GenelGüncel

Rəfiqə Qasım qızı

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Abbasova Rəfiqə Qasım qızı, 1954-cü ildə Azərbaycan respublikası Şəmkir rayonunun Çinarlı qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur.
İxtisasca həkimdir.Mütəmadi olaraq dövrü mətbuatda, qəzet və jurnallarda dərc olunur, internet saytlarında çıxışlar edir.”Yaşanan ömrümdə yeni ömürsən”, “Payız dodağında oxunan nəğməm”, “İlmələnən arzular”, “Xatirələr əl edir”, körpə balalar üçün “Utancaq bənövşələr”, rus dilində “Фиалка”, həmçinin Təbrizdə nəşr olunmuş “Yubanmış sevgi” adlı şeirlər kitabının müəllifidir.”İraq- Türkmən Ədəbiyyatı və Yazarları” birliyinin üzvü və “Qızıl qələm” mükafatı laureatıdır.


Rəfiqə Qasım qızı

DARIXMA, DƏNİZ, DARIXMA
Yollar sənə həyan olmaz,
Karıxma, dəniz, karıxma.
Keçib gedər bu qeylü-qal,
Darıxma, dəniz, darıxma.


Ay qəribə ləpələnər,
Üst-başına səpələnər.
Dalğalarda təpələnər,
Darıxma, dəniz, darıxma.


Niyə küsgündü baxışın,
Köpüklərin ağ naxışın.
Qısır qalıb söz yağışım,
Darıxma, dəniz, darıxma.


Daha məni yaddan çıxar,
Boş sahilin səni sıxar.
Sözüm səni qəmdən yıxar,
Darıxma, dəniz , darıxma.


Pıçıldayıb söz deyəcəm,
Özün rəngdə don geyəcəm.

Mən də sənsiz qəm yeyəcəm,
Darıxma, dəniz, darıxma.


Darıx, dözümü qucaqla,
Hərdən izimi qucaqla.
Gəlsəm özümü qucaqla,
Darıxma, dəniz, darıxma.
QAYIT
Qayıt gəl, ömrüm-günüm,
Yol uzaq, ürək yaxın.
Yenəmi həsrət yığıb,
Yola daş yığın-yığın.


Qayıt, bənövşə gözlüm,
Uzaqlar ömrü yıxır.
Sığmıram yerə, göyə,
Həsrət ruhumu sıxır.


Qayıt, nurüzlüm,qayıt,
Əl-ələ bərk yapışaq.
Qonaq ol gözlərimə,
Giləsində tapışaq.


Qayıt, ürəyim, qayıt,
Bərk tut, ömrüm yıxılar.
Gözlərimdən küsərəm,
Çin olmasa yuxular.


Qayıt, lalə yanaqlım,
Gözüm dönüb bulağa.
Sükut qənim kəsilib,
Dərd ortağım qulağa.


Qayıt, ömrüm yol azıb,

Gündüzlərdən yan keçib.
Sənsiz üşüyən ömrüm,
Səni yaya tən seçib.


Qayıt, bahar nəfəslim,
Durnadan dərs götürmə.
Unut durna şeirini,
Yad eldə köks ötürmə.

BİR ADAMLIQ YOL QALIB
Söykəmişəm gecənin,
Sinəsinə başımı.
Bir az dincə qoymuşam,
Gözlərimin yaşını.


Sığallayar gecənin,
Üzünü qüssə, kədər.
Əzbərlədim yolları,
Sübhə çatana qədər.


Gecələrdə ititdim,
Həm azımı,çoxumu.
Qurbanlıqlar içindən,
Tapdım şirirn yuxumu.


Cəftəsiz qapıları,
Çırpır üzümə gecə.
Özü dustaq ürəyə,
Qonaq olum mən necə.


Yol salmışam ümidin,
Aranına, dağına.
Bir adamlıq yol qalıb,
Səhərin sübh çağına.


Cırmaqlayır səhərin,
Yuxular üz-gözünü.
Hikkəsindən gecələr,
Yana tutur üzünü.

BU DÜNYADA LƏNGİYƏK
Bu sevgi oyununda,
Həsrət bizdən yan keçib.
Əlinin qabarları,
Telimi məskən seçib.


Dolan, daşan sevincim,
Cilvələnər gözümdə.
Bir ömür hənirtini,
Yaşadıram özümdə.


Qönçə ikən həsrətim,
Qayıt, özümə, qayıt.
Yol çəkəndə gözlərim,
Sevgi sözümə qayıt.


Gecəni dilə tutub,
Günəş sənin xətrinə.
Bələnək axşam, səhər,
Sevgimizin ətrinə.


Bircə qırıq sevincdən,
İşıq gələr gözümə.
Sənə təşnə sevgimi,
Qaytar elə özümə.


Xatirələr içində,
Gəncləşək, uşaqlaşaq.
Ölüm qaş-göz arası,
Yolüstü qucaqlaşaq.


Ömrün qürub çağında,
Söhbətləşək, səngiyək.
Sevgimizin xətrinə,
Bu dünyada ləngiyək.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest