Genel

Nəsiman Yaqublu Çümhuriyyətin Baş Nazirinin unudulmuş 140 illiyi

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Nəsiman Yaqublu

Çümhuriyyətin Baş Nazirinin unudulmuş 140 illiyi

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin ikinci Baş naziri, eyni zamanda hökumətin tərkibində Maarif və Daxili İşlər Naziri olmuş Görkəmli dövlət xadimi Nəsib bəy Yusifbəylinin 140 illiyi tamam olur.Azərbaycan tarixində çox əhəmiyyətli  xidmətlər göstərmiş bu şəxsiyyəti unutmamaq hər bir vətəndaşımızın borcudur.Bu münasibətlə N.Yusifbəyli haqqında olan yazımı oxuculara təqdim edirəm.

Nəsib bəy Yusifbəyli(1881-1920)

Azərbaycan Cümhuriyyətinin Baş Naziri.

Maarif və Daxili İşlər Naziri

Azərbaycanın görkəmli dövlət xadimi Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə Klassik Gimnaziyasında aldıqdan sonra o, 1902-ci ildə Odessada (Novorossiyskidə) Universitetin hüquq fakultəsində oxumuşdur. 

1905-1907-ci illərdə Rusiyada baş verən inqilab dövründə tələbələrin inqilabi fəaliyyətindən ehtiyatlanan çar hökuməti Odessa Universitetini müvəqqəti olaraq bağladı. Bundan sonra N.Yusifbəyli Krımın Baxçasaray şəhərinə köçmüş və burada görkəmli ictimai-siyasi xadim İsmayıl bəy Qaspıralının (1852-1914) redaktor olduğu “Tərcüman” qəzetində müxtəlif məqalələr çap etdirmişdir. O, burada İsmayıl bəyin qızı Şəfiqə Sultan xanım Qaspıralı ilə (1886-1975)tanış olub  ailə həyatı qurmuş və bir müddət bu şəhərdə yaşamışdır. 

N.Yusifbəyli çar hökuməti tərəfindən təqib edildiyindən 1908-ci ildə İstanbula getmiş, burada “Türk dərnəyi” adlı cəmiyyətin yaradıcılarından olmuşdur. O, 1909-cu ildə Gəncəyə qayıtmışdır.

N.Yusifbəyli 1915-ci ilin oktyabrın 2-dən Bakıda nəşrə başlayan “Açıq söz” qəzeti ilə yaxınlıq etmiş, redaktor M.Ə.Rəsulzadə ilə dostluq münasibətində olmuşdur.

Rusiyada baş verən Fevral − burjua inqilabından sonra Azərbaycanın Bakı və digər şəhərləri ilə yanaşı Gəncədə də Müsəlman Milli Komitəsi yaradılmışdı. Ölkədə hakimiyyətsizlik və anarxiyanın hökm sürdüyü 1917-1918-ci illərdə (Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncəyə köçənə qədər) başqa yerlərdə olduğu kimi Gəncədə də Azərbaycan türklərinin vəziyyəti və onların müdafiəsi ilə əlaqədar bütün məsələlər bu komitə tərəfindən həll edilirdi. Gəncə Müsəlman Milli Komitəsinə Difai Partiyasının fəal üzvü N. Yusifbəyli başçılıq edirdi. 

Qeyd edək ki, Azərbaycan milli istiqlal tarixində Nəsib bəy Yusifbəylinin 1917-ci ilin fevralından sonra Gəncədə rəsmi olaraq yaratdığı Türk Ədəmi-Mərkəziyyət  Partiyasının böyük rolu olub. Xalqının azadlıq və istiqlal ideallarının gerçəkləşməsində böyük xidmət göstərən və 1917-ci ildə Azərbaycan istiqlalı adına Müsavatla birləşmək razılığına gələn bu təşkilatın tarixini öyrənmək çox maraqlıdır.

N. Yusifbəylinin geniş savadı, elmi və siyasi əxlaqı Gəncədəki digər milli qüvvələri Ədəmi-Mərkəziyyət ətrafına toplamağa başladı. N.Yusifbəylinin mühüm xidmətlərindən biri də Gəncədə olan 188-119-cu rus alaylarını silahsızlaşdırmaqla bağlı gördüyü tədbirlər oldu. N. Yusifbəyli əvvəl Gəncə erməni qüvvələrini razı salaraq Difai təşkilatının silahlı qüvvələrinə arxalanıb bu iki alayı silahsızlaşdırdı. Görülən tədbirlər sayəsində rusların silahları əllərindən alındı və özləri də vaqonlarda Rusiyaya göndərildi.

N.Yusifbəyli Zaqafqaziya Seyminin də üzvü idi. O,1918-ci ilin aprelin 26-da yaranmış müstəqil Zaqafqaziya Respublikası hökumətinin Maarif Naziri olub.

1918-ci ilin 28 Mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra (onun yaradıcılarından biri də N.Yusifbəyli idi) F.X.Xoyskinin başçılığı ilə təşkil olunan  birinci Hökumət kabinəsində N.Yusifbəyli Xalq Maarif Naziri vəzifəsini icra etmişdir. N.Yusifbəyli F.Xoyskinin sonradan formalaşdırdığı ikinci və üçüncü kabinələrdə də həmin vəzifələrdə çalışmışdır.

N.Yusifbəyli Azərbaycan Parlmentinin üzvü olaraq da toplantılarda böyük fəallıq göstərirdi. Onun  Maarif və Dini-Etiqad Naziri olarkən Azərbaycan Parlamentindəki ilk çıxışına 1919-cu ilin yanvarın 25-də keçirilən 9-cu iclasda rast gəlirik. N.Yusifbəyli çıxışında “hökumətin şəhərləri unudaraq yalnız kəndlərə kömək etdiyi” fikrini təkzib edir. O, eyni zamanda səhiyyə sahəsində müəyyən işlərin uğurla görüldüyünü, kəndlərə göndərilmək üçün təbib, feldşerlərdən ibarət səyyar dəstələr hazırlandığını vurğulayır və əlavə edir ki, şəhərlər isə bu sahədə nəzarətə kömək etdiyindən onlar pul istəyirlər.

Bu dövrdə F.X.Xoyskinin istefasını qəbul edən parlament yeni hökumət təşkilini N.Yusifbəyliyə tapşırır. O dövrün şərtləri daxilində hökumət təşkili çox çətin idi və Üzeyir Hacıbəyli “Azərbaycan” qəzetində bu haqda yazırdı: “Həmfikir kabinə təşkili əmrində işi çətinləşdirən kabinənin koalisyon (müştərək) olmaq şərtidir. Yəni kabinə üzvləri hər fraksiyaya mənsub adamlardan seçilməlidir. Halbuki hər bir fraksiyanın özünəməxsus siyasi məsləki və xüsusi proqramı olduğundan ümumi idarəcə bütün ümumi və xüsusi işlərdə həmfikir olan kabinə təşkil etmək həqiqətən çətin bir əmrdir”.

 1920-ci ilin 19 aprelində saat 12-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Parlamentinin növbəti iclası keçirilir.İclasda yeni hökumət kabinəsinin təşkili haqqında Baş Nazir N.Yusifbəylinin məktubu oxunur.

Sonra N.Yusifbəyli çıxış edir. O, kürsüyə çıxanda alqışlarla qarşılanır. N.Yusifbəyli çıxışında böyük bir məsuliyyəti üzərinə götürdüyünü, Azərbaycan İstiqlalı elanından bu günə qədər millətin müstəqil yaşamağa layiq olduğunu  qeyd edir. Nəsib bəy bildirir ki, Azərbaycan türkləri yaxın zamanda dünyanın mədəni millətləri sırasına da daxil olacaqdır. Baş Nazir çıxışında Azərbaycanın ayrılmaz bir hissəsini təşkil edən Lənkəran qəzasının özgələr əlində olduğunu, 100 minə qədər vətəndaşın həyatına qəsd edildiyini, Tiflis və İrəvan vilayətlərində olan torpaqlarımıza göz dikənlərin olduğunu söyləyir. O, bildirir ki, torpaq məsələsinin də qəti surətdə həllinə tərəfdardır. Bundan ötrü torpaq işlərinə aid bütün vəsaitləri, təklifləri toplayıb parlamentin müzakirəsinə təqdim etməliyik və hökumət bu məsələdə zəhmətkeşlərin hüquqlarını müdafiə edəcək, fəhlələrin haqqını müdafiə, özünü sığorta üçün qanunlar hazırlayacaq.

Azərbaycanda mətbuat, söz azadlığına toxunan N.Yusifbəyli çıxışında deyirdi: “Məbus əfəndilər! Hürriyyəti-kəlam, hürriyyəti-mətbuat, hürriyyəti-ictima mədəni və demokratik bir dövlət təşkilinin şəraiti-əsliyyəsindəndir. Bu xüsusda zənn edirəm hər kəsdən biz irəli getdik. Azərbaycanda görülən bu hürriyyətlər dünyanın heç bir tərəfində mövcud deyildir. Hökumət təbii, müqəddəs olan bu hürriyyətləri mühafizə edəcəkdir. Hər kəs nə yazarsa yazsın, hər kəs nə istərsə söyləsin, harada ictima edərsə etsin, yalnız bir məsələ vardır ki, ona əl uzatmağa dözmək olmaz, edilə bilməz. O da  Azərbaycanın istiqlaliyyəti məsələsidir (ümumi sürəkli alqış). Bu istiqlaliyyəti, millətin bu müqəddəs və qanuni haqqını təhqir etdirməməyə, bu ülvi hissiyatına toxundurmamağa hökumət var qüvvəsi ilə çalışacaqdır” .

N.Yusifbəyli proqram xarakterli bu çıxışında maarif, təhsil məsələlərinə toxunur, milli məktəblərin tərəqqisi vacibliyini, ibtidai məktəblərin açılmasını, sənaye məktəblərinə ayrıca diqqət olunacağını, mövcud  “edadilərin”  bir hissəsinin milliləşdiriləcəyini, digər hissəsinin isə qeyri-müsəlmanlar üçün rus dilində olacağını, müəllim ehtiyacı səbəbindən xaricdən müəllimlər dəvət ediləcəyini, dərs kitablarının azlığına görə maarif nəzarətinin bu sahədə çalışacağını qeyd edir.

N.Yusifbəyli Azərbaycanda ali təhsil sisteminin də düşünüldüyünü, ali ziraət məktəbi qanun layihəsinin hazırlanıb təqdim edildiyini də söylədi. O,Tiflisdəki Mavərayi-Qafqaz universitetinin Bakıya köçürülməsi üçün müzakirələrin aparıldığını, sentyabrın əvvəllərindən tədrisin burada davam etdiriləcəyinə səy göstərilməsi haqqında məlimat verdi. Bakıda fəaliyyət göstəriləcək universitetdə doğma dilimizin, tariximizin, ədəbiyyatımızın inkişafına kömək edən kursların açılacağını bildirdi.

O, həmçinin, çıxışında “bizim sərvətimiz, rifah halımız neft ticarətinə bağlıdır” fikrini önə çəkir, neftimizin ən böyük bazarı olan Rusiyanın yolunun bağlı olduğunu söyləyir. Eyni zamanda Rusiyanın Azərbaycan neftinə böyük ehtiyacı olduğunu, “Astraxan tərəfdən ticarət qapılarının açılması” təklifini irəli sürərsə, müəyyən şərtlərlə qəbul ediləcəyini bildirir. O, deyir: “Rusiyada hansı partiya qalib gələcək, hansı adamlar iş başına keçəcək, bu, bizim vəzifəmiz deyil, böyük, azad Rusiyanın öz işidir. Biz Rusiya dövləti ilə hər zaman sülh və sağlıqla, dostluqla keçinmək istəyirik. Yalnız bir məsələ var ki, Rusiya (bolşevik Rusiyası, menşevikmi, yoxsa birimi olsun) bizim daxili işlərimizə qarışmamalıdır. Biz Rusiyadan yalnız bunu tələb edirik. Bu da bizim haqqımız olduğunu təbii kimsə inkar etməz, zənn edirəm” .

N.Yusifbəylinin təşkil etdiyi Hökumət kabinəsi (ümumilikdə sayca 4-cü) aşağıdakılardan ibarət idi: 1) Nazirlər Şurasının sədri və Daxili İşlər naziri − N.Yusifbəyli (Müsavat) 2) Maliyyə naziri − Ə.Həsənov (bitərəf) 3) Ticarət və Sənaye naziri − A.Əminov (bitərəf) 4) Xarici İşlər naziri − M.Y.Cəfərov (Müsavat) 5) Yollar naziri − X.Məlikaslanov (bitərəf)  6) Poçt və Teleqraf naziri − C.Hacınski (sosialist) 7) Hərbi nazir − S.Mehmandarov (bitərəf) 8) Sosial təminat naziri − V.Klenevski (Slavyan-rus Cəmiyyəti) 9) Səhiyyə  naziri − A.Dostakov  10) Maarif və dini etiqad naziri − R.Kaplanov (Əhrar) 11) Əkinçilik naziri −A.Qardaşov (Əhrar)  12) Portfelsiz nazir − X.Amaspür (Daşnaksütun) 13) Dövlət müfəttişi −N.Nərimanbəyli (Müsavat) 14) Ədliyyə və Əmək naziri − A.Səfikürdski (sosialist) 15) sonralar Daxili İşlər naziri − X.Xasməmmədov (Müsavat).

Azərbaycan Nazirlər Şurasının Sədri və Daxili İşlər Naziri vəzifəsində N.Yusifbəyli qətiyyətli əmrlər, sərəncamlar verir, məktublar yazır, dövlət idarəçilik sistemini möhkəmlədirdi

N.Yusifbəyli Nazirlər Şurasının sədri və Daxili İşlər Naziri olduğu dövrdə (14.03.1919 − 22.12.1919) Azərbaycanda ictimai-siyasi vəziyyətə nəzarətin gücləndirilməsi və nəzarətdə saxlanılması məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsi yaradılmışdır. Dövlət Müdafiə Komitəsinin sədri vəzifəsini N.Yusifbəyli yerinə yetirirdi. 

N.Yusifbəylinin Baş Nazir və Daxili İşlər Naziri olaraq çalışdığı bu dövrdə silahlı erməni dəstələri Azərbaycan ərazilərinə hücumlar edir, kəndləri yandırır, dinc əhalini qətlə yetirirdilər. Bu hadisələrin qarşısının alınması üçün dövlət tərəfindən müvafiq tədbirlər görülürdü. 1919-cu ilin 19 aprelində N.Yusifbəylinin Hərbi Nazir S.Mehmandarova məktubundan: “Çox hörmətli Səməd bəy! Son günlər Qarabağ ərazisində, xüsusən Zəngəzur bölgəsində ermənilərin müsəlman kəndlərinə güclü hücumları başlayıb. Ayın 18-də ermənilər qəflətən müsəlmanlar yaşayan Tarovlu kəndinə hücum etmişlər və nəticədə hər iki tərəfdən itkilər olmuşdur. Bu, sanki ermənilərin bütün müsəlmanlar yaşayan ərazilərə hücumuna bir işarə olub. Çoxlu yaşayış yerlərində ölənlər və yaralılar var…General- qubernator doktor Sultanov Qarabağ məsələsinin tam həll edilməsi üçün orada hərbi hissənin gücləndirilməsini vacib sayır. Diqqətinizə çatdırıram ki, imkan daxilində doktor Sultanovun qaldırdığı məsələnin həllinə kömək edib, məni məlumatlandırasınız. Hörmət və sədaqətlə Yusifbəyli”.

Qeyd edək ki, N.Yusifbəylinin bir dövlət xadimi kimi fəaliyyətinin öyrənilməsində onun Azərbaycan Parlamentindəki çıxışları əhəmiyyətli yer tutur.

N.Yusifbəylinin başçılıq etdiyi Nazirlər Şurası − Azərbaycan hökuməti 1919-cu ilin avqustuna qədərki dövrdə böyük uğurlu işlər görmüşdü. Əsas işlərdən biri Azərbaycanın ərazi probleminin həlli sahəsindəki doğru fəaliyyət idi. Həmin dövrdə aşağıdakı uğurlu nəticələr var idi: 1) Lənkəran düşmənlərdən təmizlənmiş; 2) Qarabağ erməniləri Azərbaycan hakimiyyətinə tabe oldu; 3) Naxçıvan, Şərur və Dərələyəz qəzaları erməni əsgərlərindən təmizlənmişdir; 4) Zəngəzur məsələsinin yaxın vaxtlarda həlli gözlənilirdi; 5) Borçalı və Gürcüstan da sülh yolu ilə həll ediləcək bir vəziyyətdə idi. Bu müddət ərzində Azərbaycan ordusunda fərarilik halları aradan qalxmış, xalq isə əvvəlki kimi orduya əsgər verməkdən imtina etmirdi.

N.Yusifbəyli bu məsələdə həmrəy olub, hökumətə kömək göstərməyin vacibliyini qeyd edir.

1920-ci ilin yanvarın 11-də Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması xəbəri yanvarın 12-də axşam saat 6-da Azərbaycan hökumətinə çatdı. Bu xəbərin sabahı günü Bakıda bayram əhvalı hiss edilməyə başladı. Yanvarın 14-ü isə Azərbaycan hökuməti tərəfindən rəsmi elan edildi. Bayram tədbirləri belə sıralanmışdı: saat 11-də Təzəpir məscidində dua edilir, saat 12-də Azərbaycan Parlamentinin iclası keçirilir, saat 13-də Hürriyyət meydanında qoşunların rəsmi keçidi olur, saat 14-də Xarici İşlər Nazirliyi binasında hökumət tərəfindən təbriklər qəbul edilir, gecə şəhər çırağban bəzədilir.

Yanvarın 14-də Təzəpir məscidinin həyəti xalqla dolu, içərisində isə N.Yusifbəyli, X.Məlikaslanov, H.Şahtaxtinski, X.Xasməmmədov, C.Hacıbəyli, H.Məmmədbəyov və digər hökumət nümayəndələri, məmurlar var idi. Şeyxülislamın dua oxuyub xalqa müraciətindən sonra Rəisi-Vükəla (Baş Nazir) N.Yusifbəyli tədbirdə çıxış etdi. O, dedi: “Camaat, bu bayram sizin öz arzunuz nəticəsidir. İlyarım əvvəl siz azad və müstəqil olmaq istədiniz və bu ilyarımın müddətində öz dolanışığınız və rəftarınızla bütün aləmə isbat etdiniz ki, siz müstəqil bir hökumət olmağa layiqsiniz. Hətta özünüzü elə nəzərə verdiniz ki, düşmənlərimiz də bu istiqlalı təsdiq etməyə məcbur olub, bu günü təsdiq etdilər. Ola bilər ki, bizdən də mədəni, bizdən də müstəid, bizdən də əvvəl və bizdən də artıq bu istiqlalın arzusunda olanlar vardır. Lakin onlar bu səadətə nail olmamışdırlar. Sizin bu az bir vaxtda bir hökumət təşkil edib də müstəqil olmağınıza layiq və qadir olmanız, özünüz imtahan verib isbat etdiyinzdən xudavəndi-təbarəkdən sizin üçün səadətlər diləyirəm”.

Yanvarın 14-də, saat 12-də Azərbaycan Parlamentinin binası qarşısında çoxlu sayda insanlar toplaşıb Parlament üzvlərinin Təzəpir məscidindən gəlişini gözləyirdi. Keçirilən toplantıda natiqlər çıxış edərək xalqı təbrik edirdilər.

“Azərbaycan” qəzeti digər hökumət rəsmiləri ilə yanaşı Baş Nazir N.Yusifbəylinin xalq tərəfindən alqışlarla qarşılanmasını belə işıqlandırırdı: “Bu arada xalqda bir hərəkət başlandı: “Yol ver, yol ver”, “Gəlir”, “Gəlir” səsləri, “Yaşasın Nəsib bəy… Yaşasın Rəisi-Vükəla” cümlələri eşidilməyə başladı. Bunların ardınca xalqın arasından bir şəxs qalxmağa başladı. Bu, Nəsib bəy idi. Xalq onu çiynundə parlamanın içərisinə kimi aparırdı. Ardınca onu “…Ura!”, “Yaşasın” kimi xalqın həqiqi və səmimi səsləri təqib edirdi”.

N.Yusifbəyli Nazirlər Şurasının sədri vəzifəsini 1920-ci ilin aprelin 1-nə qədər icra etmişdir.

1920-ci ilin 27 aprelində Azərbaycan sovet rejimi tərəfindən işğal edildikdən sonra N.Yusifbəyli Bakını tərk edir (çox ehtimal ki, o da digər silahdaşları kimi hələ bolşeviklər tərəfindən işğal edilməmiş Gürcüstana − Tiflisə getməyi qərara alıb). Nəsib bəy Kürdəmir qəzasında, Yevlağa yaxın bölgədə qətlə yetirilir. Bəzi məlumatlara görə, N.Yusifbəylinin Yevlağın Qarxunlu kəndindən olan Əşrəfin dəstəsi tərəfindən öldürüldüyü söylənilsə də, bu, təsdiqini tapmayıb. Qarxunlu Əşrəflə bağlı sovet dövründə aparılan istintaq materiallarında da hadisəyə toxunulmayıb. Çox ehtimal ki, N.Yusifbəylini onu izləyən, yaxud həmin bölgədə rastlaşdığı bolşeviklər tanıyaraq qətl ediblər. Bir mənbədə isə, N.Yusifbəylinin qətli zamanı qatillərin əlindən qaçmağı bacaran sürücüsünün İstanbula getdiyi və orada Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanımla görüşüb hadisəni danışdığı qeyd olunur.  

M.Ə.Rəsulzadə isə 1923-cü ilin əvvəllərində Türkiyədə nəşr edilən “Azərbaycan Cümhuriyyəti” əsərində N.Yusifbəylinin sağ və yaxud ölümü ilə bağlı bir məlumatın olmadığını  qeyd edirdi.

1920-ci ildə Azərbaycan işğal edildikdən sonra xanımı Ş.Qaspıralı övladları ilə birgə Türkiyəyə − İstanbula getmişdir. O, 1975-ci ildə İstanbulda vəfat etmiş, qızı Zəhra xanım isə 1996-cı ildə bu şəhərdə dünyadan köçmüşdür. N.Yusifbəylinin digər övladı − oğlu Niyazi Kürdəmir isə 1962-ci ildə Türkiyədə dünyasını dəyişmişdir.

Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə 1929-cu ildə İstanbulda nəşr etdiyi “Odlu Yurd” jurnalının 27 aprel tarixli 3-cü sayındakı “İstila qurbanları − Nəsib bəy” məqaləsində yazırdı: “Bunu söyləməyə bilmərik ki, o, milli nümayəndələrdən biri idi. Elə bir nümayəndə ki, Milli Azərbaycan hərəkatının istiqlalla nəticələnən qayəsini formula etmək onun adı ilə bağlıdır. Bu sadə əlavə, Nəsib bəyin adını Azərbaycan tarixində ölməz və unudulmaz bir ad halına gətirilməsi kifayətdir. Aprel matəmində intiqam milli istiqlal nəslinin qeyrətini təhrik edən böyük amillərdən biri də, heç şübhəsiz,Nəsib bəyin şəhidliyidir. Müzəffər istiqlal nəslinin ilk görəcəyi şükran (hörmət, ehtiram − red.) vəzifələrdən birincisi − Nəsib bəy adını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona bir abidə qoymaqdan ibarət olmalıdır”.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest