GenelGüncelKültür Sanat

NİZAMİ VƏ BƏDİİ SÖZ

Rafiq Yusifoğlu

NİZAMİ VƏ BƏDİİ SÖZ

Sənətkarı sənətkar eləyən, onu tanıdan, yaşadan bədii sözüdür. Söz qüdrətli bir şair, yazıçı, alim qələmindən süzüləndə ilahi  məna kəsb edir, insanları duyğulandırır, düşündürür, onlara doğru yol göstərir. Səkkiz əsrdən çoxdur ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin düşüncələrinin saxlanc yeri olan söz öz təsiredici gücünü itirməmişdir. İlahi bir istedad nuruyla, reallıqdan qaynaqlanan  təxəyyüllə yoğrulan həyat həqiqətləri bədii sözə çevrilib ədəbiyyat tariximizin  əbədi yaşayan incilərinə çevrilir.

Nizami sözünə bu qüdrəti verən, onu əbədiyaşar eləyən görəsən nədir? Bu sualın cavabını elə böyük sənətkarın öz əsərlərində, deyimlərində tapmaq mümkündür. Şairin həyat hadisələrini sərf-nəzər edib ən səciyyəvi məqamlar üstündə dayanmaq ustalığı, sözü zərgər dəqiqliyi ilə cilalamaq bacarığı, sənətə estetik münasibəti və onu reallaşdırmaq səriştəsi bədii yaradıcılıqda son dərəcə vacib məsələdir.

Nizamiyə görə sənətkar həqiqəti, doğrunu yazmalı, yalan, uydurma hadisələrin təsvirindən uzaq qaçmalıdır. Söz doğrunu, reallığı əks etdirəndə ilahi bir güc kəsb edir və onu yaradanın da xətir və hörmətini, ədəbi nüfuzunu artırır.

Doğru yazmağa var madam ki, imkan,

Neçün gəlməlidir ortaya yalan?

Qiymətdən salmışdır sözü yalanlar,

Doğrunu danışan möhtəşəm olar.

(Nizami.Хosrov və Şirin, Bakı, 1962, s.25)

Söz hikmət xəzinəsinin ən dəyərli incisidir. Dahi söz sərrafını “Sirlər xəzinə”sinin xəzinədarına döndərən də elə bədii sözdür. Sözü “bu cahanda cilvələnən ilk gözəl” adlandıran şair  “Dünyanın gözlə­rinin ilk dəfə sözlə açılmasından”,  kainatın sözlə şöhrət qazanmasından, insanların sözlə idarə olunmasından  söhbət açır.

Sözün yanında gümüş torpaqdır, yalnız torpaq,

Qızıl nə itdir?! Qızıl onun adıdır ancaq.

Sözdən başqa yuхarı başda oturan yoхdur,

Mülkün dövləti yalnız onundur, danan yoхdur.

(Nizami. Sirlər хəzinəsi, Bakı, 1953, s.37)

Nizaminin bədii sözlə bağlı ən əsas tələblərindən biri də lakonizmdir. O, az sözlə dərin məna ifadə etməyi sənətkarlığın ən əsas meyarlarından biri hesab edir:

Sözün də su kimi lətafəti var,

Hər sözü az demək daha хoş olar.

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da.

İnci tək sözlər seç, az danış, az din,

Qoy az sözlərinlə dünya bəzənsin.

Az sözün inci tək mənası solmaz,

Çoх sözün kərpic tək qiyməti olmaz.

(Nizami. Leyli və Məcnun, Bakı, 1959,s. 49)

Görkəmli ədəbiyyatşünaslar, şərqşünaslar Nizami yaradıcılığına məhz onun yaratdığı söz abidələrinə istinadən dəyər vermişlər.

Böyük alman şairi Höteni Nizaminin əsərlərindəki sətiraltı məna, onun həyat hadisələrini mənalandırmaq ustalığı çox heyrətləndirmişdi. Görkəmli şərqşünas K.Yakobun Nizamini bir şair kimi Firdovsidən çoх böyük hesab eləməsi birinci növbədə şairin bədii sözə münasibəti ilə əlaqəli idi. (Nizami. Şairin yaradıcılığına həsr olunmuş məqalələr məcmuəsi. Bakı, Azərnəşr, 1940, s. 34).

Görkəmli şərqşünas alim Bertelsin “Nizami və Firdovsi” adlı tədqiqatında Nizami yaradıcılığına çox böyük dəyər verilir: “Firdovsi öz qəhrəman­larının psiхolojisi üstündə düşünməmişdir. O, özünə məlum olan əfsanələri vicdanla ifadə etmişdir. Lakin bu ifadələr ştamp halına gəlmiş adi sözlərə müraciət etmişdir ki, bu da şairin ziddiyyətlərə düşməsinə səbəb olmuşdur. Nizami isə öz qəhrəmanlarının qəlbinə girir, onunla birgə düşünür, ona görə də onun əsərində ən хırda cizgilər belə hər zaman qəhrəmanlıq хarakterinin ümumi quruluşuna müvəffəq olur» (Nizami. Şairin yaradıcılığına həsr olunmuş məqalələr məcmuəsi. Bakı, Azərnəşr, 1940, s.78].

Bu xırda cizgiləri isə bədii dil vasitəsi ilə reallaşdırmaq mümkündür. Səntkarlığı şairin nədən yazmasında yox, onun necə yazmasında, hansı səciyyəvi detallardan, bədii təsvir və ifadə vasitələrindən istifadə etməsində axtarmaq lazımdır. Əgər sənətkar sənətkardırsa, eyni mövzuda əsər yazmaq, hətta eyni süjetdən istifadə təkrarçılığa gətirib çıxarmır. Nizaminin də böyüklüyü məhz onda idi ki, eyni ədəbi materialdan daha möhtəşəm söz abidələri yaratmağı bacarırdı.

Həmin prizmadan yanaşdıqda Bertelsin bu qənaətləri  indinin özündə də çox aktual səslənir: “Əgər Firdovsi keçmişə yekun vurmuşdusa, Nizami əksinə olaraq ədəbiyyat tariхində yeni bir səhifə açmışdır. Onun nəzəri keçmişə ancaq gələcəyin yolunu işıqlandırmaq üçün, həmişəlik olaraq zülmət hakimiyyətindən хilas olmağa imkan verən bir yol aхtarmaq üçün çevrilir. Firdovsi öz parlaq və ahəngdar lövhələriylə adamı heyran edir; Nizami isə düşündürür, həyəcanlandırır, çünki, o, bəşəriyyətin böyük bir hissəsinin qarşısında indi belə növbədə duran problemlərə toхunur”(Nizami. Şairin yaradıcılığına həsr olunmuş məqalələr məcmuəsi. Bakı, Azərnəşr, 1940, s. 81-82).

Bu baxımdan yanaşdıqda sənətdəki yeniliyi tək mövzuda yox, onu günün tələblərinə uyğun şəkildə mənalandırma bacarığında, sənətkarın hadisəyə münasibətində, fərdi yaradıcılıq üslubunda axtarmaq lazımdır. Bütün bunları formalaşdıran isə bədii sözdür…

Nizami bütün yaradıcılığı boyu yeni söz axtarışında olmuş, deyilmiş fikirləri təkrarlamağı xoşlamamışdır. O, həmişə “bir inciyə ikinci deşik açmağı” qəbahət saymışdır:

Bu bakir sözləri düşüncə ilə

Olduqca çətindir gətirmək ələ.

Bakir söz tapınca yontulur ürək,

Hər kəsin işimi incə söz demək?

(Nizami. İsgəndərnamə, 1-ci cild, Bakı, 1964, s. 44)

Böyük sənətkar kimsəni təkrarlamamaq üçün ömrü boyu oxumuş, öyrənmişdir. Dünyadakı bütün kitabları “çalışıb, əlləşib ələ gətirən” şair “Hər gizli xəzinədən bir dürr çıxarmış”, lakin heç kəsi təkrarlamamış, “deşilmiş mirvariyə ikinci deşik açmaq” cəhdi belə göstərməmişdir. Elə buna görə də ondan əvvəl yazılan süjetlər əsasında yeni poemalar yaradan Nizami mövzuya öz təxəyyülü ilə yeni məna, yeni cila verməyi bacarmışdır.

Yetişər, bu qədər işsiz qalmayım,

Şeirə ən yeni bir üsul arayım.

Yeni nəğmələrlə başlayım kəlam,

Keçmişlər ruhuna göndərim salam.

(Nizami. İsgəndərnamə, 1-ci cild, Bakı, 1964, s.34)

Keçmişə salam göndərən şairin ənənədən yaradıcı şəkildə bəhrələnməsi, daim yeni söz deməyə çalışması onu dünya ədəbiyyatının bənzərsiz bir şairinə, filosofuna döndərmişdir.

Söz üstündə zərgər kimi işləməyi bacarması, fikrini sətiraltı mənalarla ifadə etmək, “sözə təzə paltar geyindirmə” ustalığı Nizamini insan zəkasıyla yaranan bədii sənətin fövqünə qaldırmışdır. İnsan düşüncəsini ilahi nurun cilalamasına qəti şəkildə əmin olan şair kamil bir iman sahibi  olmuş, bütün bunlar isə ona həyat hadisələrinə ilahi düşüncə ucalığından baxmaq istedadı vermişdir:

Söz, sənət eşqilə çırpınan ürək

Alır sirdaş kimi ilhamdan kömək.

Düşüncəm beynimin qızıl qanından

İnci tək incə söz alırdı hər an.

Çünki gizlində bir ilhamçım vardı,

Mənimlə örtülü söz danışardı.

(Nizami. İsgəndərnamə, 2-ci cild, Bakı, 1967, s.30)

Nizami sözdəki hər mənaya, hər cizgiyə, bədii təsvirdəki hər kiçik detala belə böyük əhəmiyyət verən bir söz ustası olmuşdur. Sözü zərgər kimi cilalamaq onun yaradıcılığı üçün çox böyük əhəmiyyət kəsb etmişdir. Bunun üçün o, əsərlərində nəzəri baza, ədəbi kriteryalar da hazırlamış və özü bu estetik tələblərə maksimum dərəcədə riayət etmişdir.

On naxış vursa da  bir nəqqaş əgər,

Əsas bir cizgidən sanma əl çəkər.

Bir cizgi naxışdan çıxarsa kənar,

Başqa cizgilər də bütün pozular.

(Nizami.Yeddi gözəl Bakı, 1983, s.31)

Yeri gəlmişkən onu da xatırladaq ki, şairin özünə Nizami təxəllüsü götürməsi də təsadüfi olmamışdır. Onun adındakı “nizam” poeziyasına da təsirsiz qalmamış, şair hər hansı bir fikrin ifadəsində belə sözün düzümünə, dilin qaydalarına mükəmməl şəkildə əməl etmişdir. Nizaminin sənətdə yaratdığı nizam kainatdakı nizamın, ölçü-biçinin, simmetriyanın, qanunauyğunluqların sənət dili ilə təqlidi, bədii əksidir.

Dahi qələm sahibinin əsərlərində söz vasitəsilə araya-ərsəyə gətirdiyi bədii mənalandırma sənətkarın qüdrəti haqqında çox çey deyir. Ümumi sözdən qaçan sənətkarın təsvir elədiyi hadisələri səciyyəvi detallar vasitəsi ilə əks etdirməsi onun yaradıcılıq üslubu üçün çox səciyyəvidir. Məsələn, adi bir detala fikir verək. Oxu heç vaxt boşa çıxmayan Bəhram şahı gördüyü gurun gözəlliyi heyran qoyur. Ov qaçanda neçə dəfə nişan alıb ona sarı ox atırsa, boşa çıxır. Bu, dünyanın ən mahir ovçusunu təəccübləndirir. Səbəbi ilə maraqlananda yanındakı köməkçisinin dili ilə şair deyir ki, şahım, burda təəccüblü bir şey yoxdur. Ovun gözəlliyinə olan vurğunluğun onu qoruyan zirehə dönmüşdür.

Nizaminin sözlə yaratdığı peyzajlar, portretlər ən səciyyəvi cizgilərlə işlənmişdir. Şairin əsərlərindəki poetik söz həyat hadisələrinin yüksək bədii vüsətlə əks etdirilməsinə yardımçı olmuşdur. Əsərlərindəki məzmun və forma vəhdəti bu böyük sənətkarı poetik kamillik zirvəsinə ucaltmışdır.

Nizamiyə görə  hikmət xəzinəsinin ən dəyərli incisi olan söz həqiqəti əks etdirməli, düçündürücü, lakonik, yeni, eyni zamanda sirayətedici olmalıdır. Ona görə ki,sözün təsir gücü çox böyükdür və insanı yaşadan da elə onun sözüdür.

Tanrı yaratmışsa hər nə, yaxşı bax,

Sözdən başqa bir şey yaşamayacaq.

İnsanın qalacaq sözü yadigar,

Yeldir yerdə qalan başqa hər nə var.

(Nizami.Yeddi gözəl Bakı, 1983,s.41)

Bədii sözün gücünə böyük dəyər verən, onun əbədi yaşayacağına inanan Nizami əsl şairləri “sözün əmiri” adlandırırdı. Elə onun özü də söz əmiri, söz sərkərdəsi idi…

Söz düşüncənin aynasıdır. Nizaminin mürəkkəb strukturlu əsərlərini oxuyanda bu böyük şəxsiyyətin nə qədər mükəmməl bir elmi biliyə, bədii təxəyyülə malik şəxsiyyət olması aydınca görünür.

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest