OXU – NƏRİMAN QASIMOĞLU
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
OXU
Ayətim şəkillənib üzümdə hərf-hərf, bax oxu,
Sil cahandan zülməti bu gördüyünlə yax oxu.
***
Vermə dostum fürsəti fövtə bihudə, arif ol,
Az qalib qiyamətə day, gəlmədən ol çağ oxu.
***
Hikmətinlə Rəbbimin qızın, qızındır çeşmini,
Şöləsi üzümdədir, yanır qüdsal ocaq, oxu.
***
Çeşminə çarpan ocaqdan od götür, işıq götür,
Təşnə könlümü ovundur, ildırım ol, çax o
****
Adəməm, torpaqdanam, Rəbbim gözəl yapmış məni,
Bir yağışdan min könül cücərdərəm bil, yağ oxu.
***
Bir xəta olmaz desəm ki, ayətimdə yox xəta,
Min-min ildir can yağımla hey yanır çıraq, oxu.
***
Tanrı səndən ötrü yazmış Qasımoğlu ayətin,
Borc verim bəsirətimdən gözlük eylə, tax oxu.
TƏK KƏLMƏNƏM
Səndənəm, yazındanam, endirmisən, tək kəlmənəm,
Aç məni mənə, İlahi, mənasını bilmənəm.
***
Bilmənəm cahil neçin gülmüş bu məchul halıma,
Mən ki, bax cahil olursam həmdəmimə gülmənəm.
***
Elçilər çox gəldi-getdi, bəklərəm öz növbəmi,
Almayınca vəhyi Səndən dinmənəm, dillənmənəm.
***
Bir həyat iksiridir ol kəlmənin şərhi mənə,
Öylə çağlar ki, gözümdən, təşnələrçün sellənəm.
***
Kim bilir, rəhimliyəm, ya qızmışam kafirlərə,
Batsalar bu sel içində göz yaşımı silmənəm.
***
Rəbbini göstər deyə əl çəkməyir cahil yenə,
Vur boyanı kəlmənə, Rəbb, istərəm şəkillənəm.
***
Qasımoğlunun Özün çək rəsmini, ver şərhini,
Eylə əfv gər şərhinə, təsvirinə düz gəlmənəm.
ALLAHINDAN GÖR NƏ VAR
Bir ulu nemətdi ki, Səndəndi əla hər nə var,
Hikmətindən sərgi yap gözümdə, Rəbbim, sər nə var.
***
Eylə tuş bu sərgiyə insanları birər-birər,
İçlərindən əhli-eşqə gördüyümdən ver nə var.
***
Ver ki, dönsün başıma aşiqlərin izninlə hey,
Böylə tür səyyarələrdən ətrafımda sür nə var.
***
Sür ki, merac dərsini versin bu bəndən aləmə,
Sevgidən çiçək-çiçək könüllərə əkər nə var.
***
Bar verincə əkdiyi, çəkdin quluna məshini,
Qul da məsh ətirlərindən canına çəkər nə var.
***
Mən ikinci Adəməm, İlahi, solmaz gördüyüm,
Bax şəkil-şəkil enən vəhyindən tazə-tər nə var?
***
Bir Məsih yapmış da sərmiş aləmə Rəbbim məni,
Bax özündə, Qasımoğlu, Allahından gör nə var.
GÖR KİM OLMUŞ HƏMDƏMİM
Bir suyun üstündədir əksim dalıb aləmlərə,
Candı tənimdən çıxıb varmış alayı dəmlərə.
***
Bir təbəssüm sayrışır əsdikcə rüzgar əksimə,
Dalğa-dalğa ol təbəssüm son qoyur həp qəmlərə.
***
Göydən endi əksim üstə, canıma nur qatdı gün,
Halələndim, məndə itdi batdı gün birdən-birə.
***
Haləmin də əksi düşdü, cütlənir əksim suda,
Gör kim olmuş həmdəmim bir ayədir həmdəmlərə.
***
Əksimi ayaqlayıb gəzir suda Məsih İsa,
Öylə ki, gördüm bunu hey gözlərim tilsimlənər.
***
Bağla ayaqlarına, Rəbbim, onun, ucalt məni,
Suyla qalxan surətim min damlada yağsın yerə.
***
Ol yağış bax sim-sim olmuş göylərə bağlar yeri,
Qasımoğlunu toxundur çaldığın bu simlərə.
ÇƏK SIĞAL YADDAŞIMA
Çək sığal yaddaşıma, Rəbbim, kərəm qıl, faş elə,
Aç oxut hərdən məni aləmlərə həmyaş elə.
***
Öz Yazındı yazmısan yaddaşıma, min sirrini
Kim açar məndən alayı bir ağıllı baş ilə.
***
Milyon il əvvəldəyəm, ərşin sular üstündədir,
Dalmışam bu şəklə, Rəbbim, Sən təkin Nəqqaş ilə.
***
Çoxları zənn eyləyir yoxdan yaratdın hər şeyi,
Qup-quru ehkamları sal ol sulara yaş elə.
***
Min-min ayət bir an içrə çeşmimi sarmış yenə,
Heyrətimdən şaşqınam, gərdişini yavaş elə.
***
Adəməm, səhv etmənəm ta, gəl dəyişdir hökmünü,
Mən qalım qoy, iblisi ol səhnədən çıxdaş elə.
***
Qalx ayağa, Qasımoğlu, Rəbbinin hökmündəsən,
Bax O-na gör öz üzünü tazə bir yaddaş ilə.
TİTRƏYİB ƏSDİN DEYƏSƏN…
Titrəyib əsdin deyəsən…
inan ki, bu mənlik deyil,
hərçəndi bir mənəm, bir sən,
ətrafımız tünlük deyil.
***
Düşdüyün sevgi tələsi,
nicatın nəymiş qoy desin
Rəbbin, nə deyirsə bəsin,
o söz bu günlük deyil.
***
Səbr et bir az, dinlə məni,
can yox, bir kəlmə bil məni,
sənə atılan kəlmənin
açımı indilik deyil.
***
Sadəcə yazıyam, oxu,
səndə qalasıyam, oxu,
bil, sənin bu oxuduğun
şəriətlik, dinlik deyil.
***
…Bax, o kəlmə nazil olur,
sənə hərf-hərf vasil olur,
bir peyğəmbər hasil olur
bətnində, bu sənlik deyil.
ÇALDIQCA QANADLARINI…
Pianoçu Humay Qasımzadəyə
Təzə meyvə çıxan mayıs günüydü,
eşimlə gözümü dikdim səmaya.
O günün meyvəsi, barı səniydin –
Tanrı qonaq etdi bizi Humaya.
***
…Bir əl uzadımı yaxınlığında
Bir cənnət meyvəsi, cənnət ağacı.
Dünyanın oyanan bahar çağında
donmuşdu qəfildən zaman sayğacı.
***
Aldı zamansızlıq səni qoynuna
dadından doyulmaz neməti kimi.
Baxırdım günbəgün artan boyuna
Rəbbimin ən gözəl sənəti kimi…
***
Şirmayi dillərin sədalarımı
uçur, nəğmələnir Tanrı qatında?
Söz-söz dənləyərək dualarımı
göyə uçurursan çinədanında.
***
Tanri hifz eyləsin ömrün barını,
tənim sevgi dolu O-na əyilir.
Sən də çal… çaldıqca qanadlarını
əsir taleyimə xoş bahar yeli.
ŞUŞA
Qarabağ döyüşlərinin qəhrəman şəhidlərinə, qazilərinə ithaf
Prelüd
Bu da bir taledir payıma düşüb –
Şuşasız günləri yaşamaqdayam,
özüm öz dərdimin hayına düşüb
hüceyrə-hüceyrə aşınmaqdayam.
***
Ağzım dualıdır, ürəyim dolu,
zillənib gözlərim o uca taxta.
Tanrı dərgahına uzanan yolu,
***
Baxışı cığıra, yola dikili
Şuşam səni bəklər bozqurdum mənim,
di atıl qabağa cumaq irəli,
itirib səmtini başsız bədənim.
***
Şuşasız qalmışam mən günüqara,
nə yaxşı susmayır, sızlayır yaram.
Qoymaram ürəyim dönə məzara,
***
Bu yanğı sönməz də köz olub qalar
içimdə, bu dərddir məni isidən.
Şuşa bir xitabət kürsüsü olar,
söylərəm son sözü həmin kürsüdən.
1993
Postlüd
Közərdi, sönmədi bu dərd, ölmədi
küllənən könlümdə illərdən bəri.
Üfürdün, alışdı, yaxdı zülməti,
ilıq nəfəsinlə açdım səhəri.
***
İlahi, həmd olsun, danışan məndim,
məndəydi o kürsü, bu mənə şükür.
Ayəti-kürsünə qarışan məndim,
enmişdim Şuşaya, kəlmənə şükür.
***
Dan yeri nuruna qarışdı haləm,
məsh çəkdi gözlərdə yazılan himnə.
Müdhiş bir mənzərə… zilləndi aləm
hüceyrə-hüceyrə hərflənən mənə.
***
Yazıydım, duaydım… bilmədim necə
qəfil havalandı söz güllələrim,
durduğum kürsüdə məni müstəcəb
eylədi avtomat zəngulələri.
*************
Nə gözəl söylədim o son sözümü,
gəldi əks-sədası göylərdən, şükür.
Tanrıya tutmuşam indi üzümü,
O-ndan varlığıma bir hüzur çökür.
2021
BAXIRAM DÜNYAYA SƏNİN GÖZÜNLƏ
Qasım Qasımzadəyə
Baxıram dünyaya sənin gözünlə
harda işıq varsa iz səninkidir.
Dan yerinə od saçır baxışlarım –
zülmətə köz salan göz səninkidir.
***
Oldum sərnişini nur gəmisinin,
bu da meracıdır eşq dəlisinin,
Rəbbimin ən gözəl təcəllisini
görürəm qarşımda üz səninkidir.
***
Ruhun ucalarda şad olsun deyə
Oxu, nələr vermiş Tanrı bəndəyə,
mən yerdən göylərə yüksələn ayə
üstündən qalxdığım miz səninkidir.
***
Dar eylərəm qaranlığın yerini,
zülmət dələn taleyim bir mərmimi,
sən özün cəm eylə qəlpələrimi,
göyə ulduz-ulduz düz, səninkidir.
***
Mən hicran qənimi, vüsal dəmiyəm,
içirəm ruhundan, dəmlər dəmiyəm,
tənimlə badəyəm, ruhumla meyəm,
içəlim bu meyi süz, səninkidir.
***
Yerişim, duruşum, qaçışım səndə,
həvəsim, ilhamım, uçuşum səndə,
göylərin, yerlərin Rəbbi önündə
səcdəyə gedirəm, diz səninkidir.
***
Canın canımdadır, qanın qanımda,
ayrılmaz ruhlarıq Tanrı yanında,
qiyamət günündə, məşhər anında
sənsən şəfaətçi, söz səninkidir.
SU SƏPİR ARXANCA GÖZLƏRİM
(Tamara Ələkbər qızının əziz xatirəsinə)
Sıcaq-sıcaq xatirələr oyanır,
ruhun qonaq gəlir bizə qəfilcən.
Canım, tənim sənli-sənsiz hey yanır –
dodağın alnımda hərarətölçən.
***
“Sənə maman qurban” nəvazişlərin
qopur dodağından bir dua kimi,
göylərdən içimə dolub səslənir
cənnətdən ucalan bir səda kimi.
***
Azarım, dərdlərim yox olur bir an,
gözümə nur gəlir, dizimə taqət,
üzülür ayagım yerdən nagahan,
ruhummu bu yüngül qanadlı xilqət.
***
Bu addım səsləri mənə bəllidir,
işdənmi qayıdıb gəlirdin yenə,
doğma bir həsrətlə qulaq kəsildim
qapıya saldığın açar səsinə.
***
Qoyduğun nə varsa qalıbdır bizdə,
səliqə-sahmanın, qabın-qacağın.
Plovun dəmdədir ocağın ustə,
sən özün süfrə aç bu axşam çağı.
***
Evin hər küncündə bir mələk bitir,
gəlib əyləşirlər süfrə başında,
açdığın süfrənin bərəkətidir –
göylər bu məclisin tamaşasında.
***
Şənlik sona yetir məclisimizdə,
hər ruh öz səmtilə uçub qeyb olur.
Bura sənin evin, qalsana bizdə –
tutmuşam əlindən, gözlərim dolur.
***
Çıxırsan qapıdan, əlim yellənir –
Allah amanında, yaxşı yol sənə!
Enirsən ehmalca pilləkənləri,
su səpir arxanca gözlərim yenə.