GenelGüncelKültür Sanat

NƏSİB NƏBİOĞLU – Şeirlər


Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

NƏSİB NƏBİOĞLU

             Şeirlər

Kəlbəcərə gedən yol

Bu azadlıq kəlməsi dərdlərimə əlacdı,

Arzularım qəlbimdə çiçək açdı, gül açdı,

Murovun zirvəsindən Dəlidağa yol açdı,

Hünər, qeyrət yoludur Kəlbəcərə gedən yol!

                          ***

İndən belə bilirəm, düşmən çıxmaz önümə,

Mərd oğullar səs verdi harayıma, ünümə,

Ey dünyanı yaradan çox şükür bu günümə,

Vallah, heyrət yoludur Kəlbəcərə gedən yol!

                          ***

Yollarım bağlı qaldı gəlib keçə bilmədim,

Kəlbəcərin suyundan gedib içə bilmədim,

Xəyalımda yollandım, özüm köçə bilmədim,

Bir az həsrət yoludur Kəlbəcərə gedən yol!

                          ***

Bu yolun əzəməti düşmənləri qorxudur,

Düşmənlərin gözünə batan şəhid oxudur,

Bu yollar başdan-başa əfsanədir, yuxudur,

Bilin, cənnət yoludur Kəlbəcərə gedən yol!

                          ***

Ruhumuz pərvazlanır Tutğun,Tərtər boyunca,

Rüsxət elə İlahi, baxım gözüm doyunca,

Zirvələrdən keçirik eşqimizin dalınca,

Saf  məhəbbət yoludur Kəlbəcərə gedən yol!

                          ***

Sıldırım qayaları basacağam bağrıma,

Bu yerlər məlhəmimdi, əlaç edər ağrıma,

Dözümlü ol ürəyim, indən belə ağrıma,

Bir cəsarət yoludur  Kəlbəcərə gedən yol!

                          ***

Şəhidlərin qanı var, torpağında, daşında,

Sevinc damla-damladır gözlərimin yaşında,

Bayrağım dalğalanır zirvələrin başında,

Hünər, şöhrət  yoludur  Kəlbəcərə gedən yol!

Kəlbəcər, iyul 2023

Kəndım bağışla məni

Sədləri, səngərləri yara-yara gəlmişəm,

Ruhuma məlhəm olan bir diyara gəlmişəm,

Son mənzilm, mən səni deyib bura gəlmişəm,

Şükür öz oçağına, kəndım bağışla məni!

                          ***

Ey yaradan, çox çəkdi de, bu necə sınaqdı?

Yaş yerinə gözümdən dönə-dönə qan axdı,

Bir qərib şair gəlib, talan yurda qonaqdı,

Sığınım bucağına kəndım bağışla məni!

                          ***

Otuz ildə yorulub, qəmdən doyub gəlmişəm,

Həsrətini oğul tək bilib, duyub gəlmişəm,

Dağdan ağır dərdimi atıb, qoyub gəlmişəm,

Gəlmişəm qucağına, kəndim bağışla məni!

                          ***

Daşlıdır, kəsəklidir dolaşıqdır yolların,

Şəhid ətri ələyir yamacların, yalların,

Qoy sarılsın boynuma, əbədilik qolların,

Baxım gözəl çağına, kəndim bağışla məni!

                          ***

Öz odumla özümü yandırıram, yaxıram,

Zirvələrdən düzlərə süzülürəm, axıram

Lal olmuşam, donmuşam, matdım-matdım  baxıram,

Talan baxça-bağına, kəndim bağışla məni!

                          ***

Gözüm gəzir anamı bütün məhlə boyunca,

Anam çıxa qarşıma söhbət aça doyunca,

Məni basa bağrına gəlişimi duyunca,

Necə dözüm dağına, kəndim bağışla məni!

Əbədi olsun

Bəs niyə bağrına basmırsan məni,

Kəndim, incimisən, küsmüsən yaman.

Sən ki əl çəkmədin yuxularımdan,

Mən sənə yaxınam, sənin doğmanam.

                          ***

Hər gecə, hər gecə yuxularımda,

Otuz il yol gəlir, ağlar dəlisi.

Mənim eşqimdə sən, məhəbbətimdə,

Adıma deyirlər dağlar dəlisi.

                          ***

Dağından, daşından doğmalıq yağır,

Duyuram otundan, çiçəklərindən.

Qəlbimə  rahatlıq hopur, ay Allah,

Dağların mehindən, küləklərindən.

                          ***

Dağılmış hasarlar,  qınama məni.

Qınama,  dərd gələr dərdimin üstə.

Gəlmişəm barışaq, bu ayrılıqdan,

Məndən sevda istə, məhəbbət istə.

                          ***

Sən mənim ən həzin nəğməm olmusan,
Ta  qəriblik yağmır gözümdən mənim.

Əbədi girmisən qəlbimə mənim,

Nur, işıq yağacaq sözümdən mənim.

                          ***

Qara torpağına sığal çəkərəm,

Bu yerlər qəlbimin məbədi olsun.
Ayrılıq bitməsin birdə yolumda,

Bizim görüşümüz əbədi olsun.

Kəlbəcərdə əsir qalan bənövşə

Boyun büküb gəl, göynəmə, ağrıma,

İndi ətrin məlhəm olar ağrıma,

Darıxmışam səni basım bağrıma,

Kəlbəcərdə əsir qalan bənövşə!

                          ***

Ayrılığa dözə bildim bir təhər,

Yerə, göyə sığan deyil bu qəhər,

Köksü yara lalələrdən yox xəbər,

Kəlbəcərdə əsir qalan bənövşə!

                          ***

Həsrətini gərək yayam aləmə,

Sevəninə belə sitəm eləmə,

Bu nə qəmdi gözlərində siləmə?

Kəlbəcərdə əsir qalan, bənövşə!

                          ***

Taleyinə qan ağlayan şərik mən,

Uzaq düşən yuvasından perik mən,

Yuxusunda o dağlarda ləlik mən,

Kəlbəcərdə əsir qalan, bənövşə!

                          ***

Qına məni, dönə-dönə söy mənə,

Başım üstə qəm ələyir göy mənə,

Kol dibində  donub,  qalıb göynəmə,

Kəlbəcərdə əsir qalan bənövşə!

                          ***

Bilən yoxdu sən duruşda sevdam var,

Dərdli gözüm qan ağlayır hər bahar,

Bir gün gələr xilaskarın tapılar,

Kəlbəcərdə əsir qalan bənövşə!

Dərdini dilində danışdı mənə

Bir daşlı, kəsəkli yola gəlmişəm,,

Məni gətiribdi  bu kəndə sarı.

O kənddə anamı muştuluqlayan,

Üstümə yüyürmür kənd uşaqları.

                          ***

Hanı bu evlərin yiyəsi görən,

Bir  allah bəndəsi yoxdu bu kənddə.

Otuz il yığılıb sinəmin altda,

Deyiləsi sözüm çoxdu bu kənddə.

                          ***

Bu kəndin taleyi  qisməti belə,

Başına min oyun gətiribdilər,

Yurduma göz dikən düşmən əliylə,

Bu kəndi dünyadan itiribdilər.

                          ***

Otuz il yazığı gələn olmadı,

Sıldırım qayalı, qalalı  kəndim,

Sənə oxşatmışam viranəyəm ki,

Nə deyim, ay başı bəlalı kəndim.

                          ***

Gəlmişəm qoynuna həsrət içində,

Qoy burdan hər yana yayılsın səsim,

Nə olar son anda  sən əsirgəmə,

Bir qarış toppağın bəsimdir bəsim.

                          ***

Səsimdə haray var, harayımda qəm,

Otuz il bağlandı yolum nahaqdan,

Gəlmişəm yamayam uçuq könlümü,

Canım sıxılmasın bu tənhalıqdan.

                          ***

Bu göhnə döngələr, uçuq hasarlar.

İllər ötüşsədə tanışdı mənə.

Evimiz dərdini üstümə tökdü,

Dərdini dilində danışdı mənə.

                          ***

Sönmüş bir ocağı qalayam gərək,

Qoy başımdan çıxsın tüstüm bu axşam.

Qoy görsün odumu bu oba, bu el,

Görsünlər   yuvama sahib olmuşam!

 Kəlbəcər deyir

 Bu yerdə inciyən, küsən çiçək də,

Bir zaman gördüyüm nazlı mələk də,

Köksümün altında yanan ürək də

Bu səhər Kəlbəcər, Kəlbəcər deyir.

                          ***

Haqqı var qınasın min kərə məni,

Çaylar öz dilində dindirə məni,

Səsləyir  hər zirvə, hər dərə məni,

Bu səhər Kəlbəcər, Kəlbəcər deyir.

                          ***

Arı nəğmə deyir çiçək eşqinə,

Anlayan bilirmi onun eşqi nə?

Bu səhər xöşbəxtlik düşüb püşkünə,

Bu səhər Kəlbəcər, Kəlbəcər deyir.

Qoz ağacı

Kəlbəcərə, kəndimizə getdim. Xarabalığa

dönmüş evimizin içində vaxtiylə mənim çarpayımın

dayandığı yerdə bir qoz ağacı bitib.

Salam qoz ağacı, xoş gördük səni,

Səni kim gətirib bu evə sarı?

Sənə həmdəm olub sığınıb necə,

Bu evun dağılmış  uçuq hasarı.

                          ***

Salam qoz ağacı, necə bitmisən,

Haradan gətirib küləklər səni?

Nə deyim bəlkə də xaraba yurda,

Gətirib arzular, istəklər səni.

                          ***

Duruşun qəhərli, dəydi gözümə,

Səni gördüm  könlüm tari-mar oldu.

Bağlandı bu evə yolum nahaqdan,

Yediyim, işdiyim zəhrimar oldu.

                          ***

Bu evin dərdini deyəni yoxdur.

Bu evin öləni,  itəni çoxdur,

Bildin ki, qürbətdə itib, batmışam,

Bildinki bu evin  yiyəsi yoxdur.

                          ***

İnsan hənirtisi şəkilib ərşə,

Bizim başımıza nə açıb fələk.

Dərdimin üstünə dərd artırırsan,

İndi mən səninlə dərdləşəm gərək.

                          ***

Nə zaman gəlmisən necə gəlmisən,

Xəbərsiz gəlməklə xətrimə dəydin.

Sənin nə işin var mənim evimdə,

Həyətdə bitəydin, çöldə bitəydin.

                          ***

Ana yox, bacı yox çıxa qarşıma,

Fikrim, xəyallarım dumanda, çəndə.

Bilmisən ki, məni qarşılayan yox,

Bitib gözləmisən evin içində.

                          ***

Qoy deyim, danışım talandı yurdum,

Sönüb yollarıma nur saçan ocaq.

Dərdimi deməyə adam tapmıram,

Dərdimi səninlə bölürəm ancaq.

                          ***

Salam qoz ağacı, xoş gördük səni,

Talemi çıxarıb yolumun üstə.

Əl-ələ gəl verək, köhnə dost kimi.

Aşır budağını qolumun üstə.

                          ***

Salam qoz ağacı, danış dərdini,

Bu gün dərdimizlə qalaq baş-başa.

Bi sirli görüşə, haqlı görüşə,

Tanrının özü də etsin tamaşa.

                          ***

Nə gördün, eşitdin, danış qoy bilim,

Bu evin sinəsi  dağlanıb necə,

Danış öz dilində, ağac dilində,

Bu evin qapısı  bağlanıb necə.

                          ***

Danış kimi gördün, nələri gördün,

Kimlər çəpər çəkdi qarşına sənin?

De necə tablaşdın, de necə dözdün,

Nə bəllar gəldi başına sənin?

                          ***

Danış, qəm yağmasın budaqlarından,

Bircə himə bəndəm. Qəfildən ölləm.

Elə bənd olmuşam bu təbiətə,

İndi ağacların dilini billəm.

                          ***

Hayıma hay versin evin sahibi,

Sinəmin altında dərd düyün-düyün

Gəlsin harayıma ruhu anamın,

Ruhları bağrıma basacam bu gün

                          ***

Danış olanları başına dönüm,

Nə olsun ağacsan susma, kirimə.

Otuz il bu evə keşik çəkmisən,

Mənim əvəzimə, mənim yerimə.

                          ***

Sözümü min yerə yozan tapılar,

Qalaram dilbilməz adam əlində.

Söz verdim özümə dindirəm gərək,

Daşı -daş, ağacı – ağac dilində.

                          ***

Gəl dərdini danış, təsəlli tapım,

Sənində nə qəmin, nə ahın olsun.

Danış, anlayaram dilini sənin,

Danış, qoz ağacı, insafın olsun.

                          ***

Qoy, lənətə gəlsin, evi yıxılsın,

Bu yurda, bu elə göz tikənlərin.

Qoy, yolu bağlansın, ocağı sönsün,

Qəlbimizdə həsrət, qəm əkənlərin.

                          ***

Salam qoz ağacı! Göydən nur yağır,

Pəmbə buludların dodaqlarından.

Sənki dar ağacı deyilsən mənə,

Məni də asalar budaqlarından.

                          ***

Nə vaxtdan bu evə həyan olmusan,

Sənin budağını əyən olmasın.

Qoymaram,vermərəm heç kimə səni,

Qoymaram, xətrinə dəyən olmasın.

                          ***

Yaman havalandım görüşümüzdən,

Dağılmış bu evə baxıb gedirəm.

Sənə tapşırıram ata yurdumu,

Sağ ol qoz ağacı,  çıxıb gedirəm.

Kəlbəcər, iyul – 2023

 Getmə, o bulağın üstünə getmə

 Üstündən nə qədər qara yel əsib,

Neçə il düşmənlər yolunu kəsib,

O bulaq əbədi inciyib, küsüb,

Getmə, o bulağın üstünə getmə!

                          ***

Bir toy tutubdular toy-büsatına,,

Özü ağı deyib öz həyatına,

Batıbdı torpağın, yerin qatına,

Getmə, o bulağın üstünə getmə!

                          ***

Artar, dərd gətirər gözünün çəni,

Tanımaz çaşdırar saçının dəni,

Nəğməsi həzindir ağladar səni,

Getmə, o bulağın üstünə getmə!

                          ***

Hanı baldırğanı, hanı yarpızı?

O bulaq tanımaz saçı pırpızı,

Haraya gedirsən zalımın qızı,

Getmə, o bulağın üstünə getmə!

                           ***

Elə inciyib ki, barışan deyil,

Axıb ümmanlara qarışan deyil,

Dərdini söyləyib danışan deyil,

Getmə, o bulağın üstünə getmə!

                          ***

Otuz il üstünə gələn olmayıb,

Dərdini, qəmini bilən olmayıb,

Üstündə şənlənən, gülən olmayıb,

Getmə, o bulağın üstünə getmə!

                          ***

Bu səhər Allahın salamı gəlsin,

Sevincdən bu elin ilhamı gəlsin,

Saxla görüşünü, qoy hamı gəlsin,

Getmə, o bulağın üstünə getmə!

Kəlbəcər, iyul – 2023

Bu yerdə

 Daşların altından çıxır bulaqlar,

Səsini səsimə qatır bulaqlar,

Duydum istəyinə çatır bulaqlar,

Sevinir həsrətli elim bu yerdə.

                          ***

Çəkilir gözümdən dərd yavaş-yavaş,

Məni salamlayır hər qaya, hər daş,

İtib ürəyimdə qalmayıb təlaş,

Buludlara dəyir əlim bu yerdə.

                          ***

Oxşayır gönlümü çayların səsi,

Dağlar valeh edir burda hər kəsi,

Məlhəmdi ruhuma doğma nəfəsi,

Yığılıb başıma elim bu yerdə.

                          ***

Qayaları səngər, zirvələr qüdrət,

Baxdıqca adamı bürüyür heyrət,

Cənnət istəyənlər, burdadır cənnət,

Sevinir çiçəyim, gülüm bu yerdə.

                          ***

Min-min haqsızlığa dözüb gəlmişəm

Namərdlər əlindən bezib gəlmişəm,

Onsuzda dünyanı gəzib gəlmişəm,

Allah icazə ver ölüm bu yerdə.

 Tələsirəm mən

 Zirvədən baş alıb sallanıb gedən,

Oxumaq dalıyca yollanıb gedən,

Hardasa bir küzü quzusu olan,

Çibində bir dürmək rüzusu olan,

Qəlbində min istək arzusu olan.

O gənci görməyə tələsirəm mən.

                          ***

Topuğunda ağlı, havada eşqi,

Dağılmış bir yurdda yuvada eşqi.

Gedirəm dırmanam qaya üstünə,

Gedim o qayanın başına dönüm,

Dizim titrəməsin, əlim əsməsin.

Gedim daşa dönüm , daşına dönüm,

Kimsə yollarımı birdə kəsməsin.

O gənci görməyə tələsirəm mən.

                          ***

Günəşdə çıxırdı başqa tərəfdən,

Ulduzlar çox idi göyün üzündə,

Sayrışa-sayrışa sevişirdilər,

Mən də seyr edirdim bu mənzərəni,

Köksümdə məhəbbət qığılcımları.

Heykələ dönmüşdüm çölün düzündə.

Üzündə abırı, həya, ismətiı.

Bir gözəl keçirdi xəyallarımdan.

Ayağın yerdəydi, xəyalım göydə,

Məhəbbət yağırdı göyün üzündən,

Rəngi ayrı idi gülün, çiçəyin.

Xəbəri olanda gözəlliyindən,

Eşqi çətin olur gözəl göyçəyin.

                          ***

İki ad yazmışdım qaya üstünə,

Bu adlar qoy mənə  göz dağı olsun.

Bu adlar qəlbimdə qıfıllı qalsın,

Qəlbim bu adların dustağı olsun.

                          ***

Ürək qızdırmadım insanlarına,

O qaya üstünə həkk eləmişdim,

Göylər şahid idi mənim eşqimə

Onda and içmişdim əhd eləmişdim.

                          ***

Onda söz vermişdim özüm özümə,

Onda görünmürdü dünya gözümə.

O qaya üstünə çıxmasam olmaz,

Özüm yazdığıma öz əllərimlə,

Boylanmasam olmaz, baxmasam olmaz.

Oğluma bir nağıl danışacağam

 Qarşıma çıxasan kaş bircə dəfə,

Ürəksiz deyəsən,fərsiz deyəsən.

Bir eşqi dilinə gətirməyəndən,

İnciyib gedəsən, küsüb gedəsən.

Bir sevda yolunu kəsib gedəsən.

                          ***

Bir az aralanıb fikirlərindən,

Deməyə bir kəlmə sözü olmayan.

Gələ o yerlərə bir şümal oğlan,

Bir eşqin yanında üzü olmayan.

                          ***

Qarşıma şıxasan bir bahar günü,

Məni danlayasan o ki var yenə,

Məni elə günə sala biləsən,

Edəsən ömrümü tarimar yenə,

Başımı endirəm, gözümü döyəm.

Sənə deyiləsi sözümü deyəm.

                          ***

Dilim topuq çala-çala dillənəm

Deyəm sözlərimdə xoşuna gələ,

Sonra lağa qoyub çıxıb gedəsən.

Arabir boylanıb baxıb gedəsən.

Bu məvtun könlümü,vurğun könlümü,

Sındırıb gedəsən, yıxıb gedəsən!

                          ***

Gedəsən əllərim çatmayan yerə,

Gedəsən ulduzlar yatmayan yerə.

Gedəsən səs-soraq verən olmaya.

Yarım əsr keçə əzab içində,

Səni həmin yerdə görən olmaya.

                          ***

Səni düşünürəm bu qış gecəsi,

Xəyallarım donur şaxtada, qarda.

Kövrək arzularım səfərə çıxıb,

Səni qarşılayar gələn baharda.

                          ***

Bir nağıl uyduram sonu olmayan.

Hardasa  sehirli nağıla dönnəm.

Onsuzda ömrümüz nağıl kimidi,

İlin payızına, qışına dönnəm,

Gələrəm, gələrəm başına dönnəm.

                          ***

Deyirdim ömrümü qoyam  yolunda,

Neyləyim görüşmək qismət olmadı.

Tale var, yazı var belə deyirlər,

Deyirlər pozulmaz alın yazısı,

Küsgün taleimlə barışacağam.

O gündən, o eşqdən, o məhəbbətdən,

Oğluma bir nağıl  danışacağam.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest