Şair Bəhram Bilaloğlu
Şəhid Anası
Hardasa bir “Ana” boynu bükülü,
Fəryad qopararaq “övlad” istəyir.
Daha qalmayıbdır,onun ümidi,
Qəlbində dağ boyda,kədər bəsləyir.
Pənah aparıram, Rəbbimə “Ana”,
Qaytarsın oğlunu, cismən yanına.
Ədalət bilməyən, naxələf,nankor,
Hardan inansın ki,sənin ahına.
Məkanım tanrının yoğurduğu yer,
Yaşayıb bir ömür,geri dönəcəm.
Dünyaya gətirən anam olsa da,
Ayrılıb anamdan,vaxtsız sönəcəm.
Hisslərin incidir, qocaldır səni,
Sanma ki, övladın görməyir daha.
Hələ çatmamısan, körpü sirata,
Ağlama,qoymaz ki şəhidin tənha.
*****
ƏSGƏR
Yatmış düşmənimiz,mənfur oyandı
İçdilər əsgərlər,məhv etmək andı
Düşmənlər al-qana,çirkə boyandı
Yaşa- yaşadıqca, qalx-əsgər yaşa!
Cəhənnəm oduna məhkumsan- məhkum
Tanıyır dünya da dünyaya məlum
Bizim əsgərdir ki,doğulur məsum
Yaşa- yaşadıqca, igid,ər yaşa!
Gücün hünərin də bəllidir- bəlli
Qorxdu murdar düşmən, vurdun tək əlli
Gözlərin görmədi yalvaran əli
Yaşa- yaşadıqca, cəngavər yaşa!
Əssin dalğalansın şanlı bayrağım
Yaşasın müqəddəs uca torpağım
Bir də qayıtmasın yalın ayağım
Yaşa- yaşadıqca, bəxtiyar yaşa!
*****
Şəhidlər
Vətənin yolunda canından keçən
Şəhadət şərbətin,suyundan içən
Düşməni məhv edən,ordusun biçən
Yüksək məqamlara çatandır,şəhid!
Adıyla bağlıdır,neçə şəhər də
Yaşayır daima, xatirələrdə
Qanıyla yoğrulan,belə təhərdə
Vətəni insana, qatandır,şəhid!
Keçmisən tanrının verdiyi candan
Alıb intiqamı, torpaq da qandan
Cənnətə kökləndin həmin zamandan
Şirin canın verən,satandır, şəhid!
Bölünməz qaladır aldığın torpaq
Ruhuna möhtacdır, hər əsən yarpaq
Olmusan sahibi,kim olar ortaq.
Müqəddəs zirvədə, yatandır,şəhid!
*****
Şəhidim
Salam yetir bizdən, behişt əhlinə,
Gecələr yuxu da pay gətir bizə.
Ruhuna baxaraq dincəlsin ruhlar,
Geriyə dönəndə, düşək biz izə.
Torpağı ucaldan şəhid qanıdır,
Tökülür üstünə adlanır Vətən.
Paltarı şəhadət qanı qoxuyan,
Cənnətə gedişin- mübarək,əhsən.
Unudulmaz oldun,neçə qəlblərdə,
Səsin tez ucaldı xudayi ərşə.
Ağladı sevənlər,sənsiz günlərə,
Əbədi bax getdin üzü behiştə.
*****
VƏTƏN HƏSRƏTİ
“Xudafərin” adı vardır üstündə,
Adamlara izin ver ki keçsinlər.
Həsrətə son qoysun, ayrı düşənlər,
Arazdan bir yerdə pak su içsinlər.
Yarısı o tayda,yarı bu tayda,
İsitmir qəlbləri,soyudur ancaq.
Yurduna bağlılıq olan xalqlarda,
Bitməz ki bu sevda,sevilər torpaq.
Urmiya quruyur,böyükdür dərdim,
Allaha ucalır əsən əllərim.
İkiyə bölünməz mənim vətənim,
Yaşasın,dirçəlsin, oba-ellərim.
Qərib şəhərlərim çatsın arzuya,
Oyansın içində,ülvi məhəbbət.
Kimlər istəməzsə sülhü qərarı,
Asın çarmıxına olsun bu ibrət.