Nazim Nəsrəddinov: XX əsrin ilk Azərbaycan dərslikləri və yaxud iki “Bəsirətül-ətfal”

1.”Bəsirətül-ətfal”, Bakı,1901
2. Müsəvvər (şəkilli ) “Bəsirətül-ətfal”,İstanbul,1907
_____________________________________________________

Bəsirətül-ətfal”,Bakı,1901

Görkəmli Azərbaycan pedaqoqu Rəşid bəy Əfəndizadə bir neçə dərslik müəllifidir. Bu dərsliklərdən biri 1898-ci ildə İstanbulda Azərbaycan dilində nəşr olunan “Uşaq bağçasi” haqqında ədəbi və elmi ictimaiyyətə məqalələrimizin birində ətraflı məlumat vermişdik.

R.Əfəndizadənin İstanbulda çap olunmuş daha bir dərsliyi də vardır. Bu dərsliyin adı “Bəsirətül-ətfal”dır. “Bəsirət” ərəb mənşəli sözdür, “gözüaçıqlılıq, dərrakəlilik” kimi tərcümə olunur. “Ətfal” da ərəb mənşəlidir, “tifil” (uşaq) sözünün cəmidir. Deməli, “Bəsirətül-ətfal”ı “Uşaqların gözüaçıqlığı, dərrakəliliyi ” kimi tərcümə etmək lazımdır.

Bu yazımız R.Əfəndizadənin İstanbulda çap olunmuş daha bir dərsliyi haqqındadır.

R.Əfəndizadənin bu adda ilk dərsliyi 1901-ci ildə Bakıda çap olunub.


XX əsrin əvvəllərində R.Əfəndizadə xalqa və onun məktəbli övladlarına öz sözünü yenə də dərslik vasitəsilə söyləmək qərarına gəlib.
O, 1901-ci il sentyabrın 12-də Qafqaz Senzura Komitəsindən Bakıda Azərbaycan dilində “Bəsirətül-ətfal” adlı 226 səhifəlik yeni bir dərsliyin çap edilməsinə icazə alıb. Dərslik Bakı Quberniya İdarəsinin mətbəəsində çap olunub.

Rəşid bəy Əfəndizadənin bu dərsliyi də onun 1898- ci ildə İstanbulda çap olunan “Uşaq bağçası” dərsliyi kimi türkdilli reqionlarda bəyənilib və təqdir edılib.


Yeni dərslik – “Bəsirətül-ətfal” müəllifin “Uşaq bağçası” dərsliyi ilə yanaşı, mübtədi (ibtidai) məktəblərinin əsas oxu kitabı kimi şagirdlərin mütaliə mədəniyyətinin inkişafına güclü təsir göstərib.

Dərslikdəki bədii parçalar, öyüd və nəsihət xarakterli yazılar məktəb yaşlı uşaqların elmi, idraki, həyati biliklərinin zənginləşməsinə yönəldilib.

İki babdan – hissədən ibarət olan “Bəsirətül-ətfal”da Azərbaycan ədəbiyyatına,onun nəzəri məsələlərinə geniş yer verilməsi diqqəti cəlb edən məsələlərdəndir. Bu materialların hazırlanmasında Türkiyədə çap olunan dərslik və ensiklopediyalardan geniş istifadə olunması “Bəsirətül-ətfal”ın dəyərini artıran amillərdən biri kimi qiymətləndirilməlidir.

***

Rəşid bəy Əfəndizadə 1907-ci ildə “Bəsirətül-ətfal”ın yeni nəşrini hazırlayıb.
Dərsliyin üz qabığında o dövrün müasir dərs avadanlıqları ilə təchiz edilmiş sinif otağının mənzərəsi əks olunub.

Nümunəvi məktəb mühitini canlandırmağa çalışan rəssamın soyadını çətinliklə də olsa Taburin kimi oxuduq. Müxtəlif elmi mənbələrdən onun kimliyi haqqında xeyli material topladıq.
Əsərini “Taburin” kimi imzalayan şəxs XX əsrin ən böyük rəssamlarından biri Vladimir Amosoviç Taburindir.

V.A.Taburin dünya şöhrətli sənətkardır. O, görkəmli rəssam, yazıçı, jurnalist, fotoreportyor, pedaqoq, plakat ustası kimi tanınır. V.A.Taburin rəssamlığın kitab illüstrasiyası sahəsində bir sıra maraqlı əsərlərin mahir nümayəndələrindəndir.
Çox təəssüf ki, Azərbaycanla bağlılığı olan bu sənətkarı Azərbaycanda tanıyanlar demək olar ki, yoxdur. Bu fikrə bir neçə ziyalı ilə söhbət edəndən sonra gəlmişəm. (Onların arasında tanınmış rəssamlar da var).

V.A.Taburin rus ədəbiyyatının A.S.Puşkin, M.Y.Lermontov N.V.Qoqol, İ.S.Turgenyev, İ.A.Qonçarov, N.S.Leskov, A.P.Çexov, P.D.Boborıkin, V.İ.Nemiroviç-Dançenko kimi yazıçılarının əsərlərinə çoxlu illüstrasiyalar çəkib.


Azərbaycan yazıçısı, pedaqoqu, şairi, tərcüməçisi və dərslik müəllifi Rəşid bəy Əfəndiyevin “Bəsirətül-ətfal”kitabının üz qabığındakı illüstrasiya bu böyük söz ustalarının cərgəsində çox təntənəli görünür.

Mənbələrdə V.A.Taburinin 1907-ci ildə hərbi müxbir olduğu göstərilir.
Onun bu dövrdə İstanbulda olması da faktdır. “Bəsirətül-ətfal”ın üz qabığına çəkilən şəklin çəkilmə sifarişçisinin kim olduğu bilinmir.
Şəkildə canlı bir dərsin görüntüləri diqqəti cəlb edir. Bu şəkil məncə, rus sənətkarlarına məlum deyil. Şəkildəki sinif otağını və müəllimi başqa bir illüstrasiyada da görürük. (Bu şəkil bu yaxınlarda rus sənətsevərlərinə məşhur rəccamın yeni tapılmış əsəri kimi təqdim olunub).

12-13 yaşlı tələbələ qızların sinfə daxil olan müəllimə yönələn maraqlı baxışları burada həmişə canlı dərslərin keçilməsindən xəbər verir.
Bu müəllim obrazına V.A.Taburinin XX əsrin əvvəllərində rus yazıçısı Lidiya Çarskayanın əsərlərinə çəkdiyi illlüstrasiyalarda da rast gəlinir.

“Bəsirətül-ətfal”əsərinin müəllifi kitabın üz qabığında belə təqdim olunur: “Zaqafqas Darülmüəlliminin müsəlman şöbəsinin elmi-ilahi və lisan müəllimi Rəşid bəy Əfəndizadə”.

“Bəsirətül-ətfal”ıın ikinci nəşri kimi təqdim edilən bu dərslik islamiyyə tarixi ilə 1325-ci ildə (miladi tarixi ilə 1907-ci ildə) İstanbulda Babəli caddəsində 72 nömrəli binada yerləşən “Mahmud bəy” mətbəsində çap olunub.

Dərsliyin sonundakı elanlarda müəllifin bədii bə elmi yaradıcılığna işıq salan məqamlar var. Belə ki ilk nəşri 1898-ci ilə aid olan “Uşaq bağçası” 1907-ci ilə qədər üç dəfə nəşr olunub.

R.Əfəndizadənin beş məclisli “Qan ocağı” komediyası da bu ərəfədə çap olunub.

İstanbulda çap olunan “Bəsirətül-ətfal” həcmcə  1901-ci ildə Bakıda çap olunan
“Bəsirətül-ətfal”dan kiçikdir,1 cəmi 28 cəhifədir.

Dərslik iki hissədən–babdan ibarətdir. Birinci bab daha əhatəldir. İkinci bab 90-cı səhifədən baslayır.

Yeni nəşrdə mövzulara aid 30-a yaxın şəkil var. Bu şəkillərin də V.A.Taburinə aid olması şübhəsizdir. Belə olduğu təqdirdə, Rəşid bəy Əfəndizadə ilə V.A.Taburinin üzbəüz söhbət etdiklərini düşünmək olar. Belə ki şəkillər mövzu ilə əlaqəlidir. Bunu da Azərbaycan dilini bilməyən dahi rəssama izahat verən şəxs rus dilini bəzi ruslardan yaxşı bilən R.Əfəndizadə özü ola bilərdi.

Dərslik “Yüz yaşlı qoca ” zərifəsi ilə başlayır.

Bu zərifə əslində N.Gəncəvinin “Kərpickəsən qoca və cavan” hekayəsinin təsirilə yazılıb.

Bir neçə cavan yüz yaşlı qocanın torpağa alma toxumu səpdiyini görüb onu bu işdən çəkindirməyə cəhd edir:

“Ey qoca baba, sənin yüz yaşın var, toxumdan çıxan cırı calayıb, əmələ gətirəndən sonra meyvəsini görmək çox ömür istər… Zəhmət çəkmə, bu,sənə çatmaz”.


Qocannın cavabı çox sərrast olur:

”Əzizlərim! Əkiblər, yemişik, əkərik, yeyərlər”.

Birinci babın “Fəqir Bülbül və qəni Qarışqa “, “Gün, Ay və Ulduz” “Uşaq və ayna”, ”Alma ağacının əhvalı”, “Seyid Əzimin oğluna yazdığı nəsihətlər” və s. maraqla oxunur.

Dərslikdəki təbiət hekayələri R.Əfəndiyevin ətraf mühitə, coğrafi anlayışların izahına bacarıqlı ögretmen mövqeyindən yanaşdığı hiss olunur.

Dərsliyin ikinci babı ədəbiyyat xüsusundadır. Burada M.Füzuli və şair Nəbi haqqında maraqlı məlumat verilir, oxucular divan ədəbiyyatının səciyyəvi xüsusiyyətləri ilə tanış edilir. Bu hissənin zərbi- məsəllərə, yazının üsuluna, imlasızlığa həsr olunmuş materialları da diqqəti cəlb edir,məktəb yaşlı uşaqları elmə, təhsilə həvəsləndirir.

***

Nazım Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,
türkoloq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest