GenelGüncel

Rüstəm Məbudoğlu – Şeirlər

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Rüstəm Məbudoğlu

Şeirlər

Əlvida

Atıb getsən, ovutmaqçun qəlbimi,

Sevəcəyəm soyuq, qara bir daşı…

Sinəm üstə tez-tez sıxıb daşı mən,

Oxşayacam ox kipriyi, daş… qaşı…

                     ***

Əgər getsən, mən bir kötük sevəcəm,

Dərdi böyük, boyu insan biçimdə.

Unutmaqçun vəfasızın “əhdini”,

Gizlənəcəm boş kötüyün içində.

                         ***

Üzün dönsə, bir qayanı sevəcəm,

Söykənəcəm sərt qayanın daşına.

Döysün məni soldan, sağdan ruzigar,

Dözəcəyəm, daş da yağsa başıma…

                      ***

Ayrı düşsək, bir çeşməni sevəcəm,

İçəcəyəm gözlərindən doyunca.

Öz əhdini dananlara əlvida…

Sanmasınlar məhəbbəti oyuncaq!

Yaralı könlüm var

Yaralı könlüm var, bir lal baxışım,

Könlümə əlac et, gözlərimə dol.

Ya dart qollarımdan yıx, sürü məni,

Ya da birdəfəlik gəl həmdəmim ol…

                   ***

Könlüm keçən yerdən keçirim səni,

Gör könlüm evinin nə güzarı var.

Əyil gözlərimə ehtiyatla bax,

Qəmli gözlərimin min azarı var.

                  ***

Yaralı könlüm var, bir lal baxışım,

Mənim baxışımla gözlərinə bax.

Gecəmə ay kimi ulduz olub gəl,

Görən gözlərim ol, ürəyimə ax.

               ***

Elə gəl gözlərim nura boyansın,

Həsrətin bağında xar basır məni.

Özümü gəzirəm gözümdə eynək,

Yollar cana yığıb, iz asır məni.

Ayrılığın üzü dönsün

Ayrılığın neçə dongə, yolu var,

Rişələnən, şaxələnən qolu var,

Qəlb sızladan, ürək deşən kolu var,

Ayrılğın üzü dönsün, ay ellər.

                   ***

Neçə cürdü ayrılığı dünyanın,

Yarası var ayrılıqdan hər yanın,

Həsrət kəsir ümüdünü gümanın,

Ayrılığın üzü dönsün, ay ellər.

                 ***

Hicran düşür ayrılıqdan araya,

Həsrət əli kim istər tel “daraya”,

Tez dən düşür şəvə kimi qaraya,

Ayrılığın üzü dönsün, ay ellər.

                  ***

Möhtac edir gözü gözə ayrılıq,

Ömür satır dözə– dözə ayrılıq,

Nə çəkmədi sinəmizə ayrılıq,

Ayrılığın üzü dönsün, ay ellər.

                    ***

Ürəklərə salıb ləkə, gedibdi,

Qəlblər edib, tikə- tikə,gedibdi,

Milyon vüsal, udub bəlkə, gedibdi,

Ayrılığın üzü dönsün, ay ellər.

                              ***

Rüstəm idim, topdağıtmaz, sərt qala,

Ayrılıqlar saldı məni min hala,

Çox çalışdım, yetişmədim, vüsala,

Ayrılığın üzü dönsün, ay ellər.

Uçan könlüm

Səmalarda uçan könlüm,

Yoruldunsa dincəl bir az.

Ört üstünə buludları,

Kəsər səni şaxta, ayaz.

                    ***

Mən yerdəyəm, ruhum göydə,

Eşqim, qoşul, uçaq gedək.

Hərəmiz bir qanad olaq,

İki qəlbi bir can edək.

                 ***

Uç, qanadlan arzularım,

Sən də baş vur bu göylərə.

Məlhəm eylə ürəyimdə,

Həsrət yara salan yerə.

                  ***

Enək, qonaq qayaların,

Köksü üstə, duraq qoşa.

Sənlə qalan ömrünüzü,

Məhəbbətlə vuraq başa.

            ***

Çeşmələrin gözü bizik,

Həyat verək gözümüzdən.

Zirvələri sancıb yerə,

Dayaq olaq özümüzdən.

                  ***

Getmə könlüm həmdəmim ol,

Eşqi bölək sənlə yarı.

Məhəbbətdir uca zirvə,

Baş eyləyək arzuları.

Gedəcəksən, hara sən…

Ürəyimə xal salmısan əzizim,

Daş atmısan çalxalanıb dənizim,

Saralıbdır, soluxubdur bənizim,

Məni atıb gedəcəksən, hara sən?

***

Elə bilmə, mən dözərəm bir ömür,

Yuxum ərşdə, xəyal heçnə söyləmir,

İllər ötür, birbirini gözləmir,

Məni atıb gedəcəksən, hara sən?

                     ***

Göy yamaclar səni məndən soruşsa,

Necə baxım qalxdığımız yoxuşa,

Mən dözmərəm ayrılıqlı baxışa,

Məni atıb gedəcəksən, hara sən?

                    ***

Axar sular kükrəyəcək, axacaq,

Gözlər gedən yollarına baxacaq,

Ürəyimi sənsizliklər yaxacaq,

Məni atıb gedəcəksən, hara sən?

                       ***

Gülüşlərin qulağımda qalacaq,

Həsrət məni səhralara salacaq,

Ruhum uçub, xəyallara dalacaq,

Məni atıb gedəcəksən, hara sən?

                    ***

Kəsiləcək şirin dilin nəğməsi,

Ürəyimi ayrılığın üzməsin,

Söylə görüm, könlümün dürdanəsi,

Məni atıb gedəcəksən, hara sən?

                        ***

Sənə baxan gözlərimi neyləyim?

Car çəkim bəs, kimə izhar eyləyim?

Söylə axı, necə deyim, söyləyim?

Məni atıb gedəcəksən, hara sən?

                        ***

Necə çəkim əllərindən əlimi?

Heç doyunca qoxlamadım telini,

Kim sarıyar yaralanmış könlümü?

Məni atıb gedəcəksən, hara sən?

                    ***

Üzər məni ayrılğın hər dəmi,

Kim olacaq bəs könlümün həmdəmi?

İnsaf eylə, atıb getmə, Rüstəmi,

Məni atıb gedəcəksən, hara sən??

          Yuxuna gələcəm

                        (Bir yarpaq sevgidən)

Darıxma, yuxuna gələcəm gecə,

Qorxunu, şübhəni sən alma vecə,

Sən varkən dünyanı endirib heçə,

Məhəbbət bağımda görəcəm səni.

                           ***

Gələrəm, gedərəm səssiz – səmirsiz,

Eşq kimi gələrəm, qoymaram bir iz,

Alıb köksüm üstə, dalğalı dəniz,

Olub, dəryalarda sevəcəm səni.

                       ***

Sulara qərq olub üzüb gedərik,

Dalğanı dalğaya düzüb gedərik,

Əl- ələ tutarıq, süzüb gedərik,

Pəri tək ruhuma hörəcəm səni.

                      ***

Qəlbimdə yuva qur, bir ömür yaşa,

Nahaqdan vermərik ömürü boşa,

Heç zaman düşünmə, inanma haşa,

Nə vaxtsa, kimləsə böləcəm səni!!!

Aslan kimi yaşadı

Bu dünyaya doğru gəldi, çaş oldu,

Əyri gəldi önə keçdi, baş oldu,

İnsan gəldi, gözü aglar, yaş oldu

Aslan gəldi, aslan kimi yaşadı.

                     ***

Ölsə yenə aslan elə aslandı,

Əqidəsi hər görənə əyandı,

Nə varlığın, nə zatını danandı,

Can güdmədi, öz yükünü daşıdı

                    ***

Şir-aslanın böyük olar həmləsi,

Əzər keçər, pəncələri, çənəsi,

Qorxuludu baxışları, tənəsi,

Dəyişmədi öz kürkünü, yaşadı.

                      ***

Keçər gedər nəyi varsa dünyanın,

Əzab olar nəyi qalsa dünyanın,

Üzü gülməz, biri ölsə dünyanın,

Aslan güclü, bəla çəkən başıdı!

Yaşat məni

Sevirəm mən səni, ilk bahar kimi,

Yazda tər açılan çiçək kimisən.

Mən səni sevirəm, hər gün, hər səhər,

Köksümdə döyünən ürək kimisən

                    ***

Mən səni sevirəm, aylı gecə tək,

Ruhuma öz nurun salanım mənim.

Sevirəm mən səni, “Dan” ulduzu tək,

Özümü özümdən alanım mənim.

                      ***

Mən səni sevirəm, öz gözüm kimi,

Gözümdə açılıb, oyananımsan.

Baharım, payızım, qışımda belə,

Soyuq qar altından boylananımsan.

                      ***

Sevirəm mən səni ürəyim qədər,

İstəsən qəlbimi, çıxar, at məni.

Təkcə ürəyimi sındırma ki, sən,

Özün könlümdəsən, sev, yaşat məni.

Yığ yollardan gözünü

Dayanmışam pəncərənin önündə,

Yağış yağır, döyür çöldən şüşəni.

Cüt gözlərim uzaqlara zillənib,

Elə pozub bir şə……siz nəşəmi.

                       ***

Sərçələr də yuvasına çəkilib,

Gedib- gələn, bir kimsə də görünmür.

Elə düşür, yaş buludun gözündən,

Axır gedir, bir – birinə.. hörülmür.

                  ***

Pəncərənin önündəyəm hələ mən,

Bir səs çırpdı pəncərəyə özünü.

Bu anamın ruhu imiş, sən demə,

Deyir oğul, yığ yollardan gözünü…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest