Osman Fərmanoğlu – Şeirler
Nazım AHMEDLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Osman Fərmanoğlu
Şeirlər
DƏRD BÜRÜDÜ
Əkdiyim toxum bitmədi,
Yağışa düşdü, çürüdü.
Günəşli gün gözləyirdim,
Canım elə qar kürüdü.
***
Yoldu, hər gələn getmədə,
Yüz yalvararaq getmə,de..
Ömür qaldı sürütmədə,-
Ayım ilimi sürüdü…
***
Dərd əlinə yaxıb xına,
Süzdü yayxana-yayxana..
Ölü saldım dəyirmana,
Döndü, baxdım ki, diridi…
***
Qurdağzı bağlatdım qurda,
Qənim kəsilməsin yurda…
Uğura bax, bəduğurda,-
Gələni ondan iridi…
***
Olmadı məni pəsinən,
Qulaq kar oldu səsinə.
Osman, saldı qəfəsinə;
Dərd hər tərəfi bürüdü.
SEVGİ NAĞILI
Gülə qonar, gül üstündən
Arını çəkər pətəyi…
Əl mənim ətək sənindi-
Kəsmə tutduğum ətəyi.
***
Hər addımında səhv edən
Sevda quşuna sevgi dən…
Yanan od alıb sevgiən,-
Duyarmı gələn kötəyi?..
***
Əkin nədi, biçin nədi,
Yol alırsan, köçün nədi?
Canın qan-tər içindədi,-
Yara bilmirsən kötüyü…
***
Sevdalın gəlir köməyə,
Dua eyləyə-eyləyə…
Üzdən-üzdən, deyə-deyə
Yedirir qoca köpəyi.
***
Osman,haqq olan doğrulur,
Dərd, çəkənindən sorulur.
Sular axaraq durulur,
Kənara vurur köpüyü.
BU PARA ÖMRÜ
Yanmamışı yanmışı, bir kibrit qutusudu,
Böldüm, vurdum, topladım aldım bu para ömrü.
İçi-çölü qaranlıq, ağzı bağlı quyudu,-
Quyuda qoyub çıxdım, istəyi qara ömrü.
***
Daldalanacaq bilib, lal qayaya sığındım,
Yığıldıqca yığıldım, sıxıldıqca sıxıldım…
Gəzdiyim ucalığın ətəyindən yıxıldım,
Bir quru şəkil kimi yapdım divara ömrü.
***
Dadsızlığa tuş gəldim, aldığım dad içində,
Qıvrıldım halsız- halsız, qaldım fəryad içində.
Qohumları axtardım, bu qədər yad içində,-
Kimin kimi eylədim, görən, avara ömrü…
***
Kim axtarar mənim tək gələnin gedənini,
Bir budağa qonaraq son kərə ötənini.
Görmədim yüyürərək hayıma yetənini,
Satdım topal at üstə qalan süvara ömrü.
***
Dilim dilim olmadı dişlərimin dalında,
Budandım özgələrin davasında, qalında.
Osman, yanıb qovruldum saçlarımın çalında
Atıb kötük üstünə çəkdirdim dara ömrü.
MƏMMƏDİNDİ Kİ…
“Məhəmmədi döndərmişik Məmmədə”
Məmməd İsmayıl
Gödəldib, qısaltdıq adı ad kimi,
Dil açdı, dilləndi Məmmə… dindi ki.
Söyləyib adladıq adi ad kimi,–
Əski Məhəmməddi, Məmməd indiki.
***
Yazılan qaydadı, gələn qəraldı;-
Yayın yay günündə dağı qar aldı.
Ayaqlar altında yollar qaraldı,–
Keçilməz yer oldu Məmmədin diki. (yer adı).
***
Osman, əzizlədi ağac dələni,
Yazdı nota saldı ağacda “lə”ni…
Səslənib hürkütmə “Ağacdələn”i,
Oxu misra– misra Məmmədindi ki.
ARTIR
Ağacdələn tək başıma
Döyüb him-cimləyən artır.
Don Kixotluq savaşıma
Ağrı düymələyən artır.
***
Bütün düzəlmir tikədən,
Cavab gəzirəm, bəlkədə…
Hamısı Şəhid ölkədə
Ağıla gəlməyən artır.
***
Hərə məhləsinin şiri;–
Qart kölgəsinin əsiri…
Yığaraq yetim–yesiri
Dərdlərlə yemləyən artır.
***
Qara olsun vaxtın üzü,
Suçluya yalvardır bizi…
Yerə gəlir haqqın dizi,
Yerini bilməyən artır.
***
Osman, taylaşan ayının
Armudla bitmir oyunu…
Yeyib ac kəsin payını
Doyub çəkilməyən artır.
TƏZƏYƏM
Mən köhnə adamam,ilişmə mənə,
Elə sənin kimi, həm də təzəyəm..
Zil bir az qəlizdi, çıxıram yenə,-
Quşların cəh-cəhi bəmdə təzəyəm.
***
Küləyin əsəndi, yağışın tökən,
Sənin xəyalına göylərdi yelkən.
Mənim ayağımı torpaqdı çəkən,
Əkinli– biçinli dəmdə təzəyəm.
***
Hər an yoldaşımdı fikir, düşüncə,
Kəndir axtarmıram dara düşüncə.
Həyatın hər üzü həyatdır, məncə,
Çəkib apardığım qəmdə təzəyəm.
***
Osman,iş dolaşıq,dərdlər sellənən,
Bir gün durulacaq bu gün lillənən…
Ustad barmaqlarda dinib güllənən
Ruhları oyadan simdə təzəyəm.
QURU ADAM
Paşam, quru–quru gəzir eləcə,
Bulağa gedəndə suyu qurudur…
Yovuşmur şenliyə,qoşulmur köçə,
İçində qaynayan toyu qurudur.
***
Gözlərini qırpmır, gözü islanar,
Danışmağa qorxur, sözü islanar.
Axı, nə deyəsən belə insana?–
Gözünün içində quyu qurudur.
***
Çevirib yönünü vaxtın qəminə,
Ömrə nə verib ki, ala nəmənə?
Yerin ətəyində daş da nəmlənər,
Özünü qupquru yuyur, qurudur…
***
Gəzir ətrafında seçilən seçən,
Quru küəklərdi canından keçən.
Yamayan yamayır ağlına keçə,
Tanrının verdiyi payı qurudur.
***
Osman, aralığa çəkib hasarı,
Bu adam olubdu keçilməz barı.
Sərilməz ipinin üstünə darı,–
Canını bir divar boyu qurudur.
SAXLA
Paşam, işləklərin işi uzundu,
Getdinsə,dönməyə əl yeri saxla.
Baxarsan verdiyin vədə uzandı,
Könlündə bir ilıq el yeri saxla…
***
İllərin yanında ömür bir anlıq,
Qıyma üzərinə çökə toranlıq.
Dörd yanı bassa da qaratikanlıq,
Ümidtək, arzutək gül yeri saxla.
***
Daraldan daraldıb yan–yörəsini;
Göz çatdıra bilmir göz kirəsini…
Osman, dildən alır söz şirəsini,
Acıda da şirin dil yeri saxla…
ÇAĞIRAR
Paşam, gələn səs üzülər,
Ağrıdan ağlar, çağırar.
Kimsəsizlikdən əzilər,–
Ölgün bulaqlar çağırar.
***
Yarı ağrı, yarı səsdi,
Özü özünə qəfəsdi.
Çəkəcəyi bir nəfəsdi,
Yaxın, uzaqlar çağırar.
***
Özü Qəribdən betərə,
Kim gələ, nəzər yetirə?
İçində dağlar bitirən,
Yenə də dağlar çağırar.
SORMA
Paşam, sorma kimin kimdə nəyi var;
Yiyəlidi hürr bildiyin yerlərin…
Kimin dizdə yeriməyə heyi var,
Ağasıdı dürr bildiyin yerlərin.
***
Yerə düşür aqillərin kəlməsi,
Çətinləşir vaxtın üzə gülməsi.
Tərs toxunur xanalarda ilməsi,
Araz keçib Kür bildiyin yerlərin.
***
Sinə açıb gədiklərin mehinə,
Qızınan yox yaylaqların mehrinə.
Daha çətin düşən ola sehrinə,
Ocaq-ocaq pir bildiyin yerlərin.
***
Ağır yükdü, çəkmək olmur qəmi tək,
Çəkilənin zili yüz-yüz, bəmi tək…
Qovrularaq həşəm olmuş zəmitək
Uralanıb gur bildiyin yerlərin…
***
Osman, yurd da güvə düşən kilimdi,
Dil-dil olub çınqılanan dilimdi…
Bölük-bölük,indi neçə dilimdi,-
Əzəlini bir bildiyin yerlərin.
YAZILIR
Ömrümün qədərdən havası tünlük,
Gələn sakitliyə qıtlıq yazılır…
Hallanan isimsən yiyəlik, yönlük,
Payıma həmişə adlıq yazılır.
***
Çoxalır önündə toylar, düyünlər,
Düşür qədəminə, döşənir günlər.
Əmrinə hazırdı, gözləyir cinlər,
Ayına, ilinə şadlıq yazılır…
***
Yazanım bəxtimə çox quyu qazar,
Dönüşsüz quyuda fikirlər azar…
İnanma təndirlər çırpısız qıza,-
Küt gedən kündəyə badlıq yazılır.
***
Öyrəşə bilmirsən ayrılıqlara,-
Deyirsən mən hara, ayrılıq hara?
Mənim ağzım düşür qayalıqlara,
Sənin qismətinə otluq yazılır.
***
Osmanın sözündə məna gəz, ara,
Bəlkə, üz şaxta yox, ardan qızara.
Girirsən, çıxırsan qara bazara,-
Alnına qeyibdən “satlıq” yazılır.