Nübar ElDARQIZI Şeirlər
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Nübar ElDARQIZI Şeirlər
Ver özünə
Söy bu baxtı,bu taleyi:
-Ay bu baxtı,bu taleyi!..
Qıy bu baxtı,bu taleyi,
Kim yazıbsa,ver özünə!
***
Yaza-yaza şair yazdı,-
Qismətini sözdən asdı!
Xoşbəxtliyi bir abzasdı,
-Kim yazıbsa,ver özünə!
***
…Qəlbimdə bir darıxmaq var!..
Bu depresiyadan çıxmaq var…
Bir ad yazılı çaxmaq var;
Kim yazıbsa,ver özünə!
___________________________
Xaos
Bütün ölülər müflis olmuş dirilərdir!
Çılpaq ruh qalxır göyə…
İnsanlar bir gün belə dözmür sevdiyinin ölüsünə;
Ya torpağa göndərirlər,ya da krematoriyə…
Ona görə,
Özləmişəm “yox”olmağı!
Doğulmazdan əvvəl
hər şey,-YOX idi!
Var olduq,olmadıq,
“Ömür” deyilən başımıza min corab toxudu.
-Bir yanda bəsirət,bir yanda cəhalət…
Bir tərəfdə qüdrət,bir tərəfdə nifrət…
VƏ BİR QRAM AZADLIQ üçün çəkilən zillət!..
Sonra…
Düşüncələrini qəlbinə,-ev həbsinə göndər və sus!
SOS!
-İnsanlıqda düşüş,-qiymətdə endirim!
-Vicdan çatışmazlığı,
qeyrətdə endirim…
Və budur dünyanın mənzərəsi:
-Kölələrin sonsuz narazılığı,
asilərin ümidsiz mübarizəsi,
mütilərin şükranlığı…
Ən pisi gecələrin deyil,səhərlərin qaranlığı…
Və daha da pisi,-
Tənhalıqdan şikayət də bir dəb…
-Əsil yalnızlığı bir sən bilirsən,
ya Rəbb!!!
Epiloq:
-Bizi ancaq inandıqlarımız aldadır…
Bizi ancaq sevdiklərimiz ağladır…
Bizi ancaq yazdıqlarımız anladır…
_____________________________
Qəmin aqreqat halı
Niyə məni görmürsünüz?-
Gözünüzün önündəyəm…
Qəmin aqreqat halında,
Şairin it günündəyəm…
***
Misqal-misqal,dirhəm-dirhəm,
Qüssə çəkir,dərd bölürəm,
Mən hər gedənlə ölürəm,
Hər gələnin sinnindəyəm.
***
Güzgüyəm,bax, özünü gör,
Əziləndə əzəni gör!
Sən istəsən yüzünü gör,
Mən bilirəm,minindəyəm!
***
Yal üçün yalaq olmadım,
Gül oldum,alaq olmadım!
Kimsəyə calaq olmadım,
Dədə-baba genindəyəm!
***
Hər dəmir qatar götürmür,
Hər zaman Nübar yetirmir!
Nübar bitir, -Haqq bitirmir,
Fərqindəsiz, zənnindəyəm!
__________________________
Zornan olmur…
Bir ay gözə görünmürsən,
Maraqlanan,soran olmur.
Hər şey yazılıb,oynanır,
Və heç bir şey zornan olmur!..
***
Bunca din var,-günah bitmir…
Niyə göylərə ah çatmır?
-Adam çoxdu,-Allah çatmır?!
Tək-tək olmur…xornan olmur…
***
Səhv elədik,yazar olduq,
Aldıq,satdıq,bazar olduq…
Yalvarmaqdan bezar olduq,
-Yağnan olan şornan olmur!..
***
Ümidlərim çilik-çilik,
Qəlbim desən,dəlik-dəlik,
Dərdə çıxıram gündəlik,
Yoxnan olur,-varnan olmur!
***
Qapı varsa,açanı var!
Dəlikdən də keçəni var!
Yəni baxtdan qaçanı var?-
Tale korsa?!
Kornan olmur…
_______________________________
Yağışlar Allahın göz yaşlarıdır.
Yazmaq-yaratmaqdır, onun qədəri!
Böyüyün böyükdür dərdi,kədəri…
Bir damcısı bəsdir dağıda Yeri,-
Yağışlar Allahın göz yaşlarıdır!
***
Nə qədər canlı var,anası odur!
Sonsuz kəhkəşanın bənnası odur!
Külək qəzəbidir,-ən asi odur,
Yağışlar Allahın göz yaşlarıdır!
***
Günəşi parlasa,sıcağı xoşdur!
Cəhənnəm olmasa,- ocağı xoşdur.
Sevincdən ağlasa ,hər çağı xoşdur,
Yağışlar Allahın göz yaşlarıdır!
***
Yazır,-yazdığını silən də özü…
Hər ölən ürəkdə öləndə özü
ağlayır bir gözü,gülür bir gözü,
Yağışlar Allahın göz yaşlarıdır.
***
Yenə pəncərəmi döyür deyəsən;
Açasan qapını “buyur!” deyəsən…
Dünyanın günahın yuyur deyəsən,-
Yağışlar Allahın göz yaşlarıdır!
______________________________
Meqapolis
Sonuncu ümidi taksiyə verib,
Boşumu götürüb çıxdım şəhərdən.
Burda məzar yeri insandan baha, –
Nəşimi götürüb çıxdım şəhərdən.
***
Bir vaxt kənddi, – çatıb şəhər yaşına,
Aksiyonu çoxdu nəfər başına.
Özün damdan atan düşər başına, –
Başımı götürüb çıxdım şəhərdən…
***
Gəl-gəl deməyinə baxma, yalandı,
Bank-dı, AVM-di, – soyğun, talandı.
Xoşu gəlməyənə əfi ilandı, –
Xoşumu götürüb çıxdım şəhərdən.
***
İlləri yaş oldu yaşımın üstə,
Qaranı ağartdı başımın üstə.
Qoymadı daş qoyam daşının üstə, –
Daşımı götürüb çıxdım şəhərdən.
***
Həm aşiq oldum, həm sıxıldım ondan,
Elə hey bölündük, çıxıldıq, – ondan,
Durna qatarıydıq, dağıldıq, – ondan,
Qoşunu götürüb çıxdım şəhərdən!
***
O – Meqapolis, bu – mən, durduq üzbəüz,
Yazdı sətir-sətir, pozdu sözbəsöz,
Vergisin, rüsumun ödəyib, bir göz
yaşımı götürüb çıxdım şəhərdən!
_______________________________
Kəkəmə
Mənə deyiləni yazdım,
Sormadım ki,
– Niyə mən?
İçimdəki məhkəmədən
dava açdım göyə mən.
-Əlimdə-ovcumda heç nə qalmayıb,
Hamısını vermişəm ümidlərimə.
Abunə olmuşam bir ömürlük
Qohum-qardaş öyüdlərinə…
– Çox qəribədi,
Milyardlarla insan yaşayan dünyada…
qərib olmaq…
-Bir də bilirsən qəribə nədi;
Sən özünü tanımırsan,
Biri,
-Mən sənin ciyərini bilirəm! – deyir.
Halbuki, mən elə ürəkli də deyiləm!
Qorxağın təkiyəm…
İstəyirsən deyim ki, uşaqkən qorxduğum üçün…
Kəkəməyəm?..
Evimizdəkilərin arasında
yeganə od bürcü -məndim!
Dəyirmana ölü atsan, diri çıxar, – deyiləndim!
Amma qorxdum nədənsə…
-Atam sərtdi, bəlkə ondan…
-İtimiz bəddi, bəlkə ondan?..
Soruşmadım: – Niyə mən?!
– Hara deyildi getdim,
Uzağa, yaxına,
Bəzən körüklə getdim yanğına…
Nə iş olsa gördüm,
Oğlan işi, qız işi,
Heç oxşamadım qorxana…
Həm yaxşıydım, həm də pis.
Kimə yaxşı, kimə pis…
Haqsızlığa üsyan,
Sonralar vərdiş edən,
Və qarın-qışın qabağında tir-tir əsən kimsəsiz…
İllər ötdü…
Qələm mənim kimsəm oldu,
Yaz! – dedi.
İçinə atma dərdini,
Ürəyin tutmaz! – dedi.
Əgər “Yaz”ı deyəmmirsən,
Az – de! De!
Əgər “Söz”-ü deyəmmirsən,
Öz – de! De!
Amma yaz!
Amma de!
De, de!
Yoxsa, yoxsa, o qorxu,
Canından çıxmaz, – dedi…
_______________________________
O qədər payızam…
O qədər sıxıntı var ki,içimdə…
Hava necədirsə,havam da elə.
Bir yaşım da gedir durna köçündə,
Əlvida söyləyir yağış səsiylə…
***
-Mən səndən yazıram, sən də məni yaz,
Yumub gözümüzü oxuyaq,payız!
Ayaqlar altında xəzəl olmamış,
Gəl gedək bir dərin yuxuya,payız…
***
Gedirəm,deyirəm,-dur!deyən olsa,
Bəlkə xatırlaram naz necə olur…
O qədər payızam,o qədər payız,-
Tamam unutmuşam,yaz necə olur?!.
_____________________________
Salvador Dali
Ən qəddar insan mənəm;
Qarışqalar da şahidim…
Şirniyyat tabağında,
Filanıncı ilin
Yay günü bir nəsil qarışqanı
məhv edəndən sonra,
çayla ləzzətlə şəkərbura yedim…
-Hörümçəklərin evini yıxdım,
Yer belləyəndə soxulcanların
yuvasını dağıtdım.
Hamam böcəklərinin anasını ağlatdım…
Kürkümüzə düşən birələrdən
qurtulmaq üçün
yorğanları yaxdım,
Sonra hünülərin atasını yandırdım, –
Qanımızı içirdi o yaramazlar!
– Bütün insanların intiqamını aldım!
Daha sonra,
Salvador Dalinin
əriyən saatlarından vaxtı soruşub,
ağırlaşan başımı yatağa atdım…
Və yatdım…
______________________________
Ölüm varmı mənə uyğun?
Qarış-qarış gəzdim bu gün,
Başdan-başa yalan ömrü.
Qocalanda gözü görmür,
Adamın heç qalan ömrü…
***
Ümid daim günbatanda!
…Qırmızıya at çapanda,
Atı kandara çatanda,
Süvarisin salan ömrüm…
***
Əllərimdən gəlib keçib,
Yaş almışıq,silib keçib…
Artıq hər şey olub keçib,
Ödəmişik “plan” omrü…
***
Nədir yenə bu duyduğum,
Buram-buram hissim,duyğum…
Ölüm varmı mənə uyğun,
Verim bu şah,bu xan ömrü?!
______________________________
Ərəfə
Küləklər ahdan başladı.
Yağışlar şehdən başladı,
Adəm ilə Həvva çaşdı,-
Dünya günahdan başladı….
***
-Bir günah da biz elədik,
Elə bildik düz elədik,
Çatana “sevirəm” deyib
Sözü sevimsiz elədik…
***
Nə qədər eşq,o qədər qəm!
Belə gəlib dünya,aləm.
Kimi bizi qaraladı,
Kiminə biz cəkdik qələm…
***
Keçmir bu Yerdə nazımız,
Eyzən qəm çalır sazımız.
Torpaq payın alıb susur
Razımızla narazımız…
***
Günəş keçir o tərəfə:
Xəbərdir,qoyulur zərfə.
Səhər əyan olacaq,bu
nəyə son,nəyə ərəfə…
_____________________________
Fevral qaldı üstümüzə
Ağzı pozuq,ağzı yava,
Biri toyda saldı dava.
-Sümüyünə düşmür hava,-
Soz də soxdu bəstəmizə.
***
Fərdlər başqa,dərdlər təkrar,
-Yoxsula,-yox! Varlıya,-var!
Şərbət verən nəbzi yoxlar,-Dərman olmaz xəstəmizə!
***
Ha mərd ol,ha döy döşünə,
Əl uzadan yox düşənə!
Dost olduğuyçün duşmənə,-
Düşmən olduq dostumuza.
***
Ruhduq,canı ödünc aldıq,
Gen dünyadan bir künc aldıq.
Zalım fələkdən gün çaldıq,-
Fevral qaldı üstümüzə!..
_______________________________
Aç qapını, ört qapını
Bir evim var, qapısı qırx,
Aç qapını, ört qapını!
Qapıçının səbri nə çox,
Aç qapını, ört qapını!
***
Qıfılı yox, hamsı açıq,
Birindən gir, birindən çıx…
Qərar sənin, ya tik, ya yıx, –
Aç qapını, ört qapını!
***
Bir ömürdən gün-gün düşdüm,
Hər gün daha üzgün düşdüm…
Bundan sonra üç gün, beş gün…
Aç qapını, ört qapını!
***
Yaz gedənim, qış gəlibsə,
Dolu gedib, boş gəlibsə,
Son gələnim, xoş gəlibsən,
Aç qapını, ört qapını!
______________________________
Gəlmə dalımca
Get!-dedin,ağladım…
Gözündən iraq,
Yanında “öldü…”də deməsin heç kəs!
O qədər qiymətlim olmusan mənim,
“O qədər”ə görə ucuz ölünməz!
***
Ümidim,-ağacda son sarı yarpaq,
Bir az külək əssə düşdü,düşəcək…
Atalar üçəcən deyib nədənsə,
Barı el gözünə uçcə gün qəm çək…
***
Həyat davam edir yaşayanlara,
Bitdi öləninki yola salınca…
Qədrimi bilmədin sağ ikən mənim,
Ölsəm, peşman olub gəlmə dalımca!