GenelGüncelKültür SanatTürk Dünyası

Nəsib Nəbioğlu: “Həyatımın qalan günlərini doğma Kəlbəcərdə yaşamaq istəyirəm”

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

525-ci qəzetin əməkdaşı Şahanə Müşviqin Moskvada yaşayan  şair Nəsib Nəbioğlu ilə müsahibəsi

    – Nəsib müəllim, Azərbaycana bu dəfəki gəlişinizdə doğulduğunuz Kəlbəcərə, kəndinizə getmək qismətiniz oldu. Istərdim ki, söhbətimizə Kəlbəcərə  yola düşmənizin bir gün əvvəlindən başlayaq. Sabah Kəlbəcərə gedirsiniz deyəndə, nələr hiss edirdiniz?

– Kəlbəcərdə son dəfə 1992-ci  ilin yayında olmuşdum. Moskvda yaşadığımdan hər il yay aylarında ailəmlə bərabər məzuniyyətə çıxıb,  Kəlbəcərə, kəndimizə gəlirdim.1993-cü il  aprel ayının 3-də mənfur düşmənlərimiz  tərəfindən  Kəlbəcər işğal olundu.Yollarımız bağlandı, doğma yerlərimizə həsrət qaldıq.

İndi şox sevinirəm ki,  31 ildən sonra Kəlbəcərə getdim. İyul ayının 19 – da mənə Kəlbəcərə getməyə icazə verdilər. Mənə icazə verilməsində rolu olan, mənə qayğıyla yanaşan  hər kəsə, ilk növbədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynova öz səmimi təşəkkürümü bildirirəm. Mənə dost, qardaş əlini uzatdı, 31-il görmədiyim, adı gələndə göyüm-göyüm  göynədiyim yurduma, Kəlbəcərə  getməyə icazə aldı.  Əslində 2020 ci il  noyabrın 25-dən  Kəlbəcər işğaldan azad edildiyi gündən Kəlbəcərə gedəcəyimi düşünürdüm, ölməmiş boya-başa çatdığım kəndimizi, evimizi görmək istəyirdim. Amma alınmırdı.Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən 2020 ci il noyabr

ayının 10 da imzalanan üçtərəfli Bəyanat  nəticəsində Kəlbəcər bir güllə atılmadan azad olundu. Azərbaycanın haqlı  mübarizəsi ilə  tarixi qələbəmizlə,  tarixi ədalət  bərpa edildi. Azərbaycan Kəlbəcəri azad etməklə hərbi, eyni zamanda  diplomatik gücünü bütün dünyaya göstərdi. Kəlbəcərin Ağdamın, Laçının döyüşsüz işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir.

Kəlbəcər azad olandan sonra buraya yalnız burada fəaliyyət göstərən şirkətlərin işçilərini  və fermer təsərrüfatları olan, maldarlıqla, qoyunçuluqla,  arıçılıqla məşqul olan insanları buraxırlar. Mənim Kəlbəcərə gertməyimi əngəlliyənlərdə var idi. Hətta bir neçə səlahiyyəti olan məmurlara zəng eləmişdim. Bu günə min şükür ki, arzum gözümdə qalmadı, uzun illər görmədiyim, həsrətində qaldığım Kəlbəcərimə getdim. Bir gün əvvəl hansı hissləri keçirdiyimi bir Allah bilir. Hətta qohumlar, dostlar mənim şox kövrək, duyğulu  insan olduğumu bildiklərindən, mənə təskinlik verir, özünü ələ al, möhkəm ol – deyirdilər. Bu hissləri demək, dilə gətirmək mənim üçün çox çətindir. Amma içimdə  bir rahatlıq var idi,  özümü rahat hiss edirdim. İçimdə çoxdan gözlədiyim bir dinclik yaranmışdı.

Düzünü deyim, bu hissləri qələmə almaqda çətinlik çəkirəm, söz tapa bilmirəm. 31 bir il görmədiyim kəndimizə gedəcəm. Məni orada nələr gözləyir. Məni qarşılayan olacaqmı? Düzdür müxtəlif saytlardan, KİV-lərindən aldığım məlumatlar var idi. Kəndimizin xarabalığa çevrildiyini bilirdim. Amma indi özüm öz gözlərimlə yurdlarımızı görəcəkdim. Kəndimizə çatmaq, atamın, doğmalarımın qəbirlərini ziyarət edib, şəhidlərimizin ruhları qarşısında baş əymək, sönmüş  ocaqlarımızı, yurd yerlərimizi görmək, istəyirdim. Uşaqlığım, gəncliyim keçən o doğma yerləri qarış-qarış, addım – addım gəzəcəyimi düşünürdüm. Yeniyetmə çağlarımda  gəzdiyim dağları, gəncliyimi tapşırıb getdiyim  yerləri dolanb gəzmək istəyirdim.. 18 yaşında Kəlbəcəri tərk eləyən, əsgərliyə gedən, elə o vaxtdan başı oxumağa, yazmağa, işə qarışan,  o quzu otaran uşağı, ağlı topuğunda olan, dəli-dolu bir gənci axtaracağam. Görüm onun bu yerlərdə izi qalıbmı?

Öz-özümə nə vaxtsa yazdığım şeirimi pıçıldayıram:

Kimlər taleyini yazdı, apardı,

Əlini dağlardan üzdü, apardı,

Kitablar başını yozdu apardı,

Ay quzu otaran uşaq, hardasan?

                  ***

Həsrət addım– addım  tapıb izlədi,

Hardasa qarımış bir qız gözlədi,

Kim könlünü aldı, kim əzizlədi,

Ay quzu otaran uşaq, hardasan?

                  ***

 Göynəyib qalarsan  yurdun dardasa,

Taleyin, qismətin boran, qardasa,

Tütəyin yadından çıxdı hardasa,

Ay quzu otaran uşaq, hardasan?

                  ***

Dəyişib özgəsi ola bilmədin,

Dünyadan haqqını ala bilmədin,

Zamana uşağı ola bilmədin,

Ay quzu otaran uşaq, hardasan?…

– Kəlbəcərə aparan yol necə idi?

– Kəlbəcərdə çalışan qohumum Əli İbrahimov məni, həyat yoldaşımı və oğlumu aparmaq üçün Kəlbəcərdən Gəncəyə  gəlmişdi. Kəlbəcərdə ilk olaraq çörək bişirmə sexi fəaliyyət göstərir. Əli də həmin sexin müdiridir. Hazırda çörək və çörək məmulatlarının istehsalı ilə  məşquldur, bu sex Kəlbəcərdə xidmət edən əsgərlərimizi çörəklə təmin edir. Əli uzun illərdir ki, bu sahədə çalışır.

Uzun illərin ayrılığından  sonra Toğanalıdan çıxıb Murovun silsilə dağlarının yolu ilə işğaldan azad olunan Kəlbəcərə  yollandıq.

Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun uzunluğu 80.7 km-dir. Bu yol Göygöl rayonunun Toğanalı kəndindən keçməklə inşa edilir. Axı hər şey yoldan başlayır. Yolu bərbad olan ölkənin nə mədəniyyəti ola bilər. Murov yolunu genişləndiriblər, əvvəlki yoldan daha rahatdır. Əvvəllər bu yoldan yalnız bir maşın keçə bilirdi, qarşıdan bir maşın gələrdisə,  maşını saxlayıb yol verməliydin. İndi Kəlbəcərə ağır yüklər aparan maşınların necə sürətlə keçdiklərini görürəm. Murov yolu  hal-hazırda Kəlbəcərə gedən yeganə yoldur. Düşünürəm ki, əsas tünel açılandan sonra Kəlbəcərə rahatlıqla gedəcəyik. İnşallah Ağdərə yolumuzda açılacaq. Gələcəkdə isə Murov yolundan  hərbi yol və elat yolu kimi də istifadə edə biləcəyik.

Murovun ən hündür zirvəsində dəniz səviyyəsindən 3260 metr yükləklikdə olan Ömər aşırımına çatırıq. Azərbaycanın cəngavər oğullarının qəhrəmanlıq izlərini görürəm. Yol boyunca darmadağın edilmiş, erməni hərbi texnikalarının  qalıqlarını, tör- töküntülərini görürəm. Ürəyimdən tikan çıxır. Sözün əsl mənasında hərbiçilərimiz burada bir  qəhrəmanlıq dastanı yazıblar. Orada erməni istehkamlarının ordumuz tərəfindən necə darmadağın edildiyindən qürurlanıram. Vaxtilə xalq yazıçımız M. İbrahimovun mənə dediyi,- Nəsib bala, mən Azərbaycanın böyüklüyünü Murovun zirvəsində gördüm,- sözlərini xatırlayıram.

Azərbaycanımızın böyüklüyünü göstərən Murov dağının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə can sağlığı arzulayıram. Yenə də haçansa Murova həsr elədiyim şeirimdən misralar yadıma düşür:

İstəyirəm hava alam bir udum,
Kömək elə ağrıları unudum,
Qürbər eldə bu həsrətdən qurudum,
Yollarımdan dumanını çək,Murov!
                  ***

Qoy dırmanım bu yoxuşu təzədən,
Nəzmə çəkim o baxışı təzədən,
Seyr eyləyim qızılquşu təzədən,
Ətəyindən, gəl daşını tök, Murov!
                  ***

Gətirmədi neynək baxtı Nəsibin,
Qəmdən yeyib gözü toxdu Nəsibin,
Yeri-yurdu daha yoxdu Nəsibin,
Zirvədəki ağ buluda bük, Murov!

Yox, indən belə bu sözləri deməyəcəyəm. Artıq mənim yerim-yurdum var. Kəlbəcər kimi sığınacağım, ümid-pənah yerim,  dünyada tayı-bərabəri olmayan, bənzərsiz bir elim-obam var.

Ömər aşırımından Murovun  Kəlbəcər tərəfinə enirik. Əli maşınını qiblə bulağında saxlayır. Deyir ki,- bu bulağın üstünü türklər düzəldib, abadlaşdırıb. Kəlbəcərin ən saf bulaqlarındandır. İlahi, bu dağın zirvəsində dupduru, diş göynədən bu bulağın  suyu haradandır?  Bu yüksəklikdə yerdən  çıxan bulağın özü bir möcüzədir. Artıq buradan, Yanşaq kəndindən  Kəlbəcərə yol başlayır. Artıq Kəlbəcərin  Murova yaxın kəndlərinə, Zallar və Yanşaq kəndlərinə yaxınlaşırıq. Murovdağ silsiləsinin altından çəkilən 11.7 km-lik tunel buradan çıxacaq. Murovun o üz – bu üz yoluna sərf elədiyimiz 2-3 saatlıq yolu 30-35 dəqiqəyə qət edə biləcəyik. Yol boyu yeniyetmə çağlarımda  yaddaşıma hopmuş, məni öz sehrinə, cazibəsinə salan sıldırım, ovxarlı, əzəmətli qayalara baxıram. Qamışlı çayının, Tərtər çayının şırıltısı heç dəyişməyib, həzin bir nəğmə kimi məni ötən çağlarıma səsləyir.

Kəlbəcərin gözəlliyi, əzəmətli sıldırım qayalarımız, allı-güllü yaylaqlarımız, yamyaşıl meşələrimiz oğlum Nəbini valeh eləyib. Tez-tez ata, mən Kəlbəcəri belə təsəvvür etmirdim,- deyir. Axı,  Nəbi heç Kəlbəcərin üzünü görməmişdi.

Dumanlı dağların, sıldırım qayaların əhatəsindən keçərək Qamışlı körpüsünə və nəhayət Kəlbəcərə gedən yola  daxil oluruq. Yol boyu ermənilərin vəhşıcəsinə talan elədikləri kəndlərimizi görürəm. Darmadağın edilmiş, xarabalığa çevrilmiş kəndlərin içindən keçirik. Hər addımbaşı erməni vəhşiliyinin şahidi oluruq. Gördüyümüz mənzərələr ürəyimizi ağrıdır. Bütün bunlar bir daha ondan xəbər verir ki, düşmən 30 ilə yaxın müddətdə hər şeyi məhv edib, oğrulayıb, yandırıb, talayıb. Çünki bu torpaqlar onların deyil. Heç vaxtda onların olmayacaq. Əgər bu torpaqlar onların olsaydı belə vəhşilik etməzdilər.

Kəlbəcərin girişində çəhidlərimizin şəkillərini əks etdirən lövhə var.Ürəyimin ağrısıyla şəkillərə baxıram,qəhər məni boğur. Bu  lövhədən mənə boylanan şəkillərdən biri də mənim bacım oğlu- Atayev Əlidir.Ümumiyyətlə Kəlbəcrdən ən çox şəhid verən Atayevlərdir. Atayev Namiq, Atayev İman, Atayev Nicat, İlyasov Fikrət, Verdiyev Hafiz, Ümumiyyətlə ermənilərin Azərbaycana hərbi təcavüzü nəticəsində rayonumuzdan 483 nəfər şəhid olmuşdur. Onlardan 222 nəfəri hərbiçi, 261 nəfəri isə mülki şəxslərdir. Qarabağ savaşında iştirak edənlər vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar. Onlar Azərbaycan adlı bir məmləkətin, xalqımızın – ulu bir millətin  adına layiq olduqlarını isbat elədilər. Inanıram ki, şəhidlərimizin xatirəsi əbədiləşdiriləcək və elə burada “Qəhrəmanlar parkı”, kəndlərdə isə xatirə kompleksləri, xiyabanlar yaradacaqlar. Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq. Bəli, illər keçəcək, gələcək nəsillər şəhidlərimizi hər zaman böyük ehtiram və minnətdarlıq duyğusu ilə yad edəcəklər.

  – Və nəhayət, vətənizdəsiniz…o duyğularınızı necə ifadə edərdiniz?

– Nadirxanli, Qilinclı,  kəndlərini keçirik, o köhnə kəndlərdən əsər əlamət yoxdur, onların yerində müasir tələblərə uyğun evlər nikiləcək. Nəhayət Kənd yeri adlanan yeri keçib Çaykənd kəndinə, mənim doğulub boya-başa çatdığım kəndə giririk. Kəndin başşlanğıcında Qarasu adlanan yerə çatanda, xaraba qalan dağılan evlərimizə baxdım, özümü saxlaya bilmədim hönkür-hönkür ağladım. Oğlum Nəbi məni kiridə bilmirdi. – Ata, ağlama torpaqlarımız ki, yerindədir.

Uzun illər yuxumdan əl çəkməyən Çaykəndə çatdıq. Üzümü kəndimizə çevirib dönə-dönə üzr istədim. Ermənilərin vəhşicəsinə dağıtdıqları qəbrstanlığa döndüm.10 il öxuduğum, dağılmış məktəbimizə getdim, sonra öz evimizə gəldim. Otu, cəngəlliyi yarıb yerimək olmurdu. Bir təhər həyətimizə, xarabalığı çevrilən məhləmizə keçdim. Həyətimizdə olan bütün bar ağaclarını kəsiblər. Bizim həyətdə yalnız bir tut və bir də qocaman qoz ağacı qalıb. Evimizə gəldim divarları uçulub dağılan, tar-mar olan evimizə. Bir möcüzəylə rastlaşıram, vaxtilə mənim yatdığım yerdə evimizin ortasında bir qoz ağacı bitib. Ya qarğa dimdiyində salıb, yoxsa küləkmi gətirib. Bunu Allah bilər. Çox təsirlənmişdim, əllərimi uçuq divarlara sürtə-sürtə bu qoz  ağacına yaxınlaşdım. – Salam, qoz ağacı, yoxsa mənim əvəzimdən bu evə keşik şəkmisən. Səninlə söhbətim var, qöz ağacı, səninlə danışacağam, yox səninlə dərdləşəcəyəm,- dedim. Sonrada  üzümü kəndimizə tutub dedim ki, Çaykənd məni bağışla, səni qoruya bilmədim, sənə yaxşı oğulluq eləmədim, amma səni  heç unutmadım və unutdurmağa qoymadım. Qələmimi  yad bir ölkədə silaha çevirdim, dərdini bu uzun illər ürəyimdə daşıdım şeirə çevirdim, yaşadığım ölkənin insanlarına çatırdım dərdlərimizi. Haraya yollandımsa, hartada oldumsa Qarabağımızı, Kəlbəcərimizi, Çaykənd kəndimizi  ürəyimdə gəzdirdim, harda nə yaxşı  bir şey, bir yol, bir bina, bir məsçid gördümsə, onu Azərbaycanımızda görmək arzuyla yaşadım. Yad millətin içində yaşadım, amma xalqımızın, milətimizin, Azərbaycanımızın, xalqımızın, Kəlbəcərimizin, dağlarımızın  adına xələl gətirən, onu aşağılayan bir işə qol qoymadım.

Yoldaşım Dürdanənin səsindən, çığırtısından fikrimdən ayıldım. Uca səslə  yaxın qonşularımızı səsləyirdi, – Ay Adilə xala, ay Dilbər xala, ay Şüşə xala, ay Mürsəl dayı, ay Ulduza, amma onun harayına səs verən yox idi. Dəli kimi evimizi arxasından 20 metrlik məsafədən axan, başlanğıcını Qoçdaş yaylağından götürən, kəndimizin içində Tərtərə tökülən balaca, dupduru çaya endi, çayın içinə girib, bu balaca çaydan üzr istədi. Çirkli, çay səndən üzr istəməyə gəlmişəm, sənin suyunla saçlarımı yumurdum ki, adına çirkli su deyirdilər. Yenə məni bağışla, əslində sən dünyanın ən təmiz çayı imişsən,- deyib hönkür-hönkür ağlayırdı. Öz-özümə deyirdim ki, Ay Allah,i nsansız təbiətin gözəllikləri nəyə lazımdır? Təbiətin min-min bəzək-düzəyi, gülü-çiçəyi, meşəsi, dağı, dərəsi bulaqlarıı çayları  insansız bir quru qəpiyə də dəyməz. Çünki təbiəti təbiət eləyən onu yaraşıqlandıran elə onun insanlarıdır.

  –  İllər boyu sizi “Kəlbəcəri yazan şair kimi tanımışıq. Bu səfərinizdə Kəlbəcəri yazdınızmı?

– Mənim ilk  şeirlərim Kəlbəcərin əsrarəngiz təbiətdən qidalanıb boy atıb, aşıq yaradıcılığından, xalq ədəbiyyatından boy verib.

Arı nəğmə deyir çiçək eşqinə,

Anlayan bilirmi onun eşqi nə?

Bu axşam xöşbəxtlik düşüb püşkünə,

Bu axşam Kəlbəcər, Kəlbəcər deyir.

Kəlbəcərdən də elə belə qayıtmamışam. Rəhmətlik Ənvər Rza demiş:

“Dincəldim o ki var, gəzdim o ki var;
Cənnəti gözümlə görüb gedirəm.
Nigaran qalmışdım öz ilhamımdan,
Köksümü şeirlə hörüb gedirəm”.

Mən şeirlərimlə öz daxili dünyamı, məni duyğulandıran hissləri açıram. Nə zaman ilhamım gəlsə,  onda da şeirlərimi yazacağam. Bu yerləri görüb elə kövrəlmişəm ki, bu hisslərimi qələmə almasam mənim üçün  çox çətin olar. Bu yerlərdə mənim  gəncliyim keçib, ağrılı-açılı olsa da o günləri ömrümün ən xöşbəxt günləri sayıram. Düşünürəm ki, bu hisslərim məni aldatmayacaq daha yaxşı şeirlər yazacağam.Təki ilhamım sönməsin.

Mənim bir şeirim var, deyirdim ki, – şeirimdən dağların ətiri gəlir. İndi yazacağım şeirlər daha ətirli olacaq. Yəni şeiri zamanında, özü gələndə yazmaq lazımdır. Şeirdə əsas odur ki, poetik dillə  deyəsən, obrazlı deyəsən. Şeirdə deyilən fikir, məna olmalıdır. Azərbaycanın cəngavər oğlanlarının 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadəti, qəhrəmanlığı, qazandığı qələbəni necə qələmə almayasan? Bu gün Kəlbəcərin qələbəsindən, bu qələbəni bizə bəxş edən igidlərdən neçə yazmayasan. Bax mən  onların,  vətənimizə, dağlarımıza, torpağımıza olan ilahi sevgisindən yazacağam.

    – Bütün yaradıcılığı boyunca Kəlbəcər ağrısından, yurd həsrətindən yazan şair bundan sonra nə yazacaq?

– Qarabağın, bir birinin ardınca rayonlarımızın işğalından sonra yaradıcılığımda bir dönüş yarandı. Yazdığlarımın əksəriyyəti qəm-kədər notları üstündə quruldu. Ulu torpaqlarımızın,  Qarabağımızın, Şuşamızın, Laçınımızın, Kəlbəcərimizin Ağdamımızın, Fizulimizin, Zəngilanımızın, Qubadlımızın, yağı tapdağı altında inlədiyi bir zamanda  mən başqa cürə yaza bilməzdim. Mənim üz-gözümdən, hətta qələmimdə qəm tökülürdü:

Qismətimə yazılıbdı uzaqlar,

 Ömrün qışı, ömrün yayı – sazaqlar,

 Sinəm üstə mizrab ağlar, saz ağlar,

 Mənim yolum, cığırım da beləymiş

                  ***

 Gözləmirdim, dövran gəldi tərsinə,

 Oğulsansa, ona tablaş, gər sinə,

 Kim səs verər tənhalığın səsinə,

 Mənim səsim, sorağım da beləymiş!

                  ***

 Öz dünyama sarılıram mən fağır,

 Zaman məni eləyibdi qanbağır,

 Qələmimdən qəm ələnir, qəm yağır,

 Oda düşən varağım da beləymiş!

                  ***

 Çimir etməz, qərib könlüm oyaqdı,

 Dəlidağdan ürəyimə qəm axdı,

 Öz üstümə şölə saçmır nə vaxtdı,

 Özələyən çırağım da beləymiş!…

 Bu məndən asılı olmayıb. Qarabağın süqutundan sonra vüqarımız sınmışdı, qəddimizi düzəldə bilmirdik. Bəzən öz-özümə deyirdim ki, bizim yaşamağa haqqımız yoxdur. Mən həmişə haqqı demişəm, qorxmadan, çəkinmədən. Həqiqətin üzünə dik baxmışam. Haqqı, ədaləti, dürüstlüyü danan kəs şair ola bilməz. Əsl şair, qələm sahibi həqiqəti çiynində bayraq eləməlidir. Kəlbəcər elə – belə yer deyil, Kəlbəcərin əsrarəngiz təbiəti, dağları, çəmənləri, qalın meşələri, gülü, çiçəyi, çayları, diş göynədən bulaqları,  İstisuyu, Turşuyu, yerüstü, yeraltı sərvətləri, Allah Azərbaycan xalqınıa bəxş etdiyi bir nemətdir. Özümə söz vermişəm birdə qəmli şeirlər yazmayacağam. Mən arzuma çatmışam, mənim Qarabağım, Şuşam Kəlbəcərim azaddır. Mən ində belə bu yerlərin sevimcini, xoş günlərini tərənnüm edəcəyəm.

Məni bu həsrətdən qurtar deyirdi,
“Atanin yurdunu qaytar”-deyirdi,
Məni Kəlbəcərə apar deyirdi,
Dağlar deyə-deyə kiridi anam…

      – Ananızın ruhu şaddırmı?

– Qarabağın, kəlbəcərin işğalı dövrü yazdığım şeirlərimdən dərd tökülür, öləndə belə qəbrimin üstünə heç olmasa bir ovuc Kəlbəcər  torpaqı tökülməsini arzulamışam. O illər ərzində heç olmasa bircə dəfə Kəlbəcəri görməyi arzulamışam. Bilirdim ki, bu ağır dərddir. Həmin illərdə nənəm (mən anaya nənə demişəm) haqq dünyasına qovuşana qədər, onun üzünə baxa bilmirdim, xəcalət çəkirdim. Amma əlimdən bir şey gəlmirdi. Gücüm ancaq qələmimə çatırdı. Bizi ağlar günə qoymuşdular. Qəddimizi düzəldə bilmirdik. İndi bu günümüzə min şükür deyirəm. Nənəm mənə vəsiyyət eləmişdi ki, onu Kəlbəcərə atamın yanına aparım. Oğul, məni şoran torpaqda basdırma,- deyirdi. Amma nənəmi Masazırda qaçğınlar qəbrstanlığında basdırmalı oldum. Çaykəndə gələndə ilk getdiyim yer qəbrstanlığımız oldu. Erməni vandalları, şərəfsiz, insanlıdan uzaq olan məxluqlar qəbrlərimizi göreşən kimi eşiblər. Mərmərdən, qranitdən olan qəbr daşlarını aparıblar. Kəndimizdıki qəbrstanlıq yeni çəkilən yolun inşasına görə plana düşdüyündən, qəbstalığımızı yolun gənarından yüksəkliyə köçürüblər. Amma qəbrlərin üstləri götürülməyib. Mənimdə babalarımın, qoca nənəmin, əmilərimin yaxın qohumlarımın qəbrləri  oradadır. Kəlbəcərə böyük qayıdış olandan sönra anamın nəşini dini qurumların icazəsiylə atamın yanına aparacağam. Düşünürəm ki, nənəmin ruhu şad olacaq. Axı nənəm həmişə Kəlbəcərə, öz kəndimizə getməyi artzulayırdı və deyirdi ki, – bircə dəfə məhləmizdən həyətimizə girsəydim dərdim olmazdı. Bir də deyirdi ki, məni atananı yanında basdırarsan.

Bu zəfər gününü, el bayramını,

 Sevinən yurdlarım alqışlayırdı.

Əsarətdən çıxan azad Qarabağ,

O gecə hamını bağışlayırdı.

 – 2018 –ci ildə yazdığınız bu şeir, bu yuxunuz çin çıxdı. Bəs bu səfərinizdə nə hiss etdiniz? Qarabağ, Kəlbəcər həqiqətən hamımızı bağışlayıbmı?

 – A.P.Çexov deyirdi ki,- Əsl yazıçı qədim peyğəmbər kimidir. O, adi insanlardan  fərqlənir, gələcəyi daha aydın görür.    Şairlər, yazıçılar, əsl sənət adamları peğənbərlərdən sonra gələn insanlardır. Şairlər hardasa peyğəmbərlik missiyasını yerinə yetirə bilirlər. Loru dildə desək gələcəkdə nə olacaqdısa  onların ürəyinə damır. Tanrının insanlara verəcəyi xəbəri  ilhamla ifadə etdiyi sözü insanlara çatdıranlardır şairlər, əsl qələm sahibinin missiyası belə olmalıdır. Öz vəzifəsini yerinə yetirmək üçün şair-peyğəmbərə çox xüsusi keyfiyyətlər verilir. Bəli yuxum çin oldu. Düz iki ildən sonra Şuşa azad edildi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu.

Mən bu şeiri 2018-ci ildə yazmışam, gördüyüm bir yuxumu nəzmə çəkmişəm. Bu şeirin adı belədir: “Bu gecə Şuşanı qaytarırdılar”. Bu şeiri böyük,i stedadlı şairimiz,dostum  Ramiz Qusarçaylıya həsr eləmişəm.1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı. Azərbaycanın 28 illik Şuşa yarası sağaldı!  Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Mən isə bunu belə olacağını  əvvəlcədən hiss etmişdim.

– İndi Qarabağda surətli qurucluq işləri gedir. Nələr müşahidə etdiniz?

– Nəhayət, rayon mərkəzinə Kəlbəcər tərəfə üz tuturuq.  Tərtər boyunca  ara məsafələri 2-3 km olan  Nadirxanli, Qilinclı, Çaykənd kəndləri istiqamətində  gedirik. Kəndləri tanımaq olmur. Bu kəndlərin yeni görüntüləri məni çaş-baş salır. Amma qayaların duruşundan kəndlərimizi tanıyıram. Burada bizim təsəvvür etməyəcəyimiz böyük, qlobal abadlıq işləri görülür, geniş müasir standarlara cavab verən yollar çəkilir, körpülər salınır. Bu yolları, abadlıq işlərini görəndə adamın ürəyi dağa dönür. Xarabalığa çevrilən kəndlərimizin yerində müasir evlər tikilir. Hal-hazırda 3 kəndin Zallar, Yanşaq və Zar kəndlərinin tikintisinə start verilib. Kəlbəcərin özündə də, İstisuda da böyük tilintilər, quruculu işləri gedir. Belə qənaətə gəldim ki, 70 il Sovet dönəmində Kəlbəcərdə görülən işləri iki il ərzində yaradıblar. İnanıram ki, Kəlbəcər təkcə Azərbaycanın ən gözəl şəhəri yox, bütün avropanın ən gözəl və cazibədar şəhəri olacaq.

 Kəlbəcərdə yolların tikintisini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “3 N-li Magistral Yolların İstismarı” MMC ilə subpodratçı şirkəti və yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətləri birgə icra edir. Bu yol Kəlbəcər rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edən yol olacaqdır.

Yamyaşıl meşələrin havasın uduruq, Tərtərin,Tutğunun həzin nəğməsinini dinləyirik, Ürəyimiz sevincə döyünür, bu günümüzə min şükür deyirik. Mən də qələmimə sarılıram, ürəyimdən keçənləri 31 ildən sonra getdiyim Kəlbəcər yolunu tərənnüm edirəm, nəzmə çəkirəm.

Bu azadlıq kəlməsi dərdlərimə əlacdı,

Arzularım qəlbimdə çiçək açdı, gül açdı,

Murovun zirvəsindən Dəlidağa yol açdı,

Hünər, qeyrət yoludur Kəlbəcərə gedən yol!

                  ***

İndən belə bilirəm, düşmən çıxmaz önümə,

Mərd oğullar səs verdi harayıma, ünümə,

Ey dünyanı yaradan çox şükür bu günümə,

Vallah, heyrət yoludur Kəlbəcərə gedən yol!

                  ***

Yollarım bağlı qaldı gəlib keçə bilmədim,

Kəlbəcərin suyundan gedib içə bilmədim,

Xəyalımda yollandım, özüm köçə bilmədim,

Bir az həsrət yoludur Kəlbəcərə gedən yol!

                  ***

Bu yolun əzəməti düşmənləri qorxudur,

Düşmənlərin gözünə batan şəhid oxudur,

Bu yollar başdan-başa əfsanədir, yuxudur,

Bilin, cənnət yoludur Kəlbəcərə gedən yol!

                  ***

Ruhumuz pərvazlanır Tutğun,Tərtər boyunca,

Rüsxət elə İlahi, baxım gözüm doyunca,

Zirvələrdən keçirik eşqimizin dalınca,

Saf  məhəbbət yoludur Kəlbəcərə gedən yol!

                  ***

Sıldırım qayaları basacağam bağrıma,

Bu yerlər məlhəmimdi, əlaç edər ağrıma,

Dözümlü ol ürəyim, indən belə ağrıma,

Bir cəsarət yoludur  Kəlbəcərə gedən yol!

                  ***

Şəhidlərin qanı var, torpağında, daşında,

Sevinc damla-damladır gözlərimin yaşında,

Bayrağım dalğalanır zirvələrin başında,

Hünər, şöhrət  yoludur  Kəlbəcərə gedən yol!

–         Gələn il inşallah 70 yaşınız tamam olur.Yubileyinizi Kəlbəcərdə keçirmək planınız varmı?

– Hə, gələn il mənim 70 yaşım tamam olacaq. Kəlbəcərin işğalından sonra heç vaxt ad günümü keçirməmişəm.Ümumiyyətlə Kəlbəcərdə ad günü qeyd etmək o qədər də dəbdə olmayıb. Hardasa imkanlı adamlar ad günlərini keçirərdilər. Mən isə 43 ildir ki, Moskvada oluram. Bu illər ərzində təmtaraqlı ad günləri keçirməmişəm. Sözün düzü  doğum günlərim çox vax heç yadıma da düşmürdü, çünki o qədər hadisələrdən sonra ad günü keçirmək özümə də ar gəlirdi. Amma AYB və Rusiya yazıçılar birliyini üzvü,bir iştimai xadim  kimi 3 dəfə Moskvada, bir dəfə də Bakıda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında  yubleylərim olub. Allah bundan sonra yaşamaq nəsib etsə 70 illiyimi  Kəlbəcərdə  keçirərdim, azad  Kəlbəcərimizdə, çünki mənim o dağara, o yerlərə, Kəlbəcərə, Kəlbəcərə gələn insanlara  deyiləsi çox sözüm var.

Həyatımın ən gözəl günlərini burada Kəlbəcərdə, Çaykənd kəndində yaşamışam. Əsgərliyə gedənə kimi. Oxumaq eşqi, oxumaq həvəsi, yazdığım şeirlər qolumdan tutub, məni pərvazlandırıb çox uzaqlara apardı. Bu alın yazısıdır, mən heç vaxt qürbətdə yaşamağı istəməmişdim. Amma yaşadım.

Bir şeirimdə dediyim kimi, – Qürətdə bir şair ömrü yaşadım!

Yağdı leysan-leysan yağış ömrümə,
Görən kim elədi qarğış ömrümə,
Kənardan boylan bax, bu qış ömrümə,
Qürbətdə bir şair ömrü yaşadım!

                  ***

Onda da naşıydım, yenə naşıyam,
Yüküm elə ağır çətin daşıyam,
Qoymadılar insan ömrü yaşıyam,
Qürbətdə bir şair ömrü yaşadım!

                  ***

Cəsarət tapmadım aşam Murovu,
Saçımda Kəpəzin qarı-qırovu,
Mən özüm dağların qərib girovu,
Qürbətdə bir şair ömrü yaşadım!

                  ***

Dağlardır, dilimin sözü, kəlməsi,
Tale naxışımın qaçıb ilməsi,
Getdi bir şairin deyib gülməsi,
Qürbətdə bir şair ömrü yaşadım!

  Şəxsi həyatımda sevincli və ağır günlərim  çox olub, onları sadalamaq mümkün deyil. Ətrafımda həmişə çoxlu insanlar olub qəm kədərimi yox, yalnız  sevincimi onlarla bölüşmək istəmişəm. Ömrümün ən sevincli, xöşbəxt günü kimi  Kəlbəcərin işğaldan azad olduğu günü sayıram. Həyatımın qalan günlərini indi doğma Kəlbəcərdə yaşamaq istəyirəm.Atamın xaraba qalmış yurdunda özümə bir olacaq tikib yaşayardım…

Moskva, 11.08.2023

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest