GenelGüncelTürk Dünyası

Nazim Nəsrəddinov: “Azərbaycan məktəbi “jurnalının tarixi1924-cü ildən yox, 1906-cı ildən – “Dəbistan” jurnalından başlayır….

Mən iki il Azərbycan Resopublikası Tərsil Nazirliyinin  mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının məsul katibi  vəzifəsində işləmişəm.Elmi və elmi-publisistik fəaliyyətimin bu döbründə Azərbaycan pedaqoji və uşaq mətbuatı sahəsində bir sıra yazılarımı oxuculara çatdırmışam.Təəssüf ki,son illərdə bu yazılara eninasız yanaşılır,elmi  işlərdə bu yazılar yada düşmür.Son vaxtlarda təsadüfən maraqlı adı olan bir kitab haqqında yazıya rast gəldim: Elnarə Məmmədova.  “Azərbaycan məktəbi” jurnalının nəşri tarixindən (1924-1991)Kitabın adından aydın görünür ki, tədqiqatçılar və onların əsərlərini redaktə edənlər   “Azərbaycan məktəbi” jurnalının tarixini hələ də 1924-cü ildən hesablayırlar.Halbuki,hələ 1906-1908-ci iolərdə nəşr olunan
elmi-pedaqoji,ədəbi-bədii,metodik jurnal olan “Dəbistan” jurnalının materiallarının təhlili və Nəriman Nərimanovun çap olanacaq jurnal haqqında “İrşad” qəzerindəki yazısı göstərir ki ,pedaqoji mətbuatımızın tədqiqini yeni yanaşmalar əsasında aparmaq lazımdır.Mən fikirlərimin təsdiqi kimi iki yazımı türk dünyasınn oxucularına ünvanlayır, pedaqoji mətbuatımızın tarixi haqqında yeni yazılar üzərində işləyirəm..***

“Dəbistan” – jurnalının bir nömrəsinin biblioqrafiyası
Həsən bəy, Allah sənə rəhmət eləsin!


“Dəbistan” Azərbaycan uşaq mətbuatının ilkidir. “Dəbistan” fars sözüdür, ” ibtidai məktəb,mədrəsə” deməkdir.
“Dəbistan”ın ilk nömrəsi 1906-cı ilin aprel ayının 16-da çıxmışdır.1906-cı ildə “Dəbistan” 17 dəfə yeni nömrələri ilə oxucuları mütaliəsinə təqdim olunmuşdur. 1907-ci il yanvarın 14-də 18-ci nömrəsi çıxandan sonra “”Dəbistan” yanvarın 26-dan yeni nömrə ilə çıxmışdır:

26 yanvar 1908 -ci il,N 1
07 fevral 1908 -ci il, N 2
21 fevral 1908- ci il, N 3
06 mart 1908- ci il, N 4
26 mart 1908 -ci il, N 5
06 aprel 1908- ci il, N 6 
26 aprel 1908- ci il, N 7
04 iyun 1908-ci il, N 8




İyunun 4-də -8-ci (24) nömrəsi çıxandan sonra “Dəbistan” öz fəaliyyətini dayandırmışdır. 28 noyabr 1907-ci ildə Həsən bəy Məlikzadənin (Zərdabinin-N.N.) vəfatından sonra “Dəbistan”nın ehyası (yenidən bərpası-N.N.) üçün müəllimlərdən 15 nəfərlik bir heyət təşkil olunmuş, onların xitabnaməsi “İrşad” qəzeti vasitəsilə (N5,1908-ci il) oxuculara ünvanlanmışdır.Bu xitabnamənin altıncı fəslinə görə 1908-ci il martın 10-dan toplanacaq paylar əsasında “Dəbistan”ının nəşrini bərpa etmək arzu olunurdu.
15 nəfərlik müəllim heyətinin xitabnaməsi “İrşad” qəzetində çap olunandan iki ay sonra – 1908-ci il martın 10-da “Dəbistan”ın məxsusi bir nömrəsi ilə oxuculara çatdırılmışdır.
Bu nömrə bütövlükdə Həsən bəy Məlikzadəyə həsr olunmuşdur.
8 aylıq fasilədən sonra “Dəbistan”nın bu nömrəsinin meydana gəlməsinin səbəbi jurnalın sonuncu nömrəsinin sonuncu-16-cı səhifəsindəki bir yazıdan məlum olur.
Mətləbdən xali olmadığı üçün oxucuları “Dəbistan”jurnalının yaradıcı heyəti ilə tanış etmək istəyirəm.

“Dəbistan”ın naşiri və redaktoru Əlisgəndər Cəfərzadə (14 otyabr 1875-ci il-
28 yanvar 1941-ci il) idi. O,1887-1890-cı illərdə Bakıda rus-tatar məktəbində oxumuş,1897-ci ildə mötəbər müəllimlərindən təşkil olunmuş xüsusi komissiya qarşısında imtahan verərək, türk dili ( Azərbaycan dili-N.N.) müəllimiyinə əsas verən şəhadətnamə almış, Bakının bir sıra məktəblərində ibtidai məktəb müəllimi işləmişdir.Müəllim işləyə-işləyə “Nəşri-maarif cəmiyyəti”ndə katib( 1906-1918), Azərbaycan Xalq Maarif Komissarlığında nəşriyyat şöbəsinin müdiri (1920-1924)vəzifəsində çalışmışdır. Təəssüf ki, Ə.Cəfərzadənin Azərbaycan Xalq Maarif Komissarlığındakı böyük maarifçilik fəaliyyəti hələ öz elmi təddiqini tapmamışdır. Təkcə bu faktları yada salaq ki,Ə.Cəfərzadə komissarlıqda işləyərkən “Maarif” adlı uşaq jurnalın yaradıcılarından biri kimi təhsil tariximizdə bu gün belə əhəmiyyətini itirməyən əzəmətli işlər görmüşdür.”Maarif” jurnalı əslində 1923-cü ildə nəşrə başlayan “Maarif və mədəniyyət” jurnalının sələfidir. Cəmi iki nömrəsi çıxmışdır. “Maarif” jurnalının bu iki nömrəsində qaldırılan önəmli elmi,pedaqoli və ədəbi məsələlər o vaxtlar Xalq Maarif Komissarlığının təklifi ilə Türkiyədən Bakıya maarif sahəsində işləməyə dəvət edilmiş Mühiddin Birgin, Halıl (Xəlil) Fikrət,İsmayıl Hikmət, Mühibbə Hikmət, Fuad Köprülüzadə , eləcə də onlardan dərs alan milli ziyalılarımız tərəfindən uğurla davam etdirilmışdir. 1925-ci ildə cəmi bir nömrəsi çıxan “Məktəb məcmüəsi” məcmuəsində (dərgi və jurnalında -N.N.) Əlisgəndər Cəfərzadə və onun yaxın əqidə və məslək dostları- S.M.Qənizadə,Q.P.Mirzəzadə,A.İsrafilbəyli,C.Cəbrayılbəyli, Abdulla Şaiq, K.İsmayılzadə və başqaları uşaqların elmi və bədii zövqünün formalaşmasında dövrün tələblərinə cavab verən səmərəli işlər görmüşlər. 
“Dəbistan “ jurnalında Məhəmmədhəsən Əfəndizadənin (1886-1918) xidmətləri də yaddan çıxmamalıdır.
Əli bəy Hüseynzadə 1906-cı il aprelin 27-də “Həyat” qəzetinin 91-ci nömrəsində dərc etdirdiyi “Molla Nəsrəddin” və “Dəbistan” adlı məqaləsində millətin tərəqqisi yolunda məktəb təhsilinin vacibliyindən söz açırdı.
Əli bəy Hüseynzadə Azərbaycanın və bütövlükdə Şərqin türk-müsəlman əhlini qoz ağacının möhkəm kötüyünə, mərmər daşına, qranit qayasına bənzədərək deyirdi ki, qoz ağacının kötüyündən qəşəng mebel, qapı-pəncərə, bəzək əşyaları, mərmərdən əzəmətli binalar, yaraşıqlı abidələr, qranitdən fundamental heykəllər düzəltmək olur, lakin bu incə, zərif, zövqoxşayan sənət əsərlərini yaratmaq üçün bacarıqlı, bütün ömrünü bu işə həsr edə bilən ustalar, yəni ziyalılar gərəkdir.
Əli bəy Hüseynzadə belə “sənət abidələri” yaradılmasına uşaqların təlim-tərbiyəsindən başlamaq lazım gəldiyini bildirirdi. Onun sözlərinə görə, uşaq vaxtı kəsb olunan elm daşa nəqş olunmuş şəkil kimi əbədidir. Uşaqlıq dövrü keçəndən sonra cəhalət və qəflətin qarşısını almaq mümkün olmur. Körpə, yaş ağacı hər cür formaya salmaq, əymək, düzəltmək, istiqamətləndirmək asandır, qurumuş ağacı isə yalnız yandırmaqla düzəltmək mümkündür. Bu baxımdan uşaqlar üçün nəzərdə tutulmuş “Dəbistan” jurnalı yaş ağacları, yəni uşaqları düzgün yola istiqamətləndirməklə, “Molla Nəsrəddin” məcmuəsi isə quru ağacı – böyükləri “yandırmaqla” məşğul idi. Dövlət idarələrində çoxlu sözü keçən dostlarının olmasına baxmayaraq, Əlisgəndər Cəfərzadə “Dəbistan” jurnalını nəşrinə razılıq almaq üçün bir sıra çətinliklərlə qarşılaşır. O, Bakı şəhər rəisinə yazdığı ərizəsində müsəlman məktəblərində təhsil alanlar üçün vaxtaşırı nəşr olunan mətbu orqanın olmadığını xatırladır və müsəlman uşaqları üçün Azərbaycan dilində “Dəbistan” adlı müsəvvər(şəkilli) bir jurnalın nəşrini faydalı hesab edirdi. 
Nəhayət,”Dəbistan”ın nəşrinə icazə verilir.



“Dəbistan” başlığı altında – onun iki həftədə bir dəfə nəşr olunan, millətin tərəqqi və təkamülünə xidmət edən müsəvvər (şəkilli-N.N ) jurnal idi. Jurnalın idarəxanəsi Hacı Zeynalabdin Tağıyevin Bakıda Nikolayev küçəsindəki binasında yerləşirdi. Jurnalın oxuculara ünvanlanan, ön söz sayıla bilən sütununda “göndərilən yazıların sadə türkcə olmaları təmənna olunurdu”. Bu xahiş və göstərişə “Dəbistan”ın, demək olar ki, bütün yazarları əməl etmişdilər.
Jurnalın üz qabığında üç rəsm əsəri kollaj edilmişdi. Rəsmlərin ikisində rəsm müəllifilərinin adına işarə vardır. Adını hələ aça bilmədiyimiz P.M. və V.S kriptoqramları şəkillərdə (burada ad və soyadlarının baş hərfi) aydın görünür. Bu rəssamlardan birinin çəkdiyi şəkillərin birində məscidin önündən keçərək nəvəsini məktəbə aparan nurani bir qoca ilə qoltuğunda dəftəri olan nəvə təsvir edilib. İkinci şəkildə yeni məktəbə aid atributlar göstərilir. İki rəsmin ortasında üfüqdən boylanan günəş və onun ərtafa saçdığı şüalar, bu şüaları örtməyə, qarşısını kəsməyə qüdrəti çatmayan buludların təəssüratı yaratmağa xidmət edən görüntüləri verilib.
Jurnalın nömrələrindəki səhifələrin sayı fərqlidir.
Hər səhifə iki sütuna bölünüb, hər sütunda isə 30 sətirlik material yerləşdirilib. “Dəbistan” jurnalında klassik ədəbiyyatın öyrənilməsinə aid bir çox materialların işıqlandırılması bu mətbu orqanın dərs vəsaiti rolunu oynamasını göstərir. Bu silsilə məqalələrin bir neçəsinin müəllifi Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər İnstitutunda müəllim işləyən F.Köçərli idi. İmzası imzalar içində yavaş-yavaş tanınmağa başlayan M.Hadi də “Dəbistan”nı öz şeir və tərcümələri ilə rövnəqləndirirdi.
Həsən bəy Zərdabinin jurnalda çap olunmuş yazılarından, təbiət mövzusunda yazdığı elmi-populyar oçerklərindən bu günün biologiya və zoologiya müəllimləri çəkinmədən istifadə edə bilərlər. “Tarixi-təbii” başlıqlı bu yazılar məktəb yaşlı uşaqların dünyagörüşünün daha mükəmməl şəkildə formalaşdırılmasında mühüm rol oynaya bilər.
Jurnalın nəşri çox da uzun sürmür və son nömrə 1908-ci il mart ayının 10-da nəşr edilir. Jurnalın çap olunmasında əsas məqsəd uşaqları maarifləndirmək, onlarda biliyə maraq oyatmaq, elmin müxtəlif sahələri, o cümlədən Azərbaycan və dünya ədəbiyyatı nümunələri ilə tanış etmək idi. Jurnal təlim-tərbiyə işində ailəyə kömək məqsədi ilə “Valideynə məxsus vərəqə” adlı əlavə ilə nəşr olunurdu. Burada uşaqların tərbiyə olunması haqqında valideynlərə tövsiyələr verilirdi. Jurnalın ilk sayının baş məqaləsində valideynlərə müraciətdə bildirilirdi ki, sinifdənxaric oxu və elmi cəhətdən faydalı olan məqalələrin, hekayələrin, tapmaca və bilməcələrin oxunması uşaqlar üçün çox faydalıdır.
“Dəbistan” jurnalında dövrün tanınmış ziyalıları və yazıçılarının imzalarını görmək mümkün idi. Jurnalda təhsil məsələləri ilə yanaşı, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, görkəmli şəxsiyyətlər, yazıçılar haqqında, elm və texnika aləmində baş verən ən son yeniliklər, coğrafiya, fizika, heyvanat aləmi və s. haqqında yazılar dərc olunurdu.
Redaksiya heyəti jurnal dilinin sadə, xalqa yaxın olmasına çalışır, dil haqqında məqalələr dərc edir, çap olunan əsərlərdəki əcnəbi sözlərə aid lüğət və hər nömrəyə dair mündəricat verirdi. Məşhur yazarlar da uşaqlar üçün yazdıqları əsərləri nəşr olunmaq üçün jurnala göndərirdilər. Ə.İ.Cəfərov böyük satirik şair Sabirlə görüşlərin birində ona müraciət edir ki, “Dəbistan”a töhfə kimi məktəbə dair bir şeir yazsın. Sabir dərhal stolun üstündən kağızlardan birini götürüb, cibindən karandaşını çıxarır. Əlüstü “Məktəb şərqisi” şeirini yazır və bu şeir “Dəbistan”ın növbəti nömrəsində dərc olunur. Bundan başqa, jurnalda S.M.Qənizadənin, H.Zərdabinin və bir çox başqa ədib və yazarların uşaqlar üçün əsərləri, rus ədiblərindən İ.Krılovun, A.Puşkinin, L.Tolstoyun əsərlərindən tərcümələr dərc olunurdu.
“Dəbistan”ın naşir və redaktorları Azərbaycanın məktəb tarixində özünəməxsus yeri olan ibtidai sinif müəllimləri Əliisgəndər Cəfərzadə (1875-1941) və Məhəmmədhəsən Əfəndizadə (1886-1918) idi. Bir müddətdən sonra naşir və redaktorluq işini Ə.Cəfərzadə təkbaşına görür. “Dəbistan”ın ətrafına bir çox ziyalı adamların, məktəb müəllimlərinin toplanması bu mətbu orqanı aydınların tribunasına çevrilir.
H.Zərdabi, S.M.Qənizadə, S.S.Axundov, A.Səhhət, M.Hadi kimi görkəmli işıqlı fikir adamlarının “Dəbistan”dakkı çıxışları dərginin əhəmiyyətini xeyli artırmışdı.
M.Ə.Rəsulzadənin “Dəhnamə”yə münasibəti də diqqəti cəlb edir. O,”İrşad” qəzetinin 7 dekabr 1906-cı il sayında yazırdı: “Məlum olduğu üzrə şəhərimizdə uşaqlara məxsus ayda iki dəfə nəşr olunan “Dəbistan” jurnalı 7 aydır ki, nəşr olunur. Demək olar ki, “Dəbistan” Rusiyada, bəlkə də aləmi-islamda əvvəlinci jurnaldır. Doğrudur, Türkiyədə “Cocuqlara məxsus qəzetə” çıxır, lakin Sultan Həmid tərzi idarəsinin senzurundan keçən bu jurnal boş müqəvvadan ibarət qalmışdır…
Biçarə müdir həmi yazıçılıq ediyor, həmi təshih qılır, həmi poçta gediyor, həmi abunəçilərin adreslərini yazıyor, həmi də öz cibindən əlavə olaraq zərər qoyur. İştə baxın qardaşlar, insaf eləyin, bu rəvamıdır? Rəvamıdır ki, biçarə müəllim bu qədər cəfa və bəla çəksin, bu qədər əziyyətlərə qatlaşsın, nəhayətdə də kamali-yəs və ələm ilə güc-bəla düzələn, surətə düşən gözəl bir işi bağlasın getsin?!
Nədir bu ey müsəlman qardaşlar!! Bu nə bətalətdir, bu nə kəsalətdir, bu qədər himmətsizlik olarmı ki, bizdə var…
Siz də ey atalar! Həmiyyətə gəliniz, nahaq yerə xərclədiyiniz pulların bir cüzisindən cüzisi də öz övladınız tərbiyəsində məsrəf edib bu jurnalı bağlanmağa qoymayınız! Kömək ediniz, 3-4 manata qızırqanıb daldasında yatmayınız”.
İki illik fəaliyyəti dövründə “Dəbistan” jurnalı maddi problemlərlə üzləşir. Ə.İ.Cəfərov artıq bağlanmaq ərəfəsində olan jurnalın axırıncı sayında yazırdı: “Oxucular, bəllidir ki, jurnalın axırıncı nömrəsi artıq gecikir. Mən işimi lazımi səviyyədə aparıram, bütün müsəlman əhalisi mənim işimə deyil, “Dəbistan”ın artıq qaçılmaz olan ölümünə, vəfatına acıyırlar. Bütün müsəlman cəmiyyəti dərin yuxudadır, hərəkətsizdir və çox baha da olmayan qəzeti almağa qadir deyildi. Və mən məcburiyyət qarşısındayam ki, öz həmvətənlərimin yuxudan oyanmasını gözləyim. Mən dərin təəssüflə öz istəkli balamın – “Dəbistan”ın həyatını bağlayıram. Tərəqqiyə gedən yolu dəstəkləmək asandır, ancaq onu yenidən bərqərar etmək çətindir”.
Sabir “Dəbistan” jurnalının fəaliyyətini dayandırması ilə bağlı acı təəssüf hissi ilə bu şeiri yazmışdı:

Əlminnətü-lillah ki, “Dəbistan”da qapandı!
Bir badi-xəzan əsdi, gülüstan da qapandı!

“Dəbistan”ın maddi vəsait ucbatından bağlanması bütün maarifçi təbəqəni məyus edir. Bu münasibətlə “Molla Nəsrəddin” jurnalında Cəlil Məmmədquluzadənin “Qızdırmalı” imzası ilə də bir yazısı çap olunmuşdu: “Bir il bundan qabaq sən başlayırdın “Dəbistan” jurnalı çıxartmağa və məndən məsləhət soruşdun. Yadındadır, mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Həyə (əgər-N.N.) yadından çıxıb, qoy yadına salım: Mən sənə dedim: “dəli olma”. Sən dedin: “yox, “Dəbistan” çığardacağam”. Mən sənə dedim: “Başına soyuq dəyib?”. Sən dedin: “yox, çıxardacağam”. Mən sənə dedim: “Görükür ki, çox pulun var”. Sən dedin: “Yox, çıxardacağam.
Sonra sən mənə dedin “pəs nə qayırım?”.
Mən sənə cavab verdim ki, dedim ki, “həyə istəyirsən müsəlman içində bir qazanclı iş başlayasan, bir qədərpul götür, özünü ver Zəngəzur və Qarabağ aclarının içinə,adını qoyHacı Əli İsgəndər və ac kəndlilərə beş manat ver,on beş manatlıq rüccət (“rüxsət”kimi də oxumaq olur-N.N.) al və bir il çəkməsin ki, Qaracadağın anbar sahibi mollasından da dövlətli ol”.
Sən dedin “yox “Dəbistan” çıardacağam ki, məktəb uşaqları oxusunlar, və qabağa gəlsinlər”.
Mən sənə dedim “sən sərsəmləyibsən”…
İndi, dadaş, keyfin necədi? Gətir görüm neçə müştərin var? De görüm, neçə müsəlman şagirdi sənin “Dəbistan”ını oxuyur? Gətir görüm, hanı “Dəbistan”ının qədrini bilənlər?
Mən sənə demədimmi “biz müsəlmanlara “Dəbistan”-zad lazım deyil? Və bir də indi hələ xalqdan nə istəyirsən? Hələ- indi ki yaydı: qovun-qarpız vaxtıdı, nə “Dəbistan”bazlıqdı?..” ( “Molla Nəsrəddin” jurnalı,N 25, 8 iyul 1907-ci il).

***

Mövzuya aydınlıq gətirməkdən ötrü söylədiyimiz bu qeydlərdən sonra oxuculara “Dəbistan”ın 1908-ci ildəki birinci, xronoloji baxımdan 25-ci nömrəsinin biblioqrafiyasını təqdim edirik.

Birinci səhifədə jurnalın adı rus və ərəb əlifbası ilə yazılmış,nömrəsi(9-cu nömrə) ərəb rəqəmi ilə göstərilmişdir. Jurnalın bu nömrəsi 1326-cı il səfərül müzəffər ayının 20-də( miladi təqvimlə 10 mart 1908-ci il-N.N,) çıxmışdır.

Jurnalın adının altında Həsən bəy Məlizadənin qoca vaxtlarının şəkillərindən biri verilmidir. Şəklin müəllifi inisialı P.M. olan rəssamdır. Onun kimliyini müəyyənləşdirmək üçün apardığımız araşdırmalar heç bir nəticə vermədi. Hər halda axtarışlar davam etdirilməli, Həsən bəyin fotodan fərqlənməyən bu şəklinə layiqli qiymət verilməlidir.Belə ki, ömrünün son illərindəH.Zərdabinin səhhətində müəyyən problemlər yaranmış, lakin o, çətinliklərlə mübarizə aparmaq iqtidarında olmuşdur. Rəssam oxucuların diqqətini yayındıraraq,H.Zərdabini vüqarlı və qürurlu ziyalı kimi yaddaşlarda saxlaya bilmişdir.Şəklin altındakı “Mərhum möhtərəm Həsən bəy Məlikzadənin təsviridir” yazısı da dil və tanıtma baxımından maraqlı görünür. Jurnalın üz qabığındakı “ikinci sənə” (ikinci il-N.N.) sözləri müsəlman təqviminə əsaslanır. Miladi təqvimlə “Dəbistan” öz nəşrini 3 il-1906,1907,1908-ci illərdə davam etdirmişdir.Jurnalın nüsxəsi 15 qəpikdir.

II səhifədə mərhum Həsən bəyin son mənzilə yola salınma mərasiminin bir anı foto şəkli vasitəsilə tarixə düşmüşdür. Şəklin altında bu sözlər yazəlmışdır:”Daş körpü tərəfdən alınan mərhum Həsən bəyin təşiyyeyi-cənazəsinin mənzərəsidir”. Şəklin sağ tərəfindəki yazıdan məlum olur ki, bu şəkil “Dəbistan” məcmuəsinin 9-cu nömrəsinə əlavədir”.

III səhifə məcmuənin ənənəvi səhifəsidir.Üç şəkil kollaj edilmiş, baba və nəvə (rəssam P.M.)üzlərini yeni üsullu məktəbin atributlarına –dəftər,qələm,qlobusa (rəssam V.S) tutaraq, məscid tərəfdəki evlərindən məktəbə gedirlər. Bu səhifədəki ”uşaqlara məxsus iki həftədə nəşr olunan,əbnayi-millətimizin tərəqqi və təkamülünə xidmət edən müsəvvər türk jurnalıdır” sözləri də çox mətləbləri yada salır. Bu səhifədəki ilk yazı Ə.İsgəndərin qələmə aldığı “Təracümül-əhval”dır.İkinci yazı Həsən bəyin təşiyeyi-cənazəsi haqqındadır.Müəllifi ”S” imzası ilə göstərilib. Sonrakı yazı “Həsən bəyin türk millətinə xidmətləri”adlandırılmışdır. Müəllifi F.Ağazadədir. Sonuncu yazı “Dil millətin həyatına vasitədir”. Müəllifi S.Əbdürrəmanbəyzadədir. Dörd yazının hər biri Həsən bəy Məlikzadənin mənalı və şərəfli həyatını müxtəlif cəhətlərdən əks etdirən yarımbaşlıqlara bölünmüşdür.

Jurnalın naşir və redaktoru Ə.Cəfərzadə yazısını “Məşahir” yarımbaşlığı ilə başlayır:”Həsən bəy Məlikzadə Zərdabi keçən il noyabr ayının 28-də pəncşənbə günü vəfat etdi.Bunun vəfatı bizim üçün böyük bir müsibətdir.Çünki mərhum təmam ömrünü millətinə xidmət etməklə və onun tərəqqisinə çalışmaqla keçirib və köçürür idi. Əlbəttə, böylə bir zati- ali qədrin ölməgi türk milləti üçün böyük bir müsibət və yas olacağı şübhəsizdir. Mərhum çalışur idi.Fəqət nə yolda,nə üçün? Bu barədə digər mühərrirlərimiz tərəfindən həmin nömrədə ayrı-ayrı məqalələrdə müfəssələn zikr olunur.Burada isə mərhumun tərcümeyi-halını yazmaqla xətm-kəlam edəcəyiz.

Cümlə Qafqaz cəmaətinə və Rusiya müsəlmanlarına məşhur və məlum olan Həsən bəy Məlikov 1841-ci ildə (Bu ili yadınızda saxlayın-N.N.) Zərdab kəndində təvəllüd ermişdir.(Bu tərkibi feli də yadda saxlayın.Mənə elə gəlir ki,”anadan olmuşdur” əvəzinə ,bu feili işlətmək daha münasib görünür-N.N.). Mühüm (çox güman ki, “mərhum” yazılmalı idi-N.N.) on beş yaşında ikən atası onu 1852-ci tarixdə Qafqaz canişini Varansov (Vorantsov-N.N.) tərəfindən Şamaxıda açılan məktəbə qoymuşdur.O məktəbdə mərhum təhsilə məşğul olub, ikmali-təhsil etdigi il, yəni 1859 sənədə Qafqaz məkatib müdiri baron Nikolay Şamaxıya gəlib, haman məktəbin imtahanında bulunmuşdur. Mərhum Həsən bəyməkatib müdirinin hüzurunda fövqəladə surətdə imtahan verdigindən müdir müşarileyh ( yuxarıda haqqında danışılan-N.N,) onu öz xərci ilə Tiflis gimnaziyasında oxutmağı istəmişsə də,mərhum Həsən bəyin böyük qardaşları bu işə mane olmuşlar.Amma bir az sonra mərhum Həsən bəyin anasının anasının dayısı(əslində atasının dayisı olmalıdır-N.N.) ceneral( general—N.N.) Fərəc bəy Ağayev Tiflisdə sükunət etdiginə görə böyük qardaşları bunun Tiflisə getməginə razı olmuşlar. Mərhum Tiflisə gedərkən orada gimnaziyanın beşinci sinfinə imtahan verib, qəbul olunmuşdur. Gimnaziyada ikmali-təhsil edib,(medal) nişan ilə şəhadətnamə alıb qurtarandan sonra padşahlıq xərcilə Moskva Darülfünununa qəbul olunmuşdur.Məzkur darülfünunda dəxi 1869 sənədə ekmali təhsil edüb, vətəni olan Qafqaza qayıtmışdır”.

“Dəbistan”da Həsən bəyin tərcümeyi-halının təqdimatında bir sıra anlaşılmazlıqlar var. Həsən bəy Məlikzadə Moskva Universitetində 1861-1865-ci illərdə oxumuşdur. O ki qaldı Həsən bəyin Vətənə qayıtmasına, burada bir məsələ diqqət mərkəzində saxlanılmalıdır. O vaxtlar belə bir qayda var idi ki,başqa yerə ali məktəblərə oxumağa gedənlər mütləq təhsil aldıqları gimnaziyanın yerləşdiyi şəhərə qayıtmalı idilər.H.Məlikzadə də Moskvadan Tiflisə gəlmişdi.

Həsən bəyin Qafqaza qayıdandan sonra altı ay yersiz qalması, bundan sonra Bakı Real Məktəbinə tarixi –təbiyyə müəllimi təyin olunması faktında da bir sıra uyğunsuzluqlar var. Bəzi mənbələrə görə H.Məlikzadə Moskvadan Tiflisə qayıdandan sonra əvvəlcə buradakı dövlət idarələrinin birində-mübahisəli torpaq məsələlərinə baxan”Mejovaya palata”da, sonra isə Qubada işləmişdir.

Həsən bəyin tərcümeyi-halını öyrənmək üçün ən tutarlı mənbə faktlara əsaslanan arxiv materiallarıdır. H.Məlikzadənin həyat səhifələri Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində saxlanılan bir sıra materiallar doğru-düzgün əks etdirir.(Bax: Fond 309,siyahı 1,saxlama vahidi 403). Burada Həsən bəyin jurnalistik fəaliyyətini əks etdirən onlarla arxiv sənədi vardır.

Əlisgəndər Cəfərzadənin yazısında əminliklə “H.Məlikzadə 1875-1876-cı tarixində … dövlətdən izn alıb, Rusiyada əvvəlinci müsəlman qəzetəsi olan “Əkinçi” adlı bir qəzetə nəşr etməgə başlamışdır “ yazsa da,materialların təqdimatında xronoloji ardıcıllıq pozulmuşdur. H.Zərdabi “Əkinçi” adlı qəzetin çapı üçün icazə ərizəsini 1873-cü il mayın 1-də yazmışdır. (ARDTA,fond 309,siyahı 1,saxlama vahidi 584, vərəq 1,3.).

Ə.Cəfərzadə yazısının sonunda “Əkinçi” qəzetində çap olunmuş bir neçə material haqqında məlumat verməklə H.Məlikzadənin jurnalistik fəaliyyətini “Dəbistan”ın oxucularına çatdırır.

Məcmuənin ikinci məqaləsi mərhum Həsən bəy Məlikovun noyabrın 29-da son mənzilə yola salınması haqqındadır:təşyi cənazəsi. Məqalə “S” imzası ilə yazılmışdır. Bu imza, çox güman ki, Həsən bəyi yaxından tanıyan , hələ 1890-cı illərdən onunla əqidə və məslək dostu olan Sultan Məcid Qənizadənindir.

Bu yazı Həsən bəy Məlikzadəyə göstərilən xalq məhəbbətinin əyani sübutudur. Cənazənin qabağında təqdim olunan şu şeylər əllərdə tutulmuşdu:

1)Gimnaziya müəllimləri tərəfindən mərhumun əl ilə çəkilmiş böyük şəkli

2)Bakı müsəlman müəllimləri tərəfindən gümüş cildli albom üzərində qııl çərçubə içində mərhumun təsviri

3)”İrşad” qəzetəsi tərəfindən gözəl çiçəklər ilə bəzənmiş çarçubə1875-ci ildə nəşr olunan “Əkinçi” qəzetəsinin bir nömrəsi

4)”Dəbistan”məcmuəsi tərəfindən cəmaətə paylanmaq üçün əlahiddə vərəqlərdə mərhumun rəsmi

5)Bakı müsəlman dram dəstəsi tərəfindən məxmər üstündə gümüşdən qayrılmış sənayei-nəfisənin əlaməti olan lira.

…Cənazə müsəlman arasında görünməmiş təntənə və dəbdəbə ilə Qasım bəy məscidinə aparıldı. Orada iramayi-giram mərhumun namazını əda etdilər.Namazdan sonra cənazəni məscidə aparıb, orada xətmi-Quran olununca həyətdə natiqlər nitq söyləməyə başladılar…Mərhumi –möhtərəmi dəfn etmək üçün Bakının yavuqluğunda olan Bibiheybətə arardılar. Böylə vücudun türbəsi ziyarətgahi-irfan olacağı şübrəsizdir”.

Bu yazıdakı faktların ən maraqlısı odur ki,Həsən bəyin yazıdakı portreti Bakı Gimnaziya müəllimləri tərəfindən çəkilmişdir. Deməli, Həsən bəy Məlikzadənin şəklinin əsas müəllifi kimi göstərilən P.M-i Gimnaziya müəllimlərinin arasında axtarmaq lazımdır.

“Dəbistan”ın 9-cu nömrəsindəki üçüncü məqalənin müəllifi müəllim Fərhad Ağazadədir. Məqalədə Həsən bəyin türk millətinə etdiyi xidmətlərindən, müəllimlik fəaliyyətindən,müsəlman teatrının ,”Cəmiyyəti-xeyriyyə”nin banisi olmasından,mühərrir və qəzet sahibi olmasından ətraflı söz açılır. Yazıda ən maraqlı cəhətlərdən biri Həsən bəy Məlikzadənin bütün səhifələrində soyadsız, “Həsən bəy” kimi təqdimatıdır.”Əkinçi” qəzetinin nəşr tarixini öyrənmək yolunda bu yazı tutarlı mənbə kimi diqqəti cəlb edir.

“Dəbistan”ın 9-cu (10.03.1908-ci il) nömrəsindəki”Dil millətin həyatına bir vasitədir” məqaləsinin müəllifi Süleyman bəy Əbdürrəhmanbəyzadədir. Cəmi 7 abzasdır. Yazı H.Məlikzadənin dilçilik görüşlərini öyrənmək baxımından çox maraqlı görünür. Müəllifin Həsən bəydən gətidriyi sitat ana dilinə qayğının ən bariz nümunələrindəndir:”İstiyorsunuzmu türk milləti yaşasın? Mədəniyyətli olsun? – Ona dil verin;türklər öz dillərini itiriblər.Sizin sözünüzü onlar anlamıyorlar.Onların dilini tapın, verin-onlar yaşasın,qabağa getsin!…”

Jurnalın sonundakı “Dəbistan” şirkətinə dair” yazıda “Dəbistan” məcmuəsinin düşdüyü çətinliklərdən, onun nəşrini davam etdirmək yolunda aparılan böyük işlərdən söz açılır. Yazıdan məlum olur ki,”bir-iki ay bundan əqdəm( 1908-ci ilin yanvar –fevral aylarında -N.N.) “Dəbistan “əhyası üçün müəllimlərdən bir heyət təşkil olunub möhtərəm “İrşad vasitəsilə cəmaətə, bir xitabnamə yazılmışdı. Xitabnamədəki şəraitin altıncı fəslinə görə bu ilin mart ayınadək yüz pay satılsa idi,

” Dəbistan “ həman aydan çıxacaq idi. Məəttəəssüf bu vəqtədək ancaq qırx altı adam şirkətə daxil olmağa riza göstərdiyindən böylə bir mühüm işə qədəm qoymaq qeyri-mümkün olduğu məlum oldu. Lakin “Dəbistan”ın əhyasına himmət edən heyət bu günlərdə bir ümumi məclis tərtib edib, bu barədə müzakirə edəcəkdir”.

Sonda şirkətə daxil olanların siyahısı verilmişdir.

Göründüyü kimi, “Dəbistan”ın sonuncu nömrəsi bir qrup milli ziyalılarımızın maddi vəsaiti ilə çıxmış, onlar öz müəllimlərinə – Həsən bəy Zərdabiyə öz ləyaqət və ehtiramlarını bildirmişlər.

___________________________________________

*******
Azərbaycanın türkdilli uşaq mətbuatının “Dəbistan”dan başlanan daşlı-kəsəkli yoluvə yaxud ucalan mərtəbələr

( Məqalə Türkiyəli dostum Haldun Sezayirlioğlunun “Çocuk Səsi” Dərgisinin təsiri ilə yazılmışdır)

Azərbaycanın yürkdilli uşaq ədəbiyyatının tarixi lap qədimlərə gedib çıxsa da, uşaq mətbuatının tarixi 1906-cı il aprel ayının 16-dan başlayır. Həmin gün Bakıda “Dəbistan” adlı uşaq dərgisinin ilk nömrəsi çap edilərək oxuculara ünvanlanmışdır.

Üç il ərzində(1906-1908) dərginin 27 nömrəsi çap edilmişdir. 1907-ci ildə “Dəbistan”ın 8 nömrəsi çıxmışdır.1908-ci ildə cəmi bir nömrəsi çıxan “Dəbistan” – 1907-ci il noyabrın 28-də Bakıda vəfat etmiş görkəmli təbiətşünas alim,1875-1877-ci illərdə “Əkinçi” adlı qəzetin redaktoru, “Dəbistan”ın fəal müxbiri Həsən bəy Zərdabinin xatirəsinə həsr edilmişdir.

“Dəbistan”ın naşir və redaktorları Azərbaycanın məktəb tarixində özünəməxsus yeri olan ibtidai sinif müəllimləri Əliisgəndər Cəfərzadə (1875-1941) və Məhəmmədhəsən Əfəndizadə (1886-1918) idi. Bir müddətdən sonra naşir və redaktorluq işini Ə.Cəfərzadə təkbaşına görmüşdür. “Dəbistan”ın ətrafına bir çox ziyalı adamların , məktəb müəllimlərinin toplanması bu mətbu orqanı aydınların tribunasına çevirmişdir.

H.Zərdabi,S.M.Qənizadə,S.S.Axundov, A.Səhhət, M.Hadi kimi görkəmli işıqlı fikir adamlarının “Dəbistan”dakkı çıxışları dərginin əhəmiyyətini xeyli artırmışdır.

M.Ə.Sabir ” Dəbistan”da çıxış etməsə də, onun nəşrinin dayandırılmasından narahatlığını “Molla Nəsrəddin” jurnalının 29 iyul 1907-ci il tarixli 28-ci nömrəsində dərc etdirdiyi “Əlminnətü-lillah ki,”Dəbistan” da qapandı”

şeirində – 7 beytlik qəzəlində özünəməxsus rümuzlarla belə bildirmişdir:

“Meydani-rəqabətdə bizim himmətimizdən

Dəva qapanıb Rüstəmi-dastan da qapandı!

*

Ətfali -vətən qoy bağırıb ölsün acından

Yandı analar sinəsi, püstan da qapandı!

*

Qoy köhnələrin daş ürəyi gül tək açılsın,

Darüzzəfəri-tazəpərəstan da qapandı!

*

Maraqlıdır ki, M.Ə.Sabir bu şeirin dərcindən təxminən bir ay yarım əvvəl – “Molla Nəsrəddin” jurnalının 8 iyun 1907-ci il tarixli 25-ci nömrəsində”Ədəbiyyat” başlığı altında 10 beytlik “…ölübə” rədifli qəzəlini çap etdirmişdir. Məzmun ,

nüktə və rümuzlarına görə bu şeirin də iyunun 4-dən sonra qapadılan “Dəbistan”a aid olmasını düşünmək olar.

Cəlil Məmmədquluzadənin jurnalın elə bu nömrəsində yerləşdirdiyi “Dəbistan” felyetonu da bu ehtimalı gücləndirir. “Dedim-Dedin” şəklində yazılmış bu felyetondan bir hissəni oxucuların diqqətinə çatdırırıq:

“Necədir, dadaş? İndi gəldin mənim sözümə? İndi bu qoca Mollanın qədrini bilərsən.

Bir il bundan qabaq sən başlayırdın “Dəbistan” jurnalı çıxartmağa və məndən məsləhət soruşdun.Yadındadır, mən sənə nə dedim? Yoxsa, yadından çıxıb?

Qoy yadına salım:

Mən sənə dedim “dəli olma”. Sən dedin “yox, “Dəbistan”çıxardacağam”. Mən sənə dedim “başına soyuq dəyib”. Sən dedin, ” yox , çıxadacağam”. Mən sənə dedim ki, “görükür ki, çox puln var”. Sən dedin ki, “yox, çıxardacağam”.

Cəlil Məmməquluzadə redaktorun bu inadkarlığı xatıtlatmaqla, onun düzgün yolda olduğunu oxuculara Ezop manerası ilə başa salmaq istəyirdi. “Qızım, sənə deyirəm, gəlinim , eşit” deyimi burada əsl həqiqəti üzə çıxarır: “Dəbistan” maarif və elm fədailərinin qaranlıq yollarını işıqlandırır.

“Dəbistan” başlığı altında – onun iki həftədə bir dəfə nəşr olunan , millətin tərəqqi və təkamülünə xidmət edən müsəvvər (şəkilli-N.N ) jurnal olduğu bəyan edilmişdir. “Dəbistan” jurnalının əsas materialları məktıb yaşl uşaqların mütaliəsinə, ana dilinin dərindən öyrənilməsinə,müəllimlərin metodiki hazırlığına yönəldilmişdir.

Jurnalın idarəxanəsi Hacı Zeynalabdin Tağıyevin Bakıda Nikolayev küçəsindəki binasında yerləşirdi.

Jurnalın oxuculara ünvanlanan , ön söz sayıla bilən sütununda “göndərilən yazıların sadə türkcə olmaları təmənna olunur” ifadəsi xüsusilə vurğulanmışdır.

Bu xahiş və göstərişə “Dəbistan”ın , demək olar ki, bütün yazarlarında əməl etmişlər.

Jurnalın üz qabığında üç rəsm əsəri kollaj edilmişdir. Rəsmlərin ikisində rəsm müəllifilərinin adına işarə vardır. Adını hələ aça bilmədiyimiz P.M. və V.S kriptoqramları şəkillərdə ( burada ad və soyadlarının baş hərfi ) aydın görünür. Bu rəssamlardan birinin çəkdiyi şəkillərin birində məscidin önündən keçərək nəvəsini məktəbə aparan nurani bir qoca ilə qoltuğunda dəftəri olan nəvəni görürük.

İkinci şəkildə yeni məktəbə aid atributlar göstərilir. İki rəsmin ortasnda üfüqdən boylanan günəş və onun ərtafa saçdığı şüalar, bu şüaları örtməyə, qarşısını kəsməyə qüdrəti çatmayan buludların təəssürat yaratmağa xidmət edən gürüntüləri verilmişdir.

Jurnalın nömrələrindəki səhifələrin sayı fərqlidir.

Hər səhifə iki sütuna bölünmüş, hər sütunda 30 sətirlik material yerləşdirilmişdir.

“Dəbistan”ın hər nömrəsinin sonunda dərc olunan materiallarin içindəki çətin sözlərin lüğəti verilmişdir.Bu səhifənin müəllifi jurnalın redaktoru Əliisgəndər Cəfərzadə idi . O, imza kimi adını təşkil edən sözlərin baş hərflərindən istifadə edirdi.

“Dəbistan”ın hər ay 8 səhifəlik əlavəsi çıxırdı. Əlavələrdə ayrı-ayrı siniflər üzrə müəllimlərə metodiki göstərişlər verilir, dərs cədvəllərinin tərtibi qaydaları izah olunurdu. Bu cəhətdən “Dəbistan”ın əlavələrdən biri–15 sentyabr 1906-ci ilə aid “Valideynə məxsus vərəqə”si diqqəti cəlb edir.

“Əlavə”dəki materiallardan biri 1906-cil avqust ayının 15-dən ayın axırınadək davam edən “Müəllimlər ictimaisi”ndə( Avqust müşavirələrində -N.N.) edadi ( orta məktəb-N.N.),rüşdiyyə (ibtidai məktəblə orta məktəb arasında olan məktəb ) və dörd illik məktəblər üçün tərtib olunan məramnamələrin çap variantıdır. Siniflər üzrə tərtiç olunmuş məramnamələr valideyn-məktəb münasibətlərinin əlaqələndirməsi baxımından maraqlı görünür.

Oxucuların diqqətini ” Türk dilinin məramnaməsi ” başlıqlı materiallara

yönəldirik:

Birinci sinif

1) Dərsi-şifahiyyə

(yəni ağızdan deyilən dərslər) – bir aydan ay yarıma qədər

2) Əlifba təlimi- martın on beşinə qədər

3) Asan və müxtəsər hekayə və mənzumələr

Yazı dərsləri

1) əczayi-hüruf yazısı ( indiki anlamda – hərflərin hissələr üzrə

yazılma qaydaları -N.N.)

2) hərflər, kəlmələr və mətləblər yazısı

3) şəkil çəkmək

4) imla dərsi ( sövt ilə səs, səda ilə-N.N. )

5) kitab üzündən yazdırma

6) hüsnxətt

Müasir dövrün müəllimləri bu tarixi metodiki məlumatlardan çöx bəhrələnə bilərlər. Bu cəhətdən 3-cü sinif üçün məsləhət görülən “Yazı dərsləri”ni nəzərdən keçirək.

Yazı dərsləri

1) hifzdən yazdırmaq (oxudulmuş mənzumələrdən)

2) imla dərsləri

3) oxudulmuş nəqlli hekayələrin məzmununu yazdırmaq (suallar vasitəsilə və yaxud sualsız )

4) müxtəlif məzmunlarda məktublar inşa etmək

5) məşq və şəkil dərsləri

“Dəbistan”ın reklam xarakterli elanları da bugünkü uşaq mətbuatı orqanları üçün nümunə ola bilər.Burada müxtəlif annotasiyalara , yeni nəşrlərin reklamlarına səxavətlə yer ayrılmışdır. Bu materiallar məktəb tarixi, dərsliklər və lüğətlər haqqında maraqlı xəbərlərlə ilgilidir.

“Rəhbər” -jurnalının reklamına diqqət yetirin:

” Rəhbər”-

Qafqazın və tamam Rusiyanın məişətindən bilümum ( ümumən -N.N.)Rusiya müsəlmanlarının məişətindən bilxüsus ( xüsusilə-N.N.) ədəbiyyatından və üsuli-təlim və tərbiyədən bəhs edən aylıq türk jurnalıdır, həmin sentyabr ayının 20-dən etibarən çıxmağa başlayacaqdır. İl başınacan (1907-ci ilin ibtidasınacan ) abunə qiyməti bir manat 50 qəpikdir. Müştəri olmaq xahiş edənlər ” Dəbistan” jurnalının idarəsinə rücuh etsinlər.

Sahibi-imtiyazı və müdir –Mahmud bəy Mahmudbəyov”.


“Dəbistan”dakı digər bir elan hesab dərsliyi tarixini öyrənmək cəhətindən yadda saxlanılmalıdır.

***Mütəəllimlərə (elm öyrənənlərə-N.N) töhfə ****

Mübtədi şagirdlərə türk lisanında elmi-hesabdan bir töhfəcik. Biri beş şahı ( 25 qəpik ) pul əvəzinə, poçta markası qəbul olunur. Adres: Bakı, maqazin “Hİdayət”- Əliyev.


“Dəbistan” jurnalında klassik ədəbiyyatımızın öyrənilməsinə aid bir çox materialların işıqlandırılması bu mətbu orqanın dərs vəsaiti rolunu oynamasını göstərir. Bu silsilə məqalələrin bir neçəsinin müəllifi Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər İnstitutunda müəllim işləyən F.Köçərli idi. İmzası imzalar içində yavaş-yavaş tanınmağa başlayan M.Hadi də “Dəbistan”nı öz şeir və tərcümələri ilə rövnəqləndirirdi.

Jurnalda həyatının son illərini yaşayan Həsən bəy Zərdabinin təbiət mövzusunda yazdığı elmi-populyar yazılardan bu günün biologiya və zoologiya müəllimləri çəkinmədən istifadə edə bilərlər. “Tarixi-təbii” başlıqlı bu yazılarda məktəb yaşlı uşaqların dünyagörüşünün daha mükəmməl şəkildə formalaşdırılmasında istifadə etmək olar.

“Dəbistan” fars sözüdür.Mənası ibtidai məktəb, mədrəsə deməkdir. Bu məktəb mətbu söz vasitəsi ilə digər sahələrin, elm , sənət, mərifət, qanacaq öyrədən təhsil və tərbiyə ocaqlarının əsasını qoydu.

Bu bünövrənin ikinci mərtəbəsi – “Rəhbər” jurnalıdır.

Üçüncü mərtəbə özü bir məktəbdir – “Məktəb”dərgisi.

Bu mərtəbər-uşaq mətbuatımızin mərtəbələri haqqında sonrakı yazılarımızda məlumat verəcəyik.

Nazim Nəsrəddinov,

11.03.2021

  • DəbistanDəbistan
Dəbistan
Azərbaycan məktəbi dəbistan jurnalı

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

İstifadə edilmiş ədəbiyyat siyahısı
1.Axundov Nazim.Azərbaycanda dövri mətbuat.Bakı,1965
2.Əzizov Əbdül.Uşaqların sevimliləri. Bakı,1978.
3.Rüstəmov İzzət.Həsən bəy Zərdabi. Bakı,2012.

4.Sadıqova Sevda Muradxan qızı.”Dəbistan” uşaq jurnalının dili. Bakı, 1998. (f.e.n.almaq üçün yazılmış namizədlik dissertasiyası).

5.Nəsrəddinov Nazim. Azerbaycan çocuk dergisi: “Debistan”. Ankara,Haldun Cezayirlioğlu Koleksiyonu. 08 Ekim 2012-ci il. 

6.Nəsrəddinov Nazim. Azərbaycan uşaq mətbuatının daşlı-kəsəkli yolu və yaxud ucalan mərtəbələr. “Olaylar” saytı,08.10.2012-ci il
7.Nəsrəddinov Nazim. Azərbaycan uşaq mətbuatının “Dəbistan”dan başlanan daşlı-kəsəkli yolu və yaxud dərslik səviyyəli jurna”Strategiya.az” 8.Tahir Aydınoğlu. Tarixi qədirbilənlik nümunəsi. “Dəbistan” (1908,N9) toplusunun ərəb əlifbasındantransfoneliterasiya edilmişnəşrinə yazılmış ön söz. Bakı,2012,səh.4-6.9. ARDTA. Fond 309.siyahı 1,saxlama vahidi 584;fond 309,siyahı 1,saxlama vahidi 403.22.12.2012-ci il.10.Nazim Nəsrəddinov.Azərbaycanın türkdilli uşaq mətbuatının Dəbistan dan başlanan daşlı-kəsəkli yolu 11 Mart 2021 Kırımın sesi qəzeti

Pin It on Pinterest