Rafiq Yusifoğlu: İKİ QƏRİNƏNİN POETİK SALNAMƏSİ VƏ YA SƏNƏT DÜNYAMIZIN TƏNHA DAĞDAĞAN AĞACI

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Rafiq Yusifoğlu,

Şair, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.

İKİ QƏRİNƏNİN POETİK SALNAMƏSİ VƏ YA  SƏNƏT DÜNYAMIZIN TƏNHA DAĞDAĞAN AĞACI

Elektron ünvanımı açıb baxanda qardaş Türkiyədən, tanımadığım bir insandan məktub gəldiyini gördüm. Burada yazılırdı ki, bu il Türk dünyasının ünlü şairi, Prof.Dr Məmməd İsmayılın yaradıcılıq fəaliyyətinin 66 ili tamam olur  və bu münasibətlə “Məmməd İsmayıl ərmağanı” adlı bir kitabın nəşri nəzərdə tutulur. Bu münasibətlə məndən də məqalə istəyirdilər. Səmimi deyim ki, bu, mənim üçün göydəndüşmə bir təklif idi. Çoxdan idi ki, ürəyimdə iki qərinəlik yaradıcılıq yolunu izlədiyim dəyərli bir şair haqqında məqalə yazmaq arzusu baş qaldırmışdı. Ancaq işin çoxluğu bu arzunu reallaşdırmağa imkan vermirdi…

Hələ orta məktəbin aşağı siniflərində oxuyanda “Azərbaycan gəncləri” qəzetində adını ilk dəfə eşitdiyim Məmməd İsmayılınana haqqında haqqında bir şeirini oxumuşdum. Şeirin bütün məzmunu yadımda qalmasa da, iki misrası elə o vaxtdan yaddaşıma həkk olunmuşdu:

“Məni sən dünyaya gətirdin, ana,

Sənisə dünyadan aparıram mən”…

İllər keçdi. Şair olmaq arzusu məni ADPU-nun fililogiya fakültəsinə gətirdi. Burada görkəmili sənət adamlarından, alimlərdən dərs almağa başladım, adını eşidib üzünü görmədiyim sənət adamları ilə tanış oldum. Bir dəfə tələbə yataqxanasında şairlərlə görüşümüz oldu. Qəribəlik bunda idi ki, hər üç şairin adı Məmməd idi: Məmməd İbrahim, Məmməd İsmayıl və Məmməd Kazım. O vaxt Məmməd İsmayılın oxuduğu sevgi şerini hamı bəyənmişdi. Ona görə ki, ilk sevgi oxu daşa dəyənlərin ürəyindən xəbər verirdi bu misralar:

Düşüb aralara həftələr, aylar,

Qalmısan ömrümün ötən ilində.

Bir həsrət sinəmdən səni haraylar

Məhəbbət, sədaqət, sevgi dilində.

Bir eşqin uğursuz qədəmi kimi

Demə aramızı soyudacağam.

Limana qayıdan bir gəmi kimi

Təzədən mən sənə qayıdacağam.

O vaxt filologiya fakültəsində oxuduğumuzdan, epitetlərə, metaforalara, təşbehlərə xüsusi diqqət yetirirdik və “anadan olduğum doğma kənd kimi”, “quraqlığa yağan yağışlar kimi”, “ünvanı səhv düşən bir məktub kimi” təzədən mən sənə qayıdacağam ifadələri çox xoşumuza gəlmişdi.

Elə o zamandan Məmməd İsmayılla şəxsi tanışlığımız başladı. Ancaq tale elə gətirdi ki, onunla sıx-sıx görüşə, söhbətləşə bilmədim. Başqa sözlə desək, özündən çox sözü ilə dostluq elədim. Televiziyadakı çıxışlarını izlədim, kitablarını oxudum və beləcə illər bir-birini əvəz eləməyə başladı. Tale elə gətirdi ki, Məmməd İsmayılın şeir həsr elədiyi tənha dağdağan ağacını da gördüm, içdiyi bulaqların suyundan mən də içdim, baxdığı mənzərələrə mən də baxdım, kənddəki evində qonağı oldum, saz-söz məclisində unudulmaz anlar yaşadım və bütün bunlar ürəyi şeirlərində çırpınan şairi daha yaxından duymağıma kömək elədi… Hiss elədim ki, Məmməd İsmayılın istedadı ilə bərabər, onun poeziyasının beşiyi olan əsrarəngiz təbiət, folklor-saz-söz mühiti də bənzərsiz şairin yaradıcılığını formalaşdıran ən aparıcı amillər sırasında olub.

Məmməd İsmayıl öz taleyinin şairidir, görüb-duyduqlarını yazır. Elə buna görə də onun uşaqlıq illəri ilə bağlı şeirlərini həyəcansız oxumaq olmur. Sənətkarın yaşadığı uşaqlıq illərinin ağrısı, acısı onun düşüncələr prizmasından keçib, yeni həyat kəsb edir, poetik yaşantıya, salnaməyə çevrilir…  “Mənzil başında” şeirindəki “Dava gülbitirməz, çiçəkyetirməz sərhəd zolağı tək düşdü araya” misraları şairin həm o dövrün mənzərələrini yaratmaq, həm də ağrılı-acılı hadisələri lakonik tərzdə mənalandırmaq bacarığının göstəricisidir. Onun şeirlərində arzuları gözündə qalan, həyat yoldaşının cəbhədə ölümündən sonra saçının birini ağ, birini qara hörüb oğul böyüdən, ailəsinin təmiz adını qorumaq, övladının başını həmişə uca eləmək naminə bütün məhrumiyyətlərə dözən fədakar bir ananın mükəmməl obrazı yaradılmışdır.“Ümiddən asılan qılınclar” şeiri bu baxımdan çox səciyyəvidir:

Ağlımız təzəcə kəsirdi onda,

Bir həsrət didirdi ürəyimizi.

Bir ad dolaşırdı söz arasında,

Ümiddən asılan qılınc kimiydik –

Analar qınından sıyırıb bizi

Qoymuşdu bəxtiylə öz arasında.

Bu yerlə, bu göylə, bu dünya ilə

Eşqiylə, əhdiylə öz arasında.

Şair elə bil ki, bütün şeirlərində anasına hesabat verir. Evinin yanında ev tikdirməsindən, ona gəlin gətirməsindən, nəvələrinin dünyaya gəlməsindən poetik dillə söhbət aşır. Doğma torpaqda o, hara baxırsa baxsın, anasını görür, hər addımında, hər hərəkətində anasının ruhunu incitməməyə çalışır:

Xatirələr üstünə

Narın-narın qar yağar.

Necə ayaq basasan

Ana yatan torpağa?

Məmməd İsmayılın şeirlərindəki anaya, doğulduğu torpağa bağlılıq, dünyanın harasında olur-olsun bu yerləri həsrətlə, göynərti ilə xatırlaması retrospeksiyanın, xatirə poeziyamızın kövrək nümunələri kimi yadda qalır. İstəklə rallıq arasındakı gözəgörünməz uçurum onun şair ürəyini göyüm-göyüm göynədir.

Fikri ümumi təsvirlərlə, tərənnümlərlə vermək o qədər də çətin məsələ deyildir. Əsas odur ki, bədii təqdimat zamanı səciyyəvəvi detallar tapmağı bacarasan. Sənətkarlıq, kimsənin görə bilmədiyini görüb əks etdirmə bacarığı məhz bu zaman  özünü göstərir. Məsələn, “Yiyəsiz bir evdir bu dünya sənsiz” misrası anasız dünyanın ağrı-acılarını, lirik qərəmanın  sonsuz həsrətini əks etdirmək, “Yetim bir haray” epiteti bu nisgili bütünlükdə göz önündə canlandırmaq gücündədır. “Cığırlar itmişdi neçə həyətdə, Yollar üzə durub dayanmışdılar”; “Şənlədə-şənlədə ər ocağını Namus ocağına döndülər onlar”;“Ərləri bir zaman cəbhədə itən Qadınlar hələ də Qərbə boylanır”; “Ölüm, hədələmə məni ölümlə, Ölərəm, sənin də sirrin açılar”;“Sanıram talada tək qalan vələs Mənim yetim qalan uşaqlığımdır”; “Zaman saçlarında sırsıra bağlar”; “Yağırdı saralan yarpaqlar üstə, Qış qızıl payızı dəfn eləyirdi”; “Söyüd budaqları necə əyilib, Yoxsa budağından kədər sllaşıb” və s. bu tipli misralar məna tutumu ilə diqqəti cəlb edir, şairin potik mənalandırma qabiliyyətindən xəbər verir.

“Ağacdələn, döy qapımı” şeiri istər-istəməz mənə ulu Füzulinin “Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadan qeyri” misralarını xatırladır. Hələ şeirin özü bir yana, ona nəsrlə yazılan bir neçə cümləlik ön sözü belə həyəcansız oxumaq mümkün deyil. Sətiraltı məna vasitəsilə verilən nisgil, sözün poetik tutumu adamı həyəcanlandırır:  “Yolum hərdən kəndə düşür. Orda anamdan ömürlü, məndən vəfalı evimiz hələ də tək-tənha döyüşlərdən geri dönməyən atamı gözləyir. Qapısı bağlı qalan yetim, tənha evimiz. Bir dəfə payız çənində gəlmişdim ata yurduna. Həyətə çatar-çatmaz səs eşitdim, kimsə, qapımızı döyürdü. Ayaq saxladım. Elə bil gəlişimiayların-illərin acılı-şirinli xatirələri ilə qol-boyun olan evimizə kimsə xəbər verirdi. Axı bu şərin şər vaxtı, payız çənində kəndimizdə mənim gəldiyimdən kimsə xəbər tutmamışdı! Evimizdə isə taleyin qəzavü-qədərindən başqa kimsə yaşamırdı. Bəs elə isə bu kimsəsiz evin qapısını döyən kim idi? Amma bu səslər nəsə insan barmaqlarının səsinə oxşamırdı, nəsə qaibanə bir səs idi. Payız çəni bir az da seyrəlmişdi… Sən demə qayğısız ağacdələn tənha evimizin köhnə, çürüməkdə olan qapısını dimdikləyirdi. O kim idi? Bəlkə atamın ruhuydu, bəlkə anamın, bəlkə vaxtın, zamanın, ya bəlkə mənim arzularımın barmaqlarıydı qəfil gəlişimi yetim evimizə xəbər verirdi? Ya bəlkə həqiqətən yem axtaran ağacdələn idi, bilmədim. Gözümdə döyüşlərdən acı yadigar kimi Avropanın çöllərində yetim qalan evlər canlandı, bir də təkcə ağacdələnin döydüyü qapılar…”

Bu mətndə poetik mənalandırma o qədər güclüdür ki, istər-istəməz məşhur fransız yazıçısı Jül Renarın “Nəsr misralara bölünməmiş şeir olmalıdır” qənaətini xatırladım. Bu misralara bölünməmiş cümlələri isə yalnız və yalnız şair yaza bilərdi, hadisə təsvir eləyən nasir yox.

 “Gecələr xəyalən kəndə gələrəm” şeiri də həssas oxucunu kövrəldir:

Alışıb nura dön burda, ay ürək,

Ruhların oyanan Novruz ayıdır.

Anamın xəyalı pərvanələr tək

Nursuz evimizə dəyib qayıdır.

Kəmfürsət qohumlar, qanıb-qandırın,

Kim deyir doğmalar dönüb yad olsun.

Gedin evimizdə işıq yandırın,

Yandırın, anamın ruhu şad olsun!

Gecələr xəyalən kəndə gələrəm,

Çəpərlər dalından ulaşar itlər.

Çıxar yollarıma duruşunda qəm,

Pərişan söyüdlər, sonsuz söyüdlər…

Təbiətin əsrarəngiz lövhələrinin özünəməxsus şəkildə təsviri Məmməd İsmaylın poeziyası üçün səciyyəvidir. Peyzaj lirikası digər şairlərin şeirlərində olduğu kimi, onun poeziyasında da qəhrəmanın daxili dünyasını, onun hiss və həyəcanlarını, gözəllik qarşısında heyrətini əks etdirmək vasitəsi olmuşdur. Digər tərəfdən, Məmməd İsmayılın peyzaj lirikasında ilk nəzərdə ön planda lövhələr, tərənnüm, vəsf dayansa belə, misraların alt qatında dünyanın dərki məsələsinin  dayanmasını sezmək mümkündür:

“Çıxar ağ göyərçin qara buluddan, Çıxar ağ buludun açarı kimi”; “O körpə ağaca könül bağlayım, Bəlkə yaz ömrünə qovuşa bildim”; “Dönüm təbiətin bir parçasına, Yaralı könlümü sağalda bəlkə”; “Yazdan payızacan qalan günahı Qış öz şaxtasıyla yumasa olmaz”; “Başqa dünyalara bizi atmağa Günəşin telləri sapand olaydı”; “Elə bil dinc durmaz göylərin əli, Günəşi nar kimi sıxar dənizə”; “Burda yazın əli daş altındadır” və sair, və ilaxır bu tipli məna tutumlu, poetik missiyalı misralar həm peyzajın aparıcı ştrixləri kimi yadda qalır, həm də müəllif məramının ifadəçisinə çevrilir.

Məmməd İsmayılın peyzaj lirikasının cövhərində hər otu, çiçəyi, gülü, kəpənəyi, böcəyi bir möcüzə olan təbiətin poetik dərki məsələsi dayanırsa, sevgi şeirlərində kainatın ən ali məxluqu olan bəşər övladının daxili dünyasını açmaq, insanın psixikasınin incəliklərinə varmaq, səbəb və nəticə əlaqələrini tapmaq arzusu şairin qələmini, daha dəqiqi, onun düşüncələrini sınağa çəkir. Müxtəlif istiqamətli bu axtarışlar isə mənəvi-əxlaqi kamilləşmə yolunun bələdçisinə çevrilir.

Məmməd İsmayılın  hələ 1975-ci ildə yazdığı “Ey ürək” adlı bir şeiri bu misralarla bitir:

“İlhamsız ürəyim düşmən önündə

Gülləsi tükənən silah kimidir”. – Keçdiyi yaradıcılıq yolu, yazdığı əsərlər göstərir ki, həmişə özünə qarşı tələbkar olan şairin sənət silahının güllələri nəinki tükənməmiş, əksinə hədəfdən yayınmamışdır. Belə olmasaydı bu kitablar yaranardımı, şair ümumtürk ədəbi ictimaiyyətin rəğbətini qazana bilərdimi?Onun “Hələ yaşamağa dəyər bir az da” şeiri qəlbində həyat eşqi qaynayan insanların dilində zərbü-məsələ çevrilərdimi?

Qıvrıla-qıvrıla bir gürzə kimi

Əsrin ovsununa yatıb Araz da.

Dünyanın işini nə bilmək olar –

Hələ yaşamağa dəyər bir az da…

Bu inam çox-çox illər sonra xalqın taleyüklü problemlərinin həllinə rəvac verdi elə bil. 44 günlük müharibədən zəfərlə çıxandan sonra bu mövzuda Məmməd İsmayılla uzun-uzadı telefon söhbətimiz, qələbə sevincimizi paylaşmağımız şairin şeirlərində ğördüyüm vətənpərvərlik duyğularının təsdüfi olmadığının göstəricisinə çevrildi mənim üçün. Məmməd müəllimin uzun illər televiziyada apardığı “Odlar yurdu” verilişinin daimi izləyicisi kimi düşündüm ki, o verilişlərdən yeni nəslin xəbəri olmasa belə, şairin “Odlar yurdu” silsiləsindən olan şeirləri vətənpərvərlik tərbiyəsi baxımından indi də öz əhəmiyyətini itirməmiş, öz ədəbi missiyasını ləyaqətlə davam etdirməkdədır.

Dostu bu dünyada seçib taparlar,

Dost-düşmən seçilər, Vətən seçilməz.

Qayanı yonarlar, dağı çaparlar,

Dağ-qaya kiçilər, Vətən kiçilməz.

Keçər taleyindən, ömründən keçər,

Qovuşmaz karvana, yovuşmaz köçə,

Köçsə, qürbət eldə qəlbinə köçər,

Ağır elli-günlü Vətən keçilmz.

Ürəyin Vətənin önündə zərrə,

Andını dəyişməz, qızılla, zərlə,

Vətənin yolunda candan keçərlər,

Keçilməz qaladır, Vətən keçilməz.

Göyləri uludur, Günəşi uca,

Yerləri gözünü, könlünü açar,

Ağacı böyüyüb kökündən qaçar, –

Ha qaçar, kökündən ayrıla bilməz.

Dost-düşmən seçilər, Vətən seçilməz,

Dağ-qaya kiçilər, Vətən kiçilməz,

Keçilməz qalddır, Vətən keçilməz…

Əslində bütün elm və sənət əsərlərinin mərkəzində dünyanın dərki məsələsi dayanır. Ağlı söz kəsəndən ömrünün son gününə kimi insan əhatə olunduğu möcüzəli, sirli dünyanın qanunauyğunluqlarını, baş verən təbiət hadisələrinin mahiyyətini anlamağa çalışır… Bütün bunlar isə insanın özünün özünü dərki prosesindən başlayır və bu proses “mən kiməm” sualının cavabını axtarmaqdan qaynaqlanır. Bu suala axtarılan cavablar insanın Haqq dərgahına gedən yolunun üstündə pillələrə çevrilir. Hamının bu pillələri qalxmağa nəfəsi çatmir,  hər adam həqiqət axtarışlarından qalib çıxa bilmir. Ömrünün kamillik zirvəsinə çatan müdrik filosofun  uzun, israrlı axtarışlardan sonra gəldiyi “Bircə onu bilirəm ki, heç nə bilmirəm” qənaəti də yaradıcı insanı ruhdan salmır, onu düşüncələr girdabından xilas edə bilmir. Bu baxımdan yanaşdıqda ömrüniniki qərinəsini yaradıcılıq axtarışlarına sərf edən son dərəcə istedadlı qələm sahibi Məmməd İsmayılın poetik qənaətləri olduqca maraqlı, düşündürücü, sirayətedicidir.

Məmməd İsmayılın ömrün müxtəlif dönəmlərində oxuduğum kitablarını yenidən vərəqləyəndə şairin  “Mən kiməm” sualına verdiyi cavabların necəliyi məni çox maraqlandırdı. Düşündüm ki, görəsən Məmməd İsmayıl bu ziqzaqlı ömür yollarında özünü necə tanıyib və oxucularına necə tanıtmağı bacarıb?

…Dünyanı dolanıb geri dönəndə

Bəlkə heç özü də bilməyib nədən

Bir çevrə cızmışdı Bəhlul danəndə

Demişdi: – Oğulsan çıx bu çevrədən…

“Sirli çevrələr”dəki şair düşüncələri bu misralarla başlayır. Köhnə era, yeni era, “sirli dövrələr”, “sirli çevrələr”, “əvvəli, sonu bilinməyən dünya”, həyatın dərkedilməz burulğanları şairin düşüncələr dəyirmanını susuz qoymur. O, dərk eləyir ki, bəni insan düşüncələrinin üzünə belə “qapalıdır dünyamız”.

Gümüşü yollar üstə

Bircə gözümüz açıq,

Bircə alnımız açıq.

Babamdan bu tərəfə

Uzanan eralardan,

Nəvəmdən o tərəfə

Uzaq sferalardan

Oğulsan, qırağa çıx!

Qapalı dodağımız

Fikrimizin qıfılı.

Açılmaq istəsə də

Köksümüzün altında

Ürəyimiz qapalı.

Kürəmiz uşaq şarı,

Qəlbimizin oxşarı.

Özünü verir günə,

Günü calayır günə.

Yaşayır neçə ildir

Qonşu planetlərin

Cazibə qüvvəsində.

Gələr iş növbəsinə,

Dönər iş növbəsindən.

Dünyamızın üstündə

Nəhəng bir fikir gəzər

Eynşteyn qafalı.

Qapalı bir sirri var

Yerin, göyün qapalı.

Müəllif bu qapalı dünyanın sirlərini açmaq üçün əldən-ayaqdan gedir, axtarır, arayır. Gah mifoloji, gah tarixi qaynaqlardan bəhrələnməyə çalışır, onun sirli-sehrli qapılarını şair fəhmi ilə dərk eləməyə, açmağa səy göstərir. Bu yolda doğulduğu ilahi məkan, təbiətin füsünkar mənzərələri, çayların, bulaqların, quşların, böcəklərin ecazkar nəğmələri onun düşüncə abidəsinin postamentinə çevrilir.

O hansı gün idi yer işə düşdü,

Taleyin kərəmi gəldi insafa?

Kim bilir, nə zaman, harda görüşdü

Babamız Adəmlə nənəmiz Həvva?

Sonra yerdəyişi yağışın, qarın,

Keçib ömrümüzdən neçə qış-bahar;

Babadan nəvəyə gedən yolların,

Nəvədən babaya qayıtmağı var.

İnsan ağacının kökü dərində –

Yüz yol boşalsa da, dolsa da dünya,

İkicə adam var bu yer üzündə,

İkicə adam var: Adəmlə Həvva…

Heç olmasa düşüncələr vasitəsi ilə başlanğıca, ilkinliyə qayıdış hər şeyin kökünü, əslini tapmağa, bu vasitə ilə dünyanı dərk eləməyə yönəlir. “Ay baba dərviş” şeiri isə “dünyanın nağıllı günləri”nə qayıdışla bu günün mürəkkəb hadisələrini anlamaq ehtiyacından yaranır. Şeirin əvvəlində müəllifin nəsrlə verdiyi bu cümlələr  onun ədəbi məramının istiqaməti haqqında ilkin təsəvvür yaradır: “Nağıllarımıza, əfsanələrimizə ağ əbalı, göy qurşaqlı dərvişlər gələrdi. İki barmağının arasından darda qalanlara işıq, nicat yollarını göstərərdi. Yuxularda aşiqlərə buta verər, gözünü yumub-açınca istək mənzilinə yetirərdi.Nağıllarımızda, əfsanələrimizdə belə təmənnasız dərvişlər vardı. Vardı niyə dedim? Axı hər əfsanənin, nağılın bir həqiqət başlanğıcı var. Dünyamızın başının üstünü atom vahiməsi aldığı bizim günlərdə o qeybdən, nağıllardan, xəyallardan gələn dərvişlərə elə ehtiyac duyulur ki! Bəs yer üzünün xeyirxah, yaxşı insanları?!”

Əslində şeirin özü müəllifin bu qənatlərindən qaynaqlanır və həmin fikirlər potik düşüncənin istiqamətini göstərən amilə çevrilir:

Qeybdən gəlmələr, ulu kəlmələr,

Ərşə yüksəlmələr, yoxdan var olmaq.

Qəfil yaxşılığa səbəbkar olmaq,

Bu nağıl, əfsanə yoxsa hədərmiş?!

Adını çəkməkdən dodağım qabar,

Gəl ki, gəlişinlə ömür-gün yanır.

Sənin gəlişinə ehtiyacı var

Mənim yox, onun yox, bütün dünyanın –

Hardasan, hardasın, ay baba dərviş?!

Həyat, ölüm, bu dünya, o dünya ilə bağlı düşüncələr, bu məsələlərlə əlaqəli çeşidli suallara cavab axtarışları onun şeirlərinin start nöqtəsidir. Düşüncədə bəzən yanılmalar, sapmalar olsa belə, bütün hallarda fikrin poetik  dillə ifadəsi qənaətbəxşdir, yaradıcı insanın gümanlar, şübhələr içində həqiqət axtarışlarının bədii əksidir.

Bu baxımdan “Ölümdən o yana” şeiri çox səciyyəvidir:

Ölümdən o yana həyat var yəqin,

İnsan toxum kimi torpağa düşsə,

Yüz il də, min il də yaşayar yəqin.

Bulağın əvvəli, ağacın kökü,

Yerin səsi-küyü yer altındadır,

Dünyanın böyüyü yer altındadır.

Bu dünya mollanın dünyası deyil,

Din adlı yalanın dünyası deyil.

Ölümdən o yana həyat var yəqin,

De, nəyə bənzədək biz bu görüşü? –

Gah torpaq insanın fikrindən keçir,

Gah insan torpağın yadına düşür.

Ölümdən o yana həyat var yəqin,–

Göyərən ağaclar, cücərən otlar,

Ürəyə dammalar, xatırlanmalar,

Gözə görünmələr və nələr, nələr…

Bu və eləcə də bundan sonra davam edən misralarda yaradıcı insanın həqiqət axtarışları, onun həyəcan və narahatçılıqları öz əksini tapmışdır…

“Allah” rədifli qoşmada “Məni sən yaratmısan” qənaətinə gələn şairin haqsızlıq kataliztoru ilə üsyan qaldırması da yaradıcı şəxsiyyətin daxili dünyasında gedən təbəddülatların bədii əksidir. Nəzərə almaq lazımdır ki, bu misralar 20 Yanvar facisəndən sonra müsibətlərə dözə bilməyən bir xalqın övladının harayıdır, haqsızsığa qarşı üsyanıdır:

Xeyrəmi, şərəmi, nəyə baxırsan?

Əlacsız qalmısan deyə baxırsan?

Səndəmi bizimtək göyə baxırsan,

Dönüb yaratdığın yerə bax, Allah.

“Qisas qiyamətə qalmaz” şeiri daha əvvəl, 1984-cü ildə yazılsa da, burada da haqsızlığa qarşı üsyan var, “ümidi qırılanların yollar ayrıcında qalan sabahı”çox narahat edir… Bu ictimai-siyasi motivlər “Bu qan yerdə qalan deyil”, “Şeytan”, “Nəsimi”, “Nə deyir mənə bu tarix”, “Şah İsmayılın ruhu”, “Sözüm sənədir, xalqım”, “Sən kimi seçirsən”, “Kimi aldadırsan” və sair bu kimi şeirlərin mayasında, cövhərindədir.

Məmməd İsmayılın bütün yaradıcılığı boyu ən əsas, önəmli məsələ xalqın bütövlüyü, şəxsiyyətin bütövlüyü məsələsi olmuşdur. Həmişə özünə tələbkar yanaşan, arzularını reallaşdırmaq üçün özünü oda-közə vuran, “ilhamın məhəlli sularında üzməkdən” can qurtarmağa çalışan və bu arzusuna da qovuşan şair ömrünün ixtiyar çağında dərk eləyir ki, bütün yollar əvvəl-axır müqəddəs məbədə, Vətənə qayıdır.

“Bir tükənməz nağıl olsun Vətən torpağı

Ha yol gedim, çatammayım sərhədlərinə” – deyən M.İsmayıl poeziyamızın sərhədlərini əhəmiyyətli dərəcədə geniçləndirən bir qəlm sahibinə çevrilmişdir.

Həssas müşahidələr, bitib-tükənməyən düşüncələr, yaradıcılıq axtarışları, özünə qarşı tələbkarlıq, zəhmətsevərlik adi bir kənd uşağını alimə, professora, sayılıb-seçilən filosof şairə çevirir. Bu ucalıqdan baxanda şair dərk eləyir ki, dünyanın ən gözəl yeri doğulub boya-başa çardığı torpaq, dünyanın ən saf insanı isə o mühitdə böyüyən, arzuları özündən böyük həmin uşaqdır, “imkanından çıxan, sabahını danışan uşaq”…

Şairin düşüncələr bostanının məhsulları boldur. Onun poetik biçimli meyvələrinin – şeirlərinin dadı, duzu qan yaddaşından, mifologiyadan, həyatdan, torpaqdan, ilkinlikdən gələn bir daddır.

Məmməd İsmayılın qürbət şeirlərində də vətən ətri duyulur. Nə şan-şöhrət, nə var-dövlət ömrü-günü ağrılar, əzablar, ehtiyac, maddi və mənəvi sıxıntılar içində keçən uşaqlığın, analı günlərin əvəzini verə bilmir. Əslində ömür insana Allah tərəfindən verilən mənəvi-əxlaqi saflaşma möhlətidir. Ömrü boyu “Mən kiməm” sualının cavabını axtaran insan həyatının müdriklik çağında dərk eləyir kimliyini. Məmməd İsmayl kimi:

Məni fikirləşənin

Ağlına yüz söz gəlir.

Yəni kim olduğumu

Bilmirsənmi, ay dəli?!

Taleyi-yüz cür sözə,

Söhbətə nədən olan,

Qürbətdə uyusa da

Yuxusu vətən olan.

Demə, görmə vətənin

qürbətdəki heykəli!

“Vətənin qürbətdəki qəm heykəli” doğulduğu kəndin başının, daşının üstündə bitən tənha dağdağan ağcınının kölgəsində özünü daha xoşbəxt hesab edir.

Vətənin “bir qarış yerindən umacağı” olan şair evinin yanında ev tikdirdiyi anasının qəbrinin yanında qəbrinin olmasını arzulayır və biz bu arzunun səmimiyyətinə inanırıq.

Evinin yanında ev tikdim, ana,

Qəbrinin yanında qəbrim olaydı.

Əslində ədəbiyyatda yeni mövzu yoxdur, mövzuya yeni, özəl yaradıcılıq prizmasından baxış var ki, bu da Məmməd İsmayılın  ədəbi üslubunu digərlərindən fərqləndirir. Başqa sözlə desək, həyata yeni prizmadan baxış, ədəbi üslubun da yeniliyini şərtləndirən amilə çevrilir.

Şairinmüxtəlif mövzulu, rəngarənk janrlı hər bir əsəri haqqında ayrıca məqlə yazmaq mümkündür ki, bu da əsl sənətkarın daxili dünyasının, onun yaradıcılıq məziyyətlərinin aparıcı göstəricisidir. Hər şeir, hər bənd, hər misra, hər ifadə düşüncə tərzinin yeniliyindən, bədii ifadə ustalığının təzəliyindən xəbər verir.

Şairin bütün şeirlərinin hərəkətverici qüvvəsi  səmimiyyətdir. Keçdiyi əzablı ömür yolunda qismətinə düşən atasızlıq, kasıbçılıq, sevgi uğursuzluğu, umacağı olan insanların diqqətsizliyi onun poeziyasında bir mənəvi zənginlik yaradan amilə çevrilmişdir. Şairin əsərlərini oxuduqca aydınca görürük ki,  onun şeirləri, poemaları, publisistik düşüncələri  yaradıcı insan ömrünün iki qərinəlik poetik salnaməsidir. Məmməd İsmayıl deyəndə nədənsə onun “Dağdağan ağacı” şeiri yadıma düşür və öz-özümə düşünürəm ki, bu bənzərsiz şairin özü də elə bizim sənət dünyasının doğma torpaqdan ayrıla bilməyən tənha dağdağan ağacıdır.

08.06.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest