GenelGüncel

Nazim Nəsrəddinov: M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əii bəy Hüseynzadənin sorğusu : “Anladınızmı?”

Mən bu məqalə ilə ilk dəfə 1992-ci ildə elmi işimlə əlaqədar arxivlərdə çalışarkən rastlaşmışam və bu yazının mahiyyətini “Novruz” qəzetinin  (redaktoru yazıçı Cəmil Əlibəyov idi )
30.10.1992-ci il tarixli 40-cı (95) nömrəsində ədəbi və elmi ictimaiyyətin  diqqətinə çatdırmışdım.

“Həyat” qəzetini vərərqləyirdım. 

Yerinə düşən qısa bir haşiyə.”

   “Həyat” qəzeti Bakıda nəşr olunmuşdur.Bu,XX əsrin Bakıda Azərbaycan dillində çap olunan ilk mətbu orqandır.  Qəzetin  ilk nömrəsi 1905-ci il  iyunun 7-də çıxmışdır. Müdir və baş redaktoru Əhməd bəy Ağayev və Əl bəy Hüseynzadə idi.

1905-ci ildə qəzetin 131 nömrəsi çıxmışdır. 1906-cı iı 102-ci nömrədən sonra  qəzetə Əli bəy Hüseynzadə  tək rəhbərlik etmişdir. 1906-cı ildə qəzetin 194 nömrəsi  işıq üzü görmüşdür. 

Deməli, 131+194= 325 nömrə. “Həyat”ın  müasir əlifbamıza transliterasiya edilərək kitab  şəklində çap edilməsi  tariximizə əməli işlə verilən ən böyük xidmət olardı.Belə bir qəzetin bütün nğmrələrinin transliterasiya  edilərək , kitab şəklində nəşri  çox gərəkli görünür.
 Əlbəttə, bunlar gəlişi gözəl sözlər deyil. Nə isə…


  “Həyat”ın 14 dekabr (cümə günü) 1905-ci il tarixli  118-ci nömrəsində  maraqlı bir yazıya rast gəldim.Bu,”Mürəttib M.Ə.R”imzası ilə yazılmış bir məqalə idi.Yazını birnəfəsə, böyük və ciddi maraqla oxudum, gizli imzanın kimə aid olmasını  vərəvud etməyə başladım.

( Vərəvud – Şirvan və Şəki zonalarında işlənən sözdür, “yoxlamaq,ölçmək,tutaşdırmaq” çəkmək,  mənalarına uyğun gəlir. Bu sözü çəkinmədən ədəbi dilə gətirmək olar).

   Ədəbiyyat və  mətbuat tariximizdə  gizli imzalardan istifadə etmək müxtəlif  məqamlardan irəli gəlir, kimi özünü şair və söz ustası kimi tanıtmaqdan ehtiyat edir, kimi oxucunu intizarda saxlamaq istəyir, kimi izi azdırmaq fikrinə  düşür. Məsələn,”Ziya” qəzetində “S” imzası  çox vaxt qəzetin baş məqaləsinin altında olurdu.Diqqətli oxucu onun qəzetin baş mühərriri və sahibi -imtiyazı Səid Ünsizadəyə aid olduğunu çətinlik çəkmədən tanıyırdı.  

“Kürdəmir”dən ” qeydi ilə verilən yol qeydlərinin  altındakı “M.B” imzasının  isə kimə aid olmasını  yazını çox diqqət və fəhmlə oxuyandan sonra başa düçmək olur.

Yazıdan aydın olur ki, “M.B” əcnəbidir, ərəb dilini gözəl bilir, Şərq ədəbiyyatından xəbərdardır, bu yerlərdə məktəb və maarif məsələlərinə nəzarət etmək iqtidarına malikdir və s. 
                            
Şəxsən mən  işin içində olan bir mütəxəssis kimi bu imzanın kimə aid olmasını illərə arayıb axtarmışam.”M.B”  Azərbaycan ədəbiyyatının bir sıra nümayəndələrinin əsərlərini  1868-ci ildə Avropada  -Almaniyanın Leypsiq  şəhərində çap etdirən, Peterburq Universiteində M.Topçubaşovun  və Mirzə kazım vəyin dərsliklərindən dərs keçən, Qafqaz Canişinliyində M.F.Axundazadə ilə bir yerdə çalışan şərqşünas Adolf  Petroviç  Berjedir. “B”-Berjedir. Bunu başa düşdük. Bəs imzanın əvvəlindəki “M”- nədir? 

   A.P.Berje (28 iyul 1828,Peterburq-31 yanvar 1896,Tiflis) Qafqazın və eləcə də Tiflisin ən ləyaqətli insanlarından biri kimi tanınırdı. Onun matəm mərasimi  Tiflisdə çox  böyük hörmətlə təşkil olunmuşdu.

Onun matəm mərasimində çıxışların birində deyilirdi ki, Adolf Petroviç Berjenin  düşmənləri yox idi, ona həsəd aparanlar isə çox idi. Mösyö Berje…. (Burada dayanıram).Kim? Müsyö Berje ? Bəli, Müsyö Berje!  Deməli, “M”-Müsyö,”B”-

Berje… Müsyö – fransız sözüdür, müraciət formasıdır. Rus alimləri öz alimlərinin sayını artırmaq üçün A.P.Berjeni  əslən alman olan rus şərqşünası kimi qələmə verirlər. Əslində Adolf Petroviç Berje  bizim meyarımızca,  milliyyətcə fransızdır.

( Bəzi xalq və millətlərdə milli mənsubiyyəti anaya görə müəyyənləşdirirlər. A.P.Berjeni alman hesab edənlər,  yəqin ki, bu meyarı əsas hesab etmişlər).

 Onun atası  1805-ci ildə Fransadan Rusiyaya köçmüş, Peterburqda müəllimlik etmişdir. Pyotr Berje 1820-ci ildə   əsli Meklenburqdan olan  varlı bir qızla evlənir, onların bu izdivacdan  dörd oğlu,  bir qızı olur. Adolf  ailənin iknci oğludur. O, əvvəlcə Peterburq yaxınlığındakı QATÇİN  YETİMLƏR İNSTİTUTUNDA, sonra isə PETERBURQ UNİVERSİTETİNİN şərq fakültəsində oxumuşdur.

1851-ci ilin dekabrında, atasının ölümündın 13 il sonra, Peterburqdan Tiflisə -Qafqaz Canişinliyinə işləməyə göndərilmişdir.  

 A.P.Berje Şərq ölkələrinin birində işləmək   istəyirdi.Məzunların işləməyə göndərilməsinə ciddi nəzarət edən Rusiya çarı I Nikolay isə onu  Rusiyanın Şərqinə-Qafqaza göndərir: 

“Rusiyanın öz Şərqi var.Bura , Qafqazdır.  Qoy elə ora yola düşsün”
Necə deyərlər, ağa deyir, sür dərəyə,sürməlisən.

   Mən həmişə M.Ə.Rəsulzadədən danışanda  A.P.Berjeni, A.P.Berjedən danışanda  qeyri -iradi  M.Ə.Rəsulzadəni -mətbuat  və ədəbiyyat yolunda  böyük işlər görmüş  bu iki şəxsi xatırlayır, onların  fərqli və  ümumi həyat cizgilərindən söz açmalı oluram.

   Nə isə …

“Həyat”dakı  “Mürəttib M.Ə.R.” kimdir?
  M.Ə.Rəsulzadənin  “Həyat” və “İrşad”dakı bəzi  məqaləkərinin  dil, üslub və ideyası  “M.Ə.R” -in   Məhəmməd Əmin Rəsulzadə olduğuna  bələdçilik edir, yol göstərir.
                                     
  Mürəttib  M.Ə.R . Mətbəələrimizə dair(“Həyat” qəzeti, 14 dekabr 1905 -ci il,
 № 118 ) 

Mən bu məqalənin müəllifinin  kimliyini haqqında heç bir ensiklopedik nəşrdə tapmadım. Müraciət etdiyim alim dostlarım da mənim suallarımı cavablandıra bilmədilər.

İmzanı yazının üslubu və məzmunu ilə ilgili şəkildə incələmək qəearına gəldim.

 Məqalədə oxuyuruq:
” Bizim müsəlmanlar  hər bir cəhətdən geridə qalıb, bütün işləri binizam olan kimi,  mətbəələri dəxi binizamdır. Məsələn, hürufat xəzinəsini( qassəsini) alalım. Bunun adını müsəlmanca eşitmədiyimdən  özümdən ad qoyub “Hürufat xəzinəsi ” deyirəm. Bu hürufat xəzinəsinə  mamalik ( məmləkətlər-N.N.)  islamiyyənin hər yerində  bir tövr degil. Məsələn, Bakı mətbəələrində qassələr bir tövrdür,Tiflisdə ayrı tövrdür.  Əgərçe tərzi  ilə yerinə tökülməyübdür, həmçinin içəri Rusiyada olan müsəlman  (qasə)ləri bir ayrı şəkildədir.

Xorasanda isə, eşitdigimizə görə, özlərindən xuddur( özlərinə məxsusdur-N.N.). Orada bir növ (qassə ) qayırublar ki, tuli (uzunluğu-N.N.) bir sajından uzun  olub, eni də arşın yarımacan olan  və (qassə)nin gözləri  bir qarış  uzunluqda  və eni iki  barmaq enindədir. Və yenə Bakı mətbəələrinin birində  bir töbr (qassə) var ki,onu qədim zamanda Bakıda müsəlmani (qasə) olmayanda  bir nəfər mürəttib icad edibdür və  indiki kimi durur və qassədə  də o mürəttibdən başqa, heç kəs düzə bilməz.
   Bu səbəblərə görə hərgah bir mürəttib bu şəhərdən o biri şəhərə  və yainki bir məmləkətdən o biri məmləkətə keçsə, gərək ki, ac qalsın və yainki ac qalmasa da  bir aya kimi gərək qüvvəti- ləyamütə (əbədilik qüvvəsinə-N.N.) davam edüb, qassəni mütaliə edüb ögrənsin,sonra işləməgə başlasın.  
   Bir böylə    zamanda ki, cəmi xarici millətlərin  mürəttibləri şəhərlərdə özləri üçün  cəmiyyətlər təşxis (tanımaq-N.N.) verub ehtiyat səmərəsi yığırlar, yainki bikar vəqtlərdə ac qalmasunlar və bir şəhərdən  o biri şəhərə gedüb, özlərinə iş  tapanacan  o pul ilən güzəran etsünlər.
   Biz müsəlman mürəttibləri kar və kor  adamlar kibi dayanıb baxaruq, guya  heç bir adamlardan  degiliz.Qardaşlar, biz cəhalətimizdən  cəmiyyətlər təşkil edüb, ehtiyat sərmayəsini yığmaqdan  və xarici mürəttib  yoldaşlarımıza qoşulmaqdan ürkürük  isə, laməhalə (heç olmasa-N.N.)  öz qassələrimizi  tərtibə salaq  və  hamısını bir tövrdə edək, yainki bir qərib vilayətə gedəndə  ac qalıb, qeyrilərə  möhtac olmayaq və buna görə lazımdır ki, qassələrimizi  Osmanlı və  ya Misir qassələri  tərziylə edək, çünki onlar mətbəə işlərində  bizdən çərxdədirlər (yüksəkdədirlər-N.N.).Onların qassələri bizlərinkindən  səliqəlidir. O tövr qassələrdən  düzülən xətlər  bizlərinkindən  kökçəkdir  və düzülməsi də asandır.

 Mürəttib qardaşlar! Hər cəmaət, hər sinif sənətkarları öz hallarını  və güzəranlarını yaxşılaşdırmağa çalışırlar. Nə üçün gərək biz çalışmayaq? Məgər bizə insanlıq lazım degil? Məgər biz insan degiliz? Çalışmaq lazımdır. Baxmaq  ilən heç  zad olmaz.
    Və bir də bizim bəzi müsəlman mürəttiblərimizin əqidəsi bunadır ki, şagird ögrətmək lazım degil, çünki onlar sonra gəlib bizim çörəgimizə  guya  mane olarlar.
   Bilmək olmayır ki, bunlar bu əsri görməyirlər, bu elmin tərəqqisini  və çap işinin artmasını başa düşməyirlər  və yainki özlərinin  dünya uzunu yaşamalarına inanırlar?

   Xaricilər bizim dilimizin mürəttibligindən çörək yeyirlər.
(Bu yerdə yadıma “Əkinçi”nin nankor, sası dinli  çuğulçu, söz aparıb söz gətirən mürəttibi düşür. Bəlkə də M.Ə.Rəsulzadə  onun nanəcib obrazını yaratmaq istəmişdir-N.N.).  Amma biz  öz milltimzin balalarına   ( bildiyimizi –  əlavə mənimdir-N.N.) ögrətmək istəməyirüz, yainki onlar da  çörək yesinlər.

   Mürəttib M.Ə.R.

   İdarədən: (“idarə” deyəndə burada müdir və baş mühərrir Əli bəy Hüseynzadəni başa düşmək lazımdır-N.N.).
   Müsəlman mürəttibligi sənətinin də tərəqqisi lazımdır.Bu 
da cəmiyyət və üzviyyat (orqanizasiya-izahat “M.Ə.R”indir-N.N.)ilə olur.  Əvvəllər hər şəhərin mürəttibləri  yerli bir cəmiyyət təşkil edirlər və bu cəmiyyətlərdə  öz nəvaqislərini (nöqsanlarını-N.N.)  mövqeyi-müzakirəyə qoyarlar.İkmal (tamamlama,bitirmə,mükəmməlləşdirmə-N.N.) çalışırlar. sonra bir ölkənin, Qafqazın, məsələn müxtəlif  bəladidindən (bəla görmüşündən-N.N.)  iki-üç ildə bir kərə vəkilləri bir şəhərə yığıb, məşvərət edərlər…. sonra işi  daha  böyüdüb beynəlmiləl bir islam mürəttib konqresi  dəvət edərlər… O  vəqt qassə də və sair ehtiyaclar da yoluna girər!… Anladınızmı?” 


                             ***
Hörmətli oxucular, “İdarədən” qeydləri Əli bəy Hüseynzadənin M.Ə.R-in qaldırdığı problemlərin vacibliyi ilə həmrəylik nümayişidir.Əli bəy Hüseynzadə M.Ə.R-in açıq deyə bilmədiyi sözləri kiçik bir qeydlə açıqlayır.Başa düşdünüzmü?

      Nazim Nəsrəddinov.,

Azərbaycan Respublikasının  Əməkdar müəllimi,türkoloq


      Bakı, 19.06.2021

                                   Ədəbiyyat
  1.Mürəttib M.Ə.R.  Mətbəələrimizə dair.
          “Həyat” qəzeti,14.12.2014-cü il, №  118.  
  2.Nazim Nəsrəddinov.  Mətbəələrimizə dair.
           “Novruz” qəzeti,30.10.1992-ci il, №  40(95). 
  3.В.Г.Дмитриев.Скрывшие свое имя.
            Издательство.  Наука. Москва -1977 г.
  4.Nazim Axundov.Azərbaycanda  dövri mətbuat. 
        Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı.Bakı, 1965.
  5.Nazim Nəsrəddinov.  Siz kimsiniz, müsyö Berje?
        “Ana sözü “jurnalı, 1995-ci il, №1-6, səh.47-48.

Pin It on Pinterest