GenelGüncel

POETİKA “ELM VƏ SƏNƏT” DİXOTOMİYASI KONTEKSTİNDƏ

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Elnarə  Qaragözova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat

İnstitutu Aparıcı elmi işçi, fil.f.d.

Ədəbi cərəyanlar sektoru

POETİKA “ELM VƏ SƏNƏT” DİXOTOMİYASI KONTEKSTİNDƏ

         XX əsrin 50-ci illərindən etibarən “Komsomolskaya pravda” qəzetindən başlanan, daha sonralar əhatə dairəsi genişlənərək “Literaturnaya qazeta”, “Voprosı literaturı”, “Voprosı filosofii” kimi nüfuzlu ümumittifaq jurnallarının səhifələrində və xüsusi tədqiqatlarda davam etdirilən,  Sovet İttifaqının elmi, ədəbi dairələrinin və cəmiyyətin maraqla izlədiyi, texniki elmlərlə humanitar sahənin yarışma, özünütəsdiq və belə demək mümkünsə mübarizə meydanı olaraq bilinən və şərti olaraq “fizika – lirika mübahisələri” adlandırılan fenomen bu gün də elmin diqqət mərkəzindədir. Bu baxımdan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunda artıq IV “Fizika Lirika” (2018) konfransının düzənlənməsi və burada müxtəlif elm sahələrinə, müxtəlif ölkələrə mənsub, elmdə və sənətdə, cəmiyyətdə öz sözünü demiş mütəxəssislərin, eləcə də gənc alimlərin iştirakı qeyd edilən məsələnin öz aktuallığını günümüzdə də qoruduğunu təsdiq edir.

         “Fizika lirika” araşdırmalarının geniş diapazonu fonunda diqqət cəlb edən əsas məsələlərdən biri də poetika ilə bağlıdır. Belə ki, 60-cı illər boyunca “Voprosı literaturı” jurnalında  poetikanın elm kimi qəbul olunması, “struktur poetika” anlayışı, onun texniki elmlərlə əlaqəsi ilə bağlı müxtəlif mövqeli, hətta əks fikirli məqalələr dərc edilmişdir. Bu mübahisə və müzakirələr içərisində “Voprosı literaturı” jurnalının 1967-ci il 1ci nömrəsində yer almış, “Ədəbiyyatşünaslıq və kibernetika” başlığı altında verilmiş məqalələr xüsusi əhəmiyyət kəsb edir. İ. Revzinin və V. Kojinovun (“Voprosı literaturı”, 1965, N6) struktur poetika ilə bağlı fikirlərinə cavab olaraq yazılmış bu məqalələr bu gün də ədəbiyyatşünaslıq elmi üçün xüsusi dəyərə və əhəmiyyətə malikdir.

A.Jolkovski və Y. Şeqlovun “Struktur poetika – yaradıcı poetika” məqaləsində müəlliflər ilk öncə V.Şklovskinin, V. Proppun, S. Eyzentşteynin bu istiqamətdə olan araşdırmalarına nəzər salaraq məsələyə geniş rakursda nəzər salırlar. Struktur poetikaya qarşı çıxanların irəli sürdüyü əsas məqam  strukturalistik metodların bədii mətnə tətbiqinin onu sxematikləşdirməsi, “öldürməsi” ilə bağlıdır. Məqalə müəllifləri bu iddiaya cavab olaraq bildirirlər: “Biz sxematikləşdirməni bəsitləşdirmənin və dayaz təhlilin sinonimi hesab etmirik. Bizim üçün bu  “predmetin quruluş qaydasını təşkil edən ideya konfiqurasiyasını tapmaqla başlayan bir araşdırmadır.” (3, 80)

         Bu araşdırmalar içərisində keçmiş sovet elmi məkanında strukturalizmin ən məhşur araşdırmaçısı kimi tanınan akademik Y.M. Lotmanın (ata Lotman) “Ədəbiyyatşünaslıq elm olmalıdır” məqaləsi xüsusilə diqqəti cəlb edir. Diqqətimizi çəkən ilk məqam Yuri Lotmanın məqaləsinin adı ilə bağlıdır. Belə ki, Kojinov məqaləsini “Struktur poetika mümkündürmü?” adlandıraraq poetikanı ədəbiyyatşünaslığın bir qolu kimi qəbul etdiyini bildirir. Fikrimizcə, Y. Lotman da məqaləsini “Ədəbiyyatşünaslıq elm olmalıdır” şəklində təsadüfən adlandırmamışdır. Akademik bununla poetikanın ayrıca bir sahə deyil, ədəbiyyatşünaslığın, ədəbiyyat nəzəriyyəsinin üzvi parçası olduğunu vurğulamışdır. Elmdə mübahisəli olan bu məqama dair akademik İ. Həbibbəyli yazır: “Arabir poetikanın ədəbiyyatşünaslığın, ayrılıqda ədəbiyyat nəzəriyyəsinin müstəqil şöbəsi olmasına dair keçici fərziyyələr meydana çıxır və ötüb keçir. Bu fikirdə olan azlıq Aristotelin “Poetika”sına istinad etməyə çalışır. Halbuki “Poetika” əsəri geniş mənada, ümumiyyətlə, ədəbiyyat, ədəbi növlər və janrlar haqqında baxışlar sistemindən ibarətdir, ədəbiyyatşünaslığı bütöv halda əhatə edən elmi əsərdir. Poetika ədəbiyyat nəzəriyyəsinin nüvəsidir. Fikrimizcə, poetikanı ədəbiyyat nəzəriyyəsindən ayrılıqda təsəvvür etmək heç cür doğru sayıla bilməz.”  (1, 7)

         V. Kojinovun məqaləsinə cavab olaraq yazılan araşdırmada ilk öncə Y. Lotman srtuktur poetikanın mövcudluğu əleyhinə yazılan məqalələr fonunda Kojinovun məqaləsinin fərqini qeyd edərək yazır: “V. Kojinovun məqaləsi yuxarıda qeyd edilənlərdən fərqlənir: müəllif mübahisəyə girişdiyi tərəfin mövqeyini başa düşməyə çalışır” (2, 91). Daha sonra strukturalizmin “invariant” termini ilə bağlı adı çəkilən məqalədəki elmi əsassız mülahizələri cavablandıran akademik struktur araşdırmanın qnoseoloji mahiyyətini açıqlayaraq yazır: “Beləlikə, strukturalizm tarixiliyin əleyhinə deyil; bundan əlavə əlahiddə bədii strukturların (əsərlərin) daha mürəkkəb vahidlərin – “mədəniyyət” və “tarixin” elementləri kimi qavranılması yetkin, vacib məsələdir. Tarixin əvəzinə riyaziyyat və linqvistika deyil, riyaziyyat və linqvistika ilə tarix – struktur araşdırmanın yolu məhz belədir, ədəbiyyatşünasın müttəfiqlər dairəsi məhz bu şəkildədir.” (2, 94) Y. Lotmanın fikrincə ədəbiyyatşünaslığın dəqiq elmlərlə əlaqəsi, qarşılıqlı bəhrələnməsi onun gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu qarşılıqlı bəhrələnmə  həm yeni tipli ədəbiyyatşünaslığın, həm də daha geniş bilik dairəsinə və analitik qabiliyyətə malik yeni nəsil ədəbiyyatşünas alimin yetişməsi üçün münbit zəmin hazırlayır. “Bəli, ədəbiyyatşünas olmaq getdikcə çətinləşir və yaxın gələcəkdə daha da çətin olacaq. Bəlkə də humanitar elmlərdə müşahidə olunan yeni istiqamətlərin, təsirlərin ən ümidverici nəticəsi məhz bundadır.” (2,100)

         Bu araşdırmalara, mübahisənin özünə bir sistem kimi yanaşdıqda, “fizika lirika” mübahisələrini simvolik bir süjet kimi qəbul edə bilərik. “Komsomolskaya pravda”da ekspozisiyası, zavyazkası qoyulan problemin kulminasiya nöqtəsi “Voprosı literaturı” jurnalındakı məqalələrlə yekunlaşır. 70-80-ci illərdə artıq razvyazka başlayır. 80-ci illərin sonunda isə mübahisə səngiyir. Mübahisənin belə demək mümkünsə son nöqtəsi, finalı “Voprosı filosofii” jurnalının 1985-ci il 2-ci nömrəsində qoyulur. Jurnalın redaksiyası müxtəlif elmi sahələrə mənsub, fərqli aspektli fikirləri ümumiləşdirərək belə bir nəticəni irəli sürür: “Elmi texniki tərəqqinin nəticələri sayəsində məlum oldu ki, elm sənəti, sənət də elmi əvəzləyə bilməz. Sənətin elm tərəfindən sıxışdırılması ilə bağlı proqnozlar öz təsdiqini tapmadı. Əvəzində digər bir problem –  bir sıra qərb filosoflarının da  irəli sürdüyü kimi iki fərqli mədəniyyətin, “elmi” və “bədii” mədəniyyətin yaranmasına qədər aparıb çıxaracaq elm və sənətin qarşılıqlı izolyasiyası məsələsi aktuallaşdı.  “Bədii” və “elmi” mədəniyyətlərin məlum qarşılaşdırılması “Fizik və lirik” lərin keçmiş mübahisələrində də öz əksini tapmışdır. Bəlkə də həmin mübahisələrə indi qayıtmaq lazımdır. Lakin onları təkrar etmək üçün yox, real problemin mahiyyətini daha dərindən anlamaq üçün.”  (6, 143)

         Bu gün artıq qloballaşan, elm və texnikanın bütün sərhədləri bir anda aşmağa, istənilən məlumatı dərhal əldə etməyə imkan verdiyi müasir dünyada, informasiya cəmiyyətində elm yoxsa sənət öncüldür, önəmlidir məsələsi tarixə qovuşmaqdadır. Müasir dünya elmi artıq sinkretik bir məfhumdur. Eləcə də sənət sırf bədii təxəyyülün ifadəsindən imtina edərək, fəlsəfi, elmi aspektlərə daha çox meyl edərək fərqli nümunələrlə dünya mədəniyyətini zənginləşdirir. Son sözü isə tarix deyəcək.

İstifadə edilmiş ədəbiyyat:

  1. Həbibbəyli İ. Böyük ədəbiyyatşünaslıq uğrunda. // Ədəbiyyat məcmuəsi (Nizami adına Ədəbiyyat İnstitutunun elmi əsərləri), Bakı, Elm və Təhsil, 2014. – 357 s. səh. 3-20
    1. Лотман Ю. Литературоведение должно быть наукой.// Вопросы литературы. 1967, №1,стр. 90-100
    1. Жолковский А., Щеглов Ю. Структурная поэтика – порождающая поэтика// Вопросы литературы. 1967, №1,стр.73-89
    1. Сапаров М. Три «структурализма» и структура произведения искусства // Вопросы литературы. 1967, №1,стр.101-113
    1. Коган Л. Сохнет ли сокол без змеи? // Вопросы литературы. 1967, №1,стр.114-122
    1. Кантор В.К., Разумов А.Е. Наука и искусство  – философские аспекты проблемы// Вопросы философии. 1985 №2, стр. 134-143

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest