Konuk Yazarlar ve Katkı Sunan Kalemler

Şair Seyid Malik – Şeirler

Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi

Şair Seyid Malik 1987-ci ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində məcburi köçkün kimi Biləsuvar rayonunda məskunlaşıb. İxtisasca pedaqoqdur.

     Ədəbi yaradıcılığa erkən yaşlarından başlayıb. İlk şeirlərindən poeziya sevərlərin diqqətini cəlb edib.Uzun illərdir dövri mətbuatda çıxış edən Seyid Malikin “Qarabağın qara günü” və “Sevə bilsəm ayrılığı” adlı iki şeir kitabı işıq üzü görüb.

seyid malik
seyid malik

   Seyid Malik    

 Minacat

Gecəni sübhədək oyaq qalaram,

Deyərəm vəsfinə min dastan Sənin.

Bu yeri, bu göyü yaradan Sənsən,

Aləmdə nə varsa yaranan, Sənin.

                           ***

Ürəkdən keçənlər dildə car olur,

Adın gecə-gündüz hey təkrar olur.

Sənin bir sözünlə yoxdan var olur,

Lütfünə bağlıyıq Yaradan, Sənin.

                          ***

Mən yaddan da çıxsam, yada da düşsəm,

Min fəryad qoparsam, dada da düşsəm.

Suya da atılsam, oda da düşsəm,

Zikrini eylərəm ucadan Sənin.

                          ***

Keçməsin başımdan ayrı bir həvəs,

Bir an da unutmaq əbəsdir, əbəs.

Səninlə canlıdır bu ruh, bu nəfəs,

Bu cisim, bu cəsəd, quru can Sənin.

                           ***

Sənsən ayırd edən haqqı nahaqdan,

Qoru bu bəndəni yolu azmaqdan.

Bir yarpaq da belə düşməz budaqdan,

İznin, ixtiyarın olmadan Sənin.

                           ***

Hey ötərəm:”Allah, Allah, ya Allah”,

Əvvəl zikrim: “La İlahə İlləllah”.

Yalvarıram olsun, olar inşallah,

Əlim ətəyində sonacan Sənin.

                          ***

Qurban sənə, arzulara qanad ver,

Arzuluya yel qanadlı bir at ver.

Sən Malikə ürəyincə barat ver,

Döşənib səcdənə hər zaman Sənin.

Həyat özü boyda qəm dənizidi

Həyat özü boyda qəm dənizidi,

Kim bilir bu ahdan aha nələr var.

Yalan adasıdı, ilğım düzüdü,

Eh, nələr görmüşük, daha nələr var.

                         ***

Səhər də elə bil duru axşamdı,

Ulu göylərin də nəm gözü damdı.

Umud son nəfəsin verən bir şamdı,

Başına dolanan pərvanələr var.

                         ***

Ürək bir yarpaqdı-o da bir para,

Sağalmaz bir ömür aldığı yara.

Çırağı yanmayan könüllər sıra-

Ocağı qaralan nə xanələr var.

                        ***

Gerçək yalandırsa,nağıl neyləsin,

Qəhər acıdırsa, noğul neyləsin?!

Dəli yığınına ağıl neyləsin,

Neyləsin mənim tək divanələr var.

                        ***

Sarılmışıq bir gumana həpimiz,

Kim ovudar ovutmasaq bizi biz?!

Şükür,üzülməyib tamam ipimiz-

Hələ sevinməyə bəhanələr var.

Gəlmişəm gülünü qoxlayam gedəm

Gəlmişəm gülünü qoxlayam gedəm,

Gəlmişəm külünü yoxlayam gedəm.

Ömürlük gözümdə saxlayam gedəm,

Mən dağlı sinənin əksini, dağlar.

                          ***

Niskilin dizimdə təpər qoymadı,

Yoxsa məhv olardım, “zəfər” qoymadı.

Tutdu boğazımı qəhər qoymadı,

Yazmağa,deməyə vəsfini,dağlar.

                         ***

Gəlmişəm canıma dəysin nəfəsin,

Sönsün həsrətimin odlu həfəsi.

Bir anlıq vüsalın bir ömür bəsim,

Udsun şəlalələr səsimi, dağlar.

                         ***

Gəlmişəm,əlim boş,üzüm qaradı,

Bağrım dəlik-dəlik, bağrım yaradı.

Demə indiyətək oğlum hardadı,

Toxunma, tərpətmə o simi,dağlar.

                         ***

Dərman ol, dərdindən vərəm mənəmsə,

Yolunda canını verən məməmsə.

Sən Lələ, xan oğlu Kərəm mənəmsə,

Ta qoyma yaxına Əslini, dağlar.

                 Qara göl

Adınmı qaradı,baxtınmı qara,

Kim verib bu ismi sənə, Qara göl?!

Ulu dərdlərimin həmyaşıdısan,

Məhrəmsən, doğmasan mənə, Qara göl.

                         ***

Bir də qayıdarmı geri o günlər,

Göy yaylaq başında toylar,düyünlər.

Gəldi xəyalıma ötüb keçənlər,

Alışdım, odlandım yenə, Qara göl.

                         ***

Yolun bağlanalı dosta,doğmaya,

Bağrının başını dərd oya-oya;

O qanlı yağıya, qara yağmaya,

De necə gərmisən sinə, Qara göl?!

                         ***

Az deyil uğrunda canından keçən,

Oğullar öldü ki, yaşayasan sən.

Şərbət sularından bir udum içən,

Gəlməzmi imana-dinə, Qara göl?!

                         ***

Malikəm,həsrətin şələsi ağır,

Bir səhər dan üzü məni də çağır.

Gözümmü qamaşır, günəşmi doğur,

Ya çıxır taleyin günə, Qara göl?!

Dərd bir atmı, arabamı

Dərd bir atmı, arabamı,

Baş aparsa yüyəni yox.

Könül şenmi, xarabamı?!

Bir soruşum deyəni yox.

                   ***

Ürək kömür, sinə manqal,

Çiçək, çiçək odlu tonqal.

Bu açılan gülmü, qanqal?-

Bu budağın əyəni yox.

                   ***

Yollardayıq qürbət-Vətən,

Yol tanımır hər yol ötən.

Başımıza döydü yetən,

Dərdimizin döyəni yox.

                   ***

Dünya özü bir qəbirmi?!

Son sınağı son səbirmi?!

Yaxşı günün dostu birmi?!-

Yaman günün öyəni yox.

                    ***

Yalanı çox deyilənin,

Baltası çox əyilənin..

Yüz yararı yeyilənin,

Bir yaxşısın deyəni yox.

               Xahişim

Göyçək gözlərinə bulud çökməsin,

Pərişan olmasın qara tellərin.

Örpəyin altında elə dəstələ,

Düşsün gül üzünə sıra tellərin.

                      ***

Qaymaq dodaqların tər gül ləçəyi,

Tumurcuq içində bükülü qalıb.

Bənövşə yarpağı, nərgiz çiçəyi,

Gözümdə gözünün şəkili qalıb.

                       ***

Bağçan bəhərlənib,bar yiyəsisən,

Gəl mən tamarzını murada yetir.

Sayılam, sən isə var yiyəsisən,

Məni gül bağına qoruqçu götür.

                Duam

Əsməyə üstündən qaraca yellər,

Qoruya, saxlaya görüm Hax Səni.

Qalasan ömrünün qız fəslindəcə,

Qocalda bilməyə ötən vaxt Səni.

                        ***

Yolun pambıq ola,baxtın dağ çayı,

Şənlik, şadlıq ola taleyin payı.

Nə var əyər-əskik gedə dolayı,

Tapmaya nə bir şər, nə nahax Səni.

                        ***

İlin çiçək üstə, gül üstə gələ,

Yaşıl baş sonalar göl üstə gələ.

Ruzin qabağına əl üstə gələ,

Tuta qızıl taxtda qızıl baxt Səni.

                        ***

Gözün qəm yaşıynan dolmaya keşgə,

Dünyadan niskilin qalmaya keşgə.

Xəbərin olmadı, olmaya keşkə,

Sevəm ölənəcən mən bədbaxt Səni.

Mən yol üstə sarmaşıq tək

Mən yol üstə sarmaşıq tək,

Ayağına sarmaşaram.

Tellərin qızıl gül tağı,

Tellərinə dolaşaram.

               ***

Gül boylansa qucağından,

İnciyərəm gül bağından.

Bulaq öpsə dodağından,

Bulaq ilə dalaşaram.

               ***

Ayağına düşüm deyə,

İzinlə öpüşüm deyə,

Səninlə görüşüm deyə,

Küləklərə qarışaram.

                ***

Eşqini dindirmək üçün,

Üzünü güldürmək üçün,

Sənə salam vermək üçün

Göydə günlə yarışaram.

               ***

Qovrulsam da hey gizlicə,

Alışmışam bu gizlincə.

Görəmməsəm bircə gecə,

Ulduzlardan soruşaram.

               ***

Dağ olaram,düz olaram,

Həm çay, həm dəniz olaram.

Od içində buz olaram,

Buz gölündə alışaram.

               ***

Səndən əziz bir kəsim yox,

Ayrı gedib-gələsim yox.

Başqa işə həvəsim yox,

Tək sənə nəğmə qoşaram.

Sevib aldana bilmədim

Ha gördüm Haqqı yendilər,

Mən yenə dana bilmədim.

Harda yalan, yanlış gördüm,

Susub dayana bilmədim.

                 ***

Yaşadım artdı bilimlər,

Şükürlüymüş çox ölümlər.

Gəldi başıma zülümlər,

Qaçım hayana bilmədim.

                 ***

Çox mətləbi çox gec qandım,

Alışdım, odlara yandım.

Min cür yalana inandım,

Sevib aldana bilmədim.

İlahi, həm böyük, həm də ki, haxsan

İlahi, həm böyük, həm də ki, haxsan 

Könlüm gülər bir yol üzümə baxsan.

Qaldırammaz kimsə, əgər sən yıxsan,

Kimsə yendirəmməz qaldırsan məni.

                          ***

Bilirəm qarşında günahkaram mən,

Özünə zülm edən sitəmkaram mən.

Yer ilə yeksanam, tarimaram mən,

Nə olar təzədən bir qursan məni?!

                          ***

Sözsüz,hər qərarın ədalətlidir,

Əllərin açıqdır, səxavətlidir.

Ürəyin genişdir,mərhəmətlidir,

Bəs niyə qapından qovursan məni?!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest