Genel

Nəsrimizdə Qarabağ itkisi – Qaragözova Elnarə

Qaragözova Elnarə

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Fil.f.d., aparıcı elmi işçi

Nəsrimizdə Qarabağ itkisi

(Elçinin “Bayraqdar” Aslan Quliyevin “Keşmiş döyüşçü və oğlan” və Orxan Fikrətoğlunun “Tək” əsərlərinin timsalında)

         Bu gün artıq Ali Baş Komandanın və rəşadətli Azərbaycan ordusunun sayəsində  Qarabağ yenidən Azərbaycanın ayrılmaz bir hissəsinə çevrilib. Lakin yaxın keçmişin dərslərini unutmamaq, tariximizin qanlı səhifələrini yaddaşımıza yazmaq və bu gün qazanılan,  sevinclə, qürurla ildönümünü qeyd etdiyimiz  Zəfərin önəmini gənc nəslə çatdırmaq baxımından Qarabağ itkisi ilə bağlı əsərlərin təbliği və öyrənilməsi böyük önəm kəsb edir.

Müstəqilliyin qazanılması ədəbiyyatda yeni meyl və istiqamətlərin yaranmasına, tam fərqli və təzadlı ədəbi mühitin formalaşmasına rəvac verdiyi kimi ədəbiyyat da öz növbəsində müstəqilliyin bədii dərkində və bədii mətn vasitəsilə yeni tarixi epoxanın təbliğində mühüm rol oynamışdır.   Akademik İsa Həbibbəylinin də  qeyd etdiyi kimi  “…ədəbiyyat yeni epoxanın gəlişini təkcə passiv şəkildə əks etdirməklə qalmamış, eyni zamanda müstəqilliyin qazanılmasında fəal şəkildə iştirak etmişdir.” Rəngarəngliyi və dinamikliyi ilə diqqəti cəlb edən müstəqillik dövrü Azərbaycan nəsrinin aparıcı mövzularından biri “müharibə və insan” dilemmasıdır.Ədəbiyyatda müharibə mövzusu hər zaman diqqət mərkəzində olmuş, müxtəlif bədii əsərlərin ana xəttinə çevrilmişdir. Azərbaycan ədəbiyyatında da bu mövzuda  dünya ədəbiyyatının inciləri hesab olunan L.Tolstoyun “Hərb və sülh”, E.Heminqueyin “Əcəl zəngi” romanları  ilə bir sırada dayana biləcək əsərlər yaradılmışdır. Əbülhəsənin “Müharibə”, Aqil Abbasın “Dolu”,Orxan Fikrətoğlunun “Tək” romanlarında, Elçinin “Bayraqdar”, Aslan Quliyevin “Keçmiş döyüşçü və oğlan” povestlərində və digər bu qəbildən olan əsərlərdə müharibə və insan mövzusu ustalıqla işlənmişdir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağla, Qarabağ itkisi ilə bağlı nəsr əsərlərindən söz açarkən Elçinin “Bayraqdar” (2004),  Aslan Quliyevin “Keçmiş döyüşçü və oğlan” (2003) povestlərinin və Orxan Fikrətoğlunun “Tək” (2014) romanlarının timsalında bu mövzunun bədii həllinə diqqət yetirmək yerinə düşər.

Elçinin “Bayraqdar” povesti qaçqınların ağır və məhrumiyyətlərlə dolu həyatından bəhs edir. Lakin yazıçının oxucuya çatdırmaq istədiyi yalnız fiziki-maddi çətinliklər deyil. Əsər didərgin insanın qəlbinin harayıdır. Dünyanın insana bəxş edə biləcəyi ən ağır əzablardan biri də doğma ev-eşiyindən, yurdundan ayrı düşmək, qərib olmaqdır. Qaçqınlar da doğma torpaqlarından, yurdlarından uzaqda qəribdirlər. Doğrudur, Abşeron da vətənin bir parçasıdır, doğmadır. Amma Şuşa deyil, Qarabağ deyil. Bir bayatıda deyildiyi kimi “evli evinə gedər, qərib harada axşamlar?” Elçin qaçqın həyatının məhz bu nüansını oxucuya çatdırmaq istəyir: qaçqınlar yalnız fiziki cəhətdən deyil, mənəvi, ruhi baxımdan da didərgindirlər. “Bayraqdar” povestinin qəhrəmanı Surxay 28 may bayramı münasibətilə daha əzəmətli görünməsi üçün üçrəngli bayrağı məskunlaşdıqları yataqxananın həyətində, ocaqxananın damından asmaq qərarına gəlir. Şuşadan gətirdiyi bu bayrağı öz balası kimi sevən əzizləyən Surxayın bayraq eşqi o qədər qüvvətlidir ki, xalqın ona verdiyi Bayraqdar ləqəbini fəxrlə daşıyır və oğlu Əbilinin soyadını da məhz Bayraqdar kimi yazdırmağı arzulayır.Surxayın gələcəkdə hamının məşhur futbolçu olacağına inandığı oğlu Əbülfətin – Eysebionun ağacdan yıxılaraq atasının təmir etmək üçün yerə qoyduğu bayrağın üstündəki zubulun üzərinə düşərək ölməsi əsərin düyün nöqtəsini təşkil edir. Eysebionun ölümü ilə birgə Surxayın və Səyyarənin bütün arzuları yerlə-yeksan olur. Eysebionun yasında Surxay bayrağı  gətirib ağaca sancmaqla oğlunun da ölümünü  digər vətən oğullarının ölümü kimi qarşılayır, bununla da bütün yurddaşlarının ölümünü də övlad ağrısı kimi eyni ağrı, eyni əzab və təmkinlə yaşadığını vurğulayır.  

Aslan Quliyevin “Keşmiş döyüşçü və oğlan” (2003) povesti I Qarabağ müharibəsinin digər ağrılı probleminə – keçmiş döyüşçülərin cəmiyyətə uyğunlaşması məsələsinə işıq salır. Əsərin qəhrəmanı Qarabağ uğrunda döyüşlərdə fərqlənmiş, odun-alovun içindən keçmiş, kontuziya ilə ordudan təxris edilmiş bir zabitdir. Müharibə bölgəsindən qayıdan döyüşçü yenidən cəmiyyətə uyğunlaşa bilmir. Rayona qayıdıb iş tapa bilməyən, həbsə düşən, həbsdən çıxan və Bakıya pənah gətirən, burada sevimli tələbə yoldaşının qatilini öldürdüyü üçün təkrar həbs edilən, həbsxanadan qaçıb quldur dəstəsinə qoşulan keçmiş döyüşçü intiqam almaq istəyir, düşməninin balaca oğlunu qaçırır. Lakin bu balaca uşaq onun gözlədiyi kimi “yağ-bal içində böyümüş əfəl və qorxaq” olmadığını tez bir zamanda sübut edir. Döyüşçüyə, onun Vətən sevgisinə vurulan oğlanın ürəyində indiyə qədər tanımadığı yeni duyğular oyanır. O, Qarabağı, döyüşçünün ona təsvir etdiyi ulduzlu Qarabağ səmasını sevməyə başlayır, onu düşməndən azad edəcəyi günü səbirsizliklə gözləyir. Yazıçı keçmiş döyüşçünün obrazını realist boyalarla, inandırıcı ştrixlərlə təsvir etmişdir. Döyüşdən çıxan insanın psixologiyasını, onun dinc şəraitə uyğunlaşmasının çətinliyini məharətlə  yaradan yazıçı digər qütbü də unutmur, vətən xainlərinin, müharibəni gəlir mənbəyi kimi görən manqurtların da daxili aləmini, psixologiyasını açır. Aslan Quliyev bu iki əks qütb arasında qalan insanların  – Samirənin, onun anasının, döyüşçüyə iş tapmaqda kömək edən yaşlı sürücünün timsalında müharibə qəhrəmanına xalq rəğbətini və sevgisini göstərməyə nail olur. Yazıçının əsəri “Keçmiş döyüşçü və oğlan” adlandırması da təsadüfi deyil. Bu balaca oğlanın timsalında yazıçı gələcək döyüşçünü, qalib əsgəri görür və onu keçmiş zabitlə qarşılaşdırmaqla sanki oxucuya qəhrəmanların nəslinin davam etdiyini söyləyir.

Orxan Fikrətoğunun 2014-cü ildə işıq üzü görən “Tək” romanınında əsas leytmotivini “müharibə və insan” qarşıdurması təşkil edir. Orxan Fikrətoğlunun romanın qəhrəmanı on bir yaşlı Təkgöz Qarabağ müharibəsinin kiçik yaşlı şahididir. Əsərdəki yaxın tariximizin Xocalı faciəsi ilə səsləşən səhnələri, erməni vəhşiliklərinin məhz uşağın gözü ilə təsvir edilməsi, insanı dəhşətə gətirən səhnələrin bir məsum körpənin duyğuları, yaşantıları fonunda canlandırılması  oxucunun bu dərdi daha yaxından hiss etməsini, əsərin aurasını daha dərindən duymasını təmin edir. Məhv olan ailələr, inanılmaz vəhşiliklər, işğal olunan doğma torpağın acısı fonunda kiçik bir insanın faciəsi və aldığı emosional zərbələrin böyük təsirinin altında formalaşan həyatı işıqlandırılır. Əsərin ən təsirli məqamlarından biri Təkgözün öz anasını öldürməsi səhnəsidir. Yazıçı kiçik yaşlı uşağın emosional-psixi durumunu məharətlə təsvir edir, atasının tapşırığı ilə erməni əlinə keçməsin deyə anasını öldürən uşağın monoloqu qan donduran  faciənin dərinliyini vurğulayır, öz çarəsizliyi ilə oxucunu üşüdür: “Suallar da məni rahat buraxmırdı: -Anamı niyə öldürdüm? Niyə özümü öldürmədim? Nədən qorxdum? İndi buna görə nənəm məni döyəcəkdimi? Məktəbdə uşaqlar mənə güləcəkdimi?” Anası ilə birgə kimliyini də itirən qəhrəmanı bu andan sonra  daim psixoloji sarsıntı və ekzsistensional qorxu müşayiət edir. Təkgöz həmin gecədən sonra insan kimi varlığını itirir və indi sadəcə yaşamaq üçün hər şeyə hazır olan bir canlıya çevrilir. Həyatı boyu ölümdən qaçan Təkgöz yalnız məhəbbəti və övlad sevgisini tapdıqdan sonra əsl həyatın  dadını hiss edir. Öz günahlarından təmizlənən qəhrəman sonda yenə də öz keçmişinin qurbanı olur. “Son anda ötəri olsa da illərdir içimdə pıçıldanan pıçıltını da eşitdim. O, səssiz pıçıldanan səs atamın imiş. Mənə – “Bəs sən hardasan? O dünyada da yoxsan. Burda da deyilsən. Tarixə də düşmədin. Bəs sən harda yaşadın, necə oldun, mənim padşah balam?” – deyirdi.” Eyni zamanda bu roman gənclərin tərbiyəsinə, onları daim doğru yola yönəltməyə,dini radikal təsirlərdən qorumağa çağıran bir əsər kimi də mühüm əhəmiyyətə malikdir.

         Qeyd etdiyimiz povestlərdə və romanda  hərbin gətirdiyi yeni, ağrı-acıdan yoğrulmuş həyat və imtahanlar insanın daxilindəki cövhəri üzə çıxarır, cəmiyyət qarşısında arxetipik persona maskası yırtılır və bəşər olduğu kimi görünür. Elçinin də, Aslan Quliyevin də, Orxan Fikrətoğlunun da əsərlərinin əsas qəhrəmanı əslində Vətəndir. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindəki hər biri fərqli məsləkə qulluq edən 3 qardaş kimi Vətəni vətəndən kənarda tapanlar  da, Gülbahar kimi Vətəni ana kimi bağrına basanlar da onun övladlarıdır.Vətən sevgisi sonsuzdur, müxtəlif simalarda və surətlərdə təzahür edərək ana torpağı qorumağa, sözün əsl mənasında “Vətənin övladı” olmağa səsləyir.

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest