GenelGüncel

Qiymət Məhərrəmli – hekayə

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Qiymət Məhərrəmli

İDBAR

(hekayə)

Ayrıldılar… Ayrılmayıb neyləyəsiydilər ki? Hərə bir tərəfə üz tutdu. Rəfiqəsinin dalınca adam gəlmişdi. Qız isə gedəcəyi yeri heç özü də bilmirdi. Tələsirdi. Addımlarını yeyinlətdi. Çalışırdı ki, axşam düşməmiş özünü vağzala yetirsin. İstiqaməti düzgünmü götürmüşdü – hələ də kəsdirə bilmirdi. Xeyli çək-çevir elədi beynində. Uzaqdan görünən binanın başındakı saataydı gümanı. Onu itirməməkçün başqa heç yana baxmır, elə o tərəfə doğru yeyin-yeyin addımlamaqda davam edirdi.

Kimsə qoluna toxundu. Hiss elədi ki, bu toxunuş o toxunuşdan deyil. Hər kimdisə, qəsdən etdi bunu. Dönüb baxmağa cəsarəti çatmadı. Birdən o olar! Onda neyləyər? Qaçmağa başladı. Yox, deyəsən, kimsə dabanbasma gəlir, onu təqib edirdi. Bütün bədənu uçundu. Axşamın ala-toranlığında töyşüyən nəfəsinin səsindən başqa qulağında özgə uğultu yox idi. İçində gözəgörünməzə yalvarış nidaları tüğyan etməyə başladı: “İlahi, məni böyüklüyünə bağışla! Ya Rəbbim, başıma hansısa pislik gələcəksə, elə indidən al canımı…”

Siqaretqarışıq içki qoxusunu lap yaxınında hiss etdi. Boğulurdu. Məcbur qalıb üzünü çevirdi. Lap arxasında dayanan insanabənzər məxluqun görkəmi onu dəhşətə gətirdi. Büsbütün çirk içində olan pırpız saçları aylardan bəridir qırxılmayan üzünün sapsarı, cod tükləri ilə birləşib adamı qorxunc, bəlkə də iyrənc hala salmışdı. Ürəyi bulanmağa başladı. Tez başını döndərib uzaqlaşmaq istədi. Lakin elə bil ayaqlarını yerə mismarlamışdılar. Nəsə demək, bəlkə də yalvarmaq istədi ki, məndən əl çək! Axı, nə istəyirsən məndən? Bu boyda şəhərdə bircə mənimi gördü gözün? Lakin dili ağzında şişmişdi sanki. Nə illah elədi, bir-birinə dəyib şaqqıldayan dişlərinin arasından bircə kəlmə belə söz çıxara bilmədi. Saatlı binaya tərəf yönəltdi baxışlarını. Dəhşətə gəldi. Bina yoxa çıxmışdı. Harda olduğunun fərqində deyildi. Bura hardan gəlib çıxdı?

Dönüb yazıq-yazıq lap burnunun ucunda dayanan məxluqa baxdı. Bu eybəcər simadan ona bəlkə nurunu neçə onillər bundan əvvəl itirmiş bir cüt göz baxırdı. Üfunət qoxuyan bu məxluqun ifadəsiz, ümidsiz baxışlarından sıyrılıb canını qurtarmaq istəsə də, adam qızın qolunu buraxmadı. Elə bil neçə ilin tanışlarıydı, qol-qola girmişdilər. Qızı küçənin qaranlıq səmtinə doğru çəkməkdəydi bu idbar məxluq. Nə qədər dartınsa da, zəifləmiş qollarını idbarın tüklü pəncəsindən çəkib çıxara bilmədi. Gecə qaralmışdı. Bayaqkı adamların da izi-tozu qalmamışdı yollarda.İns-cins görünmürdü. Elə bil hamı bir nəfər kimi yoxa çıxmışdı bu şəhərdən. Nə baş verdiyini anlamırdı artıq. Dizləri get-gedə taqətdən düşürdü…

Ayılmağa çalışır, ancaq təzədən huş onu aparırdı. Təkrar özünə gəlmək istəsə də, nə baş verdiyini, harda olduğunu heç cür xatırlaya bilmirdi. Göz qapaqları elə ağırlaşmışdı ki, istəyirdibarmaqları ilə aralasın, lakin əllərinin gücsüzlüyü buna imkan vermirdi. Soyuqdan keyiyən üzünə nəyinsə toxunduğunu hiss etdi. Güc-bəla ilə gözlərini aralayanda… Dəhşət! Bəli, bu o idi – gecəki idbar məxluq! Gözlərini möhkəm-möhkəm qapadı.

Xırıltı səs tüklərini ürpətdi: “Ayıldın? Aç gözünü. Qorxma, mən adamyeyən deyiləm…”

Qorxusundan lap yumağa dönmüşdü. Kimdir bu? Onun mənim yanımda nə işi var? Bircə bu kabus sona yetəydi. Anasının ayrılarkən dediyi son sözləri belə heç cür xatırlaya bilmədi. “Qızım, dediklərimi unutma, ha! Düz gedərsən vağzala, orda kimdən soruşsan…” Bəs sonra? Sonra nə demişdi anam? Axı, adamın adını heç cür unutmayacağıma əmin eləmişdim anamı. İndi necə oldu, birdən-birə tamam unutdum o adamın adını?…

Yanında uzanmış idbarın iyrənc bədəninin, kif qoxuyan paltarlarının ürəkbulandıran qoxusu bir yandan, tənhalıq, köməksizlik qorxusu da o biri yandan qızın əhədini kəsirdi. İdbarın qolu qızın nazik belini elə sərt şəkildə sıxırdı ki, az qalırdı huşunu itirsin yazıq.

Qəfildən dili açılan kimi oldu. Cəhd elədi. Doğrudan da, dili açılmışdı. İstədi qışqırsın, kirli əliylə qızın ağzını möhkəm qapadı idbar. “Səsini ud, yoxsa!…” Çarəsiz-çarəsiz hıçqırdı. Ağlamağa başladı. “Bax, bu xoşuma gəlmədi. İndi də zarıyacaqsan?” Yaxınlıqdan –uçuq-sökük divarın o üzündən kimsə keçdi. Qız dartındı, qışqırıb adamları köməyə çağırmaq istədi, amma heç nə edə bilmədi.

… Deyəsən, bayırda yağış çiləyirdi. Donuq baxışlarıyla ətrafı gözdən keçirdi. Heç kim yox idi. Güclə yerində dikəldi. Bu nədir, hər tərəf cır-cındır, zir-zibil yığını idi. Elə bil gərəksiz əşya kimi atmışdılar onu bura. Heç nə anlamasa da, gördüyündən hər şeyin pisə doğru getdiyini başa düşdü. Dünən səhərdən boğazından bircə damcı su belə keçməmişdi. Qurumuş dodaqlarını dişləri ilə sıxdı. Partlamış dodağından qan axırdı. Dilini zorla dodağına sürtüb qanı yalamağa başladı. Gözünə işıq gəldi sanki. Nələrisə xatırlamağa başlamışdı. “Saatlı bina…idbar məxluq…” Anasının dediyi sözlərdən isə yalnız qırıq-qırıq iki-üç kəlmə…

Bütün qüvvəsini toplayıb ayağa qalxmağa çalışdı. Nə qədər ki, o idbar yox idi, tezcə buradan uzaqlaşmalıydı. Divarın uçuq yerindən çölə boylandı. Adamlar öz işindəydi. Kimi əlində bazarlıq etdiyi torba, kimi iş portfeli, kimi gül dəstəsi… Gənc bir ana qucağındakı körpəsinə nəsə pıçıldaya-pıçıldaya yaxınlıqdan keçdi. “Xanım, ay xanım!…” Gəlin onu eşitmədi. Burdan çıxmalıydı. Gücsüz barmaqlarıyla əyri qapının çəftəsini axtarıb tapa bildi. Gözlərində sevinc işartısı parladı. Ensiz dalana çıxıb sağa buruldu. Gəlinin getdiyi istiqamətə doğru yeriməyə başladı. Birdən dayandı. Yox, deyəsən, saatlı bina əks istiqamətdə qalmışdı. Dönüb halsız-halsız geriyə – dünən idbara rast gəldiyi yerə doğru qayıtdı. Birdən ayağı sürüşdü. Halsız bədəni ilə yerə çökdü. Yaxşı ki, başı yerə dəymədi. Ağrının şiddətindən qolu gizildədi. Eybi yoxdur, təki anası nişan verən adamı tapa bilsin. Bax, onda…

Gəlib-gedənlər ikrah hissi ilə süzürdülər onu. Yalnız bir qoca kişi əyilib ondan kömək lazım olub-olmadığını soruşdu. Əlbəttə, köməyə ehtiyacı vardı, amma bu sinndə kişinin ona nə köməyi dəyə bilərdi ki? Ağlına nəsə gəldi: “Əmi, mənə üç-beş manat pul verə bilərsinizmi?” Kişinin qulağı ağır eşidirdi deyəsən: “Nə dedin, nə?” Qorxudan qızın rəngi bir az da saraldı. “Heç nə. Dünəndən acam. Mənə çörək ala bilərsinizmi? Bir də su istəyirəm”. Kişi təəccübləndi: “Hey, gidi dünya, zəmanənin düz vaxtında da bu gözəllikdə qızı dilənməyə məcbur etmisən. Daha sənə sözüm yoxdu…” “Əmi, vallah, mən dilənçi deyiləm, kənddən bura atamı axtarmağa gəlmişəm”. “Bəs onda niyə pul istəyirsən? Get, atan versin, də…” “Gecə pulumu oğurlayıblar”. Kişi qızın dediklərinə inanmasa da, başını yelləyib, qızın ovcuna bir beşlik basdı. Qız tanımadığı bu adamın arxasınca: “Çox sağ olun, əmi”, – söyləsə də, bu sözləri özündən başqa kimsə eşitmədi. İməkləyə-iməkləyə yaxınlıqdakı ağaca yaxınlaşdı. Ağacın gövdəsi elə yoğun idi ki, o üzündə dayanıb bulka satan qadını yalnız indi görə bildi. “Xala, mənə iki bulka verin. Suyunuz olmaz?” “Su da pulnandı”. “Olsun, verin.” Pulu alıb, qalığını qıza qaytardı. “Elə bilir, suyu müftə verəcəm buna. Sənin kimiləri çox görmüşəm mən!” Qız arvadın dediklərini heç eşitmədi də. Əvvəlcə su butulkasını ağzına dayayıb acgözlüklə içdi,sonra bulkanın birini, daha sonra isə o birini yeyib, əlinin arxası ilə ağzının yenidən qanayan yerlərini sildi.

Xeyli özünə gəldi. Birdən…qışqırdı: “Abdulla! Hə, Abdulla! Tapdım!” Kənardan baxan elə bilərdi, ən yaxın adamını tapıb bu qız. Sevincindən az qalırdı uçsun. Anası dediyi adamın adını xatırlamışdı. Atasını axtarıb tapacaqdı Abdullanı tapandan sonra. Anasının və kiçik qardaşının çarəsiz xəstəliyə tutulduğunu deyəcəkdi atasına. Heç olmasa, bircə yol da olsun onlara baş çəkməsini istəyəcəkdi atasından. “Ata, axı biz də sənin ailənik. Anam sənin ilk sevgin, qardaşımla mən isə sənin ən sevimli övladların idik bir vaxtlar. Bizi nə tez unutdun? Qayıt, ata, qayıt!” – deyəcəkdi ona…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest