Nübar Eldarqızı
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Nübar Eldarqızı
Cəhənnəm
Qaranlıqdan qazanc tutar oğrular,
Böyük oğru kiçikləri sorğular…
-Qarr,qarr edən qara- qara qarğalar,
Sizin üçün bircə doğru-qara var!
Qara ki,var,-həm qorxar,həm qorxudar,
Günəş çıxar,zirzəmidə gizlənər!
***
Səhər-səhər qonaq gələr sərçələr,
Pəncərədə yemi görüb dirçələr,
Ova çıxarlar süslü gözəlçələr,
Tindəki oğlanları kələpçələr,
Dolunayda “hə” yə gələr elçilər,
Bəzi cayar,bəziləri sözlənər!
***
Gecələrin çevrilişin yalanlar,
Günəş çıxar,təəbələr salamlar!
Xeyrə-şərə dair müdrik kəlamlar
Tapıb yenə sağlıq deyər adamlar.
Qoyunlara manqallar qəsd planlar,
Samovarlar mızıldar,mızmızlanar!
***
Tarix udur tarixləri yazanı,
Bütün yollar Yerdən göyə uzanır.
-Tanrı tanır çarmıxdakı İsanı!-
Qisas çəkir tərəzisi-mizanı;
Cəhənnəmdə qaynayır qır qazanı,-
Növbə-zad yox,gələn,gələn közlənər!
Ah bə Sezar
Ah bə,Yuli,
Ah,bə,Sezar!..
-Sənin ayla,
Ayın adıyla,
Ayın günüylə,
Günün sayıyla nə işin var?
Şan-şöhrət üçündüsə,-
Vallah-billah,hökmdar,
Əsrlərdən çıxıb gəlsən bu günə,
Desən ki,iyul mənəm,
Hamı güləcək sənə…
Bizimçün iyul da iyunun biri…
Ya may,ya da ki,yanvar,
Adların nə fərqi var?
-Yuli?..İyul?
Sezarmı?!.
-Onun ayı 31,
Mənimki-30?!.
…Oktavian dözərmi ?
Hə,bu da Avqust!
Onu da 31 etdilər!
Bilmirəm niyə…
Yayı sevmirəm deyə,
Yayda 31 günlük ayı heç sevmirəm!
Yağacaq…
Qaçammadım, yenə düşdüm yağışa,
Çətir tutub yerisəm də yağacaq.
Dost-düşmən var, sil gözünü, – deyirsən,
Zorla, güclə kirisəm də, yağacaq…
***
Külək əsir, yarpaqlara toy tutur,
Uğultuya tülkü, çaqqal züy tutur.
Bir bu qədər buludu ki, göy tutur,-
Biri məndə, biri səndə yağacaq…
***
Heç nə itmir, hər şey şəkil dəyişir,
Torpaq belə fəsil-fəsil dəyişir,
Öldün, -bitdi!.. Üstündə il dəyişir,
Altında sən çürüsən də yağacaq!
***
Qələm yenə dara çəkir Nübarı,
Rəngli yox, ağ-qara çəkir Nübarı,
Arxasınca hara çəkir Nübarı?-
O buludu görürsən də…
Yağacaq!!!
Gedim
Bir ağrı var, dartır məni,
Dağa-daşa atır məni.
Ya yaz, -deyir,qurtar məni,
Ya da boşla çıxım gedim.
***
Üz tuturam bəxtə sarı,
Keçilməzmiş bəxt hasarı…
-Qoy qəlbimə yaxınları,
Ürəyimə yığım gedim.
***
Ləpirlərim yarpaq-yarpaq,
Məndən sonra saralacaq…
-Quraqlıq çəkməsin torpaq,
Gözlərimi sıxım gedim…
Gələn olmadı
Aradayam,
Bir az yuxarıdan aşağıda,
Bir az aşağıdan yuxarıda…
İçim-çölüm birdi deyirdim hamıya,
İndi başa düşdüm ki,heç elə deyilmiş…
Çölüm daha sərt,içim daha fağırdı,
Beynimdən,ürəyimdən
nə qədər fikir keçdisə içim daha çox qocaldı,
Ürəyim daha çox ağrıdı,
Saçlarım da ağardı,
amma rənglə eybini örtdük…
Güzgüləri sevməməyə başladıq…
Baxanda içi-çölü fərqli,ikiüzlü birini gördük deyə…
Ədəb qaydasıdır,
salam alıb veririk üz-üzə gəldiyimiz adamlara,
Heç bilmirik aldımı,verdimi…
Bilirik axı,
Ətrafa mənasız baxanlar
əslində özüylə danışır.
Məsələn,mən gündə neçə dəfə özümü söyürəm;
-nəyisə unutduğum üçün,
kiminsə könlünü almadığım üçün…
(Mənim də könlümü vaxtında alan olmadı…)
Yaxşı sözlərimizi həsrətini çəkdiklərimizə saxladıq.
Gözlərimizin kökü saraldı
Gələn olmadı…
Şahlıq quşu
Olar, Şahlıq quşu qonar başına,
Dünyanın bəmbəyaz nağıl günündə.
Səndən bir “qəhrəman” düzəldəcəklər,-
Divi yenəcəksən,fağır günündə…
***
Nə qədər özünü yuxarı cəksən,
Bölünüb,çıxılıb əskiləcəksən.
Ən zirvədə olsan,bil ki,təmtəksən,
-Kölənə möhtacsan axır günündə!
***
-Arada küləyin səmtini izlə,
Nə qədər bağlıdır taleyimizlə!
Bir qamış bitəcək,-ha baş kəs,gizlə,
Aşikar olacaq sağır günündə.
***
Qalxdın,- sən “kor” oldun,endinsə,hamı!
Başına uçacaq dünyanın damı…
Pis gündə tanıyır adam adamı,
Kimsə yaxın gəlməz ağır günündə.
***
Xüdanın sirridir,-insan öldüsə!
Bir ruh azad oldu,bir can öldüsə!
Ol! ilə aləm var ola bildisə,
Yox olmağa nə var,”Dağıl!”günündə…
Adam tələsi…
Bu oğlan dəlidir,-bir qız dəlisi!
-Divanə bir qız var,
eşqə düşübdür…
-Bəs eşq özü nədir?
-Adam tələsi!..
***
Bu sevgi yaşanan yaz,-çoxdan olub…
-Bu,-qoca qarıdır,qız,-çoxdan ölüb…
Dipdiri bir eşqə heykəl qoyulub,
Üstündə ağlayan illər ölüsü…
***
-Hər kəs öz yağında qovrulub gedir,
Dirilik suyumuz sovrulub gedir,
Hamı bu həyatdan qovulub gedir,-
“Məmatı”*yaşayır gözü dolusu…
***
Orda bir ev vardı,uçulub,-ölüb,
Vaxtı çatan-çatan seçilib,ölüb,
Adam var gözümdə kiçilib,ölüb,-
Ölümün də beləsi…
***
-Başı dik saxlamaq ağıl istəyir!
Düz sözü söyləmək oğul istəyir!
3 alma EŞQinə nağıl istəyir
Millətin köləsi!
-EŞQ-adam tələsi!
*Həyat-məmat
Maraq
Yaxşı ki, damcıyla yağır yağışlar,
Yoxsa boğulardıq “duşun” altında.
Bahar gəlir deyə bayram edirik,
Nə çiçəklər qaldı qışın altında…
***
Varsa, sifətinə tüpürüm, dünya,
-Ah alan,oh! çəkir,nəyin qisası?!
Beş-ona milyardlar, milyarda beş, on…
Beləmi qorunur Yerin balansı?!
***
Haracan gedəcək bu düzən belə,
Bilənlər söyləsin bilməyənlərə!
-Adamların çoxu maraqdan ölür,
-Ölənlər sirr vermir ölməyənlərə…
Başdan xarab balıq…
Başdan xarab balıq, nə çırpınırsan,
Hər şey sən o yemi udanda bitdi.
Yaddaşın pozuqdur, gendən gəlmədi,
Anandan başladı, atanda bitdi…
***
Sürüşkən olmaq da karına gəlmir,
O məngənə əldən çıxasan, balıq.
Sən bilə bilməzsən, xaliq ki, bilir,
Kimsə dənizlərdən almır halallıq!
***
Balıq yeyin, -deyir, bütün həkimlər,
Gözə də xeyri var, yaddaşa da çox.
Dərzi söküyünü tikməyən kimi,
Balığın özünə heç bir xeyri yox.
***
-Sənə tor qururlar, qırmaq atırlar,
Gözünün önündə dostların gedir.
Onların düşdüyü tora gedirsən…
-Səndə bu hafizə sorunu nədir?
-Başdan xarab balıq, hara gedirsən?!
***
Qalıb ağıllarda qızıl balıqlar,
Qalıb nağıllarda qızıl balıqlar…
Səni bişirməyə hazırlıq gedir:
-Bir az duz,bir az un, bir az da yağ var…
Nəzir
Vulkan kimi püskürüb,
Özümə qızdım bu gün.
Çox şeir oxumadım,
Çox şeir yazdım bu gün.
***
Qələm canın qurtardı,
Kağız qaldı əlimdə.
Allahdan kəkəməyəm,
Topalladı dilim də…
***
Hara baxdım,nə gördüm,
Hamsı məndən yaz,-dedi.
Ömrə güvənmə,bitər,
Mövzu qurtarmaz!-dedi.
***
Həyətə qarpız satan,
Zibil daşıyan gəldi.
Biri hecayla,biri
sərbəst yaşayan gəldi.
***
Uşaqlar oynayırdı
Velosipedlə,topla,
Birisi pis söz dedi,
Biri:-Ağzını topla!
***
Uşaqlar, bütün günü
yazdın,bəsdi, dedilər…
Şairlik bir mərəzdi,
Çarəsizdi,dedilər…
***
Səhər evin içində
İtik vardı, gəzirdim,
Yazdım,bildim,bu şeir
Bu kağıza nəzirdi…
Feminist düşüncə
Qadağa dövrünə keçid elədik…
Bir kiçik nəfəslik bəs imiş bizə…
Bu tale mürtədə bir az bələdik,
Arada özgürlük,arada cəza…
***
-Kimsə başa düşməz nə çəkdiyini,
Fədakar olmaq da bədəl istəyir.
Azad ruh nəyinə gərəkdir,qadın,
Hisslərin deyəsən qandal istəyir…
***
Qarşına qoymağa həmişə şərt var,
Qalasan od ilə su arasında.
Burda ən ağıllı qadın ucuzdur
Kişinin ən arsız avarasından…
***
Kimdi səni qoyan düz yol gedəsən,
Önündə əngəl var,arxanda vedrə.
Haqqınla bir yerə gəlmək istəsən,
Bircə an içində düşərsən şərə…
***
Bu nə mentalitet,bu nə adətdi,
Kölə istəyirsən,-evlən,ağasan!
Cənnət qapıçısı olmaq bir yana,
Kimsən ki,cənnətə tərəf baxasan…
***
Sən namus simvolu,anasan,qadın,
Otur xarabanda,nə park,nə bulvar…
Gün boyu məzənnə müəyyən edib,
Adamlar ar yeyib,namus satırlar…
***
Namusu it yeməz!-deyib,atalar.
Namus satılarmı alan olmasa?
Nə qədər pul töksən işləyə bilməz,
Açılan bazara gələn olmasa…
***
Az qala yüz ildi heykəl olmusan,
Yerin çox gözəldir ay “Azad qadın!”
Ayağın altına gül düzərdilər,
Elə heykəl kimi dinməz olsaydın!
Qoca
-Canına nə qədər maya qoyursan?
Maya quduranda can gedir, qoca!
Bir dərdi qurtarır, biri başlayır,
Bir də baxırsan ki, yan gedir qoca…
***
Salır zarafata atmacaları,
Pozulub ömrünün son hecaları,
Qəlbində aparır ən ucaları,
Yumağa dönsə də, -tam gedir qoca!..
***
Gənckən düz bilirdi, dağı, dərəni,
Getmir ayaqları, yola dirənir…
Dünən gözübağlı gördüklərini,
Görməkçün əlində şam gedir qoca.
***
Çoxunu tükədib, qalıb bir azı.
Daha nə üsyanı, nə etirazı,-
Nədənsə narazı, nədənsə razı
Baş əyib taleyə, ram gedir qoca.
***
Kölgəsi dalınca zorla sürünür,
Yemək bitib,qabın dibi görünür,
Rezini çəkilən sapanda dönür,
Korun-korun yanır, vam gedir qoca…
***
Qayıdır fikrində cavanlığına,
Nə günah edibsə,ver xamlığına..
Şirin xəyal qoşur yavanlığına,
Damağında duzlu tam gedir qoca…
***
Bu günü unudur, -dünən yadında!
Keçmişdən nə desən, denən, -yadında!
Şirin uşaqlığı eynən yadında:
-Oppaya gedəkmi?
“Nam”gedir qoca…
Dilənçi olub getdim…
Fikrim səndə,baxdığım
Dizini aldadıram.
Gözümə eynək taxıb
Gözümü aldadıram.
Səni “balla kəsdilər”-
Sözümü aldadıram…
-Yalançı olub getdim!
***
Özünə gün ağladı
Tayım-tuşum,yaşıdım.
Mən ağlaya-ağlaya
Kimlərə yük daşıdım?..
Gecə-gündüzə bölüb
Ömrü yarı yaşadım,
-Talançı olub getdim!
***
Heç kəsindən yox,insan
Bəxtindən qalır yetim!
Hər şey bu dünyadadır:
-Cəhənnəmin,cənnətin…
Dilim duam,təmənnam,
Açdığım əl,-minnətim,-
Dilənçi olub getdim…
Ümidsizlik
Ən pis şeylərə də alışır insan.
Təslim olmamaqçın
Dirənir,çapalayır, çalışır insan.
-İsinəcək ocaq gəzir,
Tutunacaq budaq gəzir,
Canını eləyir nəzir,-
Sevdiklərinə…
Ona hamı biganə…
Əl atdığı şeylər sınır,qırılır…
Yorulur…
Qırılmaqdan,yorulmaqdan,
Ürəyindən vurulmaqdan yorulur!..
Daha təpki vermir heç nəyə…
Halsız düşür torpağa…
Yolçular başlayır
Üstündən gəlib keçməyə.
-Hələ ölməmiş,
Hələ gözləri baxa-baxa…
Heç vaxt görüşməyənədək!
Bu,sonuncu şəklimdi,
Götür,çək başdaşıma.
Yığsan atılan daşları
dağ olar, –
tək-tək daşıma,
Elə dağa basdır məni.
Zirvəsinə yaz adımı.
Belə şanlı ölüm alar
Ağuşuna az adamı.
-Doyunca gəzib getdim;
İmzamı qazıb getdim.
Sağlığına!-
göz yaşımı
süzdüm,içdim,
Dünyadan sızıb getdim…
Qalanlar,salamat qalın,
Heç vaxt görüşməyənədək!..
Gecə gedənlər
Axırda bürünüb yorğunluğuna,
Ən son göründüyü ay işığına,
Ona əl eləyən səhər çağına
duman kimi gedər, –
Gecə gedənlər.
Son dəfə gəzməkçün boş olsun deyə küçə,
Gündüzün bekar adamlarından qaçar,
Tanınmasın deyə özünə qısılıb
paltar asılqanı kimi keçər, –
Gecə gedənlər.
Evdən gedəndə darıxacağı şeylərin ətrini
sinəsinə çəkər.
Otağın hər güncünə tütyə kimi
gözünün yaşından tökər.
Yatağı sığallayıb xəyalını yorğanına bükər,
Balışın altında bir dəftərçə…
Səssizcə,
kirimişcə gedər,-
Gecə gedənlər.
Gördükləri gözündən gəldikcə
gözünü ovar,
Başına düşən peşman səsləri qovar,
Hələ vidalaşacağı o var, bu var…
Son addımı güclə çatar vida yerinə…
Əqrəblər öz oxu ərtafında
fırlana-fırlana qalmış,
Saat səkkizə,doqquza,ona qalmış…
Ən böyük vida ən sona qalmış…
Bəxtilə, taleyilə yola getmədi,
Olmaq istədiyi ola bilmədi…
Qalmaq istəsə də qala bilməzdi…
-Allah sizə rəhmət etsin!
Gecə gedənlər…