Səxavət İzzəti – Cənubi Azərbaycan, Təbriz şəhəri
Nazım Ahmedli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Səxavət İzzəti
Cənubi Azərbaycan, Təbriz şəhəri
Dost olaq
Utancaq baxışın, titrək sözlərin,
Qursun ürəyimdə səhnə, dost olaq.
Dostluq muqəddesdir, dostluq zirvədir,
Varmı bundan böyük mahna, dost olaq.
***
Dost olaq azalsın çiynimizdə yük,
Çöksün önümüzdə hər gədik, hər dik,
Dostluğa muxalıf söz- söhbəti bük,
Sən allah söyləmə: «eh nə dost olaq».
***
Nə nisgil bürünək, nə kədər geyək,
Ömür bağçasından sevinc dər geyək,
Gəl, sən bu dostluğu o qədər geyək-
Ötsün aylar- illər köhnə dost olaq
İşin qalmadı dur gedək
Oyunlar daha udulmaz,
Şeşin qalmadı, dur gedək.
Gözünü verdin dumana-
Qaşın qalmadı, dur gedək.
***
Itirdin götür- qoyunu,
Saldın nəfəsdən hayını.
Tapmazsan bircə tayını,
Tuşun qalmadı, dur gedək.
***
Gün gedir sona çatmağa,
Imkan yox onu tutmağa.
Dəli şeytana atmağa-
Daşın qalmadı, dur gedək.
***
Yubanma dala qalarsan,
Yubanmaqla nə qılarsan.
Tərpən acından ölərsən,
Dişin qalmadı, dur gedək.
***
Durubsan vaxtsız çən kimi,
İçi qurumuş dən kimi,
Sənində burda mən kimi,
İşin qalmadı dur gedək.
Aşın soyuğu
Soyuq söz kimi göynətməz ,
Adamı, qışın soyuğu.
Adam var ondan yaxşıdir,
Torpağın, daşın soyuğu.
***
Başında duman görünü,
Gözlərin qəhər bürünü,
Zəhərə çəkər şirini,
Ağzında dişin soyuğu.
***
Ot bitməz düzə döndərər,
Uğursuz izə döndərər.
Bir əlçim boza döndərər,
Səni gərdişin soyuğu.
***
Yad qaçar, tanış yan durar,
Gör kimlər səni sındırar.
Vaxt olar lələ yandırar,
Ağzını aşın soyuğu.
***
Canı çürüdüb puç edər,
Ömrün ləzzətin heç edər.
Zor deyib cana güc edər,
Sevgisiz işin soyuğu.
***
Yanan kövşəni qurtarmaz,
Batan yelkəni qurtarmaz.
İnanma səni qurtarmaz,
Ağılın, huşun soyuğu.
***
Ruhunda acılar qalar,
Toz olar gözünə dolar.
Boynunda ağır yük olar,
Yolda yoldaşın soyuğu.
***
Şeytan əkib cin törədər,
Pisliyi min- min törədər.
Qan töküb qırğın törədər,
Hardasa başın soyuğu.
Özümü gəzirəm
Ömrün qışına çatdım,
Yazımı gəzirəm hələ.
Düzümdə qoyun sürüsü,
Quzumu gəzirəm hələ.
***
Kor duman yatıb gözümə,
Torunu atib gözümə,
Gözlüyü tutub gözümə,
Gözümü gəzirəm hələ.
***
Tapdağı qayalar başı,
Oylağı zirvələr qaşı.
Bizim dağların tanışı,
Dizimi gəzirəm hələ.
***
Gücümü sərib dizimə,
Çəliklə girib dizimə,
Çənəmi verib dizimə,
Dözümü gəzirəm hələ.
***
Yamacı itib meşəli,
Bulağı meyli, neşəli.
Ağ çiçəkli, bənövşəli,
Düzümü gəzirəm hələ.
***
Yolumda ağaran qaram,
Yoxluğa tutulan varam.
Vaxtım yox səni axtaram,
Özümü gəzirəm hələ!
Yaşam nədir?
Yaşam nədir, mənə bir qorxulu dərin qoyudur,
Şirin nağıl danişan bir yalançı hay- huyudur.
***
Yaşam nədir, mənə sor məndə anladım biləsən
Yaşam- yaşam deyilən süzmə torbanın suyudur.
***
Bu dünyanın işidir sındırıb sıxar biləni
Di gəl ki anlamazı qaldırıb öyüb, böyüdür.
***
Dən olmuşuq dişi kut bir matah dəyırmana biz
Salıbdır ənginə xib-xib əzib,töküb üyüdür.
***
Hayif ki, sancıların bir bə- bir heç oldu anam,
Demək irəm deyilən nazlı dünya bəs buyudur.
***
Çətin ki aldadılam bir də mən behişt adına,
O pak behişt dediyin kirli dünyanin taydır.
***
Çatıb köçüb gedəsən hürmətin yerində ikən
Qonaqda çox qala neylər öz hürmətin soyudur.
***
Darıxmışam ki, hər an dosların səsin eşidim,
Yaşamda yar yaraşıq, yaxşı dostların hayıdır.
Qırışıq şans
Bu oyundan baxtıma, haçan tox aşıq düşər,
Sıram gələndə yoxsa, oyun qarışıq düşər?
***
Ömrün burulğanında, yorub günü batırdım,
Dedim bəlkə ömrümə, ulduzdan işıq düşər!
***
Məndə getmək istədim »əflatunun şəhrinə«
Bilmədim yola çıxsam, yollar dolaşıq düşər!
***
Bu donyada hər zaman «biri vardı biri yüx»
Cibinə pul düşəndə, əlindən qaşıq düşər!
***
Deyiblər «iki kəllə, bir qazanda qaynamaz»
Ağıl kamal tapanda, üzdən yaraşıq düşər!
***
Qadası yer üzündə, qısqanacaq kimsə yox,
Hərənin öz boyunca, işi pırtdaşıq düşər!
***
Bürkülü yaz günündə, şaxta vurar bağını
Ay «Əndəlib» haçansa, şansın qırışıq düşər.
Bitirmişəm
Yüzlər tikanla çarpışaraq gül bitirmişəm,
Göz leysanimla duzlağa sünbül bitirmişəm.
***
Yoldum haram olanları verdim haramiyə,
Düzgün əməklə tarlamı bismil bitirmişəm.
***
Boğdum içimdə hər zaman həsrət alovların,
Bildiz, nə halda bir belə nisgil bitirmişəm?
***
Dövran haramı, ruzgar oğru, yolum çətin
Tanrım, şükürkü ömrümü yüngül bitirmişəm.
***
Bitmiş nağıldı məncə, bu təkrara yox gərək,
İllər olar kı, mən onu bülbül, bitirmişəm.
***
Gəl yiğ bu qorxunu başımızdan ölüm, qağa-
Minlər dağ aşmışam belə mənzil bitirmişəm.
***
Ömrün buludlu xatirəsındən Araz yağır
Dalğın dənizdə çevrəmə sahıl bitirmişəm.
***
Bir mahnı çal ki, dincələ ruhum o mahnıdan
Yorğun müsafırəm ki, ağır yol bitirmişəm.