Genel

Nədəndir?

Üzündə kədərin nişanəsi var,
Gözlərin buludtək dolub, nədəndir?
Yenə kim toxunub incə ruhuna,
Bənizin saralıb-solub, nədəndir?

De kimlər ağına, qapqara deyib,
Kimlər sən geydiyin paltarı geyib,
Daha kim nazından küsüb-inciyib,
Dilini gileylər alıb, nədəndir?

Ədalı yerişin adamı yıxmır,
Baxışın ürəklər yandırıb-yaxmır,
Daha əvvəlkitək səsin də çıxmır,
Əllərin qoynunda qalıb, nədəndir?

Bitməyib deyəsən bu intizarın,
Ucuz etmə eşqin, kəsmə bazarın,
Mənasız söz üstdə düşüb azarın,
Qəlbinə acılar salıb, nədəndir?

Elsevər Hüseynoğlu
Bakı~13/05/2021

Ay Balam

Bir gözünlə ağlayanda,
Bir gözünlə gül, ay balam.
Dərd verilib çəkmək üçün,
Göz yaşını sil, ay balam.

Söz etmə qəza-qədərə,
Ömürü vermə hədərə,
Düşərsən bundan betərə,
İmtahandır bil, ay balam.

Şirin söylə, şirin danış,
Yüz bilirsən, birin danış,
Öz gözündə tirin danış,
Olma acı dil, ay balam!

Bəyənilməz, dar libasdır,
Göstəridir, car libasdır,
Həya, namus, ar libasdır…
Gözəl üzdə çil, ay balam.

Bu həyata gəldin işlə,
İşlədiyin qədər dişlə,
Ac ölərsən bu gedişlə…
Darasan, kəkil, ay balam!

Elsevər də fani varlıq,
Bu dünyaya edir darlıq,
Zülmə etməz havadarlıq
Gəlməyib şəkil, ay balam!

Elsevər Hüseynoğlu
Bakı~ 28/05/2021

Pin It on Pinterest