdü.

         -Nə bildin ki, mən bunu axtarıram?

         -Gözlərindən igid, gözlərindən bildim. Amma, deyən bir az silinib. Məlum, illər keçib üstündən.

         -Olsun, yenə də bir iz, bir nişanə qalıb hələ.

         -Bəs o izin sahibi qalmayıb?

         -Yox…

         -Bax igid, yəqin bu “A” sənsən, bu sizin “+ üstəgəl” işarəsi. Amma, onun adı yoxdu. Sanki özü qəsdən silib.

         -Bəlkə də, amma, mən silə bilməmişəm. Heç illər də silmir, bircə burdan silinib.

         -Eh, dostum, silməyəcək də. Zamanla yeni ümidlər gələcək həyatına, məsələn, bir zaman qovuşmaq kimi bir şeylər. Sonra ayrılığın qoxusunu yaxşıca ciyərlərinə çəkəndən sonra özünə qapanırsan, acılarını özündə belə gizlədirsən, üzə vurmasan da ürəyin partlayır, görəsən o necədir? Bax bu sual səni içindən yeyir – Heç məni düşünürmü? Sonra, buna da alışırsan. Beləliklə ümidin də çaları dəyişir, yolu-yordamı başqalaşır. Artıq indi bircə dəfə uzaqdan görməyi dəli kimi diləyirsən. Dəfələrlə uzaqdan baxırsan, acı çəkirsən, amma, yenə baxırsan – buna da alışırsan. Və bax, indi, səninki sonuncu ümidlərdir. Əlin hər şeydən üzülüb. Bu çinara cızdığın əyri-üyrü xətlərdən başqa əlində heç nə qalmayıb. Yəqin ikiniz də evlisiz, artıq, son çarə olaraq özünü atırsan onunla olan günlərin qucağına ki, səni qovursun, od vursun ruhuna. Səni yalnız bu odlar sakitləşdirə bilər. Onun adı bu ağacdan silinə bilər. Amma, sənin ürəyindən əsla.

         -Bunları sən hardan bilirsən?

         -Dedim axı, gözlərindən. Sən onunla yaşadığın günlərin hesabına bu gün nəfəs alırsan. Indi səni onunla tək buraxacam. Boşalt ürəyini, köməyi dəyəcək, əmin ol… hə, bir də bunu götür.

         O, əlində bir şəkil gəncə uzatdı.

         -Bir neçə gün öncə bura bir xanım gəlmişdi. Bu ağacın altında xeyli dayandı, çox düşüncəli, xısın-xısın ağladı. Onun çatnasından düşdü bu şəkil. O gündən bu əmanətin ünvanını axtarırdım…

         Gənc şəkilə baxanda donub qaldı. Bir zamanlar sevdiyi qızla elə bu çinarın altında çəkdirdikləri şəkil. Başını qaldırdı ki, sehrbazdan nəsə soruşsun. Sehrbazın başı çoxdan ordakı uşaqlara qarışmışdı. Amma, gizlicə oğlana göz qoyurdu. Şəkilin arxasında iki cümlə yazılmışdı.

         “Sənsizliyim bu çinarın ürəyindəki kədər qədər dərindi.”

         Yarım saata qədər dayanmadan şəkilə baxdı, arxasındakı cümləni oxudu…

                                      ***

         Hava yaman yağışlı idi. Aysunun dəfninə qohum əqraba yığılmışdı. Dəfnə gedirdilər. Aysunu qəbrə uzadarkən Kərim özünü qəbrə atdı.

         -Dayanın, nə edirsiz. Bu torpaq yaşdı görmürsüz? Axı bu xəstə uşaqdı? Necə dayanacaq? Aysunum, mavi gözlüm, nolar, bircə dəfə de ki ata mən getmək istəmirəm. Bircə dəfə de ki, məni buraxma. And ola ki, səni evimizə aparacam. Nolar, Aysunum, nolar, gülüm, bircə kəlmə – ata məni burdan apar de. Yalvarıram sənə. Burda sənə soyuq olacaq, burası çox qaranlıq olacaq qızım…

         Kərim gözlərini açanda evdə idi. Bacısı yanında oturub ağlayırdı. Bir az dirçəlib, gözlərini ovuşdurdu. Sonra qəfil yerindən sıçrayıb ayağa qalxdı.

         -Saat neçədi? Ay Allah, Aysunun dərmanının vaxtı keçdi. O dərmanı içməyəndə yaman dəhşətli ağrıları olur. Düzdü mələyim nə qədər ağrısa da mənə bildirmir, amma, mən hiss edirəm. Bacı, bacı tez ol, Aysun üçün su gətir.

         -Kərim, özünə gəl, Aysun yoxdu. Sən güclü olmalısan, yalvarıram qardaşım. Aysunum indi çox yaxşıdı. O, Allahın yanındadır artıq.

         -Aysun… Aysun, ay Allah, qızı orda tək qoydum. O mənim əlimi tutmasa yata bilməz axı. Həm də mən ona kitab oxumalıyam.

         Kərim tez yüyürək kitabxanasına keçdi. Aysunun ən çox sevdiyi kitablardan birini götürüb yel kimi evdən çıxdı. Axşam düşürdü. Aysunun yanına çatdı, bütün günü yağış yağdığından torpaq palçıq idi. Bütün gecəni Kərim Aysunun məzarı başında keşik çəkdi. Səhər açılandan sonra evə gəldi. Üst-başı palçıq olmuşdu. Içəri keçib, doğru Aysunun anasının, Sonasının yanına getdi. Sona lap gücdən düşmüşdü, ağalamağa belə halı yox idi. Həkim gəlib sakitləşdirici vurmuşdu. Sonanın yanında oturub əlini əlinin üstünə qoydu:

         -Əzizim, narahat olma, getmişdim Aysunumun yanına. Ona yenə nağıl oxudum. Torpaq yaman suludur, bilmirəm uşağın halı necə olacaq.

         Kərim başını Sonanın əlinin üstünə qoyub hönkür-hönkür ağladı, yorğunluqdan, halsızlıqdan gücdən düşmüş vücudu dərin yuxuya getdi…

                                      ***

         Mağazadan xeyli şar almışdı. Rəngbərəng, ayrı-ayrı formalarda, iri bir torba da almışdı. Torbanın içinə bir xeyli konfetlər, şakaladlar alıb doldurmuşdu. Sehrbazımızın kefi kök idi. Dayanmadan şarları doldurur, yelləçəyin ətrafını süsləyirdi. Deyəsən bu gün özəl qonaqları olacaq. Və, budur, sən demə bizimkinin kiçik qonaqları, baxça uşaqları müəllimləri və valideyinləri ilə gəldilər. Sehrbaz onları görən kimi mahnı oxuya-oxuya onların yanına getdi.

         Böyük qonaqlarını da unutmurdu. Məsələn hər gün parka gəzintiyə gələn Tahir kişini, Həmid müəllim ilə salamlaşmağı unutmadı. Pakizə xalaya söz verdiyi yun jileti də almışdı. Pakizə xalanın buna nə qədər sevinəcəyini bilirdi, axı onun kimsəsi yox idi. Parka gələn əsgərlərə də bir ayrı diqqət göstərirdi. Onları görən kimi “farağat” durur, məzəli ifadə alıb onları nəşələndirir.

         Hər kəs öz işində gəzinirkən körpələrin birinin gözü əsgərlərə sataşdı.

         -Atam gəlib… atam… ata… atacan

         Uşaq elə bunu demişdir ki, anasının əlini buraxıb əsgərlərə doğru qaçdı. Əsgərlərdən birinin boynunu qucaqlayıb ağlamağa başladı.

         -Ata, bə mən sənsiz dayıxıyam eee, haydasan sən… niyə gəlmiysən evə?

         -Amma… qqızım… mən… mən sənin atan…

         -Banu, qızım, burda neynirsən? Niyə dostlarının yanında deyilsən?

         Balaca qızın anası qızının yanına gəldi, istədi onu əsgərin qucağından götürsün, bu dəfə Banu əsgərin boynunu lap bərk qucaqladı.

         -Qızım, düş əsgər əminin qucağından, incidirsən axı onu.

         -Yox, ana, o əsgəy əmi döy, o mənim atamdı!

         Əsgərlər də, elə bizim sehrbaz da məəttəl qalmışdılar. Bu uşaq niyə tanımadığı bir əsgərin boyunu qucaqlayıb ona ata desin ki? Anası qızının bu halından gözləri doldu. Deyəsən sehrbaz da məsələni anladı. Təkcə balaca qızın müəlliməsinin işə müdaxiləsindən sonra qız əsgərin qucağından düşdü. Sual dolu baxışları qızın anasına yönəlmişdi.

         -Sizdən çox üzr istəyirəm qardaşlar, qızım hələ çox balacadı. Çox şeyi dərk etmir. Atası da sizin kimi əsgər idi. Ötən il şəhid olub. Evdən sonuncu dəfə çıxanda əsgər formasında idi. Atasının ölümünü hələ dərk etmədiyindən hər əsgər formasında kimi görsə elə bilir ki, atası gəlib.

         Banunun həsrəti ordakı hər kəsin nitqinə kilid vurdu. Müəlliməsi onu aparandan sonra çox dalğın idi, uşaqlara qarışmırdı, bir gözü elə hey əsgərlərdə idi. Birdən arxadan kimsə ona yekə bir şar uzatdı. Bizim sehrbaz Banunun yanında oturdu. Ona bir iki nömrə göstərdi. Papağında maraqlı oyuncaqlar çıxdıqca Banunun da üzündəki kədər maraqla əvəz olunurdu. Başı sehrbaza qarışdı, bir də gördü ki, əsgərlər gedib. Elə içdən ağlamağa başladı ki, kənardan baxanın ürəyi göynədi. Bu an bir musiqi səsi gəldi,deyəsən nəsə tanış musiqi idi. Banuya tanış bir musiqi, atasının ona əzbərlətdiyi “Vətən əmanəti” musiqisi. Banu bunu eşidən kimi susdu, ətrafa boylananda gördü ki, əsgərlər və sehrbaz əllərində rəngbərəng şarları tutub Banunu çağırırlar. Həmin gün Xan Bağı qəribə bir möhtəşəmliyə bürünmüşdü…

                                      ***

         Günlər çox ağır keçirdi. Kərim hər axşam Aysununun yanına gedir, ona kitab oxuyur, səhərləri isə Sona ilə məşğul olurdu. Aysunun ölümündən sonra iş yeri ona özünü toplaması üçün bir aylıq məzuniyyət ayırmışdı. Amma, Kərim, heç vaxt işinə qayıtmadı. Mədinə Sonanın halının hər gün daha pisləşdiyini görürdü, amma, Kərimə çox demirdi. Onsuz da Aysunun ölümü Kərimi bitirib, üstəlik də Sonanın vəziyyəti onu məhv edərdi…

         Səhər hava çox günəşli idi. Quşların cəh-cəhi könülləri dincəldirdi. Aysun əllərini göyə açıb atılıb-düşürdü. Uzun, qıvrım saçları küləyin ritminə uyğun rəqs edirdi. Sona nərgiz güllərinin arasından boylanırdı. Kərim əlində bir dəstə çobanyastığı gülü ilə qaça-qaça Aysunə təfər gedirdi. Aysun atasının görən kimi onun qucağına atıldı.

         -Atacan, mən gülməyi çox sevirəm. Bir bax günəşə, gör necə də parlaqdır. Dayanmadan tamaşa etmək istəyirəm. Anam da çox xoşbəxtdi.

         Kərim heç vaxt Aysunun belə səlis danışdığını görməmişdi. Sevincdən gözləri dolmuşdu. Hələ Sona, o necə də sağlam, gözəl idi. Nərgizlərin arasında mələyə bənzəyirdi. Sonra qəfil hava qaralmağa başladı, qara buludlar sanki əcaib məxluqlara çevrildilər, onlara hücum çəkib Aysunla Sonanı yolu, giriş, çıxışı olmayan bir ünvana apardılar. Kərim nə qədər qışqırsa da, onlara kömək etməyə çalşsa da heç nə edə bilmədi…

         Yerində qan-tər içində sıçrayıb qalxdı, gecə yarı olardı. Sakitləşdirici dərmanlar get-gedə öz təsirini itirirdi. Gün ərzində çox az yatır, yuxuya düşən kimi də… sayıqlama xəstəliyinə tutulmuşdu sanki, on dəqiqə yuxuya gedən kimi eyni yuxunu görürdü və sıçrayıb qalxırdı.

Məzuniyyəti bitmişdi, lakin işə gedə bilmirdi. Keçən gecə yenə yarımçıq oyanmışdı. Su içmək üçün mətbəxə keçəndə Mədinənin hələ də yatmadığını gördü:

         -Mədinə xala, nolub, Sona yaxşıdı?

         -Oğul, Sona… (Mədinə dolsuxsunub otağa keçdi. Kərim onun dalıyca.)

         -Günlərdi yeməkdən-içməkdən kəsilib, bala, bircə tikə boğazından keçsin deyə yalvarsam da nafilə. Göz yaşları da ki, dayanmır.

         Sona tamam çökmüşdü, ağlamaqdan gözlərinin içi qıpqırmızı olmuşdu, bənizi saralmışdı. Kərim Sonanın yanı başında oturdu. Onun başını sinəsinin üstünə qoyub dilləndi:

         -Bir zamanlar, kiçik bir qız var imiş, qara uzun saçlı, girdə sifətli, iri qapqara gözlərindən çıxan oxlar qəlbimə elə batmışdı ki, onu hər görəndə dilim quruyurdu. Nə deyəcəyimi bilmirdim. Bilirdim ki, mənim kimi yekə burun, qıvrım saç, arıq, qara oğlanı bəyənməz, axı o, məktəbin ən gözəl qızı idi. Bir gün onunla danışmaq bəhanəsi ilə ona yaxınlaşdım: “Heç səndə şeir kitabı var? Sevirsənmi şeirləri?” Cavabı da özü kimi incə və zəirif idi: “Var, sabah dərsə gələndə gətirərəm oxuyarsan”. Həmin gecə gözümə yuxu getmədi. Yalnız bir neçə il sonra bu gözəl mənim evimə gəlin gələndə öyrənəcəkdi ki, mənim evimdə nə qədər şeir kitabı var…

         Kərim gülümsündü, Sona sakitləşmişdi. Gücdən düşmüş əlini Kərimin əlinin üstünə qoymuşdu. Mədinə xala özünü saxlaya bilməyib yan otağa keçdi. Ordan onun zəif hıçqırıqları eşidilirdi.

         -Beləcə, şeir kitabları aramızda yol oldular. Kitablarla gedirdik bir-birimizin dünyasına. Birində də mən yekəburun oğlan kitabın arasına kiçik bir kağız qoydum. Ilahi, o bir həftə gəlib gedənə qədər ömrüm bitdi mənim. Kitab dəyişmə günümüzdə utancaq halda mələyim mənə kitab uzatdı. Tez kitabı vərəqlədim-kiçik bir kağız vardı içində yazılmışdı:

“Nə yaxşı ki varımsan!”…

                                      ***

         Bu adam necə biridir başa düşmək olmur. Heç kim onu qəmgin görməzdi. Səhər tezdən eyni saatda gələrdi, axşam da eyni saatda çıxardı parkdan. Heç kim onun əsl adını bilmirdi. Maraqlanan olsa da sözü ustalıqla dəyişirdi. Lətifələrdən, gülməli əhvalatlardan dayanmadan bir neçəsini düzürdü. Şəki, Laçın lətifələrini, Molla Nəsrəddindən bilmədiyi yox idi. Heç kim onunla sonuna qədər deyişə bilməzdi. Özünə şair deyən çoxlarını deyişmədə susdurmuşdu.

         -Sən məni başa düşmürsən, bizim uşağımız olmursa deməli ayrılmalıylq. Axır ki, anan da dilə gəldi.

         -Mən səndən uşaq üçün boşanmayacam. Kim nə deyir desin.

         -Mən isə istəyirəm, biz boşanacağıq, sənə uşaq lazımdı.

         Səhər saatlarında Xan Bağı qanqaraçılıqla başladı günə. Görünür bu gənc ailə heç qovuşmağın həzzini yaşamadan ayrılmağa doğru gedir.

         -Deyəsən kefiniz korlanıb? Bunun dərmanı məndə gəlin sizə bir məzəli nağıl danışım.

         Sehrbazın qəfil söhbətə müdaxiləsi hövsələdən çıxmış iki əlli onun yaxasından yapışaraq:

         -Sən kimsən ki, mənim söhbətimə qarışırsan?

         -Sakit ol qardaş, mən düşmən deyiləm. Bax o qadına, onun gözlərinə bax. Bir qadının ən böyük faciəsi ana ola bilməmək, bir kişinin də ən böyük faciəsi öz qadanını ana edə bilməməkdi. Səbəbi nə olur olsun.

         -Ay kişi, çıx get burdan, əlimdə qalacaqsan bu saat. Sənə nə, bizim dərdimizdən, kədərimizdən.

         -Bilirsiz, bir bu məkan, hətta bax bu siz oturduğunuz skamya bir neçə il əvvəl belə bir hadisənin şahidi olub. Onlar evlad sahibi olmaq üçün düz 12 il gözlədilər. Amma, nə olsun ki, uşaqdan sonra da xoşbəxt ola bilmədilər. İllər onun qadınını da qızını da apardı. Həmin kişi də bir ömür tənhalığa məhkum oldu. Sizcə dəyərmi açılan hər səhərinizi zülmətə qərq etməyə. Qərq edənlər nə qazandı? Sonsuz qalmaqdanmı qorxursuz? Yox qardaşım, evladı olub olmaması sonsuz olub olmamaq deyil. Əsl tənhalıq ərlə, arvadla, evladla ölçülmür.

         -Biz əslində… – görünür sehrbazın sözləri kişiyə təsir etmişdi. Xeyli sakitləşmiş görünürdü. Qadın isə əlini üzünə tutub xısın-xısın ağlayırdı.

         -Dur sənin fikrini tamamlayım-siz əslində boşanmaq istəmirsiz, amma, ailələr nəvə istəyir, qardaşınızın, bacınızın uşağını görəndə qəlbinizin düz ortasına bir közmü basıllar? Kaş bizim də yataq otağımızda bir beşik olardı, gecəni səhərəcən körpəni yatırmaq üçün növbə ilə onu yelləyərdik.  Böyüdükcə onun hər hərəkətini əzbərləyərdik, ailə rəsmlərinin çərçivələrində onun xüsusi yeri olardı…

         -Susun daha, danışmayın. Siz bizim belə düşündüyümüzü nə bilirsiz? Siz nə bilirsiz axı, ana ola bilməməyin ağrısını? Dəli kimi sevdiyin insana bir evlad bəxş edə bilməməyin acısını…

         -O zaman anasız körpələr neynəsin? Məsələn, doğum zamanı anası ölən körpələr? Sən indi burda öz dərdini, həsrətini dilə gətirə bilirsən. Döydüyün hər qapının ünvanını özün seçirsən. Sənin həyatının, xoşbəxtliyinin ünvanını bilirsən. Amma, anasız uşaqların buna seçimi yoxdu. Azdırmı doğum evlərində yaxşı şirinlik verənlərin körpələrinin bələyi təmiz olur, yeməyi zamanında verilir, hər saat başı altı dəyişir. Amma, yetim qalmış, ya tərk edilmiş körpələrin üstünü örtən, onun başını sığallayan, vaxtı-vaxtında ona yemək verənlər? Heç bir anlıq o körpələrin halını düşündünüzmü? Əminəm ki, əsla düşünməmisiz, hətta həmin uşaqlara Tanrının qəzəbinə düçar olmuş məxluqlar kimi baxırmısız. Bizlər, bizim millət bunu düşünmür. Bəlkə də dünyada tək bizik ki, dünyaya evlad gətirəndə onu özümüz üçün yaşadırıq, böyüdürük. Qızım olsun ölüm ortada qalmasın, xəstəliyim, qocalığım qarantidə olsun. Oğlum olsun arxam, dayağım, davamçım olsun. Beləcə bizlər öz körpələrimizin həyatlarını onları dünyaya gətirmədən əvvəl işğal edirik.

         -Siz də haqlısız amma…

         -Amması yoxdur qardaş nə dedimsə doğrunu dedim. Əgər qadın səni ata edə bilmirsə sən onu ana edəcəksən! Onu yaşat ki, həyat da səni yaşatsın.

         Bizim sehrbaz işıq savaşçısı kimidir. Hər zəfərində özünün sərsəm görkəmini alıb insanları əyləndirməyə qaçırdı. Bir neçə dəqiqə sonra tövşəyə-tövşəyə gəldi həmin ərlə-arvadın yanında:

         -Siz heç televizyaya baxmırsız deyəsən? Deyillər ki, doğum evində ölüm hadisəsi baş verib. Sən gör işə bax, ölən qız ərinə qoşulub gedibmiş, ata-ana qızına yaxın durmayıb, qaynana da daha betərini edir. Zavallı qız doğuşda ölüb. Deyilənə görə, uşaqdan da imtina ediblər. Indi bir düşün sizinmi daha çox evlada ehtiyacınız var, yoxsa o dilsiz-ağızsız körpəninmi anaya qucağına ehtiyacı var?

                                      ***

         “Nə yaxşı ki varımsan!”

         Sona da Kərimi tərk etdikdən sonra həyat sükut çəlləyinə çevrilmişdi. Səssizlik hökm sürürdü hər tərəfədə. Ev, otaqlar, ətraf, çöl, bayır. Səssizliyin içindəki çığırtılar Kərimə dinclik vermirdi. Sonasından ayrı, Aysunundan ayrı… Tez-tez Aysunun son gününü xatırlayırdı:

         -Atacccaan, eşşidirssən mmənii?

         -Eşidirəm mələyim.

         -Bbbizzim nağılımızı mənə oxxxuuyarsann.

         -Əlbəttə mələyim.

         -Dddayyan, ssözzümm vvar. (Aysun çətinliklə nəfəs alırdı. Əlləri gücsüzləşmişdi atasının əlindən yapışmaq istəsə də gücü çatmırdı.) Mmməəən ggetsəm ssən nağğıllımızdakı aadam olarsan. Bbbalacaları, bbböyükləri, hər kkəsi ssevindirən. Mmənə ssöz ver, aatta!

                                      ***

         Bizim sehrbazın şöhrəti bütün Gəncəyə yayılmışdı. Biri oğlunun ad gününə çağırır, biri nəvəsinin kiçik toyuna. Bizim müəmmalı dostumuz bütün bu təklifləri rədd edirdi, parkda göstərdiyi nömrələr üçün heç kimdən pul almırdı. O, adi adam deyildi. Xüsusi bir görkəmi var idi, adi uşaqlıqdan bu yana gözümüzün alışdığı sehrbazlara da bənzəmirdi-onlar kimi uzun papaqlı, rəngli, parıltılı geyimli, çubuqlu deyildi. Bu, sadə paltarda, sadə şlyapada idi. Onu tanıyandan bəri enyi paltarda idi. Qarışıq saqqalı, yekə eynəyi ilə gülməli görünürdü. Sifətinin yarısı eynəyin altında qalırdı, yarısını isə saqqal gizlədirdi. Bu adamı heç kim eynəksiz görməmişdi. Qəribə özəlliklərindən biri də bu idi ki, hər gün saat səkkizdə əlində bir kitab harasa gedirdi. Bir də iki saat sonra gözə dəyirdi. lakin bu saatlar olduqca səssiz olurdu…

                                      ***

         Sanki, Aysunla birlidə qəbristanlıq əhli də Kərimə alışmışdı. Illərdi unudulmuş, bir salama, bir duaya möhtac ruhlar belə yeni sakinlərindən sonra sükuta bürünmüşdü. Aysunun nuru ölüm dünyasını belə gözəlləşdirmişdi. Burda, bu məzarlıqda duaya möhtac kimsə qalmamışdı.

         Kərim hər gün Aysuna yeni-yeni nağıllar danışırdı. Hər dəfə də Aysunun sevdiyi nağıl ilə başlayırdı söhbətə:

         “Biri var idi, biri yox idi. Uzaq diyarların birində uzun, pırpız saçlı, iri qara eynəkli bir sehrbaz vardı. Bu sehrbazın illərlə evlad həsrəti çəkirdi, uzun sürən həsrətin sonu böyük xoşbəxtlilət bitir. Sehrbazın dünyalar gözəli bir qızı olur. Bu qız o qədər gözəl imiş ki, görən heyran olurmuş. Sehrbaz bu möcüzəsinə Mələk adını verir. Mələk – ayın, suynu, günəşin gözəlliyini özünə cəlb etmişdi. Böyüdükcə gözəlliyinin şöhrəti də onunla böyüyürdü. Uzaq diyarlardan körpə Mələyin gözəlliyinə baxmaq üçün gəlirdilər. Beləcə, aylar illəri qovdu, fəsillər biri-birini əvəz etdi və Mələk gənc bir qız oldu. Sizə qız deyirəm, dümağ siması, qara uzun saçları, iri gözləri, yumru sifətinə zənəxdanı çox yaraşırdı. Qohum qonşuların qızları ona paxıllıq edərdilər. Pis ürəkli insanların yuxusuna haram qatmışdı Mələyin gözəlliyi.

         Günlərin bir günü Mələk bərk xəstələnir, zavallı gözəl qızdırmadan tir-tir əsirdi. Dərdinə çarə tapılmırdı. Diyarın bütün həkimləri, loğmanları bir yerə yığılıb onun xəstəliyinin şəfasını tapa bilmədilər ki, bilmədilər. Mələk isə günü-gündən saralıb-solurdu. Anası da Mələyin xəstəliyinə dözə bilməyib həyatından zamansız köçdü.

         Mələk də çox yaşamadı. Son günlərini atası ilə təbiət qoynunda keçirmək istəyirdi. buna görə də atası onu dağ qoynuna aparmışdı. Xəstəlik Mələyin gözünün nurunu da əlindən almışdı. Lakin, onun zəngin təxəyyülü, hissləri və düşüncələri onun görən gözü olmuşdu. Atasından kətan, rəngli boya, fırça istəmişdi. Atası onun nəsə çəkə biləcəyinə inanmasa da onun dediklərini alıb gətirmişdi.

         Mələk hər gün sabah əzanında yuxudan oyanır fırçasını boyalara batıraraq nəsə çəkirdi. Amma, nə çəkdiyini atasının belə görməsini istəmirdi. Atasından xahiş etmişdi ki, rəsmi bitirənə qədər baxmasın. Mələk zamanının az olduğunu bilirdi. Bilirdi ki, anasının yanına getməlidi, möcüzələrlə dolu həyat onu gözləyirdi. buna görə də rəsmini bitirməyə çalışırdı. Bir gün sübh çağı Mələk yuxudan oyanmadı.

         Atası günlərlə onun yasını tutmaqdan halbahal olmuşdu. Hər gün onun məzarı başına gedir, ona nağıllar, şeirlər oxuyardı. Bir gün Mələyin əşyalarını toplayanda onun çəkdiyi rəsm yadına düşdü. Şəkilə baxanda ata heyran qalmışdı. Qara, pırpız saçlı, iri qara eynəkli sehrbaz elə dəqiqliyi ilə həkk olunmuşdu ki, kətanın üzərinə baxan bir də baxmaq istəyirdi. Təsvirdə sehrbaz gülür, ağaclığın altında balaca uşaqları əyləndirirdi…

         Aysun adlı mələyin nağılı davam edirdi…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest