Qara çıcəklər
Qara çıcəklər
Qaranlıqdan qorxub küncə sığınan uşaq idin,
İndi qaranlığa göz yaşlarının işığıyla baxırsan
aydın-aydın…
Bağçanızda əkdiyin güllər rəngbərəng idi,
Güllər də rəngini,adını dəyişərmiş.
Sənin bədəninə səpilən zərbələrin toxumları
qara rəngə boyanmış çiçəklər açır,
Nərgiz də, ,lalə də,bənövşə də….
adı mahnılarda qalan bir xatirəymiş.
Dəyişilib təcavüzlə yeniləndi adları,
qanad açıb uçmaq istəyən arzuların da,
qanadları qırıldı.
Dimdiyində yuvasına çatmadı xəyalları,
ruhu göylərə su,cismi torpağa dən apardı…
Yenə yerdən göyə əl sallayan səslər
Göydən yerə özünə kömək aradı
Görəsən nə səsdi,nə haraydı….
Heçnə…
yenə qarışıb bir qadının yuxusu,
yuxusundan hədə-qorxusu səsləri
quyudan su gətirin deyir.
qara rəngli çiçəklərin qoxusu gəlir.
Yudu göz yaşıyla ömrünün günlərini.
İpdən asmaq istədi,
Bəlkə bir gün ömrünə yaz fəsli gələr deyə,
Qurudar asdığı günlər.
Qəfil əsən qara yel ipini dolaşdırdı,
Boğazına ilişdi asılmış ipin düyünləri
Qalxdı göyün üzünə.
Üzüldüi ayağı yerdən,
susuz qaldı qara çiçəklər.
göz yaşından su içdi
məzarında əkilən rəngli çiçəklər.
Görmədim
Nə qədər qaçdımsa çata bilmədim,
Özünlə apardın özümü mənim.
Geriyə dönüşün yuxuya döndü,
Açılan görmədim gözumu mənim.
*****
Xatirən yadlasıb yad oldu mənə,
Sevgin bir yazılmış ad oldu mənə,
Tüstüsü yayılmış bad oldu mənə,
Alışan görmədim közümü mənim.
*****
İtən günlərimi dözdüm toxudum,
Sənsiz səni yaşıyaraq qoxudum,
Sənə yazdığımı özüm oxudum,
Oxuyan görmədim sözümü mənim.
*****
Daha dizlərim də sürünür indi,
Ürəyin yükünü sürüyür indi
Vallah həsrətinə bürünür indi,
Daşıyan görmədim özümü mənim.