Şairə Ülkər Nicatlının kövrək şeir dünyası
Gənc şairə Ülkər Nicatlının şeirləri ilə qəzet və dərgilərdən, sosial şəbəkələrdən tanışam. Elə ilk misralardan şairənin kövrək duyğuları özünəməxs deylm tərzi diqqəti cəlb edir. Daxili dünyasından, ovqatından gələn, sevgi, həyat, yaşam tərzi, ayrılıqlar, həsrət və s. insanı düşündürən və əbədi hisslərə köklənən şeirlərində Ülkər xanımın ürək çırpıntıları, hissi, həyəcanı əks olunur. Mərhum şairimiz Ağa Laçınlının misrslarında deyildiyi kimi;
Qazıb çıxarmazlar əsl bulağı,
Bulaq şırıl-ıırıl qaynayıb gələr.
Ülkərin də şeirləri əsl bulaq kimi qaynayıb gəlir. Duaların cavabı,həsrətin işığının sönməsini gözləyə-gözləyə Allaha məktub yazmaq kimi hisslərin aliliyi şairənin yaradıcılığında düşüncə tərzinin poetik notlarından xəbər verir.
Sənin dərgahına uçan duamın,
Cavabı ömrümə dönmür ki,dönmür.
Mənim otağımda yanan həsrətin,
Nə vaxtdı, işığı sönmür ki, sönmür.
Və yaxud:
Əl eyləyək ötüb gedən anlara,
Çıxarmasın bu sevgini yadından.
Bircə misra məktub yazaq Allaha,
Bu bir anlıq xoşbəxtliyin adından.
“Ülkər xanımın bir dəstə şeirini Kırımın sesi” qazetesinə təqdim edirəm və gözəl şairəyə uğurlar diləyirəm!
Nazim Əhmədli, şair.
Ulkər Nicatlı
Xatirələrin xatirəsi
Bir gün çiçək – çiçək xatirələrə,
Kəpənək yaddaşım uçub qonacaq.
Yaxası islanar kirpiklərimin,
Harayım üşüyər,səsim donacaq.
Başımı bir sözün çiyninə qoyub,
Dünyanı gözümdə dəfn eləyərəm.
Ömrümün xatirə xalçası üstə,
Körpə uşaq kimi iməkləyərəm.
Haçansa ömrümün yaşıl dəsmalı,
Dəcəl küləklərin əlinə düşər.
Dalınca yüyürüb getmək istərəm,
Saçımda astaca tellər gülüşər.
Yuxusu üşüyən körpə
Yurd uğrunda şəhid olub atası,
Bu körpənin yuxusuna qar yağır.
Açılmayan dili ustə, ilahi,
“Ata” sözün qoxusuna qar yağır.
Vətən qədər tarixi var, yaşı var,
Bax üstündə uyuduğu mundirin
Başqa dili anlamaz o,bilməz o,
Bu körpəni yurd dilində dindirin.
Böyüdükcə böyüyəcək dərdi də,
Ürəyindən ağrı acı yığışmaz.
Öz ömründən asar ata şəklini,
Şəhid adı çərçivəyə sığışmaz.
Ta oxşamaz bu körpənin boyunu,
Döyüsdədir atasının qolları.
Bu körpənin xatirinə yol gəlir,
Uzaqlardan qələbənin yolları.
Hər gecə gələrəm yuxularına
Sənsiz çətin ömrüm sevgi qoxuya,
Könlüm əsir düşüb bu lal qorxuya.
Həsrətin bir misra verib yuxuya,
Hər gecə gələrəm yuxularına.
Qurudub gözümün yağışlarını,
Ovudub alnımın qırışlarını.
Söküb ayrılığın naxışlarını,
Hər gecə gələrəm yuxularına.
Bir ovuc ümidi səpib ağrıma,
Könlümə deyrəm:-daha ağrıma.
Sənli arzuları basıb bağrıma,
Hər gecə gələrəm yuxularına.
Ovcunda saxlayıb göy ahlarımı,
Bir gün qurudacaq gün ahlarımı.
Yollara döşəyib günahlarımı,
Hər gecə gələrəm yuxularına.
Sevginin payızı
Canım gözüm ayrılıqlar içindən,
Keçib gedən o qız sənə tanışmı?
Bəxt dalınca göndərdiyi ümidi,
Qayıtsa da xəcalətdən danişmır.
Kirpikləri yarpaqlayır hər gecə,
Duaları daha payız qoxuyur.
Ayrılığın əlifbasın öyrənib,
Ovcumdakı ürəyini oxuyur.
Ləpirləri güzgüsüdü yolların,
Tellərini öpüb qaçır küləklər.
Bəyaz-bəyaz varaqlarda ağlayır
Arzu-arzu çiliklənən ürəklər.
Unudubdur doğmalığın dadını,
Bir yaxın gəl öp uzündən o qizın.
Bu şəhərin yaddaşına sevgi səp,
Könlünü al doluxsunan payızın.
Yenə sənə sarı…
Səbrim bir ümidə söykənib indi,
Özümü özümdə gəzir ürəyim,
Uzat əllərini, uzat, İlahi,
Qəfil taleyimi əzir ürəyim.
Sənə əl açmağa yoruldum,Allah,
Yığ ayaq altımdan qəmli yolları.
Sənin dərgahına sərim,qurusun,
Mənimtək gözləri nəmli yolları.
Çırpıb qanadını uçdu arzular,
Tənhalıq dumanı bəxtimə endi.
Acı ayrılığı geyib əyninə,
Varaqda can verir misralar indi.
Sənin dərgahına uçan duamın,
Cavabı ömrümə dönmür ki,dönmür.
Mənim otağımda yanan həsrətin,
Nə vaxtdı, işığı sönmür ki, sönmür…
Qısılıb sinəmə yetim duyğular
Gecənin üzünə söykənib üzüm.
Yenə sənə sarı uçur ürəyim,
Bu da son məktubdu,bu da son sözüm.
Günah nağılı
Gözlərinin gözlərimə yazdığı,
O məktubun gözlərindən gen düşək.
Duyğuların əlifbası gizlidir,
Gəl bu gizli əlifbada görüşək.
Al ovcuna əllərimi şeirtək,
Xatirələr heca-heca oxunsun.
Sevgi-sevgi çiçəkləyən dodaqlar,
Bir meh kimi yanağıma toxunsun.
Əl eyləyək ötüb gedən anlara,
Çıxarmasın bu sevgini yadından.
Bircə misra məktub yazaq Allaha,
Bu bir anlıq xoşbəxtliyin adından.
Günahına qurban olum ay Allah,
Bu günahım oğurlayıb ağılı.
Bələnibdir taleyimin ətrinə,
Sevgi dolu bu günahın nağılı.
Zəfər qoxulu Kəlbəcər
Yolları bürüyüb vüsal qoxusu,
Gəldim görüşünə,salam,Kəlbəcər.
Sinəmdə misralar coşub çağlayır,
Bəs niyə bu qədər lalam,Kəlbəcər?!
Ötən xatirələr necə də sərin,
Arzumu,şövqümü yollara sərin.
Zəfər ətirlidir gələn səhərin,
Bu payız yenilməz qalam,Kəlbəcər.
Dağlara baxıram alışır könül,
Torpaqla,ağacla danışır könül.
Neçə dərə keçib,dağ aşır könül,
Bulaqların şirin laylam,Kəlbəcər.
Əhsən, ər oğluna, ərən oğluna
Basdın qədəmini zəfər yoluna.
Bu payız qoy bir az girim qoluna,
Sirdaşım, qardaşım,balam,Kəlbəcər!
Ümidin gözləri
Qaranlığın üzünə
bəyaz misralar kimi
yazdım göz yaşlarımı…
Gecə üfüqlərin qəlbi
sıxılmasın deyə
dan yerindən asdım
baxışlarımı.
Xəfifcə misralarımın
alnından öpdüm,
anamın duaları
diksindi…
Ayrılığın qulağına
adını pıçıldadım,
dodaqlarım isindi.
Sənsizliyi
yetim uşaq kimi
sıxdım köksümə.
Və umidin-
öpdüm gözlərindən…
Şəhid xanımların ağrısı
Çiçək-çiçək balalarını
basıb bağrına,
Söykənib qərib-qərib
Qəlbinin ağrılarına.
Nakam sevgisinin adını
Sıxıb dodaqlarına
Bir gəlin ağlayır.
Ürəyinin ağrısı
məlul-məlul
boylanır baxışından
Dünyanın
qırçın-qırçın dərdi,kədəri
göyərir göz yaşından.
Alın yazısı utanır,
utanır alnının qırışından.
Bir gəlin ağlayır-
ömrümün xəzan olmuş baharına.
Bəxtinin güneyində
güllələnmiş arzularına
bir gəlin ağlayır…
Qəfil şaxta düşüb
qəlbindəki nakam
sevgi çiçəyinə.
Dərdin,kədərinə
göylərindən
əlçim-əlçim qar yağır
telinə,birçəyinə…
Bir gəlin ağlayır,
ahını göz yaşlarına
büküb,
səpir üzünə yolların.
Kirpikləriylə fələk rəsmini çəkir
gözlərində avar çəkən ağrıların.
Bir gəlin ağlayır,
üzünü söykəyib
adından vətən ətri gələn
bir igidin başdaşına.
Bu şehid məzarından
hünər nəğməsinin
əksi düşür
onun göz yaşına…
Bu gəlinin
göz yaşlarını silməyə,
bir əlçim ümid ver,
Vətən,
qoy bu mezarın əlləri
uşuməsin…