Nurlan Cəbrayılzadə
Sevginin işığı
İndi sənə səni nə qədər sevdiyimi desəm,
Əsər yarpaqları payız ağaclarının…
Susar coşqun bulaqların şırıltısı,
Dayanıb qulaq asar külək mənə,
İndi sənə səni nə qədər sevdiyimi desəm,
Seyr etmək istər göydən ulduzlar..
İşıldamaq istər gecədə günəş,
Utanar ay bu sevginin işığından…
İndi sənə hər şeyi açıb etiraf etsəm,
Susdurar qəlbim dodaqlarımı…
Tutular dilim sözlərin sehrindən…
Utanar “sevirəm” kəlməsin deməkdən,
İndi sənə sən gələndən mən də sən olmuşam desəm,
İçin-için kəpənəklər dolar için,
Sevgisiz, qayğılı böyümüş kimsəsiz uşaqlar sevinər…
Yalqız qalmış qocalar bütün qayğılarını unudar
Ən kövrəklər də nikbinləşər…
İndi sənə sən gələndən dünyaya dolmuşam desəm,
Qucaqlayarsan məni, ruhum da qucaqlanar.
İndi sənə aşiq olmuşam desəm,
Titrəyər bədənimiz, riqqətə gələr ruhumuz, sakitlik tapar qəlbimiz…
Müəllif: Cəbrayılzadə Nurlan 25 noyabr, 2022
Sənsizlik
Gülüşün – həyat,
Gözlərin – sonsuz…
Simasında qəlb oynadan, gözəlim…
Duruşu – zərif,
Yerişi – incə,
Danışanda canlar yaxan afətim…
Sözləri – kəskin,
Qəlbi – atəşli,
Amma ən kövrək güldür, dilbərim…
İçimdə – tufan,
Göysümdə – atəş,
Sənsiz dinməz midir bu qiyamətim?
Varlığın – zinət,
Yoxluğun – zillət,
Ax nə etsin bu bimar aşiqin?
Həyat, ürək, bədən,
Sənsiz heçdir bunlar, gözəlim…
Müəllif: Cəbrayılzadə Nurlan
16 iyul, 2022
Qayıdış
Sənli anlarıma qayıdıram mən
Bilmirəm, bu anlar niyə əzizdir?
Ya sən yanımdasan, ya mən səninlə
Ən xoşbəxt anları yaşayır kimi
Uşaqtək sevinib, xəyala dalıb,
Ənginliklərə baş vururam mən…
Sənli anlarıma qayıdıram mən
O deyib-güldüyün siman canlanır…
Bir mayak işığı gözlərin təki
İtmiş bir qayıq tək yol tapıram mən..
Sənli anlarıma qayıdıram mən,
Sən mənə baxan an atan qəlbimin
Qəfil sakitliyin eşidib-duyub
Sanki yoxluğumu hiss edirəm mən…
Sənli anlarıma qayıdıram mən,
Ən tənha anımda, sakit gecədə
O sakit gecədə sükutu pozan,
Mənə dinclik verən gülüşün gəlir…
Qəlbimin tənhalıq keçirdiyi an
İmdada yetişən cananı gəlir…
Sənli anlarıma qayıdıram mən,
Hüznlü notda,
Nikbin nəğmədə,
Qapı döyüləndə,
Qələm düşəndə,
Ən adi küləyin xışıltısında,
Palaca pişiyin mırıltısında…
Sənli anlarıma qayıdıram mən
Ən yaxın şəklimiz çıxır qarşıma…
Bir daha çevirib yenə baxıram,
Çünki o gözlərin çılğın odundan ,
Özümə bir pay qığılcım alıb,
Qəlbimə əbədi istilik verən,
Həmin o atəşi yandırmaq üçün,
Min dəfə yanıb kül oluram mən…
Sənli anlarıma qayıdıram mən
Sən məni ağlından keçirdiyin an
Sanki ürəyimdə bahar yaşanır,
Düşünsən mən bunu hardan bilirəm…
Sevgimin qüdrəti dil açır onda,
“Qəlbi gözəlliklər sahibi olan
O qəlbdən səni də keçirdi bir an” –
Bu sözlər kifayət edir ki, mənə
Sənli anlarıma qayıdım hər an
Sənli anlarımla yaşayım tamam…
Müəllif: Cəbrayılzadə Nurlan
25 noyabr, 2022