Kültür Sanat

Şərqşünas alimlərin məqalələri Misir və İordaniya KİV-ində geniş işıqlandırılıb

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşları – aparıcı elmi işçi, t.ü.f.d., dos. Sübhan Talıblı və elmi işçi, şərqşünas Elnur Mustafayevlə birgə hazırladıqları “Azərbaycan Misir dostluq əlaqələri” adlı məqalə Misir Ərəb Respublikası və İordaniya Haşimilər Krallığının məşhur xəbər agentlikləri, elektron qəzet və informasiya portallarında nəşr edilib.

“İki sahil” xəbər verir ki, azərbaycanlı alimlərin Misir Azərbaycan dostluq əlaqələrindən və müxtəlif sahələrdə mövcud olan əməkdaşlıqlardan bəhs edən məqaləsi Misir Ərəb Respublikasının məşhur informasiya portalı “əl-Diplomasi”də, habelə həmin ölkədə fəaliyyət göstərən böyük oxucu kütləsinə malik “əl-Vəsilə”, “əl-Daulə”, “Deyra-nyus”, “Buraq-nyus” xəbər portallarında,  “əl-Bidda”, “EM-nyus” internet qəzetlərində nəşr edilib. Azərbaycanlı şərqşünasların məqaləsi İordaniya Haşimilər Krallığının məşhur “Neyruz” xəbər agentliyində, həmçinin “Nəbz”, “Şərq”, Şəfəq” xəbər mobil tətbiqlərində yayımlanıb.  Məqalədə azərbaycanlı alimlər Azərbaycan Misir əlaqələrinin tarixi ənənələrindən, həmçinin müstəqillikdən sonra bərpa edilmiş diplomatik münasibətlərdən bəhs ediblər. Ötən əsrin 90-cı illərindən etibarən Misir Azərbaycan qardaşlıq münasibətlərində yeni səhifə açılıb və yenidən qurulan əlaqələr yüksək sürətlə inkişaf edib, iki ölkə arasında bir çox beynəlxalq və regional layihələr həyata keçirilib. Bununla yanaşı, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları Misirin Azərbaycan müstəqilliyini ilk tanıyan ölkələrdən olmasını, Dağlıq Qarabağ münaşiqəsində birbaşa və beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi ilə bağlı məsələləri qeyd ediblər. Məqalədə həmçinin Misir Azərbaycan arasında mədəni, elmi, təhsil sahəsində əməkdaşlıqlar haqqında geniş məlumatlar verilib. Belə ki, şərqşünaslar Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin və Misir Mədəniyyət Mərkəzinin müxtəlif sahələri əhatə edən fəaliyyətindən, eləcə də iki ölkə arasında iqtisadi əlaqələri haqqında məlumat paylaşıblar. Qeyd etmək lazımdır ki, mütəxəssislərimizin “Misir Azərbaycan dostluq münasibətləri” adlı məqaləsi ərəb oxucular tərəfindən maraqla qarşılanıb.

Aşağıda məqalənin nəşr edildiyi informasiya portallarının linklərini yerləşdiririk. Məqalə ilə daha ətraflı tanış olmaq istəyənlər linklərə daxil ola bilər.

Pin It on Pinterest