Rəfail TAĞIZADƏ – Şeirlər
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Rəfail TAĞIZADƏ
Şeirlər
Gecə günahı
Gündüz gümanlardan üzüb əlini
könlüm gecələrə vurulub gedir.
Kimsə söyləmişdi, mən də inandım:
“Gözəllər yuxuda durulub gedir”.
***
Sənli yuxuların şirinliyində
özüm də bilmədən oyaq olmuşam.
Bilmirəm körpəmi, yoxsa bu yaşda
yuxunu qaçıran qonaq olmuşam. ***
Gecənin müqəddəs günahı məndə.
İlahi, bundan da ağır dərd olar?
Dərdini çəkənə dərd verən qədər
görəsən, mənimtək bir namərd olar?
Gözlərimdə yaş
daha
sən mənə yadsan
palma ağacıtək,
yadsan mənə
Ərəbistan qumsallıqları,
Meksika dağlarıtək…
sən mənə yadsan
tapacağıma ümidimi itirdiyim
itkilərtək,
sən mənə yadsan
görmədiklərimtək.
olanları geriyə qaytara bilməzsən.
doğrudanmı bu sənsən?
Yaman dəyişmisən
Yaman dəyişmisən o gündən bəri.
Ala gözlərinə bir həsrət qonub,
saçının tumarı dəyişib bir az,
əllər sığalını itirib bir az,
üzündə təbəssüm azalıb bir az…
Yaman dəyişmisən o gündən bəri.
***
Deyəsən, bir az da solan kimisən.
Bir az da, bir az da dolan kimisən.
Gecən bir xoş sözün səsinə möhtac,
gecən bir öpüşün közünə möhtac,
gecən ehtiyacın özünə möhtac.
Yaman dəyişmisən o gündən bəri.
***
Yanağın allanmır, gözlərin gülmür,
ürəyin danışmır, ürəyin dinmir,
qısılıb içinə bir qonaq kimi,
ağıla uduzan bir qınaq kimi…
Yaman dəyişmisən o gündən bəri.
***
Gözlər gözlədiyi baxışı istər,
əvvəlki, o ərkli çağrışı istər,
açıb pəncərəni, açıb qapını
közərən ümidə boylanar yenə.
Sənin bu halına dözməz gözlərim:
təzə baxışlarım dəyişər səni,
üzdə naxışların dəyişər səni,
ürək alqışların dəyişər səni-
keçən günlərinə qaytarar səni.
Daha dəyişərsən bu gündən belə.
Yaman dəyişmisən, bir bax özünə…
Nar çiçəkləri
Yenə bir baharın qonağı oldum.
Yenə nar çiçəyi açdı bir səhər,
(mənim sevgi gülüm, nar çiçəkləri)
yenə bədirləndi Ay da bu gecə,
yenə Xəzərimi dalğalı gördüm,
yenə qağayılar nəğmə oxudu,
yenə dəniz mehi vurdu üzümə,
yenə qızılgüllər açdı səninçün.
Çəmənlər yamyaşıl, ağac yamyaşıl,
yenə uşaqların gözləri gülür,
yenə pəncərədə pərdə tərpənir,
evimin qapısı döyülür yenə…
Demək, mən bir il də yaşadım hələ…
İlahi, bu qız da…
İlahi, bu qız da eynəyə keçdi!.
Bu qız daha mənə eynəkdən baxır!
Kiçildim, böyüdüm onun gözündə,
qaraldım, bozardım onun gözündə,
enləndim, daraldım onun gözündə.
Bu qız daha mənə eynəkdən baxır.
Mən başqa oluram şüşə dalında.
Mən başqa oluram “özgə” halında.
Mənim baxışlarım dəyib qayıdar,
duruşum səmtini əyib qayıdar,
tamım kəsik-kəsik mənə qayıdar.
Qayıdar üstümə özgələr kimi.
Qayıdar üstümə kölgələr kimi…
Yaxşı ki könlünün eynəyi yoxdu,
yaxşı ki xatirə qalıb yerində,
yaxşı ki yaddaşın hüdudları çox,
yaxşı ki qəlbinin işıqları çox,
salıb işığına aparar məni,
qoparar bu haldan, qoparar məni…
İlahi, bu qız da eynəyə keçdi.
Mən elə bilirdim belə qalacaq,
on səkkiz yaşında olduğun kimi…
Bəlkə məni böyük görmək istəyib?
Bəlkə onun üçün keçib eynəyə?….
Bu qız daha mənə eynəkdən baxır.
Qanadlı quş
Səni düşüncələr məhv eləyəcək
sənə düşmən olan kor düşüncələr.
Kövrək ürəyinə qara dərd yaxan,
sənə düşmən olan zor düşüncələr.
Dərdə əlac etməz. Dərdə qərd qatar
sənə düşmən olan kor düşüncələr.
İnsanı yaşadan hislərdir ancaq.
Sənin hislərinin hüdudları çox,
sənin hislərinin kənarları yox,
sənin duyğuların qanadlı quşdu
qonub ürəklərə kəpənək kimi
oxuyar adamın duyğularını,
dinləyər adamın qayğılarını…
Elə ki üstündən bir saat ötdü,
elə ki üstündən bir gecə keçdi,
ağıl o hisləri məhv eləyəcək.
İçində yarımçıq bir qınaq qalar,
üzündən təbəssüm itər, yox olar,
ürəyə min cürə fikirlər dolar…
Səni düşüncələr məhv eləyəcək.
Sənə düşmən olan kor düşüncələr.
Sənsizliyin adı
Sənsiz axşamlarda məni axtarmaq hədər
qaranlıqda gözə görünmür itkilər.
Daha nə o qoxun var duyam səni,
nə o cazibə qüvvən.
Artıq eyni adam deyilik,
bir-birimizi dəf edən eyni yüklərik.
Bir-birimizə qara dərdlər yüklədik.
Aramızda bir ömürlük məsafə.
İtirdiyin yerdən çoxdan getmişəm,
heç özüm də bilmirəm hardayam, necəyəm.
Ayrılığın cənnət olduğuna inanmıram.
Elə cəhənnəmə də.
Məni tapa bilmədiyin yerin
sənsizlikdən başqa
adı nədir səncə?
Gecələri nə qədər sevsəm də,
yoxam,
axtarma məni gecələrində.
Səni gətirən yol
Səni gətirən yol yaman uzandı…
Döngəmi çoxaldı, yolmu daraldı?
Səni gözləməyə səbirmi çatar,
yollara baxmaqdan gözüm saraldı.
Yol çəkən gözlərim ölçür yolları.
Sənin addım səsin gəlir gümanda.
Yolunu gözləmək yaman çətinmiş
səsini içinə çəkən zamanda.
Mənə gələn yollar tanısa səni
yüyürüb qolları üstünə alar.
Bir sipər bağlayıb yol kənarına,
baxan baxışları gözlərdən salar.
Yollar etibarlı adam kimidi.
Qorxusuz, ürküsüz çatdırar səni.
O yolun sonunda dayanan kəsin
qoşa qollarına atdırar səni.
Bu qız ürəyimdən baxırmış mənə
bu qız haralardan baxırmış mənə:
buluddan, payızdan, yazdan baxırmış,
qonşudan baxırmış… bir tin o yandan,
açıq pəncərədən, pərdə dalından,
günəşdən baxırmış, göydən baxırmış,
gecələr yatmayıb Aydan baxırmış…
haradan baxırsa, baxışı eyni,
sözü, hər söhbəti, naxışı eyni,
mənə hər yönəlik çağrışı eyni…
bu qız ürəyindən baxırmış mənə,
bu qız ürəyimdən baxırmış mənə…
Sükutun səsi
səni göymü apardı
sevmədiyin bu yerdən?
daha işığın gəlmir
qaranlıq gecələrdən.
***
gecələr tam qaranlıq,
gündüz sükut içində,
uçub, gedib səsin də
durnaların köçündə.
***
boğur yeri qaranlıq,
boğur sükutun səsi,
boşluğa düşən kəsin
kəsilibdi nəfəsi.
Qoşa kölgə
dünya dolu şəkildi:
albomu var, divarı var,
sərgi salonları var…
amma içində
bircə dənə birgə şəklimiz yox…
kadramı yerləşmədik,
ya bizi görəndə fotoaparatmı dondu,
yanaşımı dura bilmədik,
küləkmi keçdi aramızdan,
dumanmı keçdi sıramızdan,
ya xəyalıq hansımızsa…
gəl tək-tək şəkillərimizi göndərək Aya,
gecənin birində qoşa kölgə salar yola,
qol-qola…
Dərd çəkir
Bu dünya o qədər qarmaqarışıq,
bu dünya o qədər çalxalanır ki…
qayğılar əlindən zaman dərd çəkir,
baxıb dünəninə güman dərd çəkir…
***
Dərdin bir-birinə uzantısı var,
uzanar əlləri özündən qabaq,
xəfif pıçıltıyla, bir gizli yolla
axtarıb sonunda dərdlisin tapar.
***
Sevincdən yüyürüb gəlməz üstünə,
incitsən içini kürüyər sənin.
Dərdə qucaq açıb üzünə gülsən
körpətək qoynunda kiriyər sənin.
***
Hamı sirdaşını gəzir beləcə…
Bu da bir sevgidi istəyəni var.
Dərddən bezən qədər dərdə köklənən
yalvarıb illərlə gözləyəni var.