Nazim Əhmədli – ŞİİRLER
Mən sevdiyim dəniz
yenə bu daşqın könül,
bir sevdaya gül oldu;
canım bir oda düşdü,
yanıb-yanıb kül oldu;
*****
yordu məni, yor- yoxuş,
nələr olar, yır- yığış;
gəlmədi yaz, yay, nə qış,
bir ayrı fəsil oldu;
*****
qarı dünya qarışdı,
yol-yolaq qar-qamışdı;
bizi kim qarğımışdı,
dərdimiz min il oldu;
*****
bir ömürdü, sökdüyüm,
kimdi yığan, əkdiyin;
ürək çəkdi, çəkdiyin,
ağlayan könül oldu;
*****
ağ buludlar ağ atdı,
ayrılıqlar tağ atdı;
hərə bir az dağıtdı,
dünya tör-tökül oldu;
*****
niyə soldu, gün üzü,
gecə sıxdı gündüzü;
mən sevdiyim dənizin,
suları şəkil oldu.
Ayrılıqlar qarıdı
qısır oldu buludlar,
əkin-biçin qurudu;
saçlarıma tökülən,
payızın qubarıdı;
*****
dünya yuxusayaxdı,
ruhum orda oyaxdı;
anam dağlara baxdı,
üz – gözünü darıdı;
*****
yordum özümü, ütdüm,
soldu bənizim-bətim;
bu zalımca həsrətin,
rəngi-ruhu sarıdı;
*****
buludlar hamar-hamar,
göy üzündən su damar;
zirvədə qurd düşən qar,
örən ilin qarıdı;
*****
ömür-gün sənə-sənə,
dərd gəlir, dönə-dönə;
yollar uzandı yenə,
ayrılıqlar qarıdı.
Təzə dünya dağılır
əllərimi buz kəsir,
niyə belə soyuxdu;
ruhum didərgin oldu,
ağrılarım hayıxdı;
*****
üzdüm o çiy sularda,
doğma, ögey sularda;
həsrətim göy sularda,
azıb qalan qayıxdı;
*****
hanı, çəkilən ahlar,
dönüb gəlir günahlar;
baxma, yatıbdı dağlar,
bulaqları oyaxdı;
*****
su yorulmur axmaqddan
ölürəm, darıxmaqdan;
göy üzünə baxmaqdan,
gözlərimiz qıyıxdı;
*****
bulud kilim-kilimdi,
yanıb-sönən külümdü;
dağ yarıdan bölündü,
arasından çay axdı;
*****
hanı huşum, ağılım,
harda bitir nağılım;
təzə dünya dağılır,
köhnə dünya ta yoxdu.
Yaxşılıqlar çəkildi
gün doğdu dan üzündən,
duman dağa büküldü;
toz cücərdi qayadan,
nə çiçəkdi, nə güldü;
*****
gün atdanıb incələr,
ruhum harda dincələr;
qap-qaranlıq gecələr,
saçlarımdan söküldü;
*****
kimlər məni unudar,
harda bir az umud var;
sındı qara buludlar,
yal-yamaca töküldü;
*****
kimdi məni səsliyən,
canımda dərd bəsliyən;
dünya qaldı pisliyə,
yaxşılıqlar çəkildi;
*****
baxdıq ulduza, Aya,
bir az yaşadıq, guya;
gördüyümüz bu dünya,
bir qarışıq şəkildi.
Dəli şeir
yenə bozarır göy üzü,
payız düşür, külək gəlir;
tut ucundan göyə qayıt,
yağış ələk-ələk gəlir;
*****
varıb eşqin dərgahına,
nə qondarım, günahıma;
gözəl çıxmır ürcahıma,
bir ağılsız mələk gəlir;
*****
kor ocaqdan köz tuturam,
axar sudan söz tuturam;
ürəyimi düz tuturam,
hamı mənə kələk gəlir;
*****
həsrəti asıb yaxama,
köynəyimi ag toxuma;
gecə qarışıq yuxuma,
gümüş saçlı fələk gəlir;
*****
yolum yaza, qışa düşür,
işim dağa-daşa düşür;
zər atıram, qoşa düşür,
qismətimə çörək gəlir;
*****
pis adama nəs deyirəm,
çor deyənə dosr deyirəm;
hərdən uçmaq istəyirəm,
qanadıma lələk gəlir.
Məni bərkdən ağlama
çınqı düşər, ürəyim,
alışıb yana bilər,
bir gün vəfasız gözəl,
eşqini dana bilər;
*****
bu xan üzüm, bəy üzüm,
hardadı, ögey üzüm;
bax, qarışıb göy üzü,
Ay düşüb sına bilər;
*****
ocaq alışmaz küldən,
adam olmaz səfildən;
şahlıq quşu qəfildən,
başıma qona bilər;
*****
buludlar taya-taya,
əlim çatmır o taya;
şaxta düşər ortaya,
dünyamız dona bilər;
*****
nə taxıldın yaxama,
dərdi burax, saxlama;
məni bərkdən ağlama,
ruhum oyana bilər.
Mənə kür adam denən
mənə kür adam denən,
kürəm, bilirəm axı;
deyən mənəm dünyanın,
ən ərköyün uşağı;
*****
şaxta vurub üzümə,
üşümürəm, üzülmə;
təpər gəlir dizimə,
yordum yolu-yolağı;
*****
çox sevmədim istini,
o yana qov, tüstünü;
örtmə sözün üstünü,
darı dəlir qulağım;
*****
kür deyirsən, pir demə,
qarışqaya şir demə;
mənə pis xəbər demə,
sancı tutur dalağım;
*****
yarpaq nə vaxt bükülür,
alın yazım sökülür;
zaval vurub, tökülür,
göy üzünün suvağı;
*****
dünya ikili qalıb,
yüküm çəkili qalıb;
gözümdə şəkli qalıb,
o dağdakı bulağın.
Qayıt gəl, daha bəsdi
hardan gəldi bu həsrət,
soyuq küləklər əsdi;
sevdamızın payızı,
nədən belə tələsdi;
*****
bulud hardan söküldü,
göy üzünə töküldü;
yuxum ərşə çəkildi,
həsrət səbrimi kəsdi;
*****
saçlarımı qarlayan,
ruhumu hasarlayan;
könlümü qubarlayan,
bir doğma qərib səsdi;
*****
ruhum harda uyudu,
yay da ötdü, soyudu;
payız qubar ayıdı,
bahar yaşıl nəfəsdi;
*****
bir sevdayıq ikimiz,
dərdlə dolub içimiz;
solub gedir sevgimiz,
qayıt gəl, daha bəsdi.
ömür yoxdan asılıb
çapır üzü aşağı,
sular arxdan asılıb;
daş torpağa yapışıb,
körpü tağdan asılıb;
*****
kimdi ölən acından,
dərd tökülür saçından;
varlı pulun ucundan,
kasıb baxtdan asılıb;
*****
söz kimin, əmr kimin,
səs kimin, səmir kimin;
yapışır dəmir kimi,
padşah taxdan asılıb;
*****
orda nəsə fırladır,
ütüb hisə fırladır;
çarxı tərsə fırladır,
fələk çarxdan asılıb;
*****
adam var, qanı yoxdu,
dərd var, dərmanı yoxdu;
onsusda sonu yoxdu,
ömür yoxdan asılıb.
həsrətin çox ağırdı
qəfil döyüldü qapım,
kimsə məni çağırdı;
dağların arasından,
qara sular axırdı;
*****
bir də hacan açar dan,
xəbər yoxdu carçıdan;
qaranlıqlar saçımdan,
ulduzları sağırdı;
*****
bu nağılı kim yazıb,
yazıb alnımdan asıb;
cığırları ot basıb,
yollar çuxur-çuxurdu;
*****
ağ buludlar ağ papaq,
ömür-gün yarpaq-yarpaq;
gəl, ovcumu açım bax,
içi cığır-cığırdı;
*****
harda batdım günaha,
hələ çox var sabaha;
dizlərim əsir daha,
həsrətin çox ağırdı.
Fəxri Müslüm: Təbriklər Nazim Əhmədli